Yadlaşmış doğmalar – Xülya Cəfərova

16 Baxış

19983967_10213374745981749_3402527838756787117_o

SİNİF YOLDAŞLARI

(povestdən hissə)

2-ci gün

Dəfnə otaq yoldaşlarının səsinə ayıldı. İllərdir tezdən durub məktəbə getməyə vərdiş etmiş Sabah müəllimə hamıdan öncə oyanmışdı. Səda ilə Qəmzənin isə şişmiş gözlərinə əsasən hələ yuxudan doymadıqlarını demək olardı. Dəfnə də durub geyindi  və əl-üzünü yudu. Arabir güzgüdəki yuxulu gözlərinə baxa-baxa soyuq suyu üzünə çırparkən, ötən gün baş verənləri bir-bir yadına saldı. Ürəyində bütün bunların pis bir yuxu olmasını arzuladı, amma üzünə şillə kimi çırpılan soyuq suyun təsirilə tam ayılandan sonra başa düşdü ki, baş verənlər həqiqətdir.

Qısa müddət ərzində hər kəs yeməkxanada toplaşdı. Afşinin və Sabah müəllimənin təklifi ilə, qərara gəldilər ki əvvəlcə səhər yeməyi yeyib itirilmiş enerjilərini bərpa eləsinlər. Sonra isə ağıllı başla nə edəcəklərini götür-qoy edərlər. Xürrəm və əri Cabir səhər yeməyi hazırlamağa könüllü oldular. Cabir şəhərin ən iri restoranlarından birində baş aşbaz işləyirdi. Peşəsinə o qədər bağlı idi ki, o olan yerdə kiminsə yemək hazırlamasına dözə bilməzdi. Xürrəm də ona könüllü şəkildə köməkçi olmağı öhdəsinə götürdü.

“Artıq 2 il olacaq ki ailə qurmuşuq. Bu müddət ərzində uzağı 3-4 dəfə yemək bişirmişəm. Cabir heç vaxt imkan vermir mənə. Nə qədər yorğun olsa da mütləq yeməyi özü hazırlamalıdır” – Xürrəm fəxrlə bayaqdan söhbətləşdiyi Klaraya dedi.

“Onda bizim də bəxtimiz gətirib ki!” – Klara təbəssümlə cavab verdi. Lakin yerin yeddinci qatında nə vaxta qədər dustaq qalacağını bilmədən çarəsizcə gözləyən bir adam üçün “bəxti gətirmək” ifadəsi o qədər yad idi ki… Təbəssümün qısa və lakonik olması da, qonduğu dodaqların sahibəsinin sadəcə nəzakət xatirinə belə dediyindən xəbər verirdi.

Yemək bişirmək imkanı olmadığından, hazır qablaşdırılmış məhsullara üz tutdular. Ağartı məhsulları, meyvə və tərəvəz konservləri, hot dog və hamburgerlərdən ibarət olan səhər yeməyini 16-18 saatlıq aclıqdan sonra birnəfəsə iştahla yedilər. Üstündən də sərin meyvə suyu içdilər.

Qrupun ümumi əhvalı xeyli yaxşılaşmışdı. Yatıb dincəlmək və ac qarınlarını doyurmaq gözlərinin qarşısındakı duman pərdəsini və başgicəllənməsini aradan qaldırmışdı. Hər birinin gözlərində ümid qığılcımı görmək olardı. Axı yeyib-içib yaxşıca enerji toplamış sinif yoldaşlarının qarşısını heç bir maneə kəsə bilməzdi! Bilməzdimi? Hər halda bir anlıq eyforiyanın təsirilə onlar belə düşünməyə başlamışdılar.

Dəfnə də zehnindəki dolaşıq fikirləri sahmana salmağa çalışırdı. Nə qədər düşünsə də, ağlına buradan çıxmaq üçün bir yol gəlmirdi. Bir tərəfdən də gözü Nildə idi. Balaca qızın dedikləri Dəfnəyə təsir etmişdi və daxilində Arzuya qarşı uşaqlıqda duyduğu ikrah hissi geri qayıtmışdı. Bir də yuxusuzluğa təslim olaraq sahibini öyrənməkdən imtina etdiyi əsrarəngiz addım səsləri vardı…

Səhər yeməyini başa vurandan sonra hamı bir nəfər kimi əsas zala üz tutdu. Hər fürsətdə özünü lider kimi göstərən Duman ilk olaraq sözə başladı:

“Uşaqlar, bir çıxış yolu tapmalıyıq. Kimin nə təklifi var?”

