XX əsrdə türk xalqları üçün türkçülük ideologiyasından böyük amal olmayıb – Xəlil Rza ULUTÜRK

11 Baxış

photo_1874

Cümhuriyyət və hürriyyət sevdalısı Xəlil Rza Ulutürk bu məktubu mənə yazanda mənim indiki yaşımdaydı. Mən isə 21 yaşında, Uzaq Sibirdə əsgəri xidmətdəydim. Sovet imperiyasının da dünyaya meydan oxuduğu zaman idi. Elə bir zaman ki, kimsə kiməsə belə bir məktub yazmağa cəsarət etməzdi. Xəlil bəy isə mənə bir-birinin ardıyca 22 belə məktub yazdı. Əslində bu məktublar mənə deyil, bütöv Azərbaycan gəncliyinə, türk birliyinin gələcəyinə ünvanlanmışdı.

Azər TURAN

Günaydın, qardaşım, sirdaşım Azər!

Bu səhər ayaqüstü oxuduğum məktubunu axşam evə qayıdarkən yenidən oxuyuram. “Oxuyuram!” demək azdır, şərbət kimi içirəm. Əslində, məktubunu yenidən oxumaq  və nuş etmək üçün evə bunca tez qayıtmışam.

Özündən xəbərin yoxdur, Azərim!!! Sən qüdrət qaynağısan, fışqıran, fəvvarələnən eşq bulağısan, “XXI əsrə böyük, məğrur, cəsur və dəli bir Azərbaycan gəlir!” Məgər həmin Azərbaycan elə bizim Xəlil ilə məktublaşan Azər kimi oğullar deyilmi? Xəsislik etmə, sən mənə öz hərbi xidmətini təfsilatı ilə yaz. Yaz görüm necə silahlanmısınız. Hərbi məşqləri nasıl keçirsiniz? Necə dizin-dizin, dirsək-dirsək sürünürsünüz? İrkutsk qalasının təsvirini ver, arkadaşlarının zahiri və mənəvi portretini çək. Bəlkə qələmimə ilişdi. Bəlkə “Döyüşçü məktubları” qonusunda bir dastança uydura bildim. Nəzərə al ki, orada bizimkilərin hərbi xidmətilə bağlı hər şey məni ilgiləndirir.

Belə bir rəvayəti yada salıram. Qədim Turan orduları yurdun bağımsızlığı (istiqlalı) uğrunda döyüşlərə atılarkən elatda dəliqanlılardan çoxunun cəbhəyə könüllü getdiyini görən bir gənc döyüş məntəqəsinə gəlir. Ağsaçlı sərkərdəyə üz tutur, döyüşçülüyünə izn verilməsini diləyir. Gənci sorğu-suala tutan, bu sorğularsız da onun kim olduğunu yaxşı bilən sərkərdə:

- Yox! – deyir – Oğul, sən yeddi bacının bircə qardaşısan, səni əsgər götürə bilmərik!

Bu açıqlama dəliqanlını təmin etmir:

- Yox, ulu Sərkərdə! Mən döyüşçülükdən geri dönə bilmərəm. Tanrı məni yaradıb ki, 7 bacımın namusu keşiyində dayanım!

Bəli, arkadaşım Azər! Yaraq dostlarına bildir ki, Vətənin namusunu qorumaq üçün döyüşçülüyü bacarmalıyıq. Əlimiz də silahlanmalıdır, beynimiz də…

…Necə zavallı, necə miskin imiş “Ocaq” yazarı Zori Balayan. Bəşəriyyətə sazı və Misri qılıncı, muğamatı və xalça gülzarını, Naxçıvan və Səmərqənd memarlığını, Nəsimi və Füzuli xəzinələrini, Nəvai və Tofiq Fikrət dühasını, qonaqsevərlik və eşq məktəbini, Fərabi, Bəhmənyar, Nəsirəddin Tuslu, Ələkbər Sabir, Müşfiq möcüzələrini, Məhdimqulu, Vaqif, Musa Cəlil dürdanələrini bəxş etmiş bir milləti, yaxud millətlər qovşağını dönə-dönə, utanmadan, həyasızlıqla “vəhşi”, “barbar”, “mədəniyyətsiz köçəri”, “başkəsən” adlandıran, bu cür başından yekə danışmağa ağız bəhəm edən zatıqırıq nə qədər dargöz və cahil imiş! Ədəbi xuliqan, yaxud ədəbsiz dələduz Zori özünü zora salaraq Oljas Süleymenovun böyük alim-şair qələmindən çıxmış “Az i YA” kitabını ləkələmək üçün necə də dəridən-qabıqdan çıxır. Türk kainatı ilə rus arasında ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri qızışdırmaq, alovlandırmaq qəsdilə sonuncunun ardından girib ağzından çıxır və əksinə.

