XX əsr: yekun – “Vəziyyət ruscadır” – Pərvin yazır

20 Baxış

pervin

XX əsr rus ədəbiyyatı bir neçə mərhələyə bölünür. Əslində, sənətin illərlə, əsrlərlə təsnifatlanması xeyli mübahisəli məqamdı. Belə baxanda ədəbiyyat zəmanəni “sifariş etməlidi”, qurub yaratmalıdı, inkişafıyla, redaktəsiylə məşğul olmalıdı. Amma bu, faktdır ki, tarixdən asılılıq qaçılmazdı. Tarix həm böyük mənada, həm də sadəcə elə gündəm kimi düşünən beyinlərə təsir edir. Axı sənətkar bir bunkerə qapanıb sadəcə xəyal dünyasını sözə çevirə bilməz, qapının o tayında qan su yerinə axırsa, ayrı mövzuya köklənmək çətindi, hətta mümkünsüzdü. Hələ üstəgəl, qapının o tayı yazdıqlarını təftiş edirsə, hər addımın təqib altında, hər sözün zərrəbinlə ölçülürsə, başının üstündə qılınc, divarının künc-bucağında “qulaqlar” yerləşdirilibsə…

Görünür, bütün şərtlər və çərçivələr daxilində gerçək sənət yaratmaq ən bacarıqlıların, cəsarətlilərin, istedadlıların nəsibidir. XX əsr də bu cəhətdən hərtərəfli qənim kəsilib sənətkara. Bircə əsrə sığan iki dünya müharibəsi, inqilab, İmperiyanın süqutu, İttifaqın yaranması və dağılması, repressiya, heç xronologiya gözləmədən belə, bir anlıq düşünəndə adamın gözü qaralır, başı gicəllənir. Hansının dərdini çəkməliydi dövrün söz adamı; günahsızların ahının, sadə xalqın alət kimi istifadəsinin, düşünən adama qənim kəsilmişlərin, xoşbəxtlik örtüsü ilə pərdələnmiş dəhşətlərin, karikatura təsiri bağışlayan gündəlik həyatın, yalan, riya üzərində qurulmuş təbliğat maşınının?! Hansının?! Artıq sonuna gəlib çıxdığım bu layihəylə bağlı apardığım araşdırmalar və müşahidələrim bir qənaətimi təsdiqləyib… Sənət bütün vəziyyətlərdə yer tapıb özünə, mövcud duruma uyğun ifadə üsulları meydana gəlib. Ona görə Qızıl dövr adlandırılan və elə yüksək əyarlı sənət nümunələri ilə səciyyələndirilən XIX əsrdən sonra gümüş səviyyəsində, qiymətində olsa da, ədəbiyyat yaranırdı. XX əsrin ilk iki onilliyi “Gümüş dövr” adlandı: bu dövr ədəbi cərəyanların sürətli inkişafı, parlaq söz ustaları pleyadasının meydana gəlməsi ilə səciyyələnir. Ədəbiyyat tarixçiləri deyirlər ki, bu dövrün ədəbiyyatı cəmiyyətdəki dərin ziddiyyətləri ifşa edə bilirdi. Bəli, hələ ifşa etmək üçün bir azacıq azadlıq vardı. Hətta yazıçılar artıq klassik kanonlarla kifayətlənmirdilər və yeni formalar, üsullar axtarmağa başlamışdılar. Varlığın mənası, əxlaq, mənəviyyat haqqında ümumi insani, fəlsəfi mövzular ön plana çıxmışdı. Bir sözlə, zəngin XIX əsr nəsr ənənələrinin yeni zamana uyğun ardıcılları vardı. Getdikcə dini mövzulara belə müraciət edilirdi. Ümumiyyətlə, köhnəyə yenidən qayıtma, ənənəyə yeni baxış dövrün əsas yanaşması idi. Misal üçün üç əsas ədəbi cərəyan inkişaf etdirilirdi: realizm, modernizm və rus avanqardı. Amma bununla belə romantizm prinsipləri də yenidən dirçəlirdi və bu, V.Korolenko və A.Qrin əsərlərində xüsusilə aydın şəkildə görünürdü.

İkinci Dünya müharibəsinin başlaması ilə rus ədəbiyyatında yeni bir istiqamət – hərb ədəbiyyatı ortaya çıxdı. Lap başlanğıcda jurnalistikaya yaxın janrlar populyar idi – oçerklər, esselər, reportajlar. Daha sonralar isə müharibənin bütün dəhşətlərini və faşizmə qarşı mübarizəni əks etdirən monumental əsərlər peyda olacaqdı. Bu mənada L.Andreyev, F.Abramov, V.Astafyev, Y.Bondarev, V.Bıkovun əsərlərini nümunə gətirmək olar.