“Qapını açmağa kartımız və yuxarıdakılara yerimizi bildirmək imkanımız yoxdur. Vəziyyətimiz elə də ümidverici deyil, amma yenə də inamımızı itirməməliyik.” – Kərəm dedi. Danışığından hiss olunurdu ki, gecəni yatmaqdan çox düşünməyə sərf edib.

“Nə təklif eləyirsən?” – Duman soruşdu.

“Məncə 3 variantımız var. Bunların hər birinizi yoxlamalıyıq” – bütün baxışlar ona tuşlandı. Kərəm davam elədi: “Birincisi, ağır əşyalarla ya da alətlərlə qapını sındırmağı yoxlayaq. İçəridə balta ya da nə isə dəmir əşya olmamış olmaz.”

Bu təklif Afşinin simasında acı bir təbəssüm yaratdı: “Kərəm, qardaş, sən deyəsən hələ də harada olduğumuzu anlamamısan. Bu qapını bomba partlada bilmədi. Balta ilə qırılacağına inanırsan?”

“Hər halda yoxlamaqla heç nə itirmərik” – Kərəm əhvalını pozmadan sözünə davam elədi. “İkincisi, hər yeri, hər bir künc-bucağı ətraflı axtarmalıyıq. Ola bilər ikinci bir çıxış yolu olsun. Ya da silah tapa bilərik. Adətən sığınacaqlarda silah qoyurlar.”

“Silah” sözünü eşitmək çoxlarının, xüsusilə də qadınların simanında təəccüb doğurdu. Elina söhbətə qoşuldu: “Silahı neyləyirsən ki?”

“Bəlkə qapının kilidini silahla parçalaya bilərik” – Kərəm dedi. Üzlərdəki təəccüb ümidlə əvəz olundu.

“Üçüncüsü və ən məntiqlisi isə yuxarıdakılara xəbər ötürmək üçün bir yol tapmaqdır” – Kərəm son çıxış yolunu dedi.

“Onu biz də bilirik. Amma texnoloji avadanlıqlarımız işləmir” – Torpaq dedi.

“Məncə bir yolunu tapmaq olar. İşlək vəziyyətdə olmasa da, texnoloji avadanlıqlarımız, hələ üstəlik Səlimimiz var” – Kərəm dedi və üzünü Səlimə tərəf çevirdi.

Səlim bir anlıq duruxdu, qaşlarını qaldırdı və dedi: “Doğrudur, avadanlıqlar var. Amma onları işə salmaq üçün yuxarıdakılarla kontakt olmalıdır. Bu alətləri işə salmaq üçün xeyli kod tələb olunur. Bunu eləmək mümkünsüz kimi bir şeydir.”

“Amma mümkünsüz deyil. Deməli, cəhd eləməyə dəyər” – Kərəm Səlimin tərəddüdünə cavab olaraq dedi.

“Axı… Yəni çalışaram, amma…” – Səlim sözə başladı.

“Yaxşı da, Səlim. Sən də bacarmasan kim bacaracaq? Sən ki hələ 4-cü sinifdə oxuyanda uşaqların elektron poçt ünvanlarının, sosial şəbəkələrdəki profillərinin kodlarını sındırıb girə bilirdin. Sənin əlindən heç nə eləyə bilmirdik. Yadından çıxıb?” – Torpaq xatırlatdı.

“Qardaş, bunlar ən son texnologiyadır, elektron poçt ünvanı kimi sadə deyil. Sırf bu avadanlıqlardan istifadə üzrə ixtisaslaşan mütəxəssislər, onları hazırlayan fakültələr var. Mənim sahəm deyil axı” – Səlim bütün gözlərin üzərində olmasından narahat oldu. Onların ümidlərini doğrulda bilməməkdən qorxduğu bəlli idi.

“Hər halda, sən bu məsələdə hamımızdan çox bilirsən, Səlim” – Kərəm dedi.

“Əlimdən gələni edərəm, amma söz vermirəm” – Səlim çarəsizcə razılaşdı.

Afşin söhbətə qoşuldu: “Mənim ratsiyama da nəzər yetirə bilərsən. Hələ ki işləyir, amma cavab verən yoxdur. Bəlkə onu nə iləsə əlaqələndirmək olar.” Səlim razılaşdı.

