“Yad et” – Azərbaycan şeirində fransız “modası” – Məti Osmanoğlu

9 Baxış

author_28

Abbas Səhhətin “Yad et” şeirini orijinaldan və Abdulla Şaiqin şeirindən fərqləndirən başlıca cəhət bu şeirdəki motivlərin fərdi kədər məcrasından çıxarılaraq onlara ictimai məna verilməsidir.

Fransız dilini bilən, bu dilin ədəbiyyatını orijinaldan oxuyan Abbas Səhhət Alfred de Müssenin yaradıcılığı ilə də tanış idi, “Mayıs gecəsi” şeirini Azərbaycan dilinə tərcümə etmişdi və özünün “Şair, Şeir pərisi və Şəhərli” poemasını bu şeirin əsasında yazmışdı. Müssenin “Mayıs gecəsi” kimi A.Səhhətin poeması da may gecəsində şairlə şeir pərisinin dialoqu üzərində qurulmuşdur. Şəhərli obrazı A.Səhhətin əlavəsidir. Şairi səqqa quşuna – ac balalarını doydurmaq üçün öz bədənini onlara yem eləyən qutana bənzədən Müsse kimi Abbas Səhhət də diqqəti şairin cəmiyyət qarşısında vəzifəsi məsələsinə  yönəldir, şairi cəmiyyətə  mənəvi qida, cəmiyyətin dəyişməsinə kömək verə biləcək bir qüvvə kimi təqdim edir. Şeir janr baxımından tənzimat dövrü türk ədəbiyyatında divan ədəbiyyatından stilizasiya edilmiş məsnəvi formasında tərcümə edilmişdir. Maraqlı cəhət budur ki, A.Səhhət fransız dilini mükəmməl bilsə də, onun fransız ədəbiyyatından tərcümələri Osmanlı ədəbiyyatının təsiri ilə, Osmanlı dilinin “avtomatlaşdırılmış” (Y.Tınyanov) poetik sistemi əsasında yaradılmışdır. O da maraqlıdır ki, Abbas Səhhətin eyni dövrdə rus ədəbiyyatından tərcümlərinin poetik sistemi tamamilə fərqlidir. Xüsusən, rus uşaq ədəbiyyatı əsasında işlədiyi mətnlər Azərbaycan dilinə yeni bir poetik sistem gətirmişdir və bu yeni sistem sonradan müasir Azərbaycan şeir dilinin təşəkkülündə böyük rol oynamışdır.
Abbas Səhhətin yaradıcılığının fransız ədəbiyyatı ilə təmasında Alfred de Müsse yeganə mənbə deyildir. Ədib 1912-ci ildə nəşr etdirdiyi “Sınıq saz” kitabındakı əsərləri fransız şairi Sülli Pryudomun “Sınıq güldan” (“Le vase bris?”) şeirinin və türk şairi Tofiq Fikrətin “Rübabi-şikəstə” (“Sınıq saz”) kitabının təsiri ilə yazdığını qeyd etmişdir. Diqqəti bu məsələyə yönəldən professor Mir Cəlal  Abbas Səhhətin öz qeydinə istinad etmişdir:  “Əsərlərim sınıq ürəkdən çıxan sızıltılar olduğu üçün fransızların şairi-əzəmi “Zərfı-şikəstə” adlı əsərinə və türklərin böyük şairi Tofiq Fikrət bəyin “Rübabi-şikəstə”sinə təqlidən “Sınıq saz” deyə adlandırdım…” Bax: Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.2-3 // Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917) Bakı: 2004, səh. 275.
“Zərfı-şikəstə”nin – “Sınıq güldan”ın müəllifi fransız şairi Sülli Pryudom XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropanın ən məşhur söz sənətkarlarından biri idi və ədəbiyyat üzrə ilk Nobel mükafatına layiq görülmüşdü. Bu mükafat ona “Nadir təsadüf edilən zəka və duyğusallığın keyfiyyətli kombinasiyası, bədii mükəmməlliyi və yüksək idealizmi təsdiq edən özünəməxsus poetik kompozisiya ustalığına görə”  verilmişdi.
Abbas Səhhətin “Yad et” şeirini orijinaldan və Abdulla Şaiqin şeirindən fərqləndirən başlıca cəhət bu şeirdəki motivlərin fərdi kədər məcrasından çıxarılaraq onlara ictimai məna verilməsidir. Şair zülmət gecənin arxada qalacağı, millətin elmə, mərifətə yiyələnib işığa çıxacağı, cəhalətin aradan qalxacağı bir gələcəkdə xatırlanmağı arzu edir. Elə bir gələcək ki, orada güruhi-İslam – müsəlman xalqları elmlə kamilləşib, bütün insanlar xoşbəxt yaşayır, müxtəlif millətləri təmsil edən insanlar arasında ixtilaflar yoxdur, İslam dünyası öz keçmişinə baxıb təəssüf eləyir:
Vəqta ki, yetər zəmani-hazir,
Gül tək açılar tutuq ürəklər,
Torpaqda yatar bu qəmli şair,
Qəbrində çıxar soluq çiçəklər.
Batində olar o halə nazir,
Həsrətlə bu dağidari-firqət.
Bax millətə, eylə sən təfaxür,
Amma ki, bəxatiri-üxüvvət.
Yad et məni, aşiqanə yad et!

