“Ya Hu!”… – Esse

179 Baxış

Qiz(Əkbər Qoşalının şeirləri əsasında)

Sadə bir kəlmədən yoğruldu fəlsəfəmiz, bəsit bədii təfəkkürdən çıxdıq eşq yolçuıuğuna, ey dost!

Səni varlığıma ac qoyacağam,

İndi xatirəmi yavanlıq eylə…

Əyalətdən ayrılıb şəhərə gələn adamlar kimi, bu “yavanlıq” kəlməsində sanki bütün uşaqlığımın tanığı olmuş bir ruh gördüm… amma yolçuluqdur bu ömür deyə, ayrıldıqca ayrıldıq öz ilkimizdən… guya unutduqca unutduq əslimizi. Ancaq unutmadım o nəfəsi mən… Yada saldıqca unutduğumu özüm özümdən qisas aldım, dost: “Səni varlığıma ac qoyacağam.”

“Səni varlığıma ac qoyacağam” pıçıldadıqca ac qaldım öz varlığıma… Hər kəs öz varlığına susadı, dostum.

Ömür uzun bir yolçuluq kimi gəldi mənə, irəlidə, geridə qoya-qoya tanıdıqlarımı, yürüdüm gələcəyə… amma o “yavanlıq” kəlməsi bir ayağımı tutdu uşaqlığımda, keçmişimdə, xatirələrdə… O “yavanlıq” kəlməsi idi ki, qoymadı unudum nənəmin saldığı süfrələri. Bəlkə sən bir şeirə yazmasaydın o “yavanlıq” kəlməsini, mən də çoxdan unutmuşdum nənəmin əllərinin dadını, duzunu, dost.

Ömür yolunun bir vədəsində, o vədəsində ki, aradım kəndimi, aradım keçmişimi tökülən izlərdə, çıxdın qarşıma. Bir az da, lap da çox dərinləşmiş gördüm səni öz mənliyində. “Öz göyündə, öz qanadında” çıxdın qarşıma, köhnə dost:

Bir oğul istərəm Özqan adında,

kimliyi görsənə Öz, Qan, Ad-ında,
Qaytara büsbütün Qarabağını,
uça öz göyündə, öz qanadında…

 

Bir az da çox tutmusan üzünü “öylərə sarı”… Dağlara, çaylara, göylərə sarı… O, sadəcə, bir dəli deyil yüyürən dağlara sarı, içindəki ruhdur baş alıb gedir ilkinin, əbədi əzəlinin arxasıyca:

 

…Bu axşam, bu axşam yağış yağacaq,
insanlar qaçacaq öylərə doğru.
Bir dəli köksünü geniş açacaq,
qaçacaq əlləri göylərə doğru.

Köç axar, köç axar öylərə sarı,
vəhşilik, gözəllik qalar dağlara…
Gedən də Tanrı der, gələn də Tanrı,
bir dəli yolunu salar dağlara…

 

Yaradan aşkar yaradıb gizli ruhumuzu bir dəli donunda, öyüd almırıq, dost!

Bu ömür yolçuluğunun bu vədəsində bir sevda çıxdı qarşıma Mövlana, Şəms, Mühyiddin Arabi donunda, gördüm, dostum imiş:

 

“…Mən səni sevmədim,
sənin gözündə
bir ilahi sevgi
görüb

karıxdım,
İlahi bir sevgi…
Mən ordan gəlmişdim,
ora darıxdım.”

 

Hər kəsin qəlbində özündən xəbərsiz o ilahi sevgi nəğməsi oxunur, amma özü anlamır bunu, dost. Bunu mən ömrün qürubunda gördüm. Ömrün qürubunda içindəki o ilahi sevgi fəryad edir ünvanını tapmadığına görə…

Zəruri olan cəbr oldu bizə əbədi əzəlimizdən uzaq düşdüyümüz üçün. Ünvanını tapmayan o ilahi sevgini dinə çevirdi Uca Yaradan.

 

Dindən əvvəl Sevgi özü Din idi, 
 Onda aşiq – yardı, onda yar – aşiq…

Qəlbimizə yazılan əbədi adı oxuya bilmədik, dost. Gecə-gündüz Sevgi deyə “Ya Hu!” dedik, kimi çağırdıq, bilmədik. Bunu anam deyərdi: “Gecə gündüz “Ya Hu!” dedim beşiyinin başında.” Amma özü bilmədi “Hu” dediyi əbədi sevgilidir, dost. Anam da bilirdi, “Ya Hu!” dedikcə, onu çağırırdı, amma bilmirdi ki, əzəldə əsli Sevgi olanın, sonra Dinə çevrilənin adıdır dildən-dilə düşüb gələn “Hu”… Biz də fərqinə varmadıq anamın “Ya Hu!” deməyinin. İndi ömrün bu vədəsində düşündüm, elə indicə: Haradan, əcəba? Məcnundanmı?!. Məcnun özü ədəbiyyata,  köksündən qopan “Ya Hu!” tarixizmə keçdi dilimizdə…

Niyə dedin:

 

“Əvvəl sözün susma idi, din idi,
 İndi isə susmaq olub yaraşıq”?

 

Hə… Gecdirmi, düşündün, sussaqmı yaxşıdır? Artıq Dinə Sevgi deyib döyünməyin vaxtı keçibmi, səncə, Həllac olmaqdan qorxdunmu, dost? “Gər bu gerçək aşiqi sər-pa soyarlar, ağrımaz” deməkdənmi?

Zaman keçdi, dedik son söz dinindi,
Eşq yolunu kəsib durub din indi;
Ağılda din, ürəkdə eşq. –Din indi!
Bir addım at, bu sərhəddi yar, aşiq!

 

Zaman keçdi… Sevgi dedik, döyündük, doyurmadı qəlbimizi sevgi dediklərimiz. “Dedik son söz dinindi…” Qəlbimizi ağlımızdan ayırdıq, ağılsız qəlbimiz yolunu azdı, könülsüz ağlın yapdıqları nə olacaq, səncə? İndi hamı ağıllı olub, könüllü olan yoxdur, bir addımla bu sərhəd yarılmaz, dost. Bax, özün də deyirsən:
Əkbər, deyir, odur, bitməz qeylü-qal,

Dilimdə get, ürəyimdə “qal” ki, “qal”…

Qəlb-fərmandar, mən -icraçı, qərar-qal!

Nə deyirsən, həmdəm aşıq, yar, aşıq!?.

 

Qəlbimizi də ağlımızaa tabe edəndən sonra biz aşiq olmaqdan çəkindik, dost. Aşiqliyin yolu Şəmsin aqibətindəmi bitdi?!. Nəsiminin dərisi iləmi sıyrıldı canımızdan?!. Füzulinin ağlar gözümü söndürdü eşq atəşini qəlbimizdə?!. Seyid Hüseynin, Əhməd Cavadın, Mikayıl Müşfiqin ürəyindəmi güllələndi?!. Sibirin şaxtasındamı dondu – Hüseyn Cavidin tənində?!. Aşiqlik qalmadımı Yer üzündə?!. Sevgi çəkildisə Yer üzündən, Din də çəkilməzmi, səncə, dost?.. Bu sualları sən qaldırdın, indi cavabı səndədir, dost…

BAKI-2015, şubat

Könül AYDIN (NEHMƏTOVA)

AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun böyük elmi işçisi

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10