Yaradıcı beynin sirləri – Nensi Kuver Andreasen

14 Baxış

93222

Tanınmış Amerika neyrobioloq və neyropsixoloqu, kreativlik fenomeninin və psixi xəstəliklərə səbəb olan prosseslərin tədqiqatçısı. Hazırda Ayova Universitetində psixatriya professoru kimi çalışır.

Psixiatr və neyrobioloq kimi yaradıcılıq barədə araşdırma apararkən bir çox istedadlı və fərqli insanlarla tanış olmaq və işləmək fürsəti əldə etdim. Sevimli, maraqlı, ekssentrik, nəşəli və insanda xoş təəssürat yaradan Kurt Vonnequt isə hər zaman mənim ən sevimli qəyyumum olaraq qalacaqdır.

Kurt 1960-cı illərdə Ayovadakı yazıçılar seminarında və Universitetin psixologiya fakültəsində həyata keçirdiyim ən böyük ilk tədqiqatda iştirak edib. O zamanlar mən yaradıcılıqla psixi xəstəliklər arasındakı əlaqə barədə tədqiqat aparırdım, Kurt isə bu tədqiqat üçün uyğun gələn ən gözəl subyekt idi. O, tez-tez yorulsa da, hələ hər şey yeni başlayırdı. Kurtun 21 yaşı olanda anası depressiyadan əziyyət çəkirdi. İkinci dünya müharibəsi ərəfəsində, Analar günündə o, evə qayıdarkən anası artıq intihar etmişdi. Həkimlər onun oğlu Markda isə şizofreniya əlamətlərinin olduğunu deyirdilər, halbuki bu, sadəcə bipolyar pozğunluq da ola bilərdi (Özü də həkim olan Mark sonradan yaşadıqlarını “Edem ekspresi” (“The Eden Express”) və “Psixoloji sağlam insan kimi və daha artıq” (“Just Like Someone Without Mental Illness Only More So “) adlı kitablarında qeyd edir. O, kitablarında vurğulayırdı ki, qohumlarının çoxu psixoloji olaraq heç də sağlam deyildilər: “Anam, əmi və dayı uşaqlarım, bibi və xala uşaqlarım, eləcə də, bacılarımla əlaqəli onu deyə bilərəm ki, demək olar, hamısında psixoloji problemlər var idi. Bizlərdə yemək pozğunluqları (qidalanma və həzm problemləri), asılılıqlar, qəbzlik, narkotik maddələr və spirtlə əlaqəli problemlər, məhsuldar olmayan iş həyatı, şəxsi həyatdakı uğursuzluqlar və s. bu kimi problemlərimiz bəzən qaçılmaz olurdu”.

 1C0D9E6E-C29D-41BD-A36A-126A5A0C0F0A_cx0_cy5_cw0_w1023_r1_s

Yazıçı Kurt Vonnequt

Aydındır ki, Vonnequt ailəsindəki psixoloji problemlər nəsillikcə keçirdi. Bir müddətdən sonra isə yaradıcılığın da bu ailədə nəsillikcə keçdiyini kəşf etdim.  Atası çox istedadlı bir memardı. Qardaşı isə kimyaçı olmaqla yanaşı, 28 patent almış ixtiraçı idi. Mark yazıçı, qızlarının ikisi də təsviri incəsənətlə məşğul idi. Kurtun öz işinin isə təqdimata ehtiyacı yoxdur.

Tədqiqatımda iştirak edənlərin hamısının (hamısı yazıçılar və Ayova yazıçılar seminarı ilə əlaqəsi olan şəxslər idi) istedadı genetik idi. Bu cür əlaqə isə təbii haldır.

Divanə dahilərin tarixi təqribən qədim klassik dövrə qədər uzanır. Aristotel əbəs yerə deməmişdi ki, siyasət və incəsənətdə, fəlsəfə və poeziyada öz istedadı ilə fərqlənən adamlarda malxülyaçılığa meyillilik olur. Bu qanunauyğunluq Şekspirin pyeslərində də aktual mövzuya çevrilmişdi.

Zamanının bir çox yaradıcı insanları ilə müqayisədə Vonnequt tamamilə təbii ölümlə dünyasını dəyişdi. O, Virciniya Vulf, Ernest Heminquey, Vinsent Van Qoq, Con Berrimen, Hart Kreyn, Mark Rotko, Diana Arbus, En Sekston və Arşil Qorki kimi sıxıntılar yaşamayıb bədbinliyə yenik düşərək intihar etmədi.