Bəşəriyyətin tarixi yalnız müharibələr tarixi deyil, həm də və ən başlıcası, millətlərin bir-birilə əməkdaşlıq, gör-götür, öyrənmə, qaynayıb-qarışma, alver, ticarət tarixidir. Ruslar türklərə qız vermiş, qız almışlar ki, qohumlaşsınlar. İki bacının birini türk, birini rus alırsa qohumluq yaranır. Bu halda rus Türkü bacanaq (peçeneq) adlandırır. Məşhur “peçeneqlər” ifadəsi buradan törəyib. İndi rus etnogenezinə daxil olan və öz Şoloxovu ilə fəxr edən kazaklar, əslində, dünənki türklərdir. “Belaya qus” denilən “Ağ qaz”ı özünə totem seçənlərin inamı, etiqadı verib onlara bu adı. Qədim slavyan, o sırada rus mədəniyyətinin dərin qatlarında aydın və möhtəşəm bir türk layı var. Oljas Süleymen öz kitabında bu günəş kimi həqiqətlərin yalnız bir qığılcımını deyir və bu həqiqət qığılcımı Zori Balayanı cin atına mindirir. “Az i Ya” kitabını “Aziyasentrizm”də – Asiya mərkəzçiliyində, panislamçılıqda, türkçülükdə ittiham etmək üçün dəridən-qabıqdan çıxan zavallı türk respublikalarında əhalinin say artımından, aman Tanrı, necə qorxur və yeganə nicatını “sovetskiy narod”, “edinıy splav” gerçəkliyində arayır. Kimisə qızışdırmağa çalışır ki, bu artan ulusları ümumsovet dəyirmanında üyüdüb “vahid ərintiyə” çevirsin. Sən bu döyüşlərin ön atəş xəttindəsən, Azərim! Silahdan bərk yapış!

… Sənə iki mətləbi açmaq istəyirəm. İnanıram ki, gələcəkdə bunları qələmə ala bilərsən. Birinci mətləb budur ki, antitürk, antiislam mövqeyi tutduqları halda biz bir çox yazıçı, şair və filosoflarımızı böyük yurdsevər kimi qələmə vermişik, çarın əleyhdarı kimi tərifləmişik. Əslində, bunlar nəinki çarlığa qarşı çıxmayıblar, əksinə, çar əskəri olublar:

Yapalaq osmanlı, buna bax kişi,

İstəyir yerisin tərlan yerişi! -

deyən şairi nəinki tərifləmək olmaz, bəlkə bu gün həmin misraların aid olduğu ideologiyanı mənəvi edam kürsüsünə qaldırmalıyıq. Rüsvay etməliyik! Azərbaycanın mənəviyyat tarixini saxtalıqlardan, yalandan çirkabdan təmizləməliyik. Bunsuz irəli bircə addım da atmaq olmaz. İşə bax ki, muğamat və Füzuli səviyyəsində mədəni keçmişi olmayan qazax türkləri bu gün bizdən irəlidədirlər. Qırğızlar da eləcə. Bu ulusların böyüklüyü bundadır ki, hazırda müstəqillik amalına layiq oğullar yetirə bilirlər. Oljas Süleymanın, Çingiz Aytmatovun səsi yalnız qırğızların, yalnız qazaxların deyil, ümumən, bütün sovet türklərinin səsi kimi yüksəlir. Bizdə bu cür şəffaf və qüdrətli səs, deyəsən, yox kimidir. Nədir bunun səbəbi? Görünür, biz etnik qeyrətimizi itirmişik, yaxud itirmək təhlükəsi qarşısındayıq. Bu faciənin çoxlu səbəblərindən biri… ovlanmışlara, tovlanmışlara həddindən artıq güzəştə getməyimizdir, az qala, pərəstiş etməyimizdir. Çarlığın qazanında bişirilmiş bu ideologiyaya təslim olmaq ucbatındandır ki, şərqdən gələn hər nə varsa, pisləmişik. İslam pis, sufilik pis, əxilik pis, vəhdəti-vücud fəlsəfəsi, panteizm pis, hürufilik yarı pis, yarı yaxşı. Ziyalılarımızın çoxu unudublar ki, bu pis qiymət, əslində, çarın verdiyi qiymətdir, yəni sənin qanını soran qüvvə həm də beyninin şirəsini sormaq uğrunda düşünüb, nəqşə qurub. Sən tora düşdüyün halda Çukot (“çox ot” anlayışındandır) yarımadasından Şərur mahalınadək qanad gərən əzəmətli hörümçəyi görməmisən.

