Yalanı necə müəyyən etməli?

75 Baxış

beden diliSenet.az “XAN” nəşriyyatında işıq üzü görmüş Co Navarro və Marvin Karlissin həmmüəllifi olduğu “Bədən dili” kitabından bir hissəni təqdim edir:

Yalanın müəyyən edilməsi

Bu ana qədər bir çox davranış nümunəsi, insanların duyğu, düşüncə və niyyətlərini anlamaq üçün istifadə edilən bədən işarələri üzərində çalışdıq. Ümid edirəm ki, artıq bu işarələr sayəsində istənilən şəraitdə insanların söylədiyini bədən dilləri ilə müqayisə edərək izah edə bilirsiniz. Amma sizi xəbərdar etməliyəm. Oxunması çox çətin olan bir insan davranışı da var, bu da yalançılıqdır.

Uzun illər FTB agenti işləmiş, bəzən şübhəlilərin qarşısında canlı yalan aparatı rolunu oynayan biri kimi deyə bilərəm ki, qarşıdakı insanın yalan söyləyib-söyləmədiyini asan şəkildə anlamağın da öz yolları var. Açığını deyim ki, yalançılığı müəyyən etmək olduqca çətin işdir. Hətta indiyə qədər bu kitabda bəhs edilən digər davranış qaydalarını oxumaqdan da çətindir. Bunu bu qədər açıq şəkildə etiraf etməyimin səbəbi davranış analizi ixtisasında mütəxəssisləşmiş FTB agenti (başqa sözlə desək, bütün karyerasını yalançılığın müəyyənləşdirilməsinə həsr etmiş biri) kimi əldə etdiyim təcrübə sayəsində aldadıcı davranışların tam şəkildə müəyyən edilməsinin nə qədər çətin olduğunu görməyimdir. Buna görə də kitabın bu bölümünü yalançılığın müəyyən olunmasında bədən hərəkətlərinin dəyərləndirilməsi və istifadə olunmasına ayırdım. Bu mövzunun (xüsusilə ilk başlayanlar üçün) tamamilə asan olduğunu söyləyən bir çox kitab yazılmışdır. Sizi əmin edirəm ki, bu, heç də belə deyil! Məncə, bu sahədə hörmət qazanmış, kəşfiyyat dünyasında təlimlər verən ilk əks-kəşfiyyat işçisiyəm ki, belə bir xəbərdarlıqla çıxış edirəm. Eşidin və bilin: insanların böyük əksəriyyəti (həm normal insanlar, həm də professionallar) yalançılığı asanlıqla müəyyən edə bilmirlər. Təəssüf ki, uzun illər boyunca bədən davranışlarını yanlış şəkildə izah edərək məsum insanların özlərini günahkar, ya da lazımsız hiss etməsinə səbəb olan həddindən çox istintaq məmuru gördüm. Həm təcrübəsiz, həm də ixtisaslaşmış bir çoxunun etdiyi yanlış iddialar insanların həyatlarını söndürə də bilib. İstintaq məmuru stresdən başqa səbəbi olmayan davranışı yalançılığa yozduğuna görə özünü təzyiq altında hiss edərək yanlış ifadə verən və boş yerə həbs olunan bir çox insan oldu. Qəzet səhifələrində insanı narahat edən bu cür hekayələrə yetərincə rast gələ bilərsiniz. Yəqin ki, təzyiq altına salaraq məsum insanları etmədikləri cinayəti etiraf etməyə məcbur qoyan Nyu-York Sentral Park prosesini 13 xatırlayırsınız (Kassin, 2004, 172-194;

Kassin, 207-227).

1989-cu ildə Nyu-York Sentral Parkda hücuma məruz qalan Trişa Mellinin prosesidir.Təcavüzə uğrayan və ölənə qədər döyülən Melli üçün açılan ictimai məhkəmədə hücumla birbaşa əlaqəsi olmayan beş gənc təzyiq altında verdikləri ifadələrlə mühakimə olunmuş və həbsə atılmışdılar. 2002-ci ildə isə əsl təcavüzkar öz cinayətini etiraf etmişdi.

Bu kitabın oxucularının yalançılığın müəyyən edilməsi üçün hansısa hərəkəti nə cür dəyərləndirmək lazım gəldiyi haqda daha dürüst məlumata sahib olacağını və əllərindəki informasiya sayəsində bir adamın yalan söyləyib-söyləmədiyinə qərar verərkən daha məntiqli və ehtiyatlı davranacağına ümid edirəm.

 

 

Yalançılığın müəyyən olunması müddətində rahat məkanın yaradılması

Yalançılığın müəyyən edilməsi müddətində şübhəli şəxsin hərəkət və davranışları üzərində təsirinizi fərq etməli, davranma şəklini qarşıdakı şəxsin davranışlarına təsir edəcək formada qurmalısınız (Ekman, 1991, 170-173). Sualları necə verdiyiniz (günahlandırıcı şəkildəmi?!), necə oturduğunuz (çox yaxınmı?!) və ya necə baxdığınız (şübhəli gözlərləmi?!) qarşıdakı şəxsin rahatlıq səviyyəsini artıracaq, ya da tamamilə sıfırlayacaq. Qarşıdakı insanın şəxsi məkanını işğal etdiyiniz, şübhəli davrandığınız, günahlandırıcı şəkildə baxdığınız, ya da suallarınızı alovlu bir polis rəisinin səs tonu ilə soruşduğunuz təqdirdə görüşün mənfi istiqamətdə gedəcəyinə əmin olun. Bilin ki, əhəmiyyətli olan bir yalançını üzə çıxarmaq, yalanı müəyyən etmək deyil. Əsas məsələ qarşıdakı şəxsi necə müşahidə etməyiniz və sualları necə yönəltməyinizdən asılıdır.

Bundan sonra isə artıq işarələrin toplanması prosesi başlayır. Nə qədər çox görür (davranış toplusu!) və müşahidələrinizdə nə qədər rahat olursanız, qarşıdakı şəxsin yalan söyləyib-söyləmədiyini də bir o qədər doğru müəyyən edə biləcəksiniz. Görüş əsnasında yalanı fəal şəkildə müəyyən etməyə çalışsanız belə, şübhə ilə deyil, mümkün olduqca bitərəf davranmalısınız. Qarşıdakı şəxsə şübhəli gözlərlə baxmağa başladığınız an onun davranışına təsir edəcəyinizi yaddan çıxarmayın. “Yalan söyləyirsən” və ya “Doğru söyləmədiyini bilirəm” kimi cümlələr qurduğunuzda onun davranışları da təsir altına düşəcək (Vrij, 2003, 67). Bu zaman ən yaxşı üsul mövzu haqqında aydınlaşdırıcı detallar əldə etməyinizi təmin etməlidir. “Anlamıram”, ya da “Necə olduğunu bir daha söyləyə bilərsənmi?” kimi açıqlıq tələb edən edən sözlərdən istifadə edin.

Çox vaxt müşahidə etdiyiniz şəxsdən dediyi sözləri bir qədər də aydınlaşdırmasını, detallı danışmasını istəməklə belə doğru və yalanları ayırd edə bilərsiniz.

İş müsahibəsində namizədin təcrübə və istedadını anlamağa, iş yerində reallaşan oğurluğu aydınlaşdırmağa çalışarkən, ya da həyat yoldaşınızla pul və sədaqətsizlik kimi mövzularda ciddi mübahisəyə girişmişkən soyuqqanlığınızı qorumaq çox əhəmiyyətlidir. Suallarınızı istiqamətləndirərkən sakit olun, şübhəli davranmayın, rahat görünün və mühakiməedici olmayın. Bunu bacardığınız təqdirdə, qarşıdakı şəxsi müdafiəyə çəkilmə və ya bir şeylər gizləməyə yönəlmə ehtimalını sıfıra endirə bilərsiniz.

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10