Apardığımız müşahidələrdən əldə olunan nəticələrdən biri də budur ki, XX əsrin əvvəllərində fransız romantik ədəbiyyatından nümunələr Azərbaycan dilinə Osmanlı poeziyasının biçib-tikdiyi hazır poetik sistem vasitəsilə gətirilirdi. Həmin illərdə Osmanlı poeziyasının özündə isə ciddi axtarışlar gedir, bədii düşüncə üç mədəniyyəti (türk, ərəb və fars) birləşdirən Osmanlı dilindən ayrılaraq türk xalq dilinə meyil edirdi. Bu təmayül Azərbaycanda özünü Hüseyn Cavidin yaradıcılığında daha aydın göstərir…
Qayıdaq Abdulla Şaiqin “Yad et” şeirinin tarixi ilə bağlı xatirəsinə. A.Şaiq şeirə Mirzə Ələkbər Sabirin də nəzirə yazdığını və nəzirənin “Molla Nəsrəddin” jurnalında çap olunduğunu qeyd etmişdir. Sabir yaradıcılığının fədakar tədqiqatçısı, professor Abbas Zamanovun “Bir mübahisə haqqında” adlı məqaləsində (yazı “Molla Nəsrəddin” jurnalının 4-cü nömrəsində nəşr olunmuş “Millət necə tarac olur-olsun nə işim var?!” şeirinin müəllifinin müəyyənləşdirilməsinə həsr olunub: Abbas müəllim bu  şeirin Sabirə aid olmadığı qənaətində idi) maraqlı bir qeyd var: “…1908-ci ildə “Molla Nəsrəddin” jurnalında “Şairimiz Hophopa təqdim olunur” sərlövhəsi altında “Qızdırmalı” (o zaman Tiflisdə yaşayan mollanəsrəddinçi şair Məşədi Həbib Zeynalovun təxəllüsüdür) imzası ilə:
Vəqta ki əsər nəsimi zülmət,
Təsir bağışlayar cəhalət… - 

misraları ilə başlayan bir şeir dərc olunmuşdur. İki nömrə sonra jurnalda Sabirin həmin satiraya cavabı çıxmışdır:
Madam ki, hamiyani-zülmət
Xoşlar ki, davam edə cəhalət… 
- və s.
Sabirin satirasından əvvəl belə bir qeyd də verilmişdir: “Molla Nəsrəddin”in 10-cu nömrəsində “Qızdırmalı” imzalı yazılan əşara cavab”.
Buna baxmayaraq, Qızdırmalının həmin şeiri 1912-ci ildə “Hophopnamə”yə salınmış və şairin əsərlərinin 1948-ci ilə kimi çıxan bütün nəşrlərində bu səhv təkrar olunmuşdur…” Bax: Abbas Zamanov. Bir mübahisə haqqında.//Sabir bu gün. Bakı: “Gənclik” nəşriyyatı, 1985, s. 52-53
Bu qeydlərdən göründüyü kimi, 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında “Yad et” şeirinə iki parodiya çap olunmuşdur. Bu parodiyalardan birincisi Məşədi Həbib Zeynalova aiddir və M.Ə.Sabirə ünvanlanmışdır:
“Vəqta ki, əsər nəsimi-zülmət,
Təsir bağışlıyar cəhalət,
Dünyadən ədəm bulur bu millət,
Hərçənd bacarmanam nübüvvət;
Amma belə göstərir zəmanə:
Bixar qalır güli-fərasət.
Ey seyrə çıxan o gülsitanə,
Onda oxu bir duayi-rəhmət,
İndi məni kafiranə yad et!..” 

Belə aydın olur ki, Mirzə Ələkbər Sabirin “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi şeir Rəcaizadə Mahmud Əkrəmin “Yad et!” şeirinə nəzirə deyil, Qızdırmalı təxəllüslü şairin parodiyasına cavab kimi yazılmışdır. Abdulla Şaiqin “Sabir Əfəndinin nəzirəsi dəxi “Molla Nəsrəddin” jurnalında göründü” mülahizəsi, görünür, Qızdırmalının (M.H.Zeynalovun) parodiyasının  “Hophopnamə”nin ilk nəşrlərində səhv olaraq Sabirin adına getməsi  ilə bağlı olmuşdur. Sabirin cavabında şeirin rədifi də fərqlidir – “Xab et”:
Madam ki, hamiyani-zülmət
Xoşlar ki, dəvam edə cəhalət;
Heyhat, bilirmi onda millət
Tovhid nədir və ya nübüvvət?
Məktəb edir iqtiza zəmanə,
Bixar ola ta güli-fərasət;
Ey seyr arayan o gülsitanə,
Əsli yoxu bəkləmək nə hacət?!
Xab et hələ, qafilanə xab et!