XX əsrdə türk xalqları üçün türkçülük ideologiyasından böyük amal olmayıb. İşə bax ki, çarlıq mövqeyində duranlar, onların yerli nökərləri bu böyük amalı da ləkələməyə çalışıblar. Məsələn, bizim Ə. M. kimi alimciklər Əli bəy Hüseynzadəni türk casusu kimi qələmə verib, peyğəmbər səviyyəli bir ulu kişinin üzünə tüpürməkdən utanmayıb. Özü casus ola-ola layiq olduğu epiteti verib dahiyə! Halbuki, biz redaktoru Əli bəy Hüseynzadə olan “Füyuzat”ın hər nömrəsini qızıla tutub qorumalıyıq, faksimelisini çıxarıb yenidən nəşr etməliyik. “Əkinçi”nin, “Molla Nəsrəddin”in daha yüksək  mərhələsi (aşaması) kimi dəyərləndirməliyik. Çünki “Füyuzat” yalnız çar istibdadına qarşı deyil, həm də eyni qətiyyətlə Sultan Türkiyəsi istibdadına qarşı çarpışmışdır. V.İ.Leninin dəqiq bir müşahidəsi var ki, burjuaziya gəncliyində mütərəqqi rola malikdir, onun feodalizmə və xarici işğalçılara qarşı mübarizəsi tarixən ədalətlidir, alqışa layiqdir. Bu düstur nə üçün Azərbaycan burjuaziyasının meyillərindən kənarda qalmayan “Füyuzat”a aid edilməsin? Görünür, yaltaqlıq və ikiüzlülük elə bir səviyyəyə gəlib çatıb ki, bu ictimai yaltaqlar çarlığın mədəsində qurd olmaqları ilə də fəxr edirlər, muğamatdan tutmuş qoşmaya, qəzələ, bozbaşa qədər bütün maddi və mənəvi nemətləri tapdayanları da görmüşük…

Yazılmağa layiq ikinci mətləb də elə, əslində, birinci mətləbin davamıdır. Bizim hətta Mirzə Cəlil kimi dahilərimiz belə türkçülüyün nə boyda böyük ideologiya olduğunu gərəyincə dəyərləndirə bilməyiblər. “Böyük şərə qarşı böyük xeyiri qoymaq gərək!” düsturu çoxlarına çatmayıb. “Parçala, hökm sür!” siyasətini əldə tutalğaya çevirmiş çarlıq elan edib ki, yaqut xalqı, sən qəhrəmansan! Türkmən xalqı, sən igidsən! Qırğız xalqı, sən bahadırsan! Hərəsinə bir əlifba veriblər, hərəsinin fərdi cəhətlərini şişirdib göylərə qaldırıblar. Nəsimini, az qala, türkmənlərin əlindən alıblar. Yaxud “Qisseyi-Yusif” yaradıcısı Əli yalnız tatar sərvəti elan olunur ki, Azərbaycan türkləri bu qaynağa əl atanda tatar ilə toqquşsun və qardaş türk ulusları arasında ixtilaf qızışsın. Əslində, biz ümumi qaynaqlarımız, ümumi abidələrimiz ilə daha çox fəxr etməliyik. Orxon-Yenisey yadigarlıqları, Balasaqunlu Yusif qələmindən çıxmış “Qutadqu Bilik”, Əli ilhamının vergisi “Qisseyi-Yusif”, “Koroğlu”, “Dədə Qorqud”, “Alpamış”, Yunis Əmrə, əslində, birləşdirici sərvətdir, parçalanmış türk mədəniyyətlərini birləşdirməyə çağıran qüvvənin özəyidir. Mən fəxr edirəm ki, Xəzər dənizinin bu tayında Vaqif, o tayında eyni qüvvəli, bəlkə filosofluqda daha yüksək mərtəbəli Məhdimqulu yetişmişdir. Mən fəxr edirəm ki, eyni dil həm Nəvaini yetirib, həm Füzulini! Heykəli qızıldan qoyulmağa layiq Əli bəy Hüseynzadə bu amal yolunda sümüyünü də qurban verdi, şöhrətini də. Ucuz şöhrətə çatmağa nə var ki? Halal və böyük şöhrət yiyəsi olmaqdır kişilik çaları!