Sabah müəllimə də öz təklifini irəli sürməkdə gecikmədi: “Uşaqlar, telefonları ya yaddan çıxarmayaq. Doğrudur, içəridə heç bir siqnal tutmur. Amma yenə də vaxtaşırı qapıya yaxın yerlərdə, yuxarı mərtəbədə yoxlamaq lazımdır. Bəlkə bir fürsət yaranar.” Bu təklifə də etiraz edən olmadı. Onsuzda dünəndən bəri telefonu əlindən yerə qoymayan Elina dedi:

“Mən dünən demək olar ki bütün otaqlarda yoxlamışam, bir şey çıxmayıb, amma yenə də davam edəcəyəm. Yaxşı ki adaptor çantamdadır.”

Müzakirələr bir neçə dəqiqə də davam elədi. Lakin ortaya növbəti konkret təklif qoyulmadı. Afşin söhbətin axarını dəyişdi: “Uşaqlar, burdan çıxmaq üçün hamımız əlimizdən gələni edəcəyik. Ona şübhəm yoxdur. Ancaq içəridə nə qədər qalacağımızı bilmirik. Ona görə də burda da qayda-qanun olmalıdır.”

“Nə qayda qanun? Yenə dünənki söhbət? Sən deyəsən içəridə qalmağa yaman həvəslisən!” – Duman Afşinin sözlərindən qıcıqlanaraq dedi.

Afşin Dumanın sözlərindəki qərəzi qulağardına vuraraq davam elədi: “Ərzağa ciddi qənaət eləmək lazımdır. Səhər yeməyində xeyli israfçılıq elədik. Ən pis varianta da hazır olmalıyıq.” Duman kinayə ilə gülümsədi və başını yellədi.

“Razıyam. Ərzaq bölgüsünü mən apara bilərəm” – Cabir dedi. “Aranızda minimum ərzağı maksimum vaxta uyğunlaşdırmağı yəqin ki mənim qədər yaxşı bilən yoxdur. Doyurucu həblərin hansı qidalardan sonra, günün hansı vaxtlarında istifadə ediləcəyini də dəqiq bilirəm. Mənim peşəm budur” – o, bir qədər lovğalıqla dedi.

Afşin başı ilə təsdiqlədi. Yerdə qalanlar da etiraz etmədilər.

Kərəm də Afşinin fikrinə dəstək oldu: “Həqiqətən də içəridə nə qədər qalacağımızı bilmirik. Ona görə də hər şeydə nizam-intizam olmalıdır. Hamı səy göstərməlidir. Bir-birimizi narahat etməməliyik. Hər bir məsələni yalnız birgə müzakirə edəndən sonra addım atmalıyıq.” Yoldaşları Kərəmin sözü nəyə gətirəcəyini maraqla gözləyirdilər: “Məsələn, gecə ayaq səsləri səngimək bilmirdi. Deyəsən səs kompyuter zalından gəlirdi. Başa düşürəm, hamı narahatdır. Özünə yer tapa bilmir. Lakin başı çıxmayan bir adam gedib o texnikalardan birini qurdalayıb nəyisə xarab eləyə bilər. Ona görə də yaxşısı budur, hamı bildiyi işlə məşğul olsun.”

“Düzdür, mən də gecə səs eşitdim” – Azad bildirdi.

Dəfnə söhbətə qoşulmağa məcbur oldu: “Gecə yuxum qaçmışdı. Ona görə də kitabxanaya getmişdim. Kompyuter zalına girməmişəm. Yəqin iki zal yanaşıdır deyə sənə elə gəlib.”

“Ola bilər” – Kərəm dedi.

“Yenə nə oxuyurdun, xəyalpərəst? Burda da kitabsız qala bilmirsən?” – Duman zarafatla soruşdu. Dəfnə ürəyində əsəbləşdi, lakin Dumanın çöhrəsindəki ifadədən sadəcə zarafat elədiyini görəndən sonra təbəssümlə dedi:

“Yox, Duman. Bu da mənim vərdişimdir, neyləyim. Yaxşı deyiblər ki, qozbeli qəbir düzəldər.” Duman gülümsədi və gözlərini qısaraq fikrə getdi. Başa düşdü ki, Dəfnə “qozbel” sözü ilə özünü yox, onu nəzərdə tutur.

