Yazıçı Əlabbasın “Köhnə kişi” povestindən doğrulan dil-üslub möcüzələri –Təhlil

9 Baxış

n

Əlabbasın dil üslubu ilk hekayələrindən müəyyənləşib. Sonralar bütün yaradıcılığı boyu göründü ki, o, əsərlərindəki obrazların gerçək həyatdakı mühitinə girib, bu həyatı onlarla birlikdə yaşayıb. Bu mühiti, oradaki insanları yaxşıca öyrənib, bu insanların dil vərdişlərinə yiyələnib. Əlabbas dilini bilmədiyi insanları personaj kimi bədii əsərlərinə gətirmir. Ona görə də onun kiçik bir hekayəsini də, iri bir povestini də oxuyanda elə bil canlı söhbətə qulaq asırsan, tanıdığın müxtəlif düşüncə sahiblərinin danışığını dinləyirsən. Onun əsərlərindəki mükalimələri mütaliə edəndə özünü bir məclisdə hiss edirsən – özünü dostlarının arasında sayırsan; bəzən də mükalimədə xoşun gəlməyən adamlar səni əhatə edir, əsərin bu yerini keçəndə rahatlanırsan ki, nə yaxşı, bu, bədii əsər imiş – elə bil pis yuxudan oyanırsan. Bu, bədii əsərin həyatiliyidir, əsəri sevdirən xüsusiyyətlərdəndir.

Əlabbasın orijinal təşbehləri, həyati mübaliğələri var. Hansı əsərini oxumağa başlasan, axıra çatdıracaqsan, dilinin dadı-duzu qoymayacaq ki, əsər yarımçıq qalsın.

(Akad. Tofiq Hacıyevin “Mən Əlabbasın dilini sevmişəm”  yazısından…)

Fikrimizcə, “Köhnə kişi” ilə ədəbiyyata ilk uğurlu addımını atan və gənclik illərindən “sözün köhnə kişisi”  (S. Bəşirov)  adını  qazanan Əlabbasın  dilı və üslubu haqqında  gen-bol söz deməyə imkan verən mükəmməl “Qiyamçı” romanı ilə bərabər, gözəl nəsr örnəklərindən biri də bu povestidir. Bizim bu yazıda toxunacağımız xüsuslar daha çox əsərin dili haqqında olacaqdır…

… 2000-ci illərin başında ilk dəfə Arazın güneyinə ayaq basanda Culfada, Ələmdarda, Mərənddə və Təbrizdə eşitdiyim canlı xalq dili məni heyrətləndirmiş, bir az da kövrəltmişdi. Heyrətlənməyimin səbəbi Arazın güneyindəki eyni quşaqdan (nəsildən) olan insanların leksikonunun quzeydəkilərdən bir qədər fərqli və tarixi-milli, məhəlli örnəklərlə daha çox dolu olması idi. Orta əsrlərin məşhur sosiolog-filosofu İbn Haldunun “Son sözü coğrafiya deyər!” həqiqətinin, bir-birinə çox yaxın olan coğrafi məkanlarda da bu qədər keçərli olduğunu vətənin güney torpaqlarında anlamışdım. Güneydəki azyaşlı (uşaq) soydaşlarımız belə quzeydəki nənə-babalarımızın dili ilə danışır, aşağı-yuxarı eyni kəlmələrdən, xüsusilə alqışlardan, dualardan, ədatlardan və modal ifadələrdən istifadə edirdilər. Dünyasını dəyişmiş nənə-babalarımızın sözlərini güneydə onların nəticələri yaşdakı uşaqların (danışdıqları dilə görə isə nənə-babamızın yaşıdı olan uşaqların) ağzından eşitmək gözlərimi yaşartmışdı. Yenə dilin sehrinə düşmüşdük… Bu mənada, Güney Azərbaycan nəsrinin bir örnəyinin – Nasir Mənzurinin “Qaraçuxa” əsərinin Əlabbasın “Köhnə kişi” povesti ilə sujet və dil baxımından qarşılaşdırılmasının maraqlı sonucları olar.