Mənim bu gün elmin bu sahəsiylə maraqlanmağımın əsas səbəbi təhsilimin ədəbiyyat yönümlü olması ilə əlaqədardır. Valeh olduğum yazıçı Silviya Plat kimi mən də ədəbiyyat üzrə təhsil almışdım. Ədəbiyyatı Redkliff kollecində öyrənmiş, sonra isə Fulbrayt təqaüdü alaraq Oksforda qəbul olmuşdum. O isə ədəbiyyatı Smit kollecində oxumuş və eyni təqaüdü alaraq Kembric universitetinə daxil olmuşdu. Bizim yollarımız da məhz elə burada ayrılırdı. Bununla da mənim yolum tamam fərqli yön almağa başladı. 1963-cü ildən ədəbiyyat üzrə dərəcə aldım və Ayovadakı universitetdə işə başladım. Orada mən Ədəbiyyat intibahı tarixindən dərs deyirdim və universitetin ingilis ədəbiyyatı kafedrasında ştatlı işləyən ilk qadın oldum. Ona görə də ədəbi həyatımda bir qədər ehtiyatlı davranır və imza kimi sadəcə ad və soyadımın baş hərflərindən (N.K) istifadə edirdim.

324552

Şairə va yazıçı Silviya Plat

Qısa müddətdən sonra Prinston Mətbuat Universitetinin (Princeton University Press) nəşriyyatı Cone Donne haqqında yazdığım kitabı nəşr etdirdi. Mən isə sevinmək əvəzinə utanıb məyus oldum. Kitabım kimə lazım idi ki? Görəsən, öz güc və bacarığımı insanlara kömək edə biləcək bir sahəyə yönləndirsəm, necə olar? Bir ay ərzində tədqiqatçı alim olmaq qərarına gəldim, bəlkə də, həkim ola bilərdim. Beləcə, Ayova Universitetinin tibb fakültəsinə qəbul oldum. Burada cəmi beş qadın təhsil alırdı. Mən şizofreniya və depressiyadan əziyyət çəkən xəstələrlə işləməyə başladım. Psixiatriya məni ona görə belə güclü cəlb edirdi ki, onun təməlində insanın ən qəliz və unikal orqanı olan beyin dururdu.

Sənətimin böyük bir hissəsini psixoloji xəstəliklərin neyrobiologiyasına həsr etdim. Son onillikdə isə dahilik elmi adı verilə biləcək bir sahəylə məşğul olmağa başladım. Mən yaradıcı beyni yaradan amil və ünsürlərin nələr olduğunu aydınlaşdırmağa çalışıram. Bir sözlə, yaradıcılığın sirri nədədir? Həyatım boyu iki sual məni daim düşündürüb: bəzi insanların digərlərindən fərqli olaraq psixoloji əziyyət çəkərkən digərlərinin çəkməməyinin səbəbini nə ilə izah etmək olar? Bu azara tutulanların çoxu niyə yaradıcı və istedadlı insanlardır? Tanınmış yazıçı, riyaziyyatçı, rəssam və alimlərin beyin tomoqrafiyasını çəkdiyim sonuncu tədqiqatımda bu sualın cavabına mümkün qədər yaxınlaşmağa çalışdım. İkinci sualımın cavabına yaxınlaşmaq üçün əlimdən gələni etdim. Bununla da digər tədqiqatçılardan daha çox müsbət nəticə qazana bildim.

Dahiliklə dəliliyin arasındakı əlaqənin tədqiq edilməsi yönündəki ilk cəhdlər gülməli və kor-təbii idi. İtalyan həkim psixiatr Sezar Lombrozo 1891-ci ildə ilk dəfə olaraq “Dahi insan” adlı kitabında dahiliklə əlaqəli uzun izahatlar verərək solaxaylıq və subaylığı, pəltəkliyi, vaxtından əvvəl inkişafı və nevrozla pxisozu da onunla əlaqələndirirdi. Bundan sonra isə o, bu xüsusiyyətlərin bir çox insanlarla əlaqəsini izləyirdi: Jan Jak Russo, İsaak Nyuton, Şarl Bodler, Robert Şuman və s. Lombrozo dəlilik və dahiliyin səbəblərinə dair bir sıra ünsürlər qeyd edirdi ki, bunların içində nəsillikcə keçmə, urbanizasiya, iqlim və Ay fazaları da vurğulanır. O, dahiliklə degenerasiya (orqanizmin bioloji və ruhi cəhətdən pozulması) arasındakı sıx əlaqənin olduğunu deyərək bildirirdi ki, onların ikisi də genetik ola bilir.

Ç.Darvinin qohumu olan psixoloq Fransiz Qalton bu mövzuya daha çox diqqət ayırdı. O, 1869-cu ildə işıq üzü görmüş “İrsi dahilik” (“Hereditary Genius”) adlı kitabında bu mövzunu müəyyən sənədlərə və nəsillərin dahilik köklərinə əsaslanaraq daha geniş tədqiq etdi. Bu sənədlərə əsasən müəyyən edilmişdi ki, Bax nəslində 20-dən çox istedadlı musiqiçi, Bronte nəslində 3 məşhur yazıçı və s. olub. Bununla da sübut etməyə çalışırdı ki, dahiliyin əsasında güclü irsi faktor dayanır. O, həm də dahi tərbiyəsinin formalaşmasında təbiət amilini də qeyd edən ilk tədqiqatçı idi. Zamanla bu tədqiqat özünü doğrultdu və dahiliyin nəsillikcə ötürülməsi fikri öz təsdiqini tapdı.