… Nizami adına Ədəbiyyat İnstitunun buraxacağı altıcildlik “Ədəbiyyat tarixi”nin layihəsi məni dəli, divanə edib. Bu plan Azərbaycana xəyanətdir! Birinci cild bütün Azərbaycan uyğarlığının (mədəniyyətinin) özülü olmalıdır. Birinci cildi başdan-başa “Dədə Qorqudun kitabı”na və bu əvəzsiz abidəni yetirən qaynaqlara, Alp Ər Tonqaya, Orxon-Yenisey yadigarlıqlarına, dahi Balasaqunlu Yusif qələmindən çıxmış “Qutadqu-bilik” xəzinəsinə verməliyik. Türkdilli ədəbiyyatın böyük yaradıcısı Əlinin yaratdığı “Qisseyi-Yusif” burada Nizami “Xəmsə”si ilə yanaşı yer tutmalıdır. Ən nəhayət, birinci cildi misilsiz folklor sərvətlərimizə, bu sərvətlərin şərhinə həsr etməliyik. Halbuki bu cildin nəqşəsini tutanlar ərəbdilli, farsdilli şairləri ön plana çəkmiş, pəhləvanı cırtdanın ayağına bağlamışlar…

… Nə qədər ki, türk ulusları yaşayır və boy atır, yüksəlir, keyfiyyət və kəmiyyətcə artır türkçülük ideologiyasını məhv etmək mümkün olmayacaqdır. Əksinə, bu ideologiyanın daha da qüvvətlənməsi, gerçək bir qüdrətə çevrilməsi təbiidir. Məncə, işə buradan başlamalıyıq ki, türk dillərini yabançı, tüfeyli sözlərdən təmizləyək. Qazax dili türk dilləri içərisində ən saf, güclü, zəngin bir dildir, misilsiz xəzinədir. Biz tatarcanı, türkməncəni, qazaxcanı, özbəkcəni yabancı kəlmələrdən təmizləyə bilsək, bu dillər getdikcə bir-birinə yaxınlaşar. Bizim ümumi ünsiyyət vasitəmiz isə Türkiyə türkcəsi olmalıdır.

Əlbəttə, türkçülüyü yalnız ideologiyaya deyil, həm də maddi qüvvəyə çevirməyin yollarını tapmaq sənin və sənin yaşıdlarının boynuna düşür. Hər halda burası aydındır ki, birinci dərəcəli, təxirəsalınmaz iş – türk dillərindən hər birini arıtmaq, təmizləmək, zənginləşdirmək və dövlət dili səviyəsinə qaldırmaqdır. Bundan vacib işləri də siz özünüz kəşf etməlisiniz: siyasi hakimiyyəti ələ almaq, ehkamçılardan təmizləmək bu vəzifələr sırasındadır.

… Sənin qarşında çox çətin vəzifələr dayanır, Azər bəy. Azərbaycan mənəviyyatını xıltdan təmizləmək asan iş deyil. Ən güclü ziyalılarımız, ən yaxşı şairlərimiz belə haradasa yaralı, haradasa şikəst, haradasa ləkəlidirlər. Bu qədər yaranı nasıl sağaldalım? Bu qədər şikəstləri nə cür ayaq üstə qoyalım?

Dostun Xəlil Rza

XX əsr, Türkan.

(19 iyun 1985)

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10