“Yamyaşıl ümidlər”in işığı

19 Baxış

94919_e2pg4xrt2n

Bugünlərdə gənc şair Tural Cəfərlinin “Yamyaşıl ümidlər” kitabı Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi çərçivəsində çap olunub.

Kitabda şair, publisist Rəşad Məcidin yaradıcılığı araşdırılaraq təhlil edilir. Kitabın redaktoru gənc ədəbiyyatşünas Gülnar Səmadır.

Rəşad Məcidin söz dünyasından, xüsusilə, lirikası haqqında ədəbi düşüncələrdən ibarət olan kitab müəllifin ön söz əvəzi yazdığı “Söz hədiyyəm” adlı yazısı ilə başlayır.

“Bir sevgi qoruyur nə vaxtdı məni” adlı birinci bölümdə şairin sözə, sevgiyə, gözəlliyə münasibəti haqqında Tural Cəfərlinin fikirləri ilə yanaşı, həm də bir sıra görkəmli söz adamlarının düşüncələri yer alıb.

“İşıq dolu ömür” adlı bölümdə Rəşad Məcidin ötən əsrin 80-ci illərində ədəbiyyata gəlişi, keçdiyi ömür yolu, poetik düşüncələri müxtəlif mənbələr əsasında araşdırılır. Sözügedən bölümdə Rəşad Məcidin publisistikasına, Azərbaycan mətbuatındakı fəaliyyətinə, əsasən publisistik məqalələrdən ibarət olan “Dəlicəsinə” kitabına, eləcə də yaradıcısı və baş redaktoru olduğu “525-ci qəzet”ə də diqqət ayrılıb.

“Eşq və səmimiyyət adamı” bölməsində şairin “Bir də gəlməyəcək” şeirlər kitabı haqqında düşüncələr toplanıb.

“Yamyaşıl ümidlər” kitabının həcm etibarilə ən geniş bölməsi “Rəşad Məcidin özü və sözü” adlanır. Burada Rəşad Məcid şəxsiyyətini, sevgi, təbiət, vətənpərvərlik, ictimai mövzulu şeirlərinin poetik yükünü araşdıran müəllif geniş təhlillər aparır.

“Vətən qoxulu, Vətən duyğulu şeirlər” başlıqlı hissədə şairin onun Qarabağ həsrətli, vətən yanğılı, azadlıq eşqli şeirlərindən söz açılır. Gənc tədqiqatçı onu da qeyd edir ki, R.Məcid nəinki Qarabağ torpaqlarının işğalını, eləcə də haqsızlıq və ədalətsizlik nəticəsində ikiyə bölünmüş Azərbaycanın birləşəcəyinə öz müqəddəs inamını poetik şəkildə ifadə etmiş, vətənsizlik və yurdsuzluq dərdini, ayrılıq dərdini qələmə alaraq mənalı və yadda qalan şəkildə oxuculara təqdim edib.

Bu bölmədə T.Cəfərli şairin yalnız son dövr şeirlərini deyil, həm də yaradıcılığının ilk illərində qələmə aldığı vətənin səfalı təbiətini vəsf edən şeirlərini  tədqiqata cəlb edir.

R.Məcid vətən həsrətini, yurd sevgisini, Qarabağ dərdini yalnız şeirlərində deyil, həm də məqalələrində, publisistik yazılarında da tez-tez dilləndirir. Bu baxımdan T.Cəfərli diqqəti onun 1995-ci ildə qələmə aldığı “Yuxu” yazısına yönəldir. Bu məqalədə Şuşasızlığın, Qarabağdan uzaq düşməyin ağrı-acısı bədii boyalarla öz əksini tapır.

“Məhəbbət mövzusu Rəşad Məcidin yaradıcılığında başlıca yerlərdən birini tutur”- deyən T.Cəfərli bu şeirləri kitabın “Sevgi nəfəsli, məhəbbət ətirli şeirlər” bölməsində tədqiqata cəlb edir. Müəllif bu şeirlər haqqında yazır: “Rəşad Məcidin sevgi şeirlərində hər kəs özünü tapa bilir və hər kəs dünyaya, kainata məhəbbət gözü ilə baxaraq gözəl və mənalı bir həyat yaşamağa can atır”.

Bu bölmədə şairin “Xəbərin yox”, “Savayı”, “Sənsən”, “Sənə görədir”, “Qorxduğun taleyi qıymaram sənə”, “Ayrıla bilməyəcəksən”, “Niyə gizlənir?” “Yaddaşımı sil, “Təkcə sözlərindən…”, “Gülüşün” və başqa bu kimi şeirlərinin fonunda ümumən onun poeziyasının bədii mənzərəsi cızılır.

Kitabın “Rəşad Məcidin könül nəğmələri” adlanan son söz əvəzində tədqiqatda yer alan fikirlər ümumiləşdirilir.

Şahanə MÜŞFİQ

KÖŞƏ YAZARLARI
TOP 10