İlqar Fəhmi:
Sən mənim ömrümdə əsən bir külək,
Sən mənim ağzımda qalan dad kimi…
Sən mənim ağ kölgəmə yatmış mələk,
Sən mənə həm doğma kimi, yad kimi…
Sən mənə can bəxş eləyən bir nəfəs,
Sən dilin altında əriyən həb kimi…
Sən mənim hər sözümün cizgisi,
Sən kağız üstündə mürəkkəb kimi…
Sənki, günəşsiz soyuyan bir üfüq,
Sən məni məndən ayıran xət kimi…
Sən mənə əlçatmaz uzaq bir vətən,
Sən mənə dost-doğmaca qürbət kimi…
Sən gözümün yaşının hər damlası,
Sən suya dön, ax, get, əriyən qar kimi.
Sən beləsən… ömrü boyu seyrdə…
Ağlama qarşımda günahkar kimi.
Sən suya dön, ax, get, əriyən qar kimi.
**
Mən səni ağlatmaq üçün gəlmədim,
Göz yaşını silmək üçün gəlmişəm.
Qəlbini ovcumda tutub hər səhər
Göylərə yüksəltmək üçün gəlmişəm.
Min günah içrə boğulan qəlbinə
Bir də nəfəs vermək üçün gəlmişəm,
Bu qatı zülmətdə xilas yollarım
Mən qapına sərmək üçün gəlmişəm.
Ruhunu tutmuş bu qara pərdənin
Rəngini soldurmaq üçün gəlmişəm.
Bəsdi daha, taleyə diz çökmə, QALX!
Mən səni qaldırmaq üçün gəlmişəm.
…bəlkə də tənbəllik…
Yağardı ağ yağışlar, adam çaşıb qalardı,
Bir az nəfəs alardı, bir az həvəs alardı…
Ümid var idi məndə, bulud tək intəhasız.
Külək alıb apardı, adam gedib tapardı.
Dadın da bilmədim heç gözündəki o yaşın
Soyuq-soyuq axardı, adam içib baxardı…
Vəfa qapısı üçün, həqiqi canfədalıq
Dəyişməyən açardı, adam açıb qaçardı.
Gələrdi kaş ki dövrün, həqiqi Kərbəlası.
Yolun, izin bilərdi, adam gedib ölərdi.
…. bir az ölüb… gələrdi