XX əsrin ikinci yarısı müxtəliflik və ziddiyyətlərlə xarakterizə olunur. Bu, ümumi götürdükdə ədəbiyyatın və sənətin inkişafının hakim rejim tərəfindən idarə olunması ilə əlaqədardır. İdeoloji hökmranlığa boyun əymə, yoxsa tam azadlıq, senzuraya uyma məcburiyyəti, yaxud sandıq ədəbiyyatı?! Qələm əhli bəzən bu seçimlər qarşısında aciz qalırdı. Mən daha öncəki yazılarımı təkrarlamamaq üçün konkret nümunələrdən çəkinirəm. Amma hər halda bir neçə xarakterik məqama diqqət yönəltmək istərdim. Misal üçün “bir anasından, bir Stalindən qorxan” (öz təbirincə) Aleksandr Fadeyev rəhbərin sərt tənqidindən sonra müharibə mövzusunda yazdığı “Gənc qvardiya” əsərini “qocaltmaqla”, dəyişdirməklə məşğul idisə, elə həmin mövzuda Qrossmanın tamam başqa səpkili və fərqli baxış bucağından qələmə alınmış “Həyat və tale” əsəri meydana gəlirdi. Hər iki sənətkarın yaşadıqları da, tutduqları mövqe də məlumdur. Yaxud da Vladimir Voynoviç “Əsgər İvan Çonkinin həyatı və macəraları” əsəri də müharibə mövzusunda idi, amma tam bir ironiya, sarkazm üzərində qurulmuşdu. Amma eyni zamanda Konstantin Simonovun “Dirilər və ölülər”i, Yuri Bondarevin “İsti qar”ı müharibənin bütün vətənpərvərlik pafosunu ifadə edirdi. Həmçinin, tənqidçilərin başqa bir yanaşması da ondan ibarətdir ki, 37-ci ilin məşum hadisələrindən, kütləvi repressiyalardan sonra məhz müharibə dövrü sənət üçün az da olsa, müstəqil zaman idi. Hökumətin başı yağılara qarışmışdı, daxildə “düşmən” axtarmaq hayında deyildi.

Ancaq elə bütöv əsrə nəzər salanda görürük ki, nə qədər çətin olsa da, hər bir sənətkar öz yolunu seçməkdə “azad” idi… Azadlıq isə yenə də hər kəsin bacardığı yerə kimi yaşana bilərdi. Misal üçün İvan Bunin inqilabın saxta, riya üzünə dözməyib tərk elədi vətənini və xalqına Nobel mükafatı qazandırdı. Maksim Qorki isə əksinə, vətənə qayıtdı və qələm əhlinin qayğılarını düşünüb Yazıçılar İttifaqı yaratdı. Əslində, kimin xalqa daha çox xidmət etməsini ayırd etmək çətindi… Ancaq istənilən halda bu gündən baxanda görünən odur ki, hökumətin sevimlisi olmaq, yaxud dissident kimi ömür sürmək şərt deyilmiş. Daha dəqiq desək, sənət kriterisi sayılmırmış… Məsələn, “Novıy mir” redaktoru Tvardovskini hökumətə yaxın olmaqda, böyüklərlə oturub-durmaqda ittiham edirdilər, amma onun da cavabı vardı axı… Elə böyüklərə yaxın olmağın, yuxarıları razı salmağının sayəsində dövr üçün sensasion hadisə baş vermişdi, Aleksandr Soljenitsının “İvan Denisoviçin bir günü” povesti işıq üzü görmüşdü. Əlbəttə, həqiqətin əks olunduğu əsərlərin çapı və yayılması son dərəcə çətin idi. Amma yenə də bulaq suyu kimi ən qalın maneələrdən də keçib özünə yer tapan sənət yeni vasitələr kəşf edirdi. Geniş də olmasa, auditoriyaya çıxa bilirdi. Bu mənada müəyyən bir zaman kəsiyində “samizdat” deyilən yayımlar istənilən nəşriyyatdan daha populyar idi və gənc nəsil sənəti məhz bu çap maşınlarında kopyalanan əsərlərin vasitəsilə öyrənirdi. Əlbəttə, hökumət buna da nəzarət etməyə və idarəsində saxlamağa çalışırdı və ta ki yenidənqurma dövrünə qədər senzurasız yayımlanan ədəbiyyatdan xeyli ehtiyatlanırdı. Məsələn, Viktor Yerofeyevin və Aleksandr Popovun təşəbbüsü ilə çap olunan “Metropol” almanaxı cəmisi 12 nüsxə çıxmışdı, amma hökumət nümayəndələrini, ittifaqın söz-sənət siyasətini yürüdənləri bir-birinə vurmuşdu. Vasili Aksyonov, Fazil İskəndər, Andrey Bitov kimi müəlliflərin çabaları nəticəsində işıq üzü görən almanaxda Vısotski, Axmadulina, Voznesenski və s. kimi sənətkarların senzuradan keçməyən əsərləri verilmişdi. Və elə cəmisi 12 nüsxədən biri Amerikaya, Ardis nəşriyyatına ötürülüb orda tirajlanmışdı. Yazıçılar İttifaqı böyük tərkibdə almanaxın “məhkəməsini” keçirib burda yer alan əsərləri hər cür yamanlayırdı. Amma elə yenidənqurma dövründə bu işlərə təəccüblənənlər, axı burda nə var ki, deyənlər də az olmadı.

