Yalançı xalq etimologiyası

562 Baxış

Tez-tez  böyüyüb boya-başa çatdığım kəndimiz haqqında kitab yazmağı düşünürəm. Hərdən Nehrəmin Naxçıvanda ləhcəsinə görə bütün kəndlərdən fərqlənməsinin səbəblərini, hərdən özünəməxsusluğunu ifadə edən folklorunu, hərdən kəndimizdəki məşhur tayfaların mənşəyini, hərdən, demək olar ki, bütün nəsillərdə özünü göstərən “ayama”ları – ləqəbləri, hərdən kəndimizdə insanların necə və nə zaman məskunlaşmasını, adının hardan gəlməsini araşdırıb yazmağı planlaşdırıram. Hərdən də kəndimizin şirin, baməzə atmaca və lətifələrini toplamaq ürəyimdən keçsə də, bunu tez də unutmağa çalışıram. Professor Əli Əlirzayevin, telejurnalist Kamil Məmmədovun yazdığı kitabların qismən də olsa bütün mövzuları əhatə etməsi məni bir az araxayınlaşdırır.

Son zamanlar Nehrəm kəndi, ətrafındakı toponimləri və Sarcalılar,  Asorular, Sesaranlılar,  Xohlular, Hacıağabbalar  kimi maraqlı tayfa adlarını araşdırmağı planlaşdırdığım zamanlarda böyüdüyüm məhəlləmizin adı – “Abşeron” sözünün mənşəyini necə yazacağımı planlaşdırırdım.  İndi də Abşeronda yaşadığım üçünmü,  məhz mənim məhəlləm olduğu üçünmü bilmirəm, nədənsə elə bil burdan başlayacağımı qətiləşdirmişdim. Halbuki heç bir əməli fəaliyyət göstərməmişdim. Sadəcə beynimdə yerbəyer edirdim.

Fikirləşirdim ki, bizim məhəllə şorakət olduğu üçün belə adlandırılıb. Çünki həyətlərimiz duzdan ağappaq olardı, divarımızın o tərəfindəki böyük boş sahə şor torpaq olduğundan sadəcə şoran bitərdi. “Abşeron” sözünün mənasının “şor su” olması məsələnin birbaşa həlli demək idi. Bəzən də kəndimizin Arazın qırağında olduğunu nəzərə alıb bəzi mənbələrin Abşeron rayonunun adını Əfşarlarla bağlayıb “Əfşaran” adlandırdıqları üçün mövzunu bununla da bağlamağa çalışırdım.

Bu yaxınlarda atam və qonşumuzla birgə dəyərli dostum Ağababa İbarhimovun təklifi ilə Oğuza gedərkən yoldakı söhbət bütün tapıntılarımı yerlə yeksan etdi. Çünki, sən demə, mənim elmi tapıntı hesab etdiyim kökündən yanlış idi, lap yalançı xalq etimologiyası kimi…

Böyüklərimizin dediyinə görə, bizim məhəllənin adı məhz mənim indi yaşadığım Abşeron rayonunun adı ilə bağlı imiş. Daha doğrusu, Bakıda “Abşeron” adı ilə istehsal edilən soyuducunun adı ilə.  Belə ki, məhəlləmizdəki “Kolxoz parkı”nın həyətindəki çayçıya ilk dəfə Azərbaycan istehsalı olan Abşeron markalı soyuducu gətirilir. Bu soyuducunun olduğu çayçını işlədən Nağı əmi də elə o vaxtdan Abşeron Nağı olur. Məlum səbəblərdən o vaxtlar soyuducu filan kəndlərdə çox az olarmış. Yəqin ki, Nağı əmi də bu soyuducusu ilə çox öyünüb və camaat çayçını digərlərindən fərqləndirmək üçün “Abşeron” deyib. Beləcə, yeni formalaşmaqda olan məhəlləmiz Abşeron adlanıb.

Bu yazını yazmaqda məqsədim bəzən hər hansı bir sözün altında simvolika axtarıb ona min məna verməyimizin yanlışlığını ifadə etməkdir. Çünki nə zaman, hansı məqsədlə yaradıldığından xəbərimiz olmadan bəzən elə hökmlər verir və elə yozumlar edirik ki, nəinki özümüz, lap dünya da mat-məəttəl qalır. Bəzən də hansısa bir şairin yazdığı misranı elə təhlil edib min məna veririk ki, şairin özünü qəbirdən durğuzub gətirsən, ya sevincindən, ya da kədərindən ürəyi partlayıb yenidən ölər. Yadıma gəlir ki, ustadım rəhmətlik Zülfəli müəllimlə söhbətlərimizdə bu cür etimoloji məsələlərlə bağlı müzakirələr aparanda kiçik qaynım bizimlə zarafat edərək deyirdi: “Ay sözü yay sözündən götürülüb mənası çay deməkdir.”

Sözdən həmişə söz çıxarmaq olur, çünki söz sözü gətirir, söz sözü açır və ya basdırır.

P.S. Bu “Abşeron” sözü ilə bağlı maraqlı bir xatirə də var kəndimizdə. Kəndlilərimizdən biri Naxçıvanda taksiyə oturur və deyir sür Abşerona. Kəndlimiz içkili olduğundan elə maşına minən kimi yuxuya gedir. Sürücü də eləmə tənbəllik yolu qatır qabağına, hardasa Ermənistan ərazisində olanda bizim kəndli özünə gəlir və buranın hara olduğunu soruşur. Sürücü də deyir: “Bir azdan İmişliyə yaxınlaşırıq.”  Bunu deyəndə kəndlimiz qışqırır ki, məni bura niyə gətirmisən?  Taksi sürücüsü ona “Abşerona sür” dediyini xatırladır.

Bölmə : Şəmil Sadiq, Yazarlar
KÖŞƏ YAZARLARI
TOP 10