Yad daş haqqında – Ülvi Bahadırın şeirləri…

30 Baxış

 

photo_620

Senet.az oxucularına “Ustad” jurnalının 20-ci sayından gənc şair Ülvi Bahadır şeirlərini təqdim edir. 

 

Yad daş haqqında

 

Bəzən elə susur həyat,
Bəzən elə susur zaman
Kirpiklərin bir ucdan tökülür əllərinə.
Dodaqların karıxır,
Gözlərin bina kimi uçulur ən dərinə.

Bəzən elə susur həyat,
Bəzən elə susur zaman
Ağaclar un kimi ovulub tökülür öz içinə.
Yarpaqlar qalır havada.
İldırımların altında,
Qızıl qanların üstündə
İnsanlar savaşıb ölür,
Torpaqlar qalır havada.

Bəzən elə susur həyat,
Bəzən elə susur zaman
Küləklərin hıçqırtısı gözlərinə nəm salır.
Utancaq əlsizliyin,
Yorğun qucaqsızlığın
Kiflənmiş yaddaşına həzin “sevirəm” salır.
“Sevirəm” dediyimiz adamlar,
Heç Allah da bilmir ki,
Hansı gözlərdə quruyur,
Hansı dodaqlarda alçalır.

 

 

Arxaik

 

O küçələr vardı haa –

O dopdolu küçələr.

Bir qadının gözyaşıyla axıb getdi uzaqlara.

İndi burda park salınıb,

Balaca yelləncəklərdə

Uşaqlar yelləndirirlər öz bədbəxt analarını.

Bir də gördün

Bir əl çıxır torpağın altından göz yaşı formasında,

Dartıb aparmaq istəyir o ətçə balaları.

Bir də gördün

Bir səs gəlir ayağının altından, başının üstündən,

Ayaqlarının tozunu silir göz yaşıyla,

Saçlarını darayır nəfəsiylə.

Ağacların köklərindən su qalxır ən ucdakı yarpağına,

O ağaclar parçalanıb çevrilib beşik olurlar,

O beşiklər birləşib çevrilib kəfən olurlar,

O kəfənlər çürüyüb çevrilib torpaq olurlar,

O torpağın arasında bir ovuc qabırğa nəfəs alır min ildi.

 

Axtarış

 

Əlimdə ayaq izlərin
Səni axtarıram tanımadığım küçələrdə:

Hər tərəf saçlarla dolu…
Hər tərəf gözlərlə dolu…
Hər tərəf qoxularla dolu…

Səpə-səpə gedirəm ayaq izlərini.

Sən ki tükü tükdən seçənim,
Sən ki kəm gözlərdən keçənim,
Sən ki bütün qutsal qoxuları şərab kimi içənim!

Gör və gəl ardımca!

Arzuları boş ver.
Xəyalları unut.
O bədəni soyun!

…yap-yalnız unudulmuş o sərsəri ümidə
gülə-gülə görün, gəl!

Sonuncu ayaq izin dilimin ucundadı.

 

Qoxular… Qorxurlar…

 

Röyanda belə görmədiyin
Bir sıxıntıymış tənhalıq.
Əllərin – səmanın maviliyindəki
Bir durna qatarı.
Saçların – yetişmiş taxıl sahəsinin
yetişməmiş kölgəsi.

Bir qaraltı sonsuzluqmuş
ayrılığın döngəsi.

İndi qosqoca dünyada
bir xırda mamır kimisən.
Bir bəyaz kağıza düşən
siyah mürəkkəb ləkəsi.
Ucuz araq şüşəsinin
dibindəki o son damla.

Bir də heç vaxt görüşməyəcək
unudulan unudanla.

Siqaret zibilliyində
bir siqaret kötüyüsən.
Ya da bağrı dağ-dağ olmuş
bir bağrıyanıq külqabı.
Sorğu-suala tutursan
xəfiyyətək yaşamağı.

– Niyə heç bir şey dəyişmir?
Niyə heç nə olmur axı?

Adamın ölməyi gəlir
Bir kəpənək nəfəsində.
Bala sərçə dimdiyində,
Kövrək arı qanadında.
Buxarlanasan səmaya
Yaz günlərinin birində.

Tanrıdan bir öpüş alıb
Doğulasan dan yerində.