Bir sözlə, rejim azad sözdən qorxurdu… Bəlkə ona görə azadlıq ab-havası hər şeydən əvvəl elə sözün özünü azğınlaşdırdı. Ən müxtəlif cərəyanlar və estetikalar pərdəsi ilə sözü hər cür “soyundurdular”… Sanki bütün inkişaf mərhələlərini arxada qoyan və dünya ədəbiyyatını yönləndirmək səviyyəsində qeyri-adi inkişaf yolu keçən rus nəsri oxucusunu təəccübləndirmək üçün “kəllə-mayallaq” metodlardan, küçə söyüşlərini kitaba gətirməkdən çəkinmədi. Venedikt Yerofeyev, Eduard Limonov, Viktor Pelevin kimi yazıçılar oxucunu da, ədəbi tənqidi də qıcıqlandırmağın yolunu HƏR ŞEYİ danışmaqda gördülər. Amma elə əsrin əvvəllərindən, ortalarından azadlığa, Avropaya üz tutan emiqrant ədəbiyyatın nümunəsində bütün bunların cavabı var. Məsələ nə yazmaqda yox, hansı mövzuya müraciətdə yox, necə yazmaqda və peşəkarlıqdadır. Bəlkə elə bu aşırı açıq-saçıqlıq da sənəti yerə endirdi. Bir vaxt ilahi səviyyədə yazılan insan hissləri ən murdar yerdə göstərildisə, oxucuda təbii bir reaksiya yarandı – bunu mən də bilirəm… Yəqin, ona görə bu qədər qəddar ifadə “leqallaşdı” – Rus ədəbiyyatının gələcəyi onun keçmişidir – dedi çoxları və mərhələli şəkildə mütaliə etdikcə, bu gün sənətin gəlib çıxdığı məqamı anlayanda bu ifadənin əsassız olmadığı təsdiqlənir. Və əlbəttə, hansısa statistikalar, ciddi sənəti sıxma-boğmaya salan səviyyəsiz sosial-şəbəkə bumu adamı qorxuya da salır. Amma elə dövrün yekununda onu da başa düşürəm ki, sosialist rejimi görüntü yaratmışdı; sanki hamı oxumalıdı deyə. Kitab satmaq, oxutmaq planla idi və bunun özü də biznes idi. Maaşdan pul tutub kitab verirdilər. İnsanın isə əbədi bir xisləti var – malım gedincə, canım çıxsın. Ona görə pul veriblər deyə, oturub oxuyurdular… Nəticədə nəsə dəyişirdimi?! Əmək qabaqcılları, ədəbiyyata – deyən, fəhlə sinfini ziyalıdan üstün bilən rejim savadsız kütlədən dahi yarada bilirdimi?! Yox! Zaman göstərdi ki, ədəbiyyat xüsusi adamlar üçündü. Belə adamlar da həmişə olacaq. Necə ki, bizə qəribə gəlir, məsələn, necə ola bilər bir arxeoloq gedir bir suxur tapır, naməlum bir kəsəyin hansı əsrə aid olmasını ömür boyu öyrənməyə çalışır. Düşünürük, buna zaman, həyat sərf olunarmı? Amma var belə adamlar, həmişə olacaq. Ədəbiyyat din kimidi, nə onun varlığını, vacibliyini, nə də yoxluğunu təbliğ etməklə deyil. Söz adamın ürəyinə düşməlidi, iştahını çəkməlidi… Özümə verdiyim sifarişlə iki əsrlik rus nəsrinin sevdiyim imzalarından və əsərlərindən danışa-danışa bu qənaətə inandım. Əlbəttə, elə bu dövrə aid poeziyadan, dramaturgiyadan da sonsuz təhlillər aparmaq mümkündür. Mənim məqsədim bir nasir kimi də zəngin rus nəsri ənənəsindən öyrənmək, tarixin ədəbiyyatda necə əks olunmasını araşdırmaq idi. Dərk edirəm ki, sifarişimi tam yerinə yetirmək üçün elə həmin arxeoloqsayağı əlimdəki “süxuru” bir ömür o yan-bu yana çevirə bilərəm. Bəli, ədəbiyyat həyat tərzidir! Ona görə burda “Vəziyyət rusca”dır layihəsini dayandırıb növbəti sifarişimi gözləyirəm… Könlümə Mirzə Cəlilin “Anamın kitabı” düşüb, gedim oxuyum… Yenə, bir daha və həmişə!

PƏRVİN
Edebiyyatqazeti.az

Bölmə : Manşet, Ədəbiyyat