1957 doğumlu Əlabbas “Köhnə kişi” kimi ağırtaxtalı bir əsərini 1979-1980-də – cəmi 22-23 yaşlarında ikən qələmə almış olmasına baxmayaraq, məni də ən çox etkiləyən onun dili olmuşdu. “Köhnə kişi”nin idealizə edilməmiş qəhrəmanı Murad – xarakterin “köhnə kişisi”, yazarı Əlabbas isə

“sözün köhnə kişisi” olaraq oxucularının yaddaşına yazılmışdı.

Əlabbasın, anası Şərqiyə xanımın vəfatından sonra yazdığı “Allah adamı” yazısını oxuduqda 22-23 yaşlı yazıçının “özündən yaşlı dili”nin sirri ən azından mənim üçün çözülmüş oldu: “… oxucular bu günə qədər mənim imzamda nə oxuyublarsa, bir azərbaycanlı qadının dilindən və təhkiyəsi ilə yazılmış əsərlərdi onlar… Əgər bu gün mənə ixtiyar verilsəydi, kitablarımın müəllif qrafasına anamın ismini öz adımdan əvvəl həkk eləyərdim. Bu onun halal və danılmaz haqqıdı…” Demək ki, özündə yaxın və uzaq tarixin izlərini daşıyan bu dil, Əlabbasın da mənsub olduğu Patlama Kuşağının (Türkiyədə 1946-1964 illəri arasında anadan olanlar) dilindən daha çox, onun əsərlərinin “ilk müəllifi” olan anasının mənsub olduğu nəslin dilidir. Bu nəslin nümayəndələri 1929-1939 illəri arasında dünyaya gələn, İkinci Dünya Savaşının maddi-mənəvi, fiziki və psixoloji sıxıntılarını hələ uşaq ikən çəkən insanlardır ki, Əlabbasın anası Şərqiyə xanım öz dili ilə də bu nəsildəndir. 1920-30-cu illərdə dünyaya gələn insanların oluşdurduğu bu nəslə böhran nəsli deyilməkdədir. Bu və ondan öncəki nəslin dili Məmməd Arazın ifadəsiylə “macqal dili”dir. Bu dilin mənzum və bir qədər klassik “yazılı” şəklini Məmməd Arazın “Atamın kitabı”nda yaşı yüzü haqlamış İnfil babanın ağzından eşitmişdik. “Macqal dili”nin bir az yeni mənsur şəklini isə Əlabbasın “Köhnə kişi”sindən (Şərqiyə xalanın dilindən) oxuyuruq ki, bu dil unutduğumuz, unutmağa üz tutduğumuz şirin bir xalq dilidir.

    Nursuyun (Nursu) bəxti onda gətirib ki təkcə Naxçıvanın, Şahbuzun deyil, Salvartının, Qapıcığın arxasındakı Qərbi Azərbaycanda qalan kəndlərimizin, elatlarımızın, obalarımızın milli-mənəvi izlərini də daşıyan bu “macqal dili”nin kiçik bir hissəsini Məmməd Araz şeirdə, Əlabbas isə nəsrdə itib-batmağa qoymadı. Bu dillə yazlan ədəbiyyat bizə sadəcə yaxın keçmişimizin danışıq leksikasını deyil, mədəni-psixoloji, etnik-kulturoloji mənzərəsini də açıb göstərir. Bu mənada, Leninin “Mən Rusiyanı (Rus yazıçılarının) romanlar(ın)dan tanıdım!” sözündən hərəkətlə “Mən də Naxçıvanın bilmədiyim bir çox yönünü Əlabbasın əsərlərindən öyrəndim” deyə bilərəm.