***

Müzakirələr yekunlaşandan və vəzifə bölgüsü ediləndən sonra sinif yoldaşları müxtəlif mərtəbələrə üz tutdular. Sabah müəllimə özünü pis hiss etdiyinə görə otağına qayıtdı. Rəngi ağappaq ağarmışdı. Səda da anasını tək qoymadı. Səlim cihazlar və komyuterlər olan zala yollandı. Qəmzə də ona köməyini təklif etdi. Səlim qədər məlumatlı olmasa da, texnika ilə arası pis deyildi. Cabir Xürrəmlə ərzaq anbarına yollandı. Əldə olan bütün ərzağın dəqiq siyahısını hazırlamalı idilər. Duman və Torpaq balta ya da silah axtarışına çıxdılar. Tunar da “quyruq” kimi arxalarına düşdü. Afşin də axtarışa qatıldı, lakin heç kəsə yoldaşlıq etmədən tək olmağa üstünlük verdi. Kərəmlə Azad da qapıya vura biləcəkləri ağır, dəmir bir cism axtarmağa yollandılar. Dəfnə kitabxanaya getdi. Məqsədi burada sığınacaqlarla bağlı nə isə məlumat axtarıb tapmaq idi. Bəlkə müasir sığınacaqların hamısında olan hansısa ortaq bir çıxış yolu, kod, sxem ya da çertyoj tapa bilərdi. Nil də ona qoşuldu. Elina, Çiçək və Arzu hərəsi əlinə bir telefon götürüb düşdülər otaqların canına. Bayırdan kiminləsə bircə dəqiqəlik əlaqə yaratmaq ya da mesajla yerlərini bildirmək hər şeyi həll edə bilərdi. Klara da onlara qatılmaq istədi, lakin telefonu sönmək üzrə idi. Adaptor cəmi bir dənə idi. Onu da Elina işlədirdi. Ona görə də Arzunun yanında hərlənməklə kifayətlənməli oldu. Adnanla Diyar isə bayırdan nə isə səs gələrsə, qrupu məlumatlandırmalı idilər. Onlara bu tapşırığı Duman vermişdi. Əslində, o, bu iki oğlanın heç bir işi bacara bilməyəcəklərini düşündüyünə görə onlara bu mənasız işi tapşırmışdı. Onsuzda bayırdan nə isə səs gələrsə, hamı eşidəcəkdi.

***

Bir neçə saatdan sonra gənclər Afşinin çağırışı ilə giriş qapısının yanında yığışdılar. Təkcə Sabah müəllimə ilə Səda gəlmədi. Sabah müəllimə hələ də narahat idi. Afşin anbardakı qutulardan birindən tapdığı “Revolver” markalı tapançanı və ovcunda saxladığı 5 ədəd gülləni yoldaşlarına göstərdi. O, bütün gözlər üzərinə cəmləmiş bir vəziyyətdə güllələri tapançaya doldurdu və hər kəs razılıq verəndən sonra ard-arda qapının kart daxil edilməsi üçün nəzərdə tutulan hissəsinə atəş açdı. Afşinin peşəkarlıqla düz hədəfə vurduğu güllələr təəssüf ki heç bir nəticə vermədi.

Ardınca, Duman və Torpağın tapıb gətirdiyi iri balta və çəkiclə şanslarını yoxladılar. Qapı zərbələrə heç bir xəsarət almadan mətanətlə dözdü. Sonda Azadla Kərəmin gətirdiyi ağır turba ilə qapıya zərbələr endirdilər. Oğlanlar iki nəfərlik qruplara bölündülər və növbələşərək yorulana qədər nəhəng turbanı qapıya o ki var çırpdılar. Bu zərbələrə ən möhkəm divar belə tab gətirməzdi, amma sığınacağın qapısında kiçicik bir əyilmə belə olmadı. Beləliklə, bu üsul da uğursuzluqla nəticələndi. Hər kəs məyus oldu. Artıq demək olar ki yeganə ümid yeri Səlim idi.

Gənclər bədbin halda yeməkxanaya yollandılar. Siçan kimi tələyə düşmüşdülər və onların “tələ”də olduqlarından xəbəri olan bir bəna-adəm yox idi. Cabirlə Xürrəm yemək hazırlamaq üçün mətbəxə getdilər.

