“YARAT”da ikinci seans başlayır

2 Baxış

yarat

Mayın 16-da YARAT Müasir İncəsənət Mərkəzinin Film Klubunun ikinci sessiyası keçiriləcək. Tədbirin məqsədi bu klubu müasir incəsənət videoları və filmlərinin baxış və müzakirəsi üçün qeyri-rəsmi görüş yerinə çevirməkdir.

Bu dəfə klubda Şezad Davudun “Gözqamaşdırıcı parlaqlıq” bədii filmi nümayiş olunacaq və sonda müəllif tamaşaçıların suallarını cavablandıracaq. Tədbir “British Council Azerbaijan” təşkilatının tərəfdaşlığı ilə təşkil ediləcək.

“Gözqamaşdırıcı parlaqlıq” dünya şöhrətli rəssam Şezad Davudun rejissorluğu ilə çəkilmiş elmi-fantastik filmdir. Filmdə fantastika fonundan əsasən irq, miqrasiya və şəxsiyyət anlayışlarını təkzib etmək üçün istifadə olunur. İngiltərənin şimalındakı Prestonun fərqli və dəyişən icmalarının taleyindən bəhs edən filmin süjeti özündə sənədli filmin bəzi elementlərini də birləşdirir və Lankaşir haqqında UNO-ların ən çox müşahidə olunduğu və Böyük Britaniyada materik çinlilərinin ən sürətlə artdığı yer kimi danışır. Film hekayəti nəql etmək üçün özündə rəqəmsal və analoq proseslərini, yüksək istehsal dəyərlərini və aşağı səviyyəli fantastika estetikasını birləşdirir. Hekayət Preston şəhərətrafına kosmik gəmidə enmiş gənc çinli oğlan və qızdan – Jian və Şindən bəhs edir. Onlar bu planetə min il əvvəl tədqiqat məqsədilə göndərilmiş agenti – “Glorious 100”ü tapmaq məqsədilə gəliblər.

1974-cü il təvəllüdlü Şezad Davud Sent-Martin İncəsənət Universiteti və Kral İncəsənət Kollecinin məzunu olub, elmlər doktoru dərəcəsini “Leeds Metropolitan” Universitetində alıb. O, redaktə prosesindən film və rəsm arasındakı məna və formaları tədqiq etmək metodu kimi istifadə edərək şəkil, dil, yer və çoxsaylı təhkiyələrin müxtəlif sistemlərini qarşılaşdırmaq üçün filmlər, rəsmlər və heykəllərlə işləyir. Onun təcrübəsi çox vaxt tədqiqatın uzaq gedən hədəflərini fiziki və konseptual olaraq təsvir etmək üçün müxtəlif ərazilərdə qrup və şəxslərlə əməkdaşlığı və işi əhatə edir.

Şezad Davud son illər Taybey, Mərakeş, Busan, Venesiya biennalelərində, MACBA Barselona, “MoMA PS1”, “Witte de With”, “Modern Art Oxford”, “Tate Britain” beynəlxalq sərgilərində iştirak edib. Onun son layihələri sırasında “Gözqamaşdırıcı parlaqlıq” bədii filmi ilə yanaşı, “Parasol Unit”, “Leeds” incəsənət qalereyalarında (London), habelə “OCAT Xi’an” (Çin) fərdi sərgilərini qeyd etmək olar. Şezad Davud “Jarman Award”, “Abraaj Capital Art Prize” mükafatları laureatıdır. Hazırda o, Londonda yaşayıb-yaradır və Vestminister Universiteti yanında Eksperimental Mediada elmi tədqiqatçı kimi fəaliyyət göstərir.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10