Birinci haşiyə:

Əlabbasın “Köhnə kişi”sində “qonşu nəsillər”in dil ziddiyyəti yerinə onların “dil birliyi”ni, “dil bütünlüyü”nü görürük. Əlabbas öncəki nəsillərin dil vərdişlərini öz əsərinin mərkəzinə yerləşdirir; sələflərin dili vasitəsi ilə xələflərin dilini zənginləşdirir, onları “qarışdırır”, barışdırır; sələflərinin ruhunu, xələflərinin isə duyğularını oxşayır. Xələflərini sadəcə retrospektiv bir yolçuluğa çıxarmaqla qalmayıb, onları “macqal dili”nin əsrarəngiz ruhu ilə çox da uzaq olmayan zamanın dastan çağına aparır. “Köhnə kişi”nin söz dağarcığındakı köhnəlmiş sözlər (arxaizmlər) bizə nənəmizin on illər boyunca açılmamış qıfıllı sandığının açarı kimi qiymətli gəlir. Bu sözləri, o sandığın içində – bizə keçmişimizi anlatan – ən qiymətli miras kimi görməyə başlayırıq və mətnin dərinliyinə endikcə bu tanışlıq (aşinalıq) bizi çulğalayır, qulağımıza dastan çağının tilsimli və xoş ovqatını pıçıldayır…

İkinci haşiyə  qısaca olaraq “mətnlər arasılıq” qavramı haqqındadır.

   Qədim bir Oğuznamə əlyazmamızda qalmış “köhnə sözlər”dən birində – ən az beş-altı əsrlik bir atalar sözümüzdə “Öküz buynuzlu inək südsüz olar, inək buynuzlu öküz gücsüz olar!” deyilməkdədir. Bu dəyərli sözü bir “naxırçı müşahidəsi”nin sonucu kimi də görmək mümkündür; özünü təbiətin parçası olaraq görən heyvandar bir sosioloqun tərəfsiz bir gözləmi kimi də. Cəmiyyət məsələlərini təbiət pəncərəsindən dəyərləndirən bu atalar sözündə etnoqrafik keçmişimizin sirləri də yatmaqdadır. Amma altı əsr öncəki nəsillərin dili ilə söylənmiş bu ata sözümüzün oluşturduğu mətn 20-ci yüz ilin “macqal dili”ndə Məmməd Araz adlı bir sosioloqun baxışı ilə belə “alt-üst” edildi:

                             … Qardaş getdi, oğul getdi davaya,

                                 Qadınların kişiliyi başladı…

Demək ki, yuxarıdakı “öküzlü-inəkli” atalar sözümüz barış dolu, əkinli-biçinli, holavarlı illərin torpaq ətirli aylarının, ruzili-bərəkətli günlərinin müşahidəsi sonucunda ortaya çıxmışdır. 20-ci əsrin barıt və qan qoxulu günlərində isə Böhran nəslinin təmsilçisi və Əlabbasın anası Şərqiyə xalanın sinif yoldaşı (yaşıdı) “Məmməd İnfil oğlu Məhəmməd Araz” az adamın bildiyi öz “macqal dili”ndə “qadınların kişiliyi”ni ürək ağrısı ilə dilə gətirir. Əslində bu “alt-üst etmə” eyni məntiqin, eyni baxışın barış və savaş illərindəki təzahür şəkilləridir…

“Macqalca”nın şair bilicisi Məmməd Araz ilə nasir bilicisi Əlabbasın əsərlərini başqa bir (və ya bir neçə) yazımızda sırf dil yönündən qarşılaşdırmağı düşünürük. İndi isə “Köhnə kişi”nin dilindəki bəzi məqamlar üzərində durmağa, hər cümləsi deyimlərlə, məcazlarla hörülmüş bu povestin dilindən söz edərkən əsərdən seçdiyimiz örnəklərin bir neçəsini sırası ilə təhlil etməyə çalışacağıq.

Murad yenə dan üzü oyandı”:  Təhkiyə yollu ədəbi bir əsərin, hekayə, povest ya da roman olsun, unudulmaması, xarakterin oxucu gözündə hər zaman canlı qalması üçün başlanğıc cümləsi çox önəmlidir. Markes də bütün əsərlərinin ilk cümləsini yazmaq üçün təxminən iki həftə uğraşırmış… “Köhnə kişi”nin ilk cümləsinin təkcə anlam yönündən deyil, dil yönündən də uğurlu olduğunu söyləmək mümkündür. Buradaki “dan üzü” zaman zərfi, təkcə əsərdəki zamanın deyil, saatını təbiətə – günə, aya, ulduzlara… görə ayarlayan baş qəhrəmanın bulunduğu məkanın da ustalıqla yapılmış təsviridir… “düz birinci xoruz banınacan”da da eyni “ayarlama” vardır.

