Yalan olmayan sevgilər yalınayaq

73 Baxış

2

Senet.az Şakir Xanhüseynlinin şeirlərini təqdim edir.

Yalınayaq
insanlıqlar yalınayaq
doğruluqlar,vicdanlar
yaxşılıqlar yalınayaq…
yalınayaq sözlərim varaqlar üstə gəzir
hərdən bir ah qopur yalınayaq misralarımdan…

yalan olmayan sevgilər yalınayaq
yanlışlıq bilməyən düzlüklər yalınayaq…

ayaqları yalınlıqdan qurtarın
yollar sevməz yalın ayaqları
tikanlar çınqıllar qanqallar sevməz
ayağı yalınlığı heç kim sevmir
heç bir yanlışlığı da sevməz Tanrı…

***
…elektrik stulunda oturantək…
yerim rahat…
böyük bir qayğıyla-qayğısızlıqla əhatə olunmuşam,
qismətimə düşən ən çoxu-bir azı da önəmsəyirəm-
ta nə istəyirəm?.
Baxın bir,
kədərim-sevincimlə qəlbim riqqətə gəlir,
heç nəyim-hər şeyim var,
eh,siz…
mən-şakir xanhüseynsiz…

***
Həyatın,yaşamın nizamsızlığı-
yer titrəyir sanırsan,
qapı bərk cırıldayır,
ya da öz-özünə açılır,
səslər artır qulağını tutsan belə…

Həyatın,yaşamın nizamsızlığı;
yolu da
gah sağa sapırsan,gah sola-
fikirlərində pərakəndəlik…

Həyatın,yaşamın nizamsızlığı-
işləyən dəmir də paslanır,
küt bıçaq kəsir,iti ağlın küt…

Həyatın,yaşamın nizamsızlığı-
güvənsizlik,inamsızlıq,bir dağınıqlıq ovqatı…

***
Ey səsim,
Allaha,ya bir bəndəyə çatmadın?
Qayıt onda yerinə…

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10