Dəfnə də ətrafı ağuşuna alan bu məyus abu-havadan öz nəsibini almışdı. Burada əksəriyyəti ona yad odan “doğma”larla qalmağa daha nə qədər məcbur qalacağını bilməmək onu qorxudurdu. Ən dəhşətlisi isə, şəfəq saçan Günəşdən, göylərdən ona göz vuran ulduzlardan, Bakının geniş, ucsuz-bucaqsız küçələrindən, əzizlərindən daha nə qədər ayrı qala bilərdi? Ən azı yüz nəfərin rahat yerləşə biləcəyi qədər geniş yeməkxana belə Dəfnəyə balaca bir kiprit qutusu kimi görünürdü. O da bu balaca qutunun içinə sıxışdırılmış 20 ədəd “kibrit”dən sadəcə biri idi. Elə indicə qaçaraq bu qutudan çıxmaq, axşamın təmiz havasını ciyərlərinə çəkmək istəyirdi. Çox sevdiyi Xəzərin sahilində ayaqyalın gəzmək, saçları ilə oynayan küləkdən, axşamın sərinindən, yalnızlığın daxilində yaratdığı “səs-küy”ündən həzz almaq istəyirdi…

Qəfildən eşidilən qışqırtı Xəyalpərəsti xülyalardan ayıraraq yenidən yerin yeddinci qatına qaytardı. Səs Sədanın səsi idi. Kömək istəyirdi. Hər kəs təlaşla aşağı mərtəbəyə üz tutdu. Sabah müəllimə dəhlizdə döşəmənin üzərinə sərələnmişdi. Səda isə onun başının üstündə dayanaraq nə edəcəyini bilmədən qışqırırdı. Klara qabağındakı oğlanları itələyərək Sabah müəlliməyə yaxınlaşdı. Nəbzini yoxladı. Normadan sürətli döyünürdü.

“Huşunu itirib. Narahat olma. Yəqin ki təzyiqi dəyişib” – Klara dedi. Elə bu vaxt Sabah müəllimə gözü yumulu halda astadan inildəməyə başladı. “Su gətirin” – Klara dedi. Nil qaça-qaça otaqdan bir stəkan su gətirib gəldi. Klara Sabah müəllimənin üzünə soyuq suyu çilədi. Qadın yavaş-yavaş özünə gəldi. Səda da anasının vəziyyəti təhlükəli olmadığına görə rahatladı. Sabah müəllimə özündə güc taparaq ayağa qalxdı. Elə həmin andaca qeyri-ixtiyarı səhər tezdən yediklərini birnəfəsə döşəməyə boşaltdı. Səda və Klara hərəsi bir qoluna girmişdi. Onların da üst-başı bulandı. Sabah müəllimə inildəməyə başladı. “Ölürəm, ölürəəm” – deyərək zarıyırdı. Səda qorxudan əsərək üzünü Klaraya tutdu və az qala yalvara-yalvara soruşdu: “Axı nə olub ona?” “Yəqin ki zəhərlənib” – Səda ilə müqayisədə daha təmkinli görünən Klara dedi.

Elə bu vaxt qəhqəhə sədaları dəhlizi bürüdü. Hər kəs üzünü dəstənin ən arxasında, hamıdan aralıda dayanan səsin sahibinə tərəf çevirdi. Dağınıq saçları, gözlərinin altından sallanan qara torbaları, qurumuş, çatlaq dodaqları, qırış-qırış olmuş geyimi ilə uzaqdan “zombi”yə bənzəyən qadın qəzəblə, nifrətlə, özü özünə lağ eləyirmiş kimi arsızca şaqqanaq çəkib gülürdü. Bu qadın Arzu idi. Hamı təəccübdən donub qaldı.

“Başladı? Nəhayət! Ha-ha-ha!” – Arzu mənasını özündən başqa heç kimin anlamadığı sözlər deməyə başladı.

“Nə başladı? Gülməli bir şey olub?” – Çiçək rəfiqəsini məzəmmət edirmiş kimi bir tonda soruşdu.

“İştirakçıların bir-bir ölməklərini nəzərdə tuturam. Siz heç qorxulu kinoya zada baxmamısınız?” – Arzu istehsa ilə qrupa sual verdi. Heç kəsdən səs çıxmadığını görüb davam elədi: “Həmişə belə olur da. Kimsə bir qrup adamı harasa həbs eləyir, sonra da başlayır bir-bir öldürməyə.” O, sonuncu sözü deyəndən sonra sol əlini boğazına bıçaq kimi çəkərək, baş kəsilməsi işarəsini göstərdi. Onun bu hərəkəti Dumanı özündən çıxardı:

“Yaxşı, görək! Artistlik eləmə! Camaat burda canı ilə əlləşir, sən tamaşa göstərirsən!”

“Özü də bizi heç kəs bura həbs eləməyib. Özümüz öz istəyimizlə girmişik” – Elina əlavə etdi.