gecənin itlər yatan vaxtı”: Bu da povestin ikinci cümləsi içində yer alan zaman təsviri… Әdəbi əsərdən daha çox kino ssenarisinin mətnidir sanki. İlk cümlələrdən etibarən gözlərin önündə canlanan ucqar dağ kəndinin sərt və ekzotik havasına girirsən…

əl havasına yan-yörəyə bax-“: Tərəfsiz olmayan yazıçının gecənin zil qaranlığında gözü görməyən qəhrəmanına “kor” deməmək üçün evfemik məntiqlə məcaz yaradıcılığı təqdirə layiqdir… “Əl havası” ifadəsi isə itləri də yuxuya verən qaranlıq gecənin səssizliyi içində qara zurnada çalınan qədim bir el havasının  səsini qulaqlarımıza gətirir.

özünü hələk-yesir elə-”: Әrəbcədən dilimizə keçib onun dəmir qanununu pozan “həlak” sözü “Köhnə kişi”də ahəng qanununa tabe olmaqla qalmayıb, elliptik bir məntiqlə ikiləmənin bir parçası da olub. Bu da əsərin və yazarın milli dil anlayışının ifadəsi deməkdir.

Mən də deyirəm, görən nec olub bu andıra qalmış soyxa?”: Qəlibləşmiş dil vahidləri olan formellərin, arxaizmlərin, məhəlli dialektizmlərin, dilin əsil (təbii) mahiyyətini ortaya qoyan canlı xalq danışığının bir çox örnəyi tək cümlədə toplanıb…

“heç demə”: Әdatlaşmanın, modallaşmanın, modallığın xalq dilindəki canlı ifadəsi… Әslində bir əmr cümləsi olan “heç demə!” (ya da “sən demə!”) qrammatik funksiyasını itirmiş, ədat ailəsindən (köməkçi nitq hissələrindən) olan modal söz halına gəlmişdir. Həqiqətən də, ayı parçalayıb ulduz düzəltmək olar, amma ulduzları birləşdirib ay yapmaq mümkün deyil… Türk dillərində əsl ədatın, bağlayıcının, qoşmanın, modal sözün zaman içində tam mənalı leksik vahidə çevrilməsinin örnəyi yoxdur, tərsi isə yetərincədir ki, bu da onlardan biridir…

“Qımırından dinib-danışma-”: Yanında yatdığı ərinin yatağına girsə də, yuxusuna girə bilməyən qadının (Gülabın) qaş-qabağını (əslində isə faciəsini) ifadə etmək üçün ədəbi dilimizin unutduğu “qımır” sözü povestin passiv, beş qarın qız doğduğu üçün ərinin yanında üzükölgəli olan (?!), bu səbəbdən də taleyinə boyun əyən, amma vəfasından, sədaqətindən əsla vaz keçməyən qadın qəhrəmanının psixoloji ovqatını gözlər önünə sərir. “Qımırlı” Gülabın səhər açılmadan köynək iplərini düyməsi də ailə içi gərginliyi ustalıqla təsvir edir.

Ancaq-ancağa sez-”: “Ancaq” ədatının -a şəkilçisini alması türkcənin dəmir qanunlarına meydan oxuma olsa da, dilin elliptik məntiqi (qənaət modeli) buna icazə verir. Üstəlik bu –a ismin sonuna gəldiyi üçün yönəlmə hal şəkilçisinə oxşayır. Bir tərəfdən də feil köklü olmamasına baxmayaraq (yani “ancaq-ancağa”nın funksiyasına görə) gerundium (feili-bağlama) vəzifəsini yerinə yetirir. Bu, dilimizdəki şəkilçilərin sinkretik özəlliyinin nadir örnəklərindən biridir.