İngilis həkim Hevlok Ellis “Britaniyalı dahinin öyrənilməsi” tezisini yazarkən 66 cildlik “Milli bioqrafiya lüğəti”ni (Britaniyalı məşhurların avto-bioqrafiyasının toplandığı məcmu) iki dəfə gözdən keçirdi. İlkin mərhələdə o, haqqında üç səhifə və ondan artıq məlumat olan insanları seçib ayırdı. İkinci mərhələdə intellektual qabiliyyətləri o qədər də güclü olmayanları kənarlaşdırdı. Nəticə etibarilə, siyahıda 55-i qadın olmaqla 1030 adamın adı qeyd edildi. O, tədqiqatında Lombrozonun metoduna oxşar üsullardan istifadə edərək insanlardakı intellektual bacarıqların yaranması və inkişafı yollarını tədqiq etməyə başladı.

Ellis çox fərasətli və qeyri-adi üsullara əl atırdı, amma bir problemi var idi ki, üzərində tədqiqat apardığı insanlar yetərincə məşhur olsalar da, hər biri xüsusi yaradıcılıq qabiliyyətinə malik deyildi. O, 1030 nəfərlik siyahıdakı insanların 8,2 %-nin malxülyaçılıqdan, 4,2 %-nin isə dəlilikdən əziyyət çəkdiyini gördü. O, birbaşa insanların özlərilə təmas qurmurdu, bunun əvəzinə sənədlərə əsaslanırdı. Buna görə də siyahısındakı insanların az hissəsinin psixoloji sıxıntı çəkmə ehtimalı yaranırdı.

Daha az təcrübəli yanaşma XX əsrin əvvəlində qələmə alınmış Stenford psixoloqu Levis Termanın yanaşması idi. Onun bir neçə cildlik çalışması olan “Dahiliyin irsi tədqiqatı” (“Genetic Studies of Genius”) amerikan psixologiyasında xarüquladə bir tədqiqat oldu. O, tədqiqat üçün seçdiyi insanları uzun müddət ərzində müşahidə etdi ki, bu da həmin dövr üçün bir yenilik idi. Zamanla onun bu təcrübəsi dünyadakı ən uzunmüddətli tədqiqata çevrildi. Termen özü də istedadlı bir insan idi və onun bu dahiliklə əlaqəli apardığı təcrübəsi birbaşa özünün həyat təcrübəsinə əsaslanırdı (O, beş yaşında məktəbə getmiş və yarım il ərzində üçüncü sinfin proqramına qədər hər şeyi rahatlıqla öyrənə bilmişdi. Həmin dövrdə isə belə bir şey heç də müsbət qarşılanmırdı. Çünki o zamanlar bu düşüncə vardı ki, vaxtından əvvəl baş verən inkişaf fərdin gələcəyinə mənfi təsir edir və sonrakı yaşlarda onun üçün bir sıra problemlər yaradır).

Termen dahiliyi tədqiq edən metodları daha da mükəmməlləşdirərək Lombrozonun dahiliyin degenerasiya ilə əlaqəli olduğu fikrini yoxlamaq istəyirdi. Stenfordun Psixologiya fakültəsində işlədiyi zaman (1916-cı ildə) fransız psixoloqu Alfred Binet tərəfindən hazırlanmış və Amerikada ilk dəfə tətbiq olunacaq zehni inkişaf əmsalı ilə əlaqədar test tətbiq etməyə başladı. “Stenford-Binet intellektual cədvəli” adını almış bu test Amerika hərbi qüvvələrində tətbiq edilməyə başlandı. Hərbiyə götürüləcək, eləcə də, zabit adı veriləcək şəxsləri bu testdən keçirərək onların gələcəkdə qarşılarında duracaq vəzifələri necə yerinə yetirəcəkləri müəyyən edilirdi.

Termen sonradan – 1921-ci ildə uzunmüddətli təcrübəsi üçün yüksək zəkaya sahib olan şagirdləri Stenford-Binet testi ilə seçməyə başladı. Onun hədəfi Kaliforniyada yaşıdları arasında ən ağıllılar qrupuna bir faizlə belə olsa, daxil ola bilən 3-cü sinifdən 8-ci sinfə qədər ən azı 1000 şagird seçmək idi.

Onun seçdiyi şagirdlərin İQ səviyyəsi Stenford-Binet cədvəli üzrə 135 punktu keçməliydi. Şagirdlərin seçimi işi yetərincə gərgin həyata keçirilirdi: onları əvvəlcə müəllimlər seçir, sonra isə qrup halında imtahan tətbiq edilirdi. Daha sonra şagirdlərin hər biri ayrı-ayrılıqda Stenford-Binet cədvəlindən keçirilirdi. Seçimlər geniş bir şəkildə aparıldıqdan sonra cəmi 856 oğlan və 672 qız seçildi. Tədqiqatın elə ilk mərhələlərində aydın oldu ki, daha gənc şagirdlər digərlərindən fərqli olaraq xeyli güclü zəkaya malikdirlər (Bu xüsusa diqqət yetirmək lazımdır, çünki valideynlər bəzən uşaqları sinifdə hamıdan kiçik olmasın deyə onları zamanından əvvəl məktəbə qoymaq istəmirlər).

Bu uşaqları əvvəlcə fərqli üsullarla yoxlayırdılar. Tədqiqatçılar onların inkişafını hələ kiçik yaşlarından izləməyə başlayırdılar: onların oyun maraqlarını qeyd edir, tibbi yoxlamalar aparır, bədən ölçülərini götürüb müqayisə edir, son iki ay ərzində onların nə qədər bədii kitab oxuduqlarına və eləcə də, evlərindəki kitabların miqdarına baxırdılar. Bu istedadlı uşaqları daim nəzarət altında saxlayırdılar. Termenin seçdiyi bu uşaqları onun ismilə əlaqələndirərək “Termitlər” adlandırırdılar. Onların hamısı tam sağlam və atletik uşaqlar idi. Yeganə çatışmazlıqları isə görmə qabiliyyətlərinin bir qədər zəif olmaqlarındaydı (təbii ki, hamısının deyil). Onlar yetkin, kamil idilər və mühitə asanlıqla uyğunlaşa bilirdilər. Böyüdükdən sonra isə onların xoşbəxt ailə həyatları və gözəl işləri olmuşdu. Bununla da Termenin uşaqlıq vaxtından belə qalmış “Tez inkişaf etdi deyə tez də çürüdü” anlayışının yanlışlığı sübut edildi.

Amma “Dahiliyin genetik tədqiqatı”nın səbəblərinin gizli qalmasına baxmayaraq, yüksək İQ səviyyəsi həyatın sonrakı mərhələlərində böyük yaradıcılıq uğurlarına zəmanət vermirdi. Çox azı cəmiyyətin inkişafında əhəmiyyətli yaradıcı rol oynadı. Termenin seçdiyi insanların heç biri həyatı boyu Nobel mükafatı kimi mühüm mükafatlardan hər hansısa birini əldə edə biləcək yaradıcı bir işə əl ata bilmədi. Maraqlı faktlardan biri də odur ki, 1922-ci ildə cəmi 12 yaşı olan və bu seçimlərdən kəsilərək tədqiqata qatılmayan Uilliyam Şokley tranzistor (elektrik sxemində cərəyanı idarə etməyə imkan verən üç çıxışlı yarımkeçirici materialdan radioelektron komponent) icad edərək 1956-cı ildə fizika üzrə Nobel mükafatı aldı.

Tədqiqat üçün seçilən kişilərin 30, qadınların isə 33 %-i heç universitet belə bitirmədi. Seçilmiş insanların böyük əksəriyyəti cəmiyyətdə sıradan birinə çevrildi və adi iş yerlərində çalışırdılar. Bununla da Termenin tədqiqatı nəticəsində müəyyən edildi ki, istedadlı və yüksək İQ-ə sahib olmaq hələ dahi və bacarıqlı olmaq demək deyil.

Digər elm adamları Termenin rəyi ilə razılaşaraq qəbul etdilər ki, zehni qabiliyyətlər müəyyən bir dövrdən sonra yaradıcılıq qabiliyyətinə təsir edə bilmir. Bir çox yaradıcı insanlar yetərincə ağıllıdırlar, amma onların super zəkaya malik olmaq kimi bir ehtiyacları yoxdur. Zehni inkişaf əmsalı 120 olan adam ağıllıdır, amma hər zaman yaradıcı dahi olmaq imkanına da malik deyil.

Yaxşı, bəs yüksək İQ səviyyəsi yaradıcı dahinin göstəricisi deyilsə, o zaman bu göstəricilər nədən ibarətdir və bu tip insanları təyin edib tədqiqata cəlb etmək üçün neyləmək lazımdır? Üsullardan biri (onu bəzən “k” üsulu adlandırırlar) yaradıcılıq miqdarının tədqiq edilməsindən ibarətdir.

Əslində, yaradıcılığın nə olduğunu demək özlüyündə mübahisə doğuran məsələdir. Belə testlərin hazırlanmasındakı fundamental fikir “divergent düşüncə”dir, ya da qeyri-standart düşüncə və hər səslənən sual və nümunələrin cavabını xüsusi dəqiqliklə tapmaqdır. “Konvergent düşüncə”dən fərqli olaraq, bir cavabı olanlar üçün bu problemdir. Nümunə: “Kərpici necə istifadə edə bilərsiniz?” sualına “divergent düşüncəli” şəxs onlarla cavab verə bilər: tikinti materialıdır, ondan bağ və bağçalara hasar çəkmək olar, kitab rəfi üçün altlıq etmək olar, düşmənə qarşı soyuq silah kimi istifadə etmək mümkündür.

Düşünsək ki, kreativlik hər kəsdə özünü fərqli şəkildə büruzə verir, bu cür sualların cavabı ilə insanlar arasında yaradıcılığa meyilli olanları ayırd etmək olar.

Yaradıcılığın özünü hər kəsdə fərqli bir şəkildə büruzə verdiyini nəzərə alsaq, daha yüksək xal toplayan insanları seçib gələcəkdə onların üzərində daha geniş miqyaslı təcrübələr aparmaq olar. Bu üsul daha çox nəticə versə də, çatışmayan tərəfləri də var. Məsələn, bəzi şeylər var ki, onları sübut və dəlilsiz qəbul etmək lazımdır. Divergent təfəkkür yaradıcılığın əsas məğzidir və yaradıcılığı müəyyən üsullarla ölçmək mümkün olur ki, bu da təcrübə zamanı müsbət nəticə əldə edən insanların daha çox yaradıcı biri olduğu mənasına gəlir. Kimsə etiraz edə bilər ki, cəmiyyət bir çox nailiyyətləri konvergensiya nəticəsində əldə edib. Məhz bu cür düşüncə Nyutonun qravitasiyadan asılı olan nəzəriyyəsini meydana çıxardıb, Eynşteynin E=mc2 formulunu qəbul etməyinə səbəb olub.

Yaradıcılıq və kreativliyin ölçülməsinin ikinci metodu “ördək üsulu” və ya baş verənlərə yumoristik yanaşma üsuludur: əgər hər hansısa bir şey ördək kimi görünürsə, ördək kimi səs çıxarıb ördək kimi suda üzürsə, demək, o elə ördəyin özüdür ki var. Bu cür yanaşma adətən yazıçılar və rəssamların, musiqiçilər və ixtiraçıların, biznesdəki yenilikçilər və hər hansısa bir mükafat almış (adətən, Nobel və Pulitser kimi sanballı mükafatlar nəzərdə tutulur) elm adamlarının seçimi zamanı qabaqcadan planlaşdırılır.

Bəzən bunu “böyük “K”” üsulu da adlandırırlar. Bu zaman bəzi suallar meydana çıxır: “Yaradıcı quruculuq” nə deməkdir? İncəsənətlə əlaqəli olan yaradıcı qabiliyyətləri elm və ya biznes sahəsindəkilərlə eyniləşdirmək olarmı? Yoxsa bu qruplara aid olan insanların hər birini ayrı-ayrılıqda tədqiq edib öyrənmək lazımdır? Hər şeydən əlavə, yenilikçiliyi biznes və elm sahəsində yaradıcılıq kimi qəbul etmək olarmı? Mən “kiçik “k”” üsulunun mahiyyətini qəbul edirəm və bu yanaşmanı tətbiq edənlərə də hörmətlə yanaşıram, amma özüm şəxsən “böyük “K”” üsulunun tərəfdarıyam.

Bu metodikadan ilk dəfə 1970-ci ilin ortaları, 1980-ci ildə istifadə etməyə başladım. Ayovada Psixiatriya fakültəsinin tibbi kollecinə gələndə kafedranın müdiri ilə qarşılaşdım. O, psixiatrın biologiyası üzərində işləyir, sarsılmaz inamlara sahib və qatı şovinist idi. Bir dəfə mənə, – “Sizin tibb və ədəbiyyat üzrə doktorluq elmi dərəcəniz ola bilər. Amma bilin ki, bu dərəcəniz tamamilə lazımsız və zibilə taydır. Siz bununla heç nəyə nail ola bilməyəcəksiniz”, – dedi. Mən ədəbi təhsilimlə fəxr edirdim və bu təhsilimin hal-hazırkı işimdə mənə böyük yararı toxunduğunu düşünürdüm. Bu səbəbdən müdirə tamamilə yanıldığını sübut etmək qərarına gəldim. Bununla da təhsilimdən dahilik və dəliliyin tədqiqi zamanı geniş miqyasda istifadə etməyə başladım.

Ayova Universitetində keçirilən yazıçılar seminarları ABŞ-ın ən qədim və məşhur yaradıcı proqramlarından biri idi (UNESCO Ayova şəhərini özlərinin tətbiq etdiyi yeddi “ədəbiyyat şəhəri”dən biri hesab edirdi. Bu siyahıda Ayovanın adı Dublin və Edinburqla yanaşı çəkilirdi).

İngilis ədəbiyyatı kafedrasında dərs dediyim üçün bu seminarda iştirak edənlərin içindən asanlıqla tədqiqat obyektim olacaq insanları seçə bildim. Onların arasında daimi tədqiqat obyektim olanları da var idi, müvəqqəti olanları da. 15 il ərzində təkcə Kurt Vonnequtu tətbiq edib öyrənmədim, onunla yanaşı, Riçard Yeyts, Con Çiver və əlavə 27 məşhur yazıçını da öyrənmək imkanım oldu. Tədqiqat zamanı məşhur yazıçıların, eləcə də, onların ailələrindəkilərin psixoloji problemlərinə nəzər salmağa başladım. Misal üçün, Ceyms Coysun qızı şizofreniyadan əziyyət çəkirdi. Yazıçının özündə də bəzi məqamlar var idi ki, bunun sayəsində həkimlər ona, az qala, eyni diaqnozu qoymaq istəyirdilər. O, ünsiyyətcil deyildi, ətrafdakı insanlara qarşı qəddar, təkəbbürlü idi və əsərlərinə nəzər yetirərkən, sanki, oxucu mövqeyinə düşərək reallıqdan ayrılırdı ki, bu da anormal hal hesab olunurdu.

93222

Yazıçı Ceyms Coys

İşlərinə heyran olduğum filosof Bertran Rasselin şizofreniyadan əziyyət çəkən bir çox qohumu vardı. Eynşteynin oğlu da şizofren idi və özü də bu xəstəliyin əlamətlərindən olan insanlarla münasibət qura və cəmiyyət içində özünü bir o qədər də apara bilməmək xüsusiyyətlərinə sahib idi. Bütün bunlara nəzər salaraq belə qərara gəldim ki, tədqiq etdiyim insanların qohumlarında psixoloji xəstəliklər çox olsa da, özləri, demək olar ki, tamamilə sağlam idilər. Hətta, belə ehtimal edirdim ki, yaradıcılıq ailəvi xüsusiyyətdir.

Tədqiqata müşahidəçilərimə ailəvi tərbiyələri, təhsilləri, psixoloji şəxsiyyətlər, cəmiyyətə münasibətləri, iş adətləri və yazılıçığa olan yanaşmaları ilə əlaqəli suallar verməklə başladım. Yaradıcılıqla əlaqəli tədqiqatımın nəticələrindən yararlanaraq psixiatr və epidemioloq Tomas Makneilin üsulundan istidafə edərək daha çox uğurlu yaradıcı karyerası olanlara qiymət olaraq A++, bir qədər az uğurlu karyerası olanlara isə (belələri yaradıcılığa sadəcə maraq göstərir və ona bir hobbi kimi yanaşırdı.) A+ qoydum.

Son işim isə yoxlama qrupunun seçilməsi oldu. Əvvəlcə fikirləşdim ki, qrupa yaradıcılıqla əlaqəsi olmayan peşədəki insanları seçim. Məsələn, hüquqşünasları. Sonra isə belə qərara gəldim ki, tədqiqatın daha uğurlu alınması və qrupun maraqlı olması üçün fərqli sahələrdəki insanları seçmək lazımdır. Məsələn, müdirlər, mühasiblər, sosial işçilər və s. Bu yoxlama qrupunu yazıçılar qrupu ilə yaş və təhsil səviyyəsinə görə müqayisə etdim. Onların İQ səviyyəsini müəyyənləşdirməyə çalışdım və uğurlu nəticə əldə etdim. Hər iki qrupdakı iştirakçıların İQ səviyyələri 120-yə bərabər idi. Bu, Termenin yaradıcı dahiliyin yüksək zehni inkişaf əmsalı ilə eyni olmadığı qənaətini sübut etdi. Yaxşı, bəs bu yazıçıları yüksək İQ-ləri yaradıcı insan etmirsə, o zaman bunu edən nədir?

Bu sualların cavabını axtararkən başa düşdüm ki, şizofreniyaya dair fərziyyələrimi təsdiqləyə bilməyəcəyəm. Əgər vaxtımın çoxunu hazırda “əhval pozuntusu” adlandırdığımız bir problemdən əziyyət çəkən Robert Louellə və Silviya Plat kimi şairlərə, vaxtımın azını isə Ceyms Coys və Bertran Rasselə həsr etsəydim, bunu daha əvvəldən başa düşərdim. Tanıdığım yazıçılar bir-birinin ardınca hər gün qəbuluma gəlib üç-dörd saat ərzində əhval pozuntusu haqqında öz əhvalatlarını danışardılar. Bu, adətən depressiya idi, lakin bipolyar pozuntuya da rast gəlinirdi. Ümumilikdə 80%-nin həyatında müəyyən dövrlərdə əhval pozuntusu, psixoloji problem olub (Əvvəllər bütün yazıçıların mənim kimi təcrübəsiz, tanınmayan professora təcrübədə köməkçi olmağa razılaşdıqlarına təəccüb etsəm də, daha sonra anladım ki, bu razılıq onların bir psixoloqa ehtiyac hiss etdikləri üçün idi).

Psixoloq Key Redfild Cemison Böyük Britaniyada 47 məşhur yazıçı və rəssamı müayinə edərkən anladı ki, onların içində ən az 38 nəfəri psixoloji problemlərdən əziyyət çəkib və müalicə alıblar. Ən yüksək göstərici drammaturqlarda, ikinci yüksək göstərici isə şairlərdə rast gəlinib. Tibb fakültəsinin psixiatristi Harvard Cozef Şildkraut XX əsrin ortalarında 15 nəfərdən ibarət rəssam qrupunu müayinə edərkən anladı ki, onlar da depressiya və bipolyar pozuntudan əziyyət çəkirlər. Demək olar ki, bu rəssamların yarısından çoxu 60 yaşdan çox yaşamadılar. Mən də öz tədqiqatım boyu bəzi sualların cavabını tapdım, lakin cavabsız qalan yeni suallar doğuldu. Yaradıcılıq niyə ailəlikcə ötürülür? Bəs nəsillikcə ötürülən nədir? Bunlardan hansı tərbiyənin, hansı ətraf mühitin təsirindəndir? Görəsən, həqiqətən də, yazıçılar təkliyə məhkum olduqlarına görə və ya daxili aləmlərinə səyahət edə bilmək üçün bu tip problemlərdən əziyyət çəkir? Onların əvəzinə alimlərdən ibarət qrupu tədqiq etsəm, eyni nəticəyə gələ bilərəmmi?

Bu tip suallar bir neçə həftə, bir neçə ay və nəhayət, tədqiqatı başa vurduqdan sonra bir neçə il daha məni narahat etməyə, beynimdə dolanmağa başladı.  Həmin ərəfələrdə psixoloji xəstəliklər, şizofreniya və əhval pozuntularını tədqiq etdiyimdən yaradıcılığın təbiəti mövzusunun vacib olmağına baxmayaraq, mənə daha az aktual mövzu kimi gəlirdi.

1980-cı ildə neyrovizuallıq sahəsindəki yenilik sayəsində xəstələrin beynini birbaşa müayinə etmək imkanı yarandı. Bu metodla yaxından məşğul olaraq suallarıma cavab axtarmağa, mənəvi-psixoloji pozuntuların baş verdiyi zaman beynin funksiyası və strukturundakı dəyişikliyi müşahidə etməyə çalışdım.

Neyrovizual cihazla işləməyə başlayarkən onu eləcə tətbiq edəcəyimiz bu istedadlı insanların beyninə bu cihazla daxil ola bilsək, orada nə ilə qarşılaşacağıq deyə düşünürdüm. Bəlkə, orada digər adamlardan fərqli olaraq kiçik bir “cin” gizlənib? İndiki dövrdə texnologiya o qədər sürətlə inkişaf edib ki, hətta, ölmüş bir insanın beyin toxumalarını tətbiq etmək mümkündür. Bu, alimlərə beyinlə şəxsi keyfiyyətlər arasındakı əlaqəni öyrənməkdə kömək edir. Maqnit rezonans tomoqrafiyasının (MRT) köməkliyi ilə müşahidə zamanı beynin özünü necə apardığını belə artıq müşahidə edə bilirik.

Ancaq neyrovizualizasiya ilə işləmək bir qədər hiyləgər üsuldur. Bir insanın zehni fəaliyyətini beləcə izləmək civə tutmağa bənzəyir. Beyindəki sinir hücüyrələri qalaktikamızdakı ulduzların sayından heç də az deyil və bu hüceyrələrin hər biri milyonlarla digər hüceyrələrlə qarşılıqlı əlaqədədir. Biz yaradıcılığa dair sübut axtararkən, əslində, nə tapmaq istəyirik? Amma çoxlarının razı olduğu bir şeyi bilirik ki, yeni və orijinal bir şeyin kəşfi hər zaman “aha”, “evrika” sözlərinin köməkliyi ilə təsvir edilir. Faktların bu cür emosiyalarla bildirilməsi yetərincə cazibədar alınır. Misal üçün, “Nyuton 1666-cı ildə alma ağacının altından keçərkən bir almanın başına düşməsi nəticəsində yerin cazibə qüvvəsini kəşf etdi”, – deyə bilirik. Əslində isə, Nyuton 1666-cı ilə qədər illərlə öz dövrünün riyaziyyatını tətbiq edirdi (Evklid həndəsəsini, cəbri, karteziyan koordinat sistemini) və optika sahəsində, eləcə də, digər elmi sahələrdə nailiyyətləri olmuşdu. O, 1687-ci ildə “Natural fəlsəfənin riyazi başlanğıcı” adlı əsərini bitirmişdi. Ümumdünya Cazibə Qanununu formalaşdıra bilməyi üçün ona düz 20 il vaxt lazım olmuşdu və bu çalışmalar üç mərhələdə davam etmişdi: hazırlıq mərhələsi, yeni fikirlərin doğulması mərhələsi və nəhayət, coşqunluq və uğurun əldə edilməsi mərhələsi (məşhur “evrika” mərhələsi). Bir çox yaradıcı işlərin uğurla bitməyi üçün belə bir mərhələ keçməyi lazımdır.

Bizim də edə biləcəyimiz təcrübəçilərimiz hər hansısa bir fəaliyyətdəykən onların beyin fəaliyyətini müəyyən zaman çərçivəsində izləməkdir. Təbii ki, kreativlik və yaradıcılığı izləyərək şəkil üzərinə köçürtmək mümkün deyil. Bundan əlavə, insan kiminsə göstərişi ilə yaradıcılığını açıqlığa çıxara bilməz. Bunun üçün onun beyninin hazır olmağı lazımdır.

İnsan beyninin yüksək səviyyəli funksiyalarının bir hissəsi beynin altı sinir hüceyrələrinin qatlarında yaranır, onların denditrları və budaqvari örtük qatı beynin örtüyü hesab edilir. Bu örtük bizim onu çiyinlərimiz üzərində daşıya biləcəyimiz ölçülərədək toplana bilir. Bu proses “qrifikasiya” adlanır. Əslində bu, bir neçə qatın formalaşmasından yaranır. Beynin bəzi hissələri gözlərimiz, qulaqlarımız və dərimiz, ağız və burnumuzdan sensor informasiyaları alır və hərəkətlərimizi idarə edir.  Biz bu hissələri aparıcı görmə, eşitmə, sensor və hərəkət örtüyü adlandırırıq. Onlar bizi əhatə edən hər şeydən informasiya alır və hərəkətlərimizi idarə edir. Əgər bizim beynimiz təkcə bu funksiyalardan ibarət olsaydı, özümüzü insan adlandıra bilməzdik və tamamilə heç bir işə malik olmayan varlıq olardıq. Əslində, insan beyninin ən inkişaf etmiş hissəsi: örtük-onurğa beyni yolu – görmə-eşitmə reflektor yoludur, ön ciyədə ön piramid yolun içəri tərəfində yerləşib; bu yol orta beyindən orada çarpazlaşıb və beyin kötüyünü keçərək onurğa beyninin ön ciyəsinə daxil olur və ön buynuzların hərəki hüceyrələri ilə rabitəyə girir. Görmə və eşitmə üzvlərindən orta beyin qapağına gələn impulslar (oyanmalar) vasitəsilə ön buynuzların hərəki hüceyrələrinə verilir və nəticədə müxtəlif hərəki reaksiyalar meydana çıxır. Əgər hər şey təkcə bundan ibarət olsaydı, biz oxuya bilməzdik. Oxuya bilməyimizin səbəbi beyin tədqiqatçıları tərəfindən cavabı araşdırılan suallardan biridir.  Leksikon hər kəsdə fərqlidir. Sözlər eyni olsalar belə… Çünki hər bir insanın assosiativ yaddaşı və şüuru var. Dahi yazıçı Şekspirlə küçə divar yazarı arasındakı fərq söz ehtiyatının zənginliyi, beynin assosiativ sahəsindəki örtüyün eyni zamanda birləşdiyi digər hissələrin assosiativ tərəflərinin həcmindən asılıdır.

1995-ci ildə Pozitron emusiyon tomoqrafiyasının (PET) köməkliyi ilə neyrovizual araşdırma apardım. Onun gözlənilmədən mənim cəmiyyətdəki və yaradıcılıq zamanı baş verən proseslər barədəki araşdırmamın inkişafı üçün böyük faydası oldu. PET beynin fərqli yaddaş sistemini izləmək üçün istifadə edilir, bunu böyük Kanadalı psixoloq Endel Tulvinq tədqiq edib. Bir sistem təsadüfi (epizodik) yaddaş, avtobioqrafik xarakter daşıyır və fərdin şəxsi təcrübəsi ilə bağlı məlumatlardan ibarətdir. Bunu ona görə təsadüfi adlandırırlar ki, o, zamanla əlaqəli olaraq ardıcıl və məntiqi xarakter daşıyır. Məsələn, fərdin toy xatirələri.

Onu həmkarlarımızla semantik yaddaş adlı bir başqa sistemlə müqayisə etdik. Semantik yaddaş ümumi məlumatın qoruyucusu hesab edilir, bu yaddaşın zaman və məkanla heç bir əlaqəsi olmur.

Tədqiqat zamanı epizodik yaddaşı iki yarımnövə böldük. Mərkəzləşdirilmiş təsadüfi yaddaşı iştirakçılardan keçmişə dair hər hansısa bir hadisəni xatırlayıb gözüyumulu halda bizə danışmaqlarını istəyərək araşdırmaya başladıq. Bundan əlavə, biz “təsadüfi epizodik sakit düşüncə”ni də izlədik. İştirakçılardan uzanıb yerlərini rahatlamalarını və ağıllarına gələn istənilən bir şey barədə düşünmələrini istədik. Təcrübənin məğzi ondan ibarət idi ki, iştirakçılar sərbəst düşüncə ilə məşğul idilər ki, bu da beynin heç bir şeyə əsaslanmadan işləməyinə kömək edirdi. Beynin bu zaman qeyri-adi dərəcədə aktiv ola biləcəyindən şübhələnməyə başlamışdıq. Eynilə Ziqmund Freyd də bizim düşündüyümüzün qənaətinə gəlmişdi. O fikirləşirdi ki, spontan və senzuradan uzaq olan söhbət beynin planlaşdırılmamış hərəkətinin başa düşülməsində açar rolunu oynayır.

Təcrübəmə cəlb edilmiş yaradıcı şəxsiyyətlərlə söhbət əsnasında başa düşdüm ki, şüursuz proseslər kreativliyin mühüm tərkib hissələrindən biridir. Məsələn, dramaturq Nil Saymon mənə deyirdi: “Mən bilərəkdən, şüurlu şəkildə yazmıram, bunu elə edirəm ki, sanki çiynimdə muza (Qədim yunan mifologiyasına görə Zevs və Mnemosinain Parnasda yaşayan qızları olub elm, poeziya və incəsənətin tanrıçaları sayılırdılar) əyləşib… Bu zaman real dünyadan uzaqlaşaraq fərqli bir aləmə düşürəm”.

Yazının davamı “Ustad” jurnalının 14-cü sayında.

KÖŞƏ YAZARLARI
TOP 10