Yazarlar birinci sinfə getdiyi günü xatırlayır – SORĞU

479 Baxış

13

Senet.az 15 sentyabr Bilik Günü münasibəti ilə yazarlar arasında SORĞU keçirib.

Birincə sinfə neçənci ildə getmisiniz? Həmin günü necə xatırlayırsınız?

Şərif Ağayar

1981-ci ildə gemişəm. Özü də 5 yaşımda birinci sinfə. Bacıma görə atam məni tez qoymuşdu məktəbə ki, onunla bir sinifdə oxuyaq. Qəribədir ki, bacımı da bir il tez qoymuşdular. İkimiz də yaxşı oxuyurduq. Müəllimlərdən qorxurdum. Hətta, deyəsən ağladım da. O vaxt müəllimlərin ağır zəhmi vardı. Onları fövqəlbəşər hesab edirdik. Bəbir müəllim adında ibtidai sinif müəllimim var idi. Məndə məktəbə, müəllimə sevgini o formalaşdırdı. İndi də böyük sayğıyla anıram o kişini. O, bizə dərsə hazır olmayanda müəllimdən qorxmağı yox, ondan utanmağı öyrətdi.

Cəlil Cavanşir

Mən birinci sinifə gedəndə hələ SSRİ dağılmamışdı. Biz Sovet Azərbaycanının “sonuncu birinciləri” olduq. İndiki kimi yadımdadır, valideyinlərim məni geyindirib-kecindirib gətirdilər məktəbə. Oğuz rayon Xaçmaz kənd 2 saylı orta məktəbdə 1990-cı ilin ilk zəngini mən çalmışam. Həmin il məktəbdə yer olmadığı üçün bizi baxçada təşkil olunmuş siniflərə yerləşdirdilər. Beləcə mən məktəbli oldum.

Aqşin Evrən

Birinci sinfə 1997-ci ildə Əli Bayramlı şəhərində, 18 sayılı orta məktəbdə getmişəm. Yanımda Aynur adlı saçları saman sarısı, gözləri göy mavisi gözəl bir qız oturmuşdu. Mən Aynurdan başqa birinci dərs günü ilə bağlı heç nə xatırlamıram. Elə bilirəm ki, ilk dəfə məktəbə məhz Aynuru tanımaq üçün getmişəm. Sonra elə oldu ki, 1-ci sinifdən sonra həmin məktəbdən çıxdım. Aynurla bir də 10 ildən sonra – 2007-nin qışında eyni kursda qarşılaşdıq. Qalın şüşəli eynək taxmışdı.

Dilqəm Əhməd

Birinci sinfə 1992-ci ildə getmişəm. Sumqayıt şəhər 33 nömrəli orta məktəbdə. Həmin gün çox ağlamışdım. Gülü aparmaq istəmirdim. Amma məktəbdə sinfə girəndə tez özümü birinci partaya atmışdım. Onu da deyim ki, bizim nəsil müstəqillik dönəmində ilk dəfə latın qrafikası ilə təhsilə başlayan nəsil olub.

Rasim Qaraca

1-ci sinifə 1967-ci ildə Əli Bayramlı şəhər 2 nömrəli orta məktəbdə başlamışam. O gün al bayraqlar, qırmızı pioner qalstukları və şeypur səsləriylə yadımda qalıb.

Aysel Əlizadə

Birinci sinfə 86-cı ildə getmişəm. Həmin gün hiss etdiklərim, olanlar yadımda deyil. Bilirəm ki, birinci sırada oturmuşdum. Yadımdadı ki, müəlliməmiz kobud qadın idi. Məktəbi sevdirə bilmirdi. Sonra anam sinfimi dəyişdi və növbəti müəlliməm Minirə xanım ürəyimdə ömürlük taxt qurdu.

Pərviz Cəbrayıl

Düzünü desəm, məktəbə neçənci ildə getdiyimi dəqiq bilmirəm. Deyəsən 1976 idi. Bilirəm ki, yaşım 5 ay çatmırdı deyə, məktəbə götürmürdülər; ağladım, özümü yerə vurdum ki, götürməsələr, özümü kanala atıb boğacam. Atam direktora zəng vurdu, vəziyyəti dedi. Direktor razılıq verdi, “yoxlarıq, – dedi, görək dilinə görə dilçəyi də varmı…” Beləcə, 1 sentyabr gəldi. Böyüklərə qoşulub ömür boyu bitməyəcək məktəbə yollandım. Çantam özümdən böyük, şalvarımın ətəyi çox uzun idi. Çantamı məndən böyük uşaqlar götürmüşdü, şalvarımın balağını isə 10-cu sinifdə oxuyan əmim hər tənəffüsdə içəri qatlamağa qatlaşacaqdı.

İlk dərs yadımdadı: bizə dəftər qələmi çıxartdırıb müxtəlif xətlər çəkdirməyə başladılar. Özümü darta-darta dedim, mən çəkməyəcəm. O qədər razıydım ki, özümdən, məndən böyük sinif yoldaşlarıma bağça uşaqları kimi baxırdım. O xətlər isə mənə gülməli gəlirdi. Çünki artıq məktəbə qədər yazmağı, oxumağı öyrənmişdim. Üç gün sonra direktor atama zəng vurub məni bir sinif də yuxarı keçirmək istədiyini dedi. Təbii ki, atam razılaşmadı. Xatırladığım bu qədərdi deyəsən…

Əyyub Qiyas

1976-cı ildə, düz 40 il əvvəl getmişəm 1-ci sinifə. Amma anam özü savadsız olduğu üçün mənim oxumağıma diqqət yetirirdi və məşğələlərə getdiyimdən 1-ci və 2-ci sinfin proqramını bilirdim. Ona gördə də sinifdə hərf öyrənmək riyaziyyat öyrənmək mənə maraqsız görünürdü. Tapşırığı tez eləyib qurtardım və başladım şuluq salmağa, Ədilə müəllimə məni cəzalandırdı, dərsin sonuna qədər küncdə qalası oldum və bir də şuluq salmadım. 1976-cı ilin 1 sentyabrından ən çox xatırladığım isə məktəb bufetində yediyim peraşkinin dadıdır. Ahhh! Ləzzət!

Sevinc Elsevər

1989-cu ildə rayon məktəblərinin birində birinci sinfə getmişəm. Həmin gün anam məni məktəbə apardı. İndiki kimi yadımdadı, anam saçlarımı keçi yığmışdı, məktəbli forması geyinmişdim. Qabağında da ağ önlük vardı. Çantamın da üstündə üç dənə ördək şəkli. Hələ gecədən çantamı qucaqlayıb yatmışdım. Əlbəttə, çox sevinirdim. Amma ilk gündən balaca bir qanqaraçılıq oldu. Anam məni Şəmsiyyə adlı müəllimənin sinfinə qoymaq istəyirdi. Həmin müəllimə adla tanınırdı. Çox yaxşı müəllimə sayılırdı, uşaqları yaxşı öyrədirdi, deyirdilər. Həmin müəllimənin sinfinə düşmək çətin idi. Mən birinci dərsi həmin müəllimənin sinfində oturdum. İkinci dərs məni Kəmalə adlı yaşlı bir müəllimənin sinfinə apardılar. Mən ilk günü o sinfin uşaqlarıyla keçirtdim. Səhərisi gün isə anam direktorun yanına çıxdı, məni təzədən Şəmsiyyə müəllimənin sinfinə qaytardılar. Belə bir dilxorçuluq yaşadım. Qanım çox qaralmışdı. Küsmüşdüm. Elə bilirdim ki, çirkin ördək balasıyam. Müəllimələrin heç biri məni istəmir. O, bunun sinfinə yollayır, bu onun. Sən demə elə o vaxtdan “görüm-baxım” məsələsi mövcudmuş. Nə isə ki, mən anamın arzuladığı müəllimənin sinfində oxudum. Əlaçı oldum. Amma məktəb həyatımın ilk günlərini heç unutmadım. Gözümdən tökülmüşdü hər şey.

Şəmil Sadiq

Düzünü desəm, yadımda elə də ciddi qalan bir hadisə yoxdur. Ağlamadığımı isə dəqiq bilirəm. Ən çox yadımda qalan məktəb çantamdır. Bir də sinif müəlimim Kimya xanım. Hə, bir də birinci sinif şəklimiz. Burdan boylanıb baxanda 1984-cü il elə bil mənim həyatımda heç vaxt olmayıb. Amma buna baxmayaraq, məktəbin açılış günü, bilik günü mənim üçün doğma və əzizdir. Çünki 1984-cü ildən bu günə qədər hər ilin bu günü bir şagird, bir tələbə, bir müəllim və nəhayətində bir valideyn kimi mənim üçün çox önəmlidir.

Etimad Başkeçid

Açıgı məktəbə getdiyim birinci günü, nə illah elədim, xatırlaya bilmədim. Deyəsən yaddaşımdan silinib.

Nərgiz İsmayılova

Birinci sinifə getdiyim günü çox yaxşı xatırlayıram, o vaxt Zaqatalada orta məktəbə başlayırdım. Demişdilər ki, birincilər onbirləri təbrik edəcəklər və onbirlər onlara hədiyyə verəcək. Mən də tezdən durub çox gözəl gül buketi hazırladım. Hətta Katya xalanın həyətindəki məşhur rozalardan da yığdım. Ancaq istədiyim həyəcanı yaşaya bilmədim. O qızı tapıb gülləri verincəyədək, onun mənə verəcəyi kuklanı başqasının əlində gördüm. Nə qədər ağladımsa müəlliməm əlimdən tutub məni sinfə apardı. Çoxlu dəftər qələm, albom verdi mənə. İndi xoşbəxtsənmi deyə soruşdu? Kuklanın əvəzinə əlimə sıxışdırlmış dəftər və qələmə bərk-bərk sarılmışdım.Yox,xoşbəxt deyiləm, – dedim. Niyə cavabına isə “müəllimə bəs nə vaxt yazmağa başlayacağıq” – deyə cavab verdim.

Kənan Hacı

Birinci sinfə 1982-ci ilin 1 sentyabrında getmişəm. Mənim anam dil-ədəbiyyat müəllimi idi, 1-ci sinfə gedənə qədər mənə bütün hərfləri öyrətmişdi, çoxlu şeir əzbərlətmişdi, nağıllar bilirdim. Bu üstünlük birinci sinifdə mənim başqa uşaqlardan seçilməyimdə əsas rol oynadı. İlk dərs gününü çox yaxşı xatırlayıram. Məni məktəbə atam aparmışdı. Əvvəlcədən bilirdim ki, Qasım müəllimin sinfinə düşəcəyəm. Həmin günün sübh çağının qoxusunu da xatırlayıram. Məktəbin əhənglə ağardılmış divarları, sinif otağında yeni rənglənmiş partalar, hər şey yadımdadır. Qasım müəllim mənim əlimdən tutub orta sıranın birinci partasında bir qızla yanaşı oturtdu. Və mən onuncu sinfə qədər o qızı sevdim. Amma heç vaxt cəsarət edib ürəyimi aça bilmədim.

Varis Yolçuyev

Bu çox qədim zamanlarda baş verib, gərək ki. 1972-ci il idi. Çox həvəsli olmağım, məktəbə can atmağım dəqiq yadımdadır, amma o da yadımdadır ki, ağır çantanı daşımaq heç də zövqverici məşğuliyyət deyildi. O vaxt çantalar indiki kimi süni materiallardan hazırlanmazdı, zindan kimi ağır olardı. O vaxtın dərslikləri də indikilərdən ağır idi. Və bəlkə də üzərimizdə daşıdığımız bu ağırlıq bizi məktəbdə daha məsuliyyətli olmağa çağırırdı.

Azad Qaradərəli

Birinci sinfi dumanlı da olsa xatırlayıram. Nənəm kilim materialından (əldə toxunma idi, nənəm özü toxumuşdu) çanta tikmişdi. Atam da bir gün əvvəl əlifba və riyaziyyat kitabları vermişdi (ilk müəllimim atam idi). Anam təzə paltar almışdı. Hətta ayaqqabımın rəngi də yadımdadır: çəhrayı idi!

O da yadımdadır ki, hələ elektrik işığı kəndimizə gəlməmişdi. İlk A hərfini də lampa işığında yazdım. Bir də yadımda o qalıb ki, babam mənə bir diri 50 qəpilkik vermişdi. Dərsdən sonra kəndimizdəki mağazadan peçenye aldım. Sehrli əlifbanın da sirrinə də o gün bələd oldum. Bir də atamın səsi yadımda qalıb. “İlk hərfimiz A-dır. A – Azad!” Hamı dönüb həsrətlə mənə baxmışdı. Mən də forslanmışdım o gün. Belə. Yadımda qalan bunlardır. Yazılarımda kəm-kəm bu səhnələri vermişəm.

İlqar Kamil

1988-ci ildə getmişəm birinci sinfə. Unutmuşdum çantamı, evdə qoymuşdum. Təsəvvür edin, az qala il boyu yığıb-hazırladığımız dəftər, qələm, karandaş və s. çanta qarışıq hamısı, hamısı evdə qalıb. Bir uşaq üçün bundan dəhşət nə ola bilər ki! Axı mən bütün onları məhz bu gün üçün hazırlamışdım. Ağladım, ağladım, ağladım ey… O vaxt bəlkə də bilmirdim dəvə nədi, ərəb nədi, amma inanın, eynən dəvəsi ölmüş ərəb kimi ağladım o gün. Bu unutqanlıq həyatımın ən ağır unutqanlığıydı, ta özümü dərk edənəcən. Böyüdüm, elə şeyləri unutdum ki… Bir sözlə, məktəbə unutmaqla başlayıb.

Rövşən Abdullaoğlu

Məktəbə 1985 -ci ildə getmişəm. O günün təfərrüatı yadımda deyil. Ümumi olaraq yadımda qalıb: güllər, sevincli üzlər, çoxlu şagirdlər, səsucaldıcı ilə məktəb müdirinin təbrikləri… Keçirdiyim hiss isə yadımdadır: sevinc və məmnunluq, bir də oxumağa böyük həvəs…