“Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya” – Nəriman Həsənzadə

73 Baxış
images
Senet.az saytı xalq şairi Nəriman Həsənzadənin doğum günü münasibəti ilə oxucularına şairin şeirlərini təqdim edir.
Nərdivan 
Bu dünya nərdivandı.

Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.

Qadına məktub

Sizin qızınızla görüşürük biz,
Gedirik gah yolla, gah kənar izlə.
Bunu mən bilirəm, siz bilmirsiniz,
O gəlir sizin öz icazənizlə.Tələbə yoldaşı, rəfiqəsi var,
İşi də çox olur,bəzən dərsi də
Mənəm qızınızın,necə deyərlər-
“tələbə yoldaşı”, “rəfiqəsi” də

Mən başa düşürəm siz anasınız
Ürəyə sığışmır adi həyəcan
O,evə dönüncə nigaransınız
Evdə olanda da mənəm nigaran.

Bir ömür mənzili uzun,ya qısa…
Məhəbbət,doğmalıq-hansı qədimdir?
O sızin adicə qızınızdısa,
O mənim yeanə səadətimdir.

Siz də heyransınız,mən də bir qıza
Kimin qapısından o girməlidir?
Dünya elədir ki, biri tapırsa,
Biri…təbiidir itirməlidir.

Duruluq rəmzidir sizin qızınız
Gözündən oxunur qəlbi,istəyi
Sizin bu sevdada uduzmağınız
Sizin borcunuzdur,mənim qismətim.

Sizin adınıza hörmət,ehtiram
Qadın qarşısında baş əyir aləm
Mən də baş əyirəm,vidalaşıram-
Qızınız gələcək,mən getməliyəm.

Tələbəlik

Durur ayrıldığım kölgəli çinar,
Durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
İlləri andırdı bir anlıq sükut.

Neyləyim, unutmur insan ürəyi,
Yaşadım dünyadan könlü yanıqlı.
Düz dörd il geyindim köhnə pencəyi,
Qolu gödək oldu, boynu yamaqlı.

O pencək saxladı məni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atan,
Heç kim bilməsə də qonşular bilir.

Bəzən ac da qaldım daha nə danmaq,
Danışıb gülməyə könlüm olmadı.
Şerim qəzetə çap oldu, ancaq
Bir qəzet almağa pulum olmadı.

Lakin bu dərdimi bilmədi heç kim,
Mən bildim qədrini sevincin qəmin.
Arabir xəlvəti baxıb sevindim,
Təzə yamağına köhnə çəkməmin.

Gülmə, görməmisən o sevinci sən,
Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.
Bir də bilirsənmi mən o sevincdən
Dünyada heç kəsə arzulamıram.

Oldu sevincim də, oldu qəmim də.
Bir tələbə qıza könlümü verdim.
Onun hər sözünü öz aləmimdə
Seminar dərsitək əzbərləyirdim.

Deyirdim, nə qədər baha olsa da,
Gərək üzük alım, bu bir adətdir.
Ancaq avtobusun keçib yanından,
Piyada gedirdim dərsə arabir.

Qoy indi ağrısın vicdanın varsa -
Girdi aramıza onda bir nəfər.
Bir gəncin taleyi alt-üst olursa,
Ağırdır dağılan ailə qədər.

Fikir ver hökmünə sən misalların,
Deyir su quyunun dibində olur.
Hayıf ki, ürəyi bəzi qızların
Başqa oğlanların cibində olur.

Qoy bir sözdə deyim, çıxarma yaddan,
Bu da, necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdi.

Ömrün yolları da pilləkan kimi
Gendən ucalara lap çox baxmışam.
Mən o pillələrlə bir insan kimi
Gör ki, necə gəlib, necə qalxmışam.
KÖŞƏ YAZARLARI
TOP 10