Yazı yazılmayanda – Orxan Fikrətoğlu

20 Baxış

photo_709

Ürəyimin altında, sol döşümdən bir az sağa tərəf ilıq bir hənirti vardı. Bir gözəl qız görəndə, ya bir kədərli nəğmə eşidəndə o hənirti dəbərərdi. Heç bilmədim o doğma ağrını haçan itirdim. İndi uralanmış bostan kimi barsızam. Ürəyim bomboşdur. Nə sevgiyə, nə nifrətə çönürəm. Ha harayla. Bir də ayıldım ki, hər şeyə biganəyəm.  Daha məni heç nə həyəcanlandırmır. Yük qatarı kimi içim yüklüdü. Bu iskələdən o biri iskələyə yük çəkə-çəkə  keçirəm. Ağırlıqdan dünyanın quşunu, daşını görə bilmirəm.  Görəsən əvvəlki şirinlik  necə oldu? Qabaq acı sözü də şirin söz kimi həzm edə bilirdim. İndi şirin söz belə mənə acı gəlir.
Ya da belə!
On dörd yaşlı qız kimi həyəcanlısan. Təpəndən-dırnağına qədər yalançısan. Dəymiş xurma kimisən, əl vursam, budaqdan  yerə düşəcəksən. Bir az qəddar ol da. Fikrini mənə kişi kimi çatdır, görüm nə deyirsən? İstəyirsən bir az da dərinə gedim? Gedim? Yaxşı, gedərəm!

Onu tanıyanlar halına acıyırdı. Atasının yasına belə çata bilmədi. Qıza olan sevgisi onu dünyadan çıxarmışdı. Özünü-sözünü bilmirdi. Bu lap ağ oldu deyəsən.  Nə qədər özünü unudursan unut, atanın yasına gərək çatasan! Ən azı həyəcandan. Və ya səninlə maraqlanacaqlar deyə. Yadlaşmaq elə də asan iş deyil. Doğmalara yad olmaq səndən güc tələb edir.

Əvvəllər hər şey başqa cür idi. İndi başqa cürdür. At kimiyəm.  Səhər açılan kimi gecə düşür. Yaşamağın dadı-tamı yoxdur. Külfətimin əsiriyəm. Miniblər belimə. Sanki dədələrinə borcluyam. Kənara bir addım belə ata bilmərəm? And olsun Nardaran pirinə, bu gecə pullu arvad yanına gedəcəm. Evə qayıdanda da çörək almayacam. Görüm neynəyəcəklər. Nə yeyəcəklər?  Acığa belə eləyəcəm. Qoy görsünlər ki, məni saymayanda necə olur.  Elə düşünürlər ki, daha  tramvay kimi relsdən çıxan deyiləm. Niyə çıxmıram? Qoca at arpa yemir bəyəm? Puluna minnət. Bu gün Allaha çox şükür ki, hər şey satılır. Sevgi də.

Sonra da pullu faişənin evindən ailəsinə zəng vurub: “Çörəyiniz var?” – soruşa bilər. Fikri evindədir axı. Nə qədər cızığından çıxsa da, fikri yenə evindədir. Nə olsun ki? Adi, evdar kiçik qəhrəmandır da! İndi  belə adam var?  Tipik deyil. Absurd qəhrəmandır! Əyalət adamıdır. Maraqlı deyil! Haçansa dəvə kimi yükü belinə şələləyib, indi  çəkə bilmir. Üsyan edib yükü çiynindən atıb. Kimə qarşı üsyan edib? Evinə qarşı! Uşaqlarının onun dəvə olmasından xəbəri  belə yoxdur. Yazının maraqlı tərəfi elə budur da. Heç kəsin onun yük daşımasından xəbəri yoxdur. O isə özü öz aləmində üsyan edir. Çox sentimental alındı..

Bir az da… Hələ ki, kədərlisən. Hissin üzündədir. Özünü gizlət! Yazıçı yazısında görünməməlidir! Mən səni tanıdım.

Mən o qızı ilk dəfə payızda gördüm. Üzünün cizgiləri, saçının rəngi yadımda deyil.  Gülüşü ilə yumru dizlərini isə yaxşı xatırlayıram. Öpüşləri də, qucağı kimi istiydi. Elə insanlar var ki, onlar sənin ömrünə düzəlişlər etsin deyə gəlirlər. O qız məni həmin payız dəyişidi. İndi mən o qızın yaratdığı adamam.  Onunla tanış olana qədər sevgiyə inanırdım. İndi inanmıram. Bəlkə mən onda yaxşı idim. O, qız məni adamlıqdan çıxardı ?

Nəsə var..Davam elə…

Uşağın adını nənəsi qoymuşdu.Ona görə də qocaydı.

Yaza bilməyəndə hirsli oluram. Elə yazanda da. Son günlər hirsliyəm. Ac qurd kimi. Görəsən qurd hirslənir? Məncə o, heç zaman hirslənmir. Qurd həmişə hirslidir. Qəzəb onun halıdır. Qurdun ovqatı dəyişkən deyil ki, əvvəl hirslənə sonra soyuya. Qurd bir haldadır. Onun bir üzü var. Və bu üz  ona görə mübarəkdir ki, birdir! Dəyişməzdir! İnsan qurda ikiüzlü olmadığı üçün hörmət edir. Qurd yırtıcıdır. Onun yırtıcılığı dəyişməzdir. Qurdun quzunu parçalamasında “yemək bəlası” ilə yanaşı əbədi olan başqa nəsə də  var. Qurd külək kimi, su kimi əbədidir. O, həm də ölüm kimidir. Ondan qorxsan da olduğuna əminsən.  Düzdür qurdu ölümdən fərqli olaraq öldürmək olar. Qurd öləndə yırtıcı kimi ölür. Səndən aman diləmir. İnsan dünyada yaşayım deyən gündən  aciz olub. İnsanı öldürən nə varsa qorxulu və möhtəşəmdir. Qurd da mənim kimi yazıq olmaq istəmir. Ölüm insanın öz seçimi ola bilərdi. Biz  ölməyi seçə bilərdik. Buna iradəmiz çatardı. Qorxaq olduğumuz üçün bu seçimi Allahın ümidinə buraxdıq. Allah da bizi yazıq edib bir-bir öldürdü.   İnsan insan kimi yaşayıb qurd kimi ölə bilməz?.. Gördün. Yenə insanın ikili  təbiəti  üzə çıxdı?  Qurd yaşadığı kimi ölür. İnsan isə ən yaxşı halda bir cür yaşayıb başqa cür ölür. Qurd ölümünü  belində daşıyır. Ondan qorxmur. Əksinə, içindəki hirsnən ona doğru gedir. Biz isə ölümün qorxusu altında yaşayırıq. Onu unudub rahat olmaq istəyirik. Mən qurd kimi ölümü tanısam da, insan kimi ondan qorxuram.

Sərsəmləmə!  Bir qurd üzü tap, onu yazında yu.

O, var idi. Sonra olmadı. Yaşamağına yaşadı, amma sevə bilmədi. Adamlardan seçilmədi. Əlindən bir iş gəlməsə də, yaşadı. Adı və soyadı  o qədər də vacib deyil. Ad şərtidir. Elə insan da ədəbiyyatda şərtidir. Yeni əxlaq onu dəyişə bilmədi. Di gəl özü də olmadı.

Mətn insanı dəyişmir, duruldur. İçini yuyur.

Ağır və dərin mətn bu gün dəbdə deyil!  Hər şeyi üzdən və üzdə yaz. Bir az erotika. Bir az gərginlik. Bir az qonşunun pəncərəsinə icazəsiz baxış. Səmimi ol! İdeya olmasa, lap yaxşı olar. Dərin düşüncəyə yer qoyma. Anlamayacaqlar. Oxucular bir yana, tənqidçilər belə bu gün dərin mətni anlamır.

Mən belə mətnlər yazmıram, qardaş.

Yaxşı eləyirsən, yazma!

Amma yazmaya da bilmirəm .

Dünyanı yazı xilas etməyəcək.Yazını isə sən xilas edə bilərsən!

Necə?

Yazmamaqla! Onda yazı səndən xilas olacaq!

Yaxşı, daha yazmaram.

Yazmasan da səni neynirəm…

Mənbə: edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10