Yazarlar Hədəf Nəşrlərini təbrik edir – 7 yaş

48 Baxış

7 yash hedefCəlil Cavanşir

“Hədəf” Nəşrləri mənim üçün çox doğmadır. İlk növbədə bir yazıçı olaraq bu nəşriyyatdan çox razıyam. 3 kitabım bu nəşriyyatda çap olunub və mənə kifayət qədər uğur gətirib. Bu baxımdan Hədəf mənim üçün çox doğmadı. Eyni zamanda uzun müddətdir bu nəşriyyatla əməkdaşlıq edirəm. Hətta bir dönəm nəşriyyatın baş redaktoru kimi fəaliyyət göstərmişəm. Hədəf kollektivi bütövlükdə mənə doğmadır. Hədəfçilərə bütün işlərində bol-bol uğurlar arzulayıram. Hədəf, Azərbaycan kitabçılığında öz dəsti-xətti, öz yolu, öz imici olan nəşriyyatdır. Nəşrləri həm keyfiyyətinə, həm məzmununa görə fərqlənir. Kitab bazarının inkişafında və Azərbaycanda kitabın sevilməsind Hədəfin rolu danılmazdır. Hədəfçiləri 7 yaşı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, uğurlarınız bol olsun!

Elçin Əlibəyli

Nəşriyyat tarixi üçün 7 rəqəmi kiçik görünsə də işin miqyası onun dəyərini artırır. Əgər məni kimi kaprizli oxucunun kitabxanasında “Hədəf” kitabları yer alıbsa, deməli, önəmli və işini ciddi sandığım nəşriyyatdır. Mənim üçün sevindirici olan klassiklərin yenidən nəşr olunması missiyası idi ki, olduqca uğurlu yerinə yetirilir. Bu xüsusda, İsa Muğannanın bütün əsərlərinin yenidən çap olunması arzumun gerçəkləşməsi idi. Reklam işini bir qədər kəm qursa da, “Hədəf” ədəbi və mədəni ictimaiyyət içində xüsusi yerini qazanmış, digər nəşriyyatlar kimi tezliklə bunu əldən verməyərək, daha da yüksəldə bilmişdir. Nəşriyyat olaraq “Hədəf”dən gözləntim çoxdur, inanıram tezliklə bunlar da baş tutacaq. Ən çox Türk Dünyasının ensiklopedik toplusu, İlk ensiklopediyalar və yeni başlayan üçün profi vəsaitlərdir. Əlbəttə, xoş olardı aid olduğumu sahədən də kitablar çap olunsun. Televiziya, radio və internet işi, jurnalistika və kulturologiya sahəsinə aid elmi və kütləvi ədəbiyyatın işıq üzü görməsini arzulardım. Yaşın üstünə xeyli kitab yığılsın, “Hədəf”!

Aqşin Evrən

Hər il qarşısına qoyduğu məqsədləri maksimum şəkildə həyata keçirən HƏDƏF ailəsini, ən təcrübəli üzvündən tutmuş ən sonuncu kitabına, kitabçasına, kağızına qədər təbrik edirəm. Nəşriyyatın buraxdığı həm metodik-vəsaitlər, həm də bədii əsərlər həmişə yüksək səviyyədə olub. Yəni mən heç vaxt bu nəşriyyatın kitablarından hansısa oxucunun narazılıq etdiyini görməmişəm. Hədəfinə kitab-kitab çatan HƏDƏF nəşrlər evinə oxucu növbələri arzulayırıq.

 Qismət Rüstəmov

“Hədəf” bu 7 ildə öz müsbət imicini formalaşdırdı və təkcə “xatirə” seriyası ilə bizim düşüncə mühitimizdə əhəmiyyətli bir boşluğu doldurdu. Mən “Hədəf”ə həmişə böyük idealların peşindən getməyi və ildən-ildən böyüyüb əhatə dairəsini genişləndirməyi arzulayıram. İşıqlı günlər görəsiniz!

Dilqəm Əhməd

“Əminliklə, demək olar ki, “Hədəf” nəşriyyatı yaranandan sonra Azərbaycanda kitab bazarında həm monopoliya qırıldı, həm də canlanma yarandı. “Hədəf”in geniş kütləyə xitab etməsi, yəni həm dərsliklər çap etməsi, daha sonra isə ədəbiyyat, tarix sahəsində kitablar çap etməsi çox əla oldu. Bir növ “Hədəf” hədəfinə çatdı. Ümid edirəm ki, bundan sonra nəşriyyat daim endirimləri, gözəl nəşrləri ilə oxucuları sevindirsin. Mənim də bu nəşriyyatdan “Muza” adlı şeir kitabım çıxıb. Bu baxımdan nəşriyyatımızın 7 yaşını təbrik edir, daha uğurlu gələcək arzu edirəm”.

Mail Yaqub

Hədəf Nəşrlər evi haqqında xoş sözlər deyə bilərəm. Ona görə ki, dəfələrlə Hədəf Nəşrlərinin çap etdirdiyi kitabların təqdimatında olmuşam, kitabevim.az mağazasında dəfələrlə olmuşam. Ümumiyyətlə, həmin kitab mağazasının müsbət, gözəl aurası var. Mən çox sevirəm o məkanı. Mən Hədəf Nəşrlər evinin rəhbərliyinə təkcə uğurlar arzu edə bilərəm. Hamısı dəyərli dostlarımızdı, dəyərli insanlardı. Mən onların gələcək fəaliyyətində uğur arzu edirəm. Ümumiyyətlə,  Azərbaycanda kitabla bağlı, maarifləndirmə ilə bağlı fəaliyyətləri mən yüksək qiymətləndirirəm, dəyərləndirirəm. Bu işdə əli olan bütün insanlara yorulmayasınız deyirəm. Hədəf Nəşrlər evidə bu gün Azərbaycanda maarifləndirmə sahəsində qabaqcıl nəşriyyatlardan biridir. Hamısına uğur arzu edirəm.

Azad Qaradərəli

Hər açılan nəşriyyat, hər yaranan yayın evi Azərbaycanın qazancıdır. Bu nəşrlər evi də həm ayrılıqda, həm Xan nəşriyyatıynan birgə çox böyük işlər görüb indiyənəcən. Həm birbaşa təhsil sahəsi üçün çap işləri, həm elmi-kütləvi və ələlxüsus da bədi ədəbiyyat nəşrləri bu yayın evinin uğurudur. Mən özüm də burada bir çox kitabların redaktoru olmuşam və son iki kitabım da burada işıq üzü görüb. Hədəf nəşrlər evini 7 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm! Hədəfiniz daha böyük olsun!

Qan Turalı

Ədəbi prosesə çox müsbət təsirləri var. Misal üçün memuarların nəşri çox gərəkli iş idi. Təbrik edirəm. Uğurlar arzulayıram.

Mirmehdi Ağaoğlu

Təbrik edirəm, uğurları bol olsun. Arzu edirəm, ədəbiyyatımızın inkişafında, kitab bazarının formalaşmasında daha aktiv olsunlar. Yaxşı da qonorar versinlər, orda kitablarımızı çap edək.