“YARAT”dan yeni sərgi: “Dumanlar başımda dastana döndü”

0 Baxış

yarat

 

“YARAT” Müasir İncəsənət Məkanı yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisini təqdim edir. İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri, dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrlərindən biri olmuşdur.

AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinə və zəfər hadisələrinə həsr olunmuş bu sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edir.

Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. Donmuş münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu…

“YARAT”ın “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı nə sülh, nə hərb illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. “Dumanlar başımda dastana döndü” həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasını işıqlandırır. Sərginin adı, Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

Beləliklə, ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Məhsəti Gəncəvi” Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

“Dumanlar başımda dastana döndü” qrup sərgi iyulun 8-də Gəncə şəhərində “Məhsəti Gəncəvi” Mərkəzində (Əttarlar küçəsi, 1) açılacaq. Sərgi sentyabrın 25-dək davam edəcək.

Bölmə : Sənət xəbər