Arzuya fikir verməyən yeganə adam hələ də asta səslə zarıyan Sabah müəllimə idi. Bayaqdan anasına görə qorxan Sədanı belə indi daha çox Arzunun niyə birdən-birə dəli kimi hərəkətlər elədiyi maraqlandırırdı.

“Ha-ha-ha! Öz istəyimizlə girmişik? Bəlkə bizə elə gəlir? Ha-ha-ha! Kaş ki bizi də kimsə, hansısa adi adam içəri həbs eləmiş olaydı! Amma bizi Tanrı dustaq eləyib! Ondan güclü düşmən təsəvvür eləyə bilərsiniz?” – dedi və sual işarələri ilə dolu olan üzlərə bir-bir baxdı.

“Səda, məktəbin sığınacağının hazır olduğu söhbətini sən açmışdın, elə deyilmi? Necə oldu ki məhz həmin vaxt birdən ağlına gəldi?” – Arzu Sədadan soruşdu.

“Burda təəccüblü nə var ki? Terrordan, partlayışlardan, sığınacaqlardan danışırdıq.” – Səda Arzunun sözü hara gətirmək istədiyini anlamadı.

“Amma sən tam vaxtında və yerində söhbəti açdın. İndi isə burdayıq. Ona görə də ilk qurban sənin anandı! Ha-ha-ha!” – Arzu qəhqəhələrinə geri qayıtdı.

Onun bu sözlərindən qəzəblənən Səda bağıraraq “Sənin başın xarab olub! Ağlını itirmisən! Boş-boş danışma!” dedi.

Arzu üzünü Afşinə tutdu: “Afşin, sən də qapını açıq qoymağa vaxt tapdın da… O biri kartdan səndə olmadığını bilirdin. Qapıların avtomatik bağlanmaq funksiyasını da… Amma yenə də fikir vermədin… Niyə?”

“Belə olacağını heç kəs təxmin eləyə bilməzdi. Bu mövzu artıq bağlanıb. Danışmağın mənası yoxdur. Niyə bura düşdüyümüzdən yox, necə bayıra çıxa biləcəyimizdən danışmalıyıq!” – Afşin Arzuya hirslənsə də yad qadına kobud söz deməkdən çəkindi.

“Dəfnə, bəs sən necəsən? Burda da gündəlik yazırsan? Məncə yazsan yaxşıdır! Əsl sənlik materialdı! Ha-ha-ha!” – Arzu bu dəfə də Dəfnəyə sataşdı. Dəfnə isə “Sən özündə deyilsən” deməklə kifayətləndi. Hirsini birtəhər boğub saxladı. Çünki ona qısılmış Nilin yanında Arzuya kobudluq etmək istəmirdi. Onun Nilin nifrət etdiyi ögey anası olduğunu üçündən başqa bilən yox idi.

Qusuntunun ürəkbulandıran qoxusu get-gedə dəhlizi bürüyürdü. Bu diksindirici qoxu ilə Arzunun pərişan vəziyyəti bir-birini tamamlayırdı. Arzu gülməyə davam edirdi: “Başa düşmürsünüz. Hələ də saf-saf çıxış axtarırsınız. Burdan çıxış yoxdur!”

“Kəs səsini!” – Duman qışqırdı.

“Həqiqət acıdır! Heç kəs bizim yaşadığımızı belə bilmir! Başa düşmürsünüz? Biz artıq xarici dünya üçün ölüyük!”

“Bir az da danışsan, həqiqətən ölü olacaqsan!” – Duman artıq centlmenliyini qorumağa cəhd belə etmirdi.

“Ha-ha-ha! Onsuzda tezliklə bir-bir öləcəyik! Qoy mənimki də sənin əlindən olsun! Vecimə də deyil!” – Arzu Hamlet ədası ilə danışırdı. Onun özündə əzabı və təslim olmağın gətirdiyi biganəliyi ehtiva edən qəhqəhələri hər kəsin sinirlərinə toxunurdu.

Növbəti sözləri deyərkən isə gözlərində qeyri-insani bir vəhşilik və həzz var idi. Sanki hansısa pis niyyətli fövqəltəbii qüvvə vücudunu ələ keçirmişdi və ona nə deyəcəyini diktə edirdi: “Boş yerə çabalamayın! Onsuzda mənası yoxdur! Bizim ssenarimiz çoxdan bəllidir! Hamımız burda it kimi gəbərəcəyik!!!”

(ardı var)

KÖŞƏ YAZARLARI
TOP 10