“Hophopnamə”nin sonrakı nəşrlərinin tərtibçisi, kitaba geniş ön söz və izahlar yazmış professor Məmməd Məmmədovun bu şeir barədə qeydlərindən oxuyuruq: “İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 mart 1908, №13) imzasız çap olunmuşdur. Dördüncü nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.
Üçüncü nəşrdə “…Qafilanə xab et!” adı ilə verilmişdir”. Bax: M.Məmmədov. İzah və şərhlər. // Hophopnamə, iki cilddə, 1-ci cild. Bakı: “Şərq-Qərb” nəşriyyatı, 2004, s. 368.
Qeyd edək ki, “Molla Nəsrəddin” jurnalında romantik ədəbiyyatın populyar nümunələrinə yazılmış parodiyaların nəşr edilməsi yeganə hadisə deyildir. Məsələn, Cəlil Məmmədquluzadənin Abdulla Şaiqin “Nişanlı qız” şeirinə nəsrlə maraqlı bir parodiyası vardır.
Parodiya ilə nəzirənin başlıca fərqi isə ondadır ki, parodiyada yalnız parodiya olunan əsərin məzmunu ironiya obyekti kimi götürülmür, bütövlükdə estetik sistem hədəfə götürülür, estetik sistemin antitezası, astar üzü yaradılır. Bununla belə, parodiya, müəyyən mənada parodiya olunan əsərdən asılı olur. “Parodiya – parodiya olunanın diri qaldığı qədər diri olur”… (Y.Tınyanov) Fransız ədəbiyyatında XIX əsrin əvvəllərində yaranmış bir şeirin təsirilə həmin əsrin 80-ci illərində türk ədəbiyyatında silsilə əsərlərin meydana gəlməsi, bu təsirin XX əsrin əvvəllərində türk ədəbiyyatından Azərbaycan ədəbiyyatına keçməsi ədəbiyyat tariximizin olduqca maraqlı faktıdır. Bu fakt Azərbaycan ədəbiyyatında sonradan səssiz itib-batmamış, tamamilə fərqli keyfiyyətdə öz əks-sədasını yaratmışdır. Nəriman Həsənzadənin “Lirik parça” adı ilə təqdim etdiyi
Salsa kölgəsini yollara bulud,
Yanından ötsə də, sən məni yad et.
Günəşi ağ bulud, ya qara bulud,
Bir anlıq örtsə də, sən məni yad et.
Qulağın qəfildən bir səsə düşsə,
O, mənim səsimdir, sən məni yad et.
Səhərin mehiylə alnın öpüşsə,
Mənim nəfəsimdi, sən məni yad et.
Alışıb-yanacaq üfüqdə könlüm,
O yolda, o izdə sən məni yad et.
Nə qədər səhər var, günəş var, gülüm,
Dünyada mənsiz də sən məni yad et. - 

şeiri məzmununa və poetik nizamına, eləcə də mətndən oxucuya ötürülən duyğu yükünə, emosional informasiyasına görə R.M.Əkrəmin, A.Şaiqin və A.Səhhətin “Yad et!” şeirləri ilə müqayisədə A.Müssenin “Rappelle-toi” şeirinin orijinalı ilə müqayisə üçün daha çox əsas yaradır. Bu artıq nəzirə, tərcümə, iqtibas, parodiya, yaxud ədəbi təsir məsələsi deyil, Azərbaycan şeirində poetik sistemin yerdəyişməsinin, yeni keyfiyyət mərhələsinə keçməsinin nəticəsidir. Mətnlərdəki səsləşmə isə şeirin təbiətindən gələn yaddaş hadisəsi kimi izah edilə bilər…
A.Müssenin “Pappelle-toi” şeirinin Azərbaycan macərasının maraqlı, maraqlı olduğu qədər də qəribə bir məqamı da var. A.Şaiqin “Yad et!” şeiri yazıldığı vaxtdan 19 il sonra – 1927-ci ildə “İnqilab və mədəniyyət” jurnalının birləşdirilmiş 10-11-ci buraxılışında çap olunmuşdur. “Müəllif şeiri Oktyabr inqilabının on illiyi münasibətilə çapa vermiş və… V.İ.Leninə ithaf etmişdir. Şeirə əlavə edilmiş qeyddə deyilir: “1905-ci il inqilabının daha o zaman zehnimdə canlandırdığı ilham və təsir olaraq 1908-ci ildə ideal olaraq tapdığım o ali, qızğın arzu və iştiyaqlarla tənvirə çalışan və bu vaxta qədər çap edilməmiş bu mənzuməciyi Oktyabr inqilabının böyük qəhrəmanına ithaf edirəm”.  Bax: Kamal Talıbzadə. Qeydlər // Abdulla Şaiq. Əsərləri, beş cilddə, ikinci cild. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968, s. 571

KÖŞƏ YAZARLARI
TOP 10