Səni məndən yana tez məəttəl qalaydın! Qalaydın səni məndən yana məəttəl!…”  və ya “Gülab xalan mənə oğul doğmadı axı… Doğmadı Gülab xalan mənə oğul!” “Hər dəfə dərd doğdu, bəla doğdu, amma oğul doğmadı… Doğmadı oğul!”; “… çünki kişinin oğlu olar, Qaratel, oğlu olar kişinin…

  Yuxarıdakı örnəklərdən də görüldüyü kimi, mənzum əsərlərdə daha sıx rastlanan bu ədəbi sənətlər, “macqal dilli” Köhnə kişi”də (və Әlabbasın digər əsərlərində) poetik nəsrin sığalına yatıb. Yazıçının yaradıcılığında sıxca görülən sadəcə bu özəllik, təkbaşına bir araşdırma mövzusu ola bilər.

   Cümlə içindəki sözlərin yer dəyişdirərək fərqli pozisiyalarda işlədilməsi, amorf dillərdə olduğu kimi, verilən informasiyanın təsirini artırır, bir-biri ilə əlaqəsi olmadığını düşündüyümüz ən kiçik parçalar belə bütünün bir hissəsi olduğunu xatırladır və onları cümlənin ana ritmi içində hərəkətləndirir: “Səni məndən yana tez məəttəl qalaydın! Qalaydın səni məndən yana məəttəl!

  Cümlənin birinci baş üzvü olan xəbərin pred-pozisiya və post-pozisiya durumu təkcə vurğulanan ünsürün (cümlə üzvünün) deyil, elə onun (xəbərin) özünün də bir hökm orqanı olaraq hökmranlığını gücləndirir: “Gülab xalan isə hər dəfə dərd doğdu, bəla doğdu, amma oğul doğmadı… Doğmadı oğul!

    Qaratelə xitabən söylənən bu cümlədə də eyni söz quruluşunun olduğunu görürük: “… çünki kişinin oğlu olar, Qaratel, oğlu olar kişinin…”

sanki gecəni dibi görünməz, dərin bir quyuya sallamışdılar.”: Әlabbasın hekayə, povest və romanlarında; esse, rəy və reportajlarında, tənqidi yazılarında, ümumiyyətlə, yazıçının dilindəki aşağı-yuxarı hər cümlədə ədəbi sənətlərin bolca örnəyini görmək mümkündür. “Dibi görünməz, dar, dərin və qaranlıq quyuya sallanan” gecə diqqətli oxuyucunun gözündə təşxis və təşbeh ədəbi sənətləri vasitəsi ilə haqsızlığa uğrayan Hz. Yusif və Məlikməmməd imajı oyandırmaqdadır. Yuxarıda qısaca söz etdiyimiz “mətnlər arasılıq” qanunlarına görə “sələflərindən bəslənib xələflərini bəsləyən” altı min illik tarixi informasiya daşıyan sintaktik bir vahidlə qarşı-qarşıyayıq.

tövləyə səmt yeri: Sintaksis kitablarının kəlmə qrupları bölümündə “dativ qrupu” adlı söz birləşməsinə örnək olan bu ifadə nədən “tövləyə doğru” (yəni ədat qrupu) deyil, “tövləyə səmt” (dativ qrupu) şəklindədir? Burada da gənc yazıçının dil ustalığını görürük, çünki ədat qruplarından fərqli olaraq dativ, ablativ, lokativ, akkuzativ… qrupları “qısaltma qrupları”ndandır… Әlabbasın əsərlərində təsərrüf (elliptizm) örnəkləri olduqca çoxdur. Bilindiyi kimi, dilin ən təməl qanunu “daha az enerji” qanunudur ki, “tövləyə səmt” birləşməsi “tövləyə doğru”ya görə daha elliptik (təsərrüflü) bir fonetik quruluşa sahibdir. Çünki “tövləyə səmt”in tələffüzü “tövləyə doğru”ya görə daha az enerji tələb edir.

pilləkənə səmt də eyni şəkildə dəyərləndirilə bilər.

