“Yalnızlığın bal ayı” kitabının “imza günü” keçirilib

4 Baxış

Noyabrın 13-ü detektiv yazıçı Müşfiq XANın “Yalnızlığın bal ayı” adlı yeni psixoloji-məhəbbət romanının təqdimat mərasimi keçirilib. Kitabevim.az kitab mağazasında baş tutan görüşdə yazıçının qələm dostları və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Müşfiq XAN oxucuları salamlayıb, kitab haqqında məlumat verib: “Məni oxucularım daha çox detektiv yazıçı kimi tanıyırlar. Ancaq bu gün görüşünüzə gəldiyim “Yalnızlığın bal ayı” kitabımın sujeti heç də detektvi motivli deyil. Bu kitab sevgi haqqında romandır. Roman öz müəlliminə aşiq olan tələbənin yaşantılarını özündə əks etdirir. Onu da qeyd edim ki, kitabın ilk təqdimatı Gəncədə baş tutub. Sevindirici haldır ki, kitabın Bakıda təqdimatını etməmişdik, ancaq artıq dördüncü tirajını buraxırıq. Düşünürəm ki, 10 gün ərzində bu qədər oxucu marağını kitab uğuru hesab etmək olar”.

Ədəbi ictimaiyyət nümayəndələrinin, gənc oxucuların iştirak etdikləri tədbirdə romanın süjet xəttindən geniş söz açılıb. Bildirilib ki, həyat tərzini dəyişməyə çalışan gənc kimya müəllimi Eva ilə şagirdi Nel arasında dostluq münasibətinin məhəbbətə çevrilməsindən, onların qarşısında duran maneələrdən bəhs edən bu əsər oxucuların diqqətini cəlb edib. Aktual mövzuya həsr edilmiş roman az bir zamanda geniş oxucu kütləsinin marağına səbəb olub.

Tədbirin sonunda müəllif oxucuların suallarını cavablandırıb.