Yay günlərindən Qış gecələrinə… – Pərvin

45 Baxış

qaz

Yaradıcılıq üçün ən vacib meyar zamandı… Həm indiki, həm keçmiş, həm də gələcək zaman. Və elə qələm adamının da sənətkarlıq xüsusiyyətlərindən, peşəkarlığından, toxunduğu mövzulardan söz açanda zamanı nə dərəcədə hiss etməsi, onunla ünsiyyəti nəzərə alınır. Burada əsas olan bir neçə məqam var: bu günə ayıq baxmaq, boşluqları seçmək və gələcəyi önduyumla hiss etmək. Bu mənada bir çox klassiklər haqqında “zəmanəsinin ən böyük yazıçısı”, “zamanı qabaqlayan”, “aktuallığını itirməyən” və s. kimi ifadələrin işlədilməsi təsadüfi deyil. Həqiqətən yazıçının zamanla dialoq məharəti bütün yaratdıqlarının əsası və sığortasıdır.

Uzun illərdir ki, oxuduğum, araşdırdığım yazıçı Anarın yaradıcılıq yoluna ümumi bir nəzər salanda məhz zamanla ünsiyyət diqqəti çəkir. 60-cı illərdə ədəbiyyata gələn yazıçı hər şeydən öncə bu gününü dəqiq görüb qiymətini verir. Yəni Sovet dövrünün “olmaz”ları, mülayimləşmə ilə azca aralanmış nəfəslik, qadağalar içərisinə “sızan” azad hava və bu şəraitdə gerçək sənət yaratmağın mümkünlüyü, yolları, üsulları… Hər şeydən öncə daha əvvəl dediyim boşluqların hiss olunması və doldurulması. Nədən ibarət idi boşluq? Sadə, sıradan oxucu kitab səhifələrində özünü, bu gününü, duyğularını, yaşadıqlarını, məişətini görmək və bütün bunlara yazıçının gözü ilə baxmaq istəyirdi. Elə bu dönəmdə Anar məhz sıravi adamları qəhrəmanlarına çevirir, onların zahirən kiçik problemlərinin dərinliyini göstərir, ənənəvi ədəbiyyatşünaslıq təbiri ilə desək, mühitin naqis cəhətlərini, dövrün çatışmazlıqlarını elə bu adidən-adi adamların diliylə ifadə edir. Axı, əslində, hisslərimizi, duyğularımızı, necəliyimizi öyrədən ən böyük elm sənətdir və bizə bənzəyənlərin yaşantıları da, həyatı da özünüdərkimiz üçün vasitədir. Ona görə Anarın Təhminəsi, Əsməri, Həmidəsi, Zauru, Oqtayı, Spartakı, Fuad Salahlısı, Şövqü Şəfizadəsi, Feyzulla Kəbirlinskisi və başqa bu sıradan olan qəhrəmanları oxucuyla qısa bir zamanda doğmalaşır, onun yaxınına, tanışına çevrilir. Eyni zamanda bütün bu qəhrəmanların əsl ədəbiyyat, sənət meyarları içərisində təqdimatı da onların unudulmazlığını təmin edir. Beləliklə, Anarın yaşadığı zamanı hiss edib yazması, onu təbii şəkildə rahat buraxmayan, düşündürən mövzuların həm də vaxtın diktəsi olması qənaətinə gələ bilərik. Və elə müstəqillik illərində yenə də zamanla dialoqda olan yazıçının yenilənən vaxtı (yaxud zəmanəni!) əsərlərinə gətirməsi təsadüf deyil. Əgər Sovet dönəmində iri planda, əslində diqqətdən kənarda qalmış Kəbirlinski idisə, müstəqillik illərində bütöv millət, xalq, onu simvolizə edən qəhrəmanlar və hadisələr önə çıxırdı. Bu mənada Kərim Əsgəroğlu, Məlik Məmmədli, həkim Oruc zamanın adamları idilər və onların məhz Anarın əsərlərinə ayaq açması o qədər təbiidir ki… Əslində, sadəcə panorama şəklində keçdiyim, həm də anlamağa çalışdığım bu məsələlər yazıçının həyatı – daha doğrusu, ictimai və vətəndaş mövqeyi ilə yaradıcılığının iç-içə olduğunu göstərir. Və elə bu kontekstdən yanaşanda qəribə və qeyri-adi bir davamiyyət var Anar yaradıcılığında. Sanki yazıçı həm özünün, həm qəhrəmanlarının, həm də ölkəsinin taleyini izləyir və bütün bunların cəmini yazmağa, yaratmağa çalışır. Həmçinin bədii qəhrəmanların da dəqiq, canlı, özünəməxsus olmasındandır ki, oxucu onların sonrakı həyatını fəhm edə bilir. Ümumiləşdirsək, bu adamları dəyişən və dəyişməyən – deyə iki qrupa ayırmaq olar… Və əslində, dəyişməyən (oxu – satılmayan) adamların dəyişən dünya, azad olmayan cəmiyyət və riyakar kütlə içərisindəki narahatlığı, əzabları, mübarizəsi Anar yaradıcılığından qırmızı xətlə keçir.

Bu günlərdə yazıçının 20 Yanvar faciəsinin 30 illiyinə ithaf olaraq qələmə aldığı “Şəhərin qış gecələri” pyesi “Şəhərin yay günləri” haqqında düşündürdü… Əlbəttə, illər öncə yay günlərində baş verənlərlə 90-cı ilin 20 Yanvarında, qış gecələrində olanları müqayisə belə etmək yersizdi… Anarın 70-ci illərdə yazdığı, rejissor Tofiq Kazımov tərəfindən quruluş verilən əsər çox ciddi reaksiyalara və səs-küyə səbəb olmuşdu. Elə o zaman Heydər Əliyev səhnə əsərindən təsirlənmişdi və bu tamaşaya hər kəsin, xüsusən ali məktəb müəllim və tələbələrinin baxmalı olduğunu söyləmişdi. 1980-ci ildə Anar və tamaşanın iştirakçıları Şəfiqə Məmmədova, Səməndər Rzayev Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdülər.

Tamaşanın uğurları ilə yanaşı, burada göstərilən rüşvətxorluq, riakarlıq, yalanlara görə narazı qalanlar da az deyildi. Yenə də öz əməllərini görən Şamxallar, Bəhram Zeynallılar, Firuzlar, Ağarəfilər “axı biz belə deyilik”, – deyə etiraz edirdilər. Amma illər keçir və aydın olur ki, hər şey elə yazılan kimi imiş. Və mənə görə “Şəhərin yay günləri” Anarın Sovet dövrü yaradıcılığının həyəcan təbilidir. Məhz təhsilin satılması, bilikli, savadlı adamların yox, pulu, imkanı, qohumu, tanışı olanların ali məktəbə qəbul edilməsi cəmiyyətin ən böyük bəlasıdır, millətin gələcəyinin məhvi deməkdir və Anar şəhərin yay günlərində, yəni qəbul imtahanları vaxtı baş verənləri yazmaqla bu qorxulu hadisələrə diqqət çəkir. Və əlbəttə, artıq söylədiyim kimi, bütün bu alverin, riyanın, əsas meyarı maddiyyat olan dünyanın içərisində əziyyət çəkən Qiyas Zeynallıdır. Sadə bir universitet müəllimi Qiyasın əmisi və Lermontovun təbirincə desək, “zəmanə qəhrəmanları”nın əsas siması, simvolu olan Bəhram Zeynallıya ünvanladığı sual elə yazıçının bizlərə ünvanladığı sualdı:

“Ay əmi, sənə qurban olum, nə olub bizə? Axı biz elə deyildik, ay əmi. Yadında… yadında o vaxt, mən uşaq olanda… nə yaxşı günlər idi. Ova gedərdik, sən, mən bir də mənim atam yazıq. Atamla sənin bircə dəst fərri kostyumunuz vardı. Nənəm danışardı. Deyir hansı erkən oyansaydı, kostyumu o çərtlədərdi əyninə, gedərdi qızların görüşünə. Yox, məni başa sal, əmi, sən axı uşaqlıqda hər şeyi mənə başa salardın, nə olub axı bizə… (hirslə yumruğunu boşqaba vurur, boşqab sınır)”.

Məhz bunu, bizə nə olduğunu, niyə belə dəyişildiyimizi, rəngsizləşdiyimizi, hətta daha sərt desək, simasızlaşdığımızı anlamağa və anlatmağa çalışan müəllif heç də hər şeyi, hamını tünd boyalarla təsvir etmir, işıq yeri də qoyur. İşıq isə yenə balaca, sadə, sıradan adamlardan gəlir. Qürurunu sındırmayan taksi sürücüsü Əjdər, qatar bələdçisi qadın və onun qızı Qumru… Yazıçı bu adamların vasitəsilə göstərir ki, bütün zamanlarda və zəmanələrdə, istənilən mühitdə ləyaqətini, mənliyini qoruyaraq yaşamaq mümkündü. Və elə Qiyas Zeynallının düzgünlük sevdalısı olmasına etiraz edən, gözünü aç bax camaat necə yaşayır, – deyə üsyan qaldıran xanımı Dilarə üçün də pyes boyu başlarına gələnlər həyat dərsinə çevrilir. Həmişə həyat yoldaşı Qiyası danlayan, onun tutduğu yol, qazancının miqdarı və insanlara münasibətilə razılaşmayan qadının əsərin sonunda yumşalması ilk baxışda qəribə gəlir. Amma dramaturgiyanın qanunlarını dəqiq bilən və hadisələri bunlara əməl edərək qələmə alan Anarın mətnində göydəndüşmə nə isə ola bilməz. Müəllif ləyaqət, doğruluq, düzgünlük – deyən qəhrəmanını, Qiyası çətin bir sınağa çəkir. Oğlu Namiq idarə etdiyi maşınla qəza törədir və sevgilisi Qumru ölür… Həbsxanaya atılmış Namiqi xilas etməkdən ötrü Qiyas müstəntiq Şamxalın oğlunu ali məktəbə qəbul etdirməli və bunun üçün üç adamı imtahandan kəsməlidi. Əsərin əsas məğzi, qayəsi də bu yerdə açılır… İnsanın əsl siması, xisləti itkilərlə üzə çıxır. Axı dinclik, sülh və xoşbəxtlik anlarında çox ağıllı, çox yaxşı, çox fədakar, çox nəcib, çox nəzakətli, çox kübar, çox qayğıkeş, çox mehriban, çox gözütox olmaq çətin deyil. Zatən də insan özünü xoşbəxt hiss edəndə yaxşı cəhətləri qabarır… Amma ekstremal şəraitdə, insan üçün dözülməz olan itkilər yaşananda gerçək xarakter, daha çox da iradə, şəxsiyyət öz sözünü deyir. Bu mənada bütün pyes boyu bütöv və kamil şəxsiyyət kimi tanıdığımız Qiyasın öz oğlunu xilas etməkdən ötrü başqasını haqsız yerə imtahandan kəsməməsi gözləniləndi… Amma Dilarə! Məndən ötrü əgər dram əsərində qəhrəmanın inkişafı, kamilləşməsi şərtlərdən biridirsə, “Şəhərin yay günləri”ndə bu metamorfoz, yetkinləşmə məhz Dilarənin həyatında, xarakterində baş verir… Oğlu həbsxanaya düşmüş qadın başını itirir, dəli olmaq həddində ərini ittiham edir və müstəntiq Şamxalın, Bəhram əminin məsləhətiylə qızının ölümündən hələ ki xəbərsiz qatar bələdçisi qadınla görüşməyə, ona pul təklif etməyə gedir, amma övladını itirmiş ananın elə bir halın görür ki…

“Dilarə: Mən vağzala getmişdim, Qiyas, o arvadı qarşılamağa. Dəhşətdir, Qiyas. Sən təsəvvür eləyə bilməzsən. Vaqondan gülə-gülə düşdü. Əlində də bir banka göbələk vardı. (Ağlayır). Danışa bilmirəm, Qiyas. Ömrüm boyu unuda bilməyəcəm onun qışqırığını. Biləndə ki… ilahi, övlad itirməkdən ağır nə dərd ola bilər? Yeganə balanı… Ayrı heç kəsi yoxdur. Əri təzə arvad alıb. İnanırsan, Namiq də yadımdan çıxdı. Mən o arvada göz qoydum, dünyasında o bizdən pul götürməz. Mən lap yəqin bilirəm.

Qiyas: Mən də. Amma o, Namiqə qarşı da bir şey eləməyəcək.

Dilarə: Hardan bilirsən?

Qiyas: Çünki Namiq indi ona yeganə canlı xatirədir qızı barədə. Namiq ordan çıxandan sonra qızın qəbri üstünə bir yerdə gedəcəklər axı.

Dilarə: Onu bilirəm ki, heç vaxt bizdən pul götürməz. Bilmirəm, nə isə var o arvadda, nə isə elə bir şey ki… sözlə demək çətindir e!..

Qiyas: Ləyaqət”.

Bu məqamda Dilarə ilə bələdçi xanımın dərdi çox fərqlidir. Namiq həbsə düşüb, amma sağ-salamatdı, bələdçinin qızı Qumru isə ölüb, qadının onsuz da kimsəsiz dünyasından həmişəlik gedib. Amma bu qadına pul təklif etmək olmaz. Çünki o, övladını itirib, ləyaqətini yox. Məncə, bu anlar Dilarənin katarsisi baş verir. Və bütün pyesin, hadisələrin buna, bunu çatdırmağa xidmət etməsinə şübhə yoxdur…

20 ilə yaxın zaman keçdi və “Şəhərin yay günləri”nin qəhrəmanları qış gecələrinə düşdülər, daha böyük, daha dəhşətli hadisə ilə, 20 Yanvar faciəsi ilə üzləşdilər. Bax bu ən ciddi sınaqdı, həm bütöv xalq, həm də əsərin qəhrəmanları üçün. Və təbii ki, xarakter ustası olan müəllif qəhrəmanlarının da xasiyyətini bu olayın içərisində dəqiq yazır…

20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində Anar “Şəhərin qış gecələri” adlandırdığı pyesi həm “Azərbaycan” dərgisinə, həm də Gənc Tamaşaçılar Teatrına təqdim etdi. Qısa müddətdə əvvəl dərgidə işıq üzü görən, daha sonra teatrda Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən quruluş verilən əsər oxucunu, tamaşaçını o günlərə qaytardı və bir ovuc adamın, Zeynallılar ailəsi vasitəsilə faciələrimiz haqqında düşünməyə sövq etdi. Həm əsəri oxuyanda, həm məşqlərində iştirak edib Bəhram Osmanovun son dərəcə dəqiq quruluşunu izləyəndə, sonra da hazır tamaşaya baxanda bir sual çıxmadı beynimdən… Görəsən, bu qış gecələrində olanların bəzi səbəbləri də elə yay günlərində baş verənlər deyil ki? Zamanında daha həssas olsaydıq, maddiyyatla, hədiyyənin dəyəri ilə ölçməsəydik adamları, nadanları muzdla ali savadlı edib vəzifələrə keçirməsəydik belə olardı nəticə? Görən tarixi faciələrimizdə öz günah payımız nə qədərdir? Ümumiyyətlə, nəticə çıxara bilmişikmi başımıza gələnlərdən? Bilmirəm!

Əlbəttə, bütün baş verənlərin siyasi tərəfi tam da olmasa, aydındı… Səməndər quşu kimi öz külümüzdən doğulmağımız, itkilərdən müstəqilliyə doğru getməyimiz və azadlıq adlanan zirvəyə yüksəlməyimiz də qürur verir. Amma Dostoyevski də haqlıdı axı… Heç bir inqilab bircə uşağın damlaca göz yaşına dəyməz… Bəs anaların fəryadı, qolu-qanadı qırılmış kişilərin acizliyi, gənclərin sındırılması, ümidsizlik, əbədi yaddan çıxmayacaq xof, bütün bunlar olmalı idimi? Oldu və Anarın yeni əsərində qələmə aldıqlarında reallıq yazıçı təxəyyülü ilə yazılmışlardan daha çoxdur… O zaman SSRİ Ali Sovetinin deputatı olan Anar həm siyasi hadisələrin mərkəzində idi, həm meydanda baş verənləri yaxından izləyirdi, həm də Yazıçılar Birliyinin sədri kimi rəhbərlik etdiyi təşkilatı bir mərkəzə, “ştab”a çevirmişdi, amma bunlardan daha ciddi məsələ yenə də illər öncə, həmişə olduğu kimi zamanı, olayları görməsi, duyması və yazıçı “laboratoriyasından” keçirməsidir. Ona görə “Şəhərin qış gecələri” əsəri 30 il qabaqki hadisələrin, faciəyə gətirən səbəblərin, ümumi ölkədəki mənzərənin, səhnəarxası məqamların ən dəqiq təsviridir, deyə bilərik… Bu mənada yazıçının sözlə təsvir etdiklərinin səhnədə də ən dəqiq ifadəsi heç şübhəsiz ki, başda rejissor Bəhram Osmanov olmaqla, tamaşanın yaradıcı heyətinin xidmətidir.

Bəhram müəllimin özünəməxsus bədii şərtilik üsulu ilə, həm də elə 20 Yanvar günləri kimi sopsoyuq ovqatda qurduğu tamaşa elə ilk dəqiqələrindən tilsimləyir adamı. Səhnədəki kamera əvvəlcə bizi göstərir və müəlliflər faciələrimizə nəzər salmazdan, qəhrəmanlara qiymət verməzdən əvvəl özümüzə baxmağa, öz davranışımızı dəyərləndirməyə çağırırlar… Səhnədə iri ekranın önündə, Qiyas Zeynallının evinin arxasında işıq dirəyi yıxılıb. Tamaşanın rəssamı Arif Əbdürəhmanlının uğurlu tapıntısı olan bu detal, əslində, o günlərin ovqatını simvolizə edir… Axı elə o zaman işığımız sönmüşdü, dirəyimiz yıxılmışdı, qaranlıq çökmüşdü dünyamıza. Və bu bəzən meydanda tribuna, bəzən Qiyas Zeynallı ilə bütün başqaları arasında sədd olan dirək tamaşanın sonunda elə Qiyasın və Dilarənin evinin dirəyinin (Namiqin!) yıxıldığını göstərəcək…

Yenə də hər şey yaxşı və pis mənada polifonikdir. Əslində o günlərdə zahirən hamı, hər kəs bir böyük ideala xidmət edirdi. Amma neyləməli ki, tarix qəhrəmanlar tablosunda boşluqlar buraxmır… Əgər Xalqı düşünən və bütün qəlbi ilə səmimi şəkildə narahat olan ziyalı Qiyas varsa, hər şeyə lağlağı yanaşan, kefkom Sədyar da var, yuxarıdan tapşırıqları xalqın mənafeyindən üstün tutan Şamxal da var, ortada var-gəl edib öz nüfuzu, ad-sanı üçün qorxan, yenə də ailəsini qorumaq istəyən Bəhram Zeynallı da var, arxada məmur yanında türkçülüyü yıxıb-sürüyüb meydanda türk oğlu, türk yurdunu güclü olmağa çağıran Çopur Cabbar da, təbii ki, burdadı… Və bu bir-birinə bənzəməyən adamları canlandıran aktyorlarımız yaratdıqları dəqiq xarakterlərlə inandırırlar tamaşaçını… Elşən Çarhanlının ağır oturub batman gələn Bəhram Zeynallısı, Şövqü Hüseynovun qara-qışqırıq salan, hərdən də əsl simasını gizlətməkdən ötrü imam sifəti alan Çopuru, yaxud Ədalət Əbdülsəmədin “Atropatı unutma” deyib meydanı lağlağıya çevirən Sədyarı, Bəhram Həsənovun bütün erməniləri Ambaryan gözündə görən gənc, çılğın Namiqi, Manaf Dadaşovun həbsxana qanunlarıyla danışan Ağarəfisi, İlham Əsədovun Hamlet monoloqunun qolunu-qanadını sındıran Firuzu, Vahid Orucoğlunun zahiri bir vicdan əzabı oynayan Rasimi, Ramil Məmmədovun özünü hamıdan ağıllı göstərən Zakiri elə səhnədəncə tanış gəlir hər kəsə, çünki bu adamlar hamısı olublar, özlərini də bu cür aparıblar. Ona görə hər şey bu qədər təsirlidir. Həmçinin Xalq artisti Siyavuş Kəriminin hadisələri, xarakterləri dəqiq ifadə edən musiqiləri də tamaşanın ovqatını bir az da qabardır…

Və əlbəttə, bu kişilərin içərisində çaşıb-qalmış, özü demiş – canı boğazına yığılan Dilarə… Qiyas Zeynallını ifa edən Elşən Rüstəmov və Dilarəni canladıran Kəmalə Hüseynova tandemi tamaşanın əsas uğurlarından biridir. Qiyasın sakit, soyuqqanlı, amma narahat xarakterini dəqiq çatdıran aktyor həyat yoldaşının da etirazlarına uyğun ovqatda cavab verir və mənə görə gözümüzün önündə baş verən bu fərqlər aktyorun peşəkarlığına bağlıdır. Həmçinin unudulmaz qadın rollarının ifaçısı Kəmalə xanım da burda mərkəzdə durmağı, gah ərini yola gətirən, gah qardaşının yersiz replikalarını ört-basdır edən, gah incidiyi Bəhram əmiylə dil tapan, hələ üstəgəl zülmlərdən keçmiş oğluna təsəlli verən qadını bütün xarakter çalarları ilə göstərə, daha doğrusu, bizlərlə birgə yaşaya bilir. Dilarənin də Qiyasın da xarakteri, davranışı taksi sürücüsü Əjdərin (Rövşən Abbasov) erməni Qurgeni (Kərəm Hadızadə) gətirdiyi məqamda yeni yönləri ilə açılır… Həm də azərbaycanlıların düşmənindən fərqini göstərir bu məqam. Axı hələ XX əsrin əvvəllərində Mirzə Cəlil “Kamança”sı ilə bu fərqi aydın ifadə edirdi. Qəhrəman Yüzbaşı əlinə düşmüş ermənini öldürmür, onun kamançada ifasından kövrəlir və buraxır onu… Anar da öz sələfinin, ustadının davamçısı kimi erməni obrazı – Qurgen vasitəsilə əslində, bizlərin, Azərbaycan türkünün üstünlüyünü önə çəkir. Yazımın bu məqamında səhnə əsəri ətrafında gedən müzakirələri ümumiləşdirərək bir məqama diqqət çəkmək istərdim. Tamaşanın qurulduğu günlərdə və ictimai baxışından sonra teatrımızın direktoru Naidə xanım İsmayılzadə çox dəqiq bir fikir söylədi… Dedi ki, Anar müəllim bütün olanları necə varsa elə yazıb, nə bir söz artıq, nə bir söz əskik. Qısa zamanda qurulan tamaşa bu müddət ərzində teatrın hər bir əməkdaşının əsas işinə çevrildiyi üçün səhərdən-axşamadək günümüz Zeynallıların evində, meydanda və 20 Yanvar faciəsinin içərisində keçirdi. Bu mənada Naidə xanımın da fikirləri təsadüfi deyildi, əsəri dəfələrlə oxumağımızdan, səhnədə söz-söz, cümlə-cümlə qurulduqca müşahidə etməyimizdən irəli gəlirdi… Amma bir anlıq sual yaranır – xalqın milli faciəsini göstərən, qurtuluş savaşını əks etdirən əsərdə düşmən obrazına ehtiyac varmı? Bəli, birmənalı var… Və əsərin sonunda satqın, yalançı nəvəsinin rus telekanalı efirində dediklərindən xəcalət çəkən, Qiyasın oğlu Namiqin ölümünə acıyan Qurgenin özünü eyvandan atması gerçək sənət elementidir. Axı sənət hər şeydən əvvəl Xeyiri təbliğ etməli, sülhə çağırmalı, obyektiv olmalı və bütöv milləti birmənalı yamanlamamalıdı. Bu mənada XX əsrin ən böyük soyqırımı Xolokost haqqında çəkilmiş dünya kinematoqrafının incisi sayılan filmlərdə – əslən yəhudi olan Stiven Spilberqin “Şindlerin siyahısı”nda məhz yəhudilərə kömək edən alman Oskar Şindlerin, yaxud Roman Polanskinin “Pianoçu”sunda musiqiçi Vladislav Şpilmana yardımçı olan alman hərbçisinin qəhrəmanlığının göstərilməsi məqsədlidi. Axı alman sözü birmənalı faşist anlamına gələ bilməz, hər halda sənət bunu deməməlidir. Və elə bu kontekstdən yanaşanda Anarın “Şəhərin qış gecələri”ndə Qurgenin varlığı və intiharı tamamilə təbiidir…

Anar təxminən 80-ci illərin sonunda verdiyi bir müsahibəsində özündən gileylənir ki, qəhrəmanlarının sonrakı taleyini izləyə bilməyib. Doğrusu, tamaşaya baxdıqca bir anlıq o illərdən bu günümüzə keçmiş qəhrəmanların başına gələnlərə görə sıxılırdım. Müəllif üçün bütün bu obrazlar canlı, real adamlardı… Dostu, doğması, əzizi kimi. Və Qiyasla Dilarənin yenidən övlad acısı çəkməsi, doğrudan da, tarixi faciənin ən dəhşətli detallarından biridir. Amma nə Anarın əsərində, nə də Bəhram Osmanovun tamaşasında övladının ölüm xəbərini deməli olan ata, yaxud bunu eşidən ana vay-şivən edə bilməzdi. Etmədilər də… Elşən Rüstəmov – Qiyas boğula-boğula verdi xəbəri, az qala pıçıltı ilə, Kəmalə xanım – Dilarə içində, için-için ağladı… Çünki 20 il əvvəl övladını itirmiş qatar bələdçisi qadının özünü necə təmkinli, ləyaqətli apardığını görmüşdü…

Və tamaşanın sonunda Heydər Əliyevin 20 Yanvar faciəsindən sonrakı məşhur çıxışı, Qiyasa, Dilarəyə, elə bizim hamımıza başsağlığı olaraq səsləndi… Siyavuş Kəriminin Anarın sözlərinə yazdığı Vətən marşı isə gələcəyə ümidlərimizi, inamımızı, itirmədiyimiz gücümüzü ifadə etdi…

Yazımın əvvəlində “Şəhərin yay günləri”nin Anarın Sovet dövrü yaradıcılığının həyəcan təbili olduğunu qeyd etdim… Müstəqillik dövründə yazdıqlarının isə həyəcan təbili “Ağ qoç, qara qoç”dur… Çünki yenə də dəyərləri unutsaq, söy-kökümüzdən qopsaq, ləyaqəti, insanlığı sözə çevirməyə yadırğasaq o dəhşətli “Qış gecələri”ndə qanımız bahasına qazandıqlarımızı ən azı mənən itirə bilərik… Özümüzü itirə bilərik!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10