“Yağışdan istədiyim ətri duya bilmirəm…” – Ülviyyə Kərəmqızı

130 Baxış

WhatsApp Image 2017-12-27 at 16.38.43

Mavi…

Biri içəri girdi. Uzun boylu, əynində məğrurluqdan toxunmuş, mavi üst geyimi..Gəlişi ilə binada olan hamının ona sevgi və maraqla baxmağına səbəb oldu. Əlindəki sevgi, qayğı və insanlığı ilə dolu yükünü qeydiyyat stolunun üstünə qoydu. Sürətli şəkildə otağına girdi. Qapını örtdü, qapıya söykəndi və onunla üz – üzə dayanan oturacağına baxdı.. Məcburiyyət, məsuliyyət dolu, tikan bəzəkli bu yerin ona nələr verdiyini, ondan nələri aldığını düşündü. Əlini sinəsinə çəkdi. Sevgi və duadan hazırlanan zirehini çıxartdı, oturacağı yeri onunla örtdü, gülümsədi. Oturdu, əllərinin arasına aldığı başını sıxdı..geriyə doğru əyildi. Ney dinlədi, Rumi oxudu. Maviliyə çevrildi. Siqaret yandırdı. Gəldiyi yerləri, keçdiyi rəngləri düşündü.Özünə baxdı. Hələ də bütün rənglərə baxmayaraq, mavi idi. Maviliyinə sevindi.

Qapı açıldı. İçəri iki adamlıq qara bulud girdi. Otağın içərisində maviliklə bozluğun mübarizəsi başladı. Divarlar yıxıldı, pəncərələr çırpıldı. Mavi tutuldu, mavi doldu, dolu bulud kimi qaraldı. Qara maviyə çevrildi, amma mavi qara ola bilmədi.. Heç qara da mavi qala bilmədi.

Qara onu qidalandıran həsəd, kin və bulanıqlıq dolu əllərini mavinin çiyninə çəkdi. Mavinin işıltısı qaranın kölgəsi ilə çabaladıqca mavi dözmədi, mavi boğuldu. Əlini köynəyinin yaxasına atdı. Əli boşa çıxdı..Kölgəyə çevrildi. Rəngi dəyişdikcə özünü boşluğa atdı..

Tanrı onu və onun kimi olmağı sevirdi. Əlini sinəsinə gəzdirdi. İnsanlığı, ürəyi, onu güclü edən duaları burdadır. Özü ilə götürməyi unutmadığına sevindi..ayağını yerə basdı qaranı gördü, başını səmaya qaldırdı özünü gördü..tutuldu, ağladı yağışa çevrildi, nəfəs aldı hava oldu, əyildi insana çevrildi. İnsana çevrildi və güvənmək istədi. Kölgəsini axtardı, tapmadı.

Otağında QoyduğunU xatırladı. Qorxdu, sarsıldı..qorxusuna qəzəbləndi. Əllərini sıxdı, geri qayıtdı. Onun çox sevdiyi zirehinin üstündə oturan qaranı gördü. Küncə sıxılıb qalan kölgəsini qucaqladı. Qara mavini mavinin kölgəsi kimi bir addım geridə olduğuna ona inandırdı. Mavi inandı. O gündən mavi qara geyindi, qara ağ..

Yarımçıq ..

Payızı hiss etməyən insanlara yazığım gəlir

İnsan necə ətrafında öz ruhunun..

Sevdiklərinin ruhunun bədəndən ayrı gəzdiyini görməz..

Payız bədən yox, ruh ayıdır.

Bir insanı sevə bilmədiyim qədər sevdiyim payız..

Ruh..

Nəfəs..

Susqunluq..

Əgər payızdan yolun keçsə bir yarpaq bas bağrına..

Bütün güllərdən daha gözəl olan-

Ətrinə, vəfasına, qüruruna aşiq ol..

Cizgilərini sev!

Rənglərinə toxun..

Bir ömrün bir yarpağına toxunurmuş kimi dolu-dolu bir ömrün yarpağını sev..

Sevdiyi ol..!

Erköyünlüyünün dayandığı yer,

Səssizliyinin, hüznünün yavaş nəfəs alışı ol..

Birinə quru yarpaq..

Birinə payiz ol..

***

Əgər bir gün payızdan yolun keçsə, bir yarpağı insan kimi sev..

Bir payız ağırlığı doldur ürəyinə

.. sevdiyin insanlara bənzət,

 quru yarpaq sevgisini hiss et.

Bağrına bassan ovulub töküləcəyi,

Tutmasan suya qarışacağı bir qorxu yaşa..

Qorxmağı sev.

***

Payız havasındayam..

Soruşsan necəsən?!

Payız kimiyəm.

Biraz tam, biraz yarım..

Həyatımda bir payız qədər önəmli olmayan,

Onun qədər sevilməyən,

Nə çox insan.. nə çox xatirələr var.

Payız qədər hiss edə bilməyən,

payız qədər təbiəti dolu-dolu sevib yaşaya bilməyən,

Ən az bir payız qədər sevgi qoxumayan nə çox bədən..

 Nə çox yasanmışlıqlar var..

 …quru yarpaqlar kimi.

 Toxunsam ovulacaq,

Toxunmasam gözəlliyi ilə payızı çiynində daşıyacaq.

Gəl gör ki..bağrına basmaq eqoistliyi dolu

Sevgilərim var..

Bir deyil, iki heç deyil.

Mən ,deyəsən, payızın gəlişini o insanlara bəslədiyim hislərlə sevirəm.

Gizli də deyil,

Aşkar heç deyil…

Payız havası kimidir.

Ya da.. Deyəsən, o quru yarpaqları hər görəndə..

Özümə sirdaş görmüş kimi oluram..

..Onları sevgimə bənzədirəm.

Yarı yaşıl, yarı sarı…

Yarı cavan, yarı qoca..

Bu payız..

Yağışdan istədiyim ətri duya bilmirəm..

O da bir başqa cür yağır..

Tərəddüdlə..

Yarım-yarım..

Mənə yarımlarımı xatırladır.

Ruh kimi…

 -Səncə, quşları insanların gözündə fərqli,özəl edən nədir?

-Uçmağı.. Quşlar dünyanı insanların xəyalında olduğu şəkildə görə bilir..

Beyin tükədən heç bir icada ehtiyacları yox, sərhədləri yox.

-Bəs hansısa şairin qarğaya şeir yazdığını görmüsən?

-….

-Uça bilən ən ağıllı canlılardan biridir..Zarafat qabiliyyətləri var.

-Amma..İnsan doğulan gündən gözəllik aşiqi olur..

Gözəl alma, gözəl şans..

Və başqa gözəl olan nələr varsa..

-Gözəl və çirkinin insanla bir doğulduğunu düşünsək..şansı çirkin olaraq doğulan insanlar kimin səhvinin cəzasını çəkir?

-Bu həyatda yaxşı və pis var?

-Hər kəs eyni doğulur. Nəyə, kimə çevriləcəyini həyatındakı insanlar və vicdanı formalaşdırır. Birini çirkin doğuldu deyə günahlandıra bilməzsən.İrqçiliyin insan hislərinə yönəldiyi bir zamanda yaşayan hamı bir nəfər kimi çirkindir. Hələ də qarşısında dayanan birinə salam verməyin qəbahət olduğunu düşünən qorxu dolu beyinlərimiz var.

Evindən gəlinliklə çıxan qızının əynindəki geyimi kəfən gözündə görən..

Girdiyi davada ən az bir yumruq ata bilməyən oğlunu öz cavanlığı kimi görməyən biriləri var.

Sırf onlar kimi deyilsən deyə sənə ömür boyu əksik hiss etdirən biriləri var.

Həyatını şüşə içərisindən izləyən biriləri var..

Ondan öncəkilər edə bilmədi deyə,

Bacarmayacağı psixologiyası ilə böyüyən biriləri var.

Qanad yerləri damğalanan, əllərinin izi ürək qanı ilə itən körpələr var.

Yaşadığı əksik parçaları övladları ilə tamamlayanlar,

Günahkarlıqlar, üzüntülər, heçliklər var..

Aramızda kişi ağlamaz, qadın gülməz deyən beyinlər gəzir.

Görürsən?..

-Mən də görürəm..

-Düşünürsən?..

-…

-Amma mən düşünürəm..Başa düşə bilirsən? Mən düşünürəm..

-Yaxsı hiss edirsən?

-Mən ölürəm..

-Burax bir tərəfə insanları seyr edən insanlığını..Bu həyata bədən kimi gəzmək bəs edər. Aram-aram, az-az azalan ömrünün dərdini çək. Yarıda yorul.. Burax, nəfəs al, qışqır..Dəyişdirməyə cəhd etmə. Heçnəyi dəyişdirə bilməyəcəksən..

-Nə olar?! Düşün! Düşün və yaşa. Ən azından öləndə deyəcəksən ki, mavi kimi yaşadım. Yerlə-göyü birləşdirən hava kimi, su kimi..

Səma kimi yaşadım..Gülümsəyəcəksən..

Qürur duyacaqsan ki, mavi oldum ..

Maviyə gedirəm..

Səs…

İçəri süzüldü..

Görünməyən cizgiləri..

Şəkli çəkilməyən bədəni ilə..
Səsini eşitdim..

Xırıltısını eşitdim..

“Canım ağrıyır..
Dərisi soyulmuş yaranın üstünə dəyən soyuq havanın hiss etdirdiyi,

Göynərti var..

Sızıltı var içimdə.

Keçməyəcək kimidir.

 Bir insan kimi yaralarım var.

Danışan, səssizləşən..

Ölən ruhum var, bədənim yoxdur.

Sənin də içindən bir dünya dolusu adam keçirmi?!”,-dedi

Yoxa çıxdı. Yoxluğu ilə varlığımı şübhə altına qoydu.

Olmadığımın fərqinə vardım.

Susdum, oyandım.

**

Düşündüm ki, özün dünya olasan.

Dünyanı boş verəsən,

O da səni qısqana.

Elə dünya olasan ki, səni kəşfə çıxalar.

…su damcıları axtaralar.

İçindəki həyatın varlığını sübut etmək üçün,

…daxilini eşələr, alt-üst edib,

Sənə səndəki həyatı sübut edələr.

Dünyanda yaşayan, doğulandan ölənə qədər dəyişməyən insanlara baxasan.

Düşünəsən ki..

Dəyişməyən bu beyinlər, niyə dəyişən ruhlarına qənim kəsilir?!

Bir ürək dolusu ruhu sıxasan bağrına,

Ağlayasan, güləsən..

Dəli olasan.

İtirəsən ağlını, açıb buraxasan azadlığa.

Əldən qaçan heyvan kimi özünə dönə.

Çirkinləşə, bağıra..zəncirlərini gəmirə.

Çəkəsən pəncərəni divarın üzündən.

Oturasan düz dibində..

Dizini qucaqlayıb, kirpiklərini yolasan.

KÖŞƏ YAZARLARI
TOP 10