Yazacaq, yaşı keçmişəm…

61 Baxış

elhazElməddin Rahiboğlu

 

 

Keçmişəm

 

Bir zaman ömrümün baharındaydım.
Birdə ayıldım ki qışı keçmişəm.
Gərək, qalaq-qalaq əsər olaydım.
Neyləyim? Yazacaq, yaşı keçmişəm.

Keçmişim qəm dolu, ümidim hədər.
Boğub arzuları öldürdü kədər
Dönüb keçmişimə salanda nəzər.
Görürəm ömrümü naşı keçmişəm.

Daha qalmayıbdır, can yoldaşım da.
Sirrimi açdığım, dost, sirdaşım da
Təəssüf edirəm, mən bu yaşımda
Ayağa dolaşan, daşı keçmişəm.

Uğur qazanmağa, yollarım haça.
Yazsam yaratsamda, şeir doyunca.
Deyirlər : Geriyə yol yoxdur, qoca.
Daha peşmanlığı, kaşı keçmişəm.

İndi şeirlərim sönmüş ocaqdır.
Külü küləklərdə sovrulacaqdır.
Artıq həyat tərzi düşünən çağdır.
O, şeir düşünən başı keçmişəm.

 

 

Sabahın Şəri

 

Daha bir səhərin,
Girdabındayıq.
Şərqdə ölüm səsi ucalmaqdadır.
Yenə bu şəhərin
Bu həndəvərin.
Keçmişi sabahdan öc almaqdadır.
Nə vaxtdır xeyirə açılan səhər
Xeyirlə sonlanan gecə görmədim.
Nə vaxtdır, həsrətlə gözümü dikib.
Xeyirli xəbərin sorağındayam.
Ömrümdə qısalır qocalmaqdadır.
Yenə də hansısa balıqçı təknə
Körpə uşaqlara , son mənzil olub.
Yenə də bir neçə terrorçu dəstə
Qonşu bir ölkənin küçələrində
Bombasıyla birgə göyə sovrulub.

Günahsız canları boyayıb qana.

Yenə ağlar qalıb, cavan gəlin, yaşlı ana.
Yenə də
ölüm var.
Bir başqa ölkəni ağuşa alan
Dəhşətli fırtına, yıxıb evləri.
Mənsə bu kədərin
Dostu, yoldaşı.

Bu yandan İŞİD-in qətl yayımı

Həzz alarcasına kəsirlər başı

Gəlimli,gedimli dünyadayıq biz.!Начало формы

 

 

Bir Şeir yazım

 

Bir şeir yazım,
vəsf eləyim gözəlliyi.
Dünənimdən bu günümə
ağrıları, sevincləri vəsf eləyim…
Düşüncəmdən qopan sözlər
məhəbbətə sərgilənsin
düzüm-düzüm, muncuq kimi…

Vəsf eləyim, uşaqlıqda
görmədiyim uşaqlığı.
İstəyirəm, şeir yazım.
Misralarda sevinc olsun.
Acıları sevə-sevə,
oxucuma ötüşdürüm.
Əzabları dünya duysun,
amma başqa duyğularla.
Sevincimi, kədərimlə görüşdürüm…

Qoy, oxucum
dönə-dönə keçmişinə dönüş etsin.
Qoy, oxucum kədərimi qismət bilsin.
Elə şeir yazmalıyam,
misrasında dünənimin ağrıları,
bu günümün dünya boyda kədəri
gələcəyin sevincinə dönüş etsin…

Həmin şeiri oxuyanlar
Ədalətin varlığına inansınlar.
O, ilahi ədalətə.
Qoy, oxucum bir anlığa
bu dünyanı qaranlığa qərq eləyən
silahları unutsunlar.
Terorları, savaşları
yox bilsinlər bir anlığa.

İstəyirəm, şeir yazım.
O şeirimin hər misrası
sevgilərlə çiçəklənsin.
Gözəl günlər qoxusuyla.
ürəklərə səpələnsin…

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10