“… qonşu damın qarını növbə ilə muğanlayan uşaqların səsi gəlirdi”: Bu cümlədə unutduğumuz bir feilin (muğanla-) varlığını görürük. “Kürümək,  kürəmək”, “tökmək”, “təmizləmək” yerinə “muğanlamaq” feili sırf dar (yəni özəl) anlamlı bir istifadədir ki, bu da ana dilimizin soyutlaşdırma özəlliyinin gücünü göstərir…

“Özüncə getsənə”: “Sən özün təkbaşına get(sənə)!” yerinə bu ifadənin yer alması dilimizin yenə elliptik məntiqə dayanan morfoloji çevikliyinin gözəl örnəklərindəndir: qayıdış əvəzliyi (öz), təklik ikinci şəxs mənsubiyyət şəkilçisi (-ün) və ekvativ şəkilçisinin (-cə) bir kəlmə içində işlədilməsi təkcə müasir dilimiz baxımından deyil, ana dilimizin tarixi morfologiyası yönündən də maraqlı bir faktdır. Sanki qısa zaman tələffüzünə hesablanmış cümlə uzunluğundakı ölçü vahidi – sürətli bir atın yerişidir… Ümumiyyətlə, Әlabbasın ekvativ şəkilçilərinə qarşı xüsusi bir simpatiyası olduğu görülür…

zəhləm qaçır ondan”: Dilimizin qəlibləşmiş deyimlərindən biri olan “-dən zəhləm gedir” yerinə “zəhləm qaçır”ın istifadəsi bir tərcihdən, daha doğrusu, qəlibləşmiş bir quruluşa yazıçı müdaxiləsindən daha çox nifrətin dərəcəsini ifadə etmək üçündür – olumlu ya da olumsuz davranış münasibətinin “miqdarı” “getmək (yerimək)” ilə “qaçmaq” arasındakı fərq qədərdir və gənc yazıçının leksik zəkasının məhsuludur.

arvadsan, arvad yerində öl!”: Burda ataərkil (psevdo-patriarxal) fon  müəllifin özünün də rəğbəti olmayan qəhrəmanı Səfi  tərəfindən ultimativ bir üslubla oxucuya hiss etdirilir. Bizcə, bu durum qadın haqlarına son dərəcə sayğılı olan gənc yazıçının qadınlara feminist (müsbət mənada) baxışının təzahürüdür və bu ifadə (arvadsan, arvad yerində öl!) bir sarkazm örnəyidir…

di neynim”: Çarəsizliyin “Sarı Gəlin”dən də bildiyimiz ifadəsinin xalq dilindəki elliptik şəkli. Әlabbasın əsərlərində qənaət modelli mənsur-mənzum konstruksiyalar yetərincədir və sadəcə bu yöndən ayrıca dəyərləndirilməlidir.

Üzükmə buralara!”: Arvadı tərəfindən evə buraxılmayıb astanada qalan “köhnə kişi”nin öz “mağmun” qadınından eşitdiyi şapalaq kimi söz… Demək ki, yazıçı və əsəri çox da “patriarxat” deyilmiş… Buradakı “üzükmə” feilindən isə yəqin ki, “gözükmə”yə analoji olaraq istifadə edilmişdir. Bu leksem isimdən feil düzəldən –ük4– şəkilçisinin yer aldığı nadir örnəklərindən biridir. Prof. Zeynep Korkmazın Marcel Erdaldan nəqlən yazdığına görə, bu şəkilçi ilə əmələ gələn feillərin toplam sayı Orxun-Yenisey abidələrində otuzdan çox olsa da, Türkiyə türkcəsində cəmi altı-yeddi ədəddir. Z. Korkmazın verdiyi örnəklər bunlardır: acık-; birik-; buruk- (bizcə buruk- örnəyi bu kateqoriyada deyil – NM); taşık-; darık-; gecik-; gözük-; yelik-) Әlabbasın “üzükmə”si bu şəkilçinin ədəbi mətnlərdə əksini tapmış nadir örnəyidir.

 “Bu həmin qarlı-püsəkli gecə idi ki, iti vursaydın, damından çıxmazdı.”: Bu cümlənin ədəbi sənətlər baxımından dəyərləndirməsi şübhəsiz ki, maraqlı sonuclar ortaya çıxarar. Biz isə diqqəti “qarlı-püsəkli gecə” söz birləşməsi üzərinə çəkmək istəyirik. Bilindiyi kimi, bəzi ikiləmələri (təkrar qruplarını) əmələ gətirən sözlərdