Yaşanmamışlar

49 Baxış


Davud Tevezzuli (3)Davud Tevezzuli

Səndən sonra…

“Səndən sonra” demək olmur,
Boşluqdakı səslərə də dinmək olmur.
Xatirələr danışanda,
Xəyallarım ulduz kimi sayrışanda
Günəş kimi həqiqətlə çıxmaq olmur.

Külək ətrini gətirəndə,
Bir kölgə sənə bənzəyəndə,
Uzaqlardan sənə oxşar saç görəndə, boy görəndə,
Ürəyinin dəyişilən ahənginə
Dayan! Bir dur demək olmur.

“Kaş ki”lərin “çünki”lərdən çox olanda,
Xatirələr dünyasını bir cüt gözdən axan yaşlar dolduranda
Yaratdığın bu dənizdə; göz yaşında boğulanda
Nəfəsinə “sən dayanma” heç olmasa demək olmur.

Əlin dəyən əşyalara toxunanda,
Eyni ağac kölgəsində indi təkcə oturanda,
Sən sevdiyin kitabları indi sənsiz oxuyanda…
Həyatımın pislikləri bu bədəni təkləyəndə,
Xatirənin divarları dörd tərəfdən tam üstümə yıxılanda
Səndən kömək ummaq üçün üzüm olmur.
Səndən sonra bu adama “yaşayırsan” demək olmur…

Artıq sənsiz yaşayıram

Artıq sənsiz yaşayıram…
Yaşayıram sözündəki sənsizlikdən utanıram.
Yağış yağır bir tərəfdən
Hava dodağın sallayıb
Sən sevərsən bu havanı
Bu havada bu gün sənsiz yaşamaqda utanıram…

Xəyallarım, arzularım və əllərim
Ah əllərim!
Hər izində sən gizlənən,
Saçında hər teli tanıyan bu əllərim
Əllərimdə sənsizliyin küləyindən utanıram…

Artıq sənsiz yaşayıram…
Necə yalan deyim sənə?
Sən bilirsən axı məni.
Bilirsən ki yaşamıram….

Bilirsən?

Şəkilləri xoşlamıram bilirsən.
Xatirələr yaddaşlarda olmalı
Gülən üzlər, saçlar, gözlər, ətirlər
Bir sevginin xatirində qalmalı.

İnsan kimi bir az nankor olmalı
Xatirə də, sevgilər də, şəkil də
Xatirə də vaxt keçdikcə ölməli
Hər gün bir saç teli qədər.
Sevgilər də ayrılıqda bitməli
Hər gecə göz yaşı qədər.
Şəkillər də gün keçdikcə solmalı
Heç vaxt sənə almadığım gül qədər.

Misal üçün gəlməməli ağlıma
Gün çıxdıqca gülüşün.
Misal üçün çıxmamalı qarşıma
Səni gündən qalan bir xoş baxışın.

Şəkilləri xoşlamıram bilirsən…
Hələ bir də mənli, sənli yaşayırıq
“Biz”dən bir şey qalmayanda.
Bu həyatı xoşlayırdım bir zamanlar bilirsən?
Şəkil kimi sevgimiz də solmayanda…

Yaşanmamışlar

Ayrılıq mahnılarında deyildiyi kimi,
Axı biz heç ağlaşmadıq,
Nə görüşdük, nə sevindik, nə küsdük,
Axı biz heç yaxınlaşmadıq…
Nə dost qaldıq sevgimizdən sonra da
Nə yoldaş olduq
Əziz insan, axı biz heç düşmən də olmadıq,
Bəlkə bir yerlərdə bizi, döyüş görüşdürər deyə…
Mən bilmirdim…
Ayrılanda ağlanmayan sevgilərin gözü hər vaxt dolu qalır.
Mən bilmirdim, görüşmədən ayrılanlar hər gecə ayrılıqda görüşürlər,
Xatirədə görüşürlər,
Kitablarda görüşərlər,
Bir arzunun kölgəsində oturarlar…
Yazılmayan bir şeirdən
Yaşanmayan bir xoşbəxtlik oxuyarlar,
Heç vaxt əkilməmiş bir gülü dərərlər,
Hələki salınmamış bir bağda
Heç vaxt oturmadıqları bir skamyada
Bir də tuta bilməyəcəkləri əllərim həsrətindən üşüyərlər.
Mən bilmirdim…
Vidasız ayrılanlar,
Sözsüz gedənlər
Bir ömür boğazlarında bir düyüm gəzdirərlər
İçində arzular olan…

Bölmə : Poeziya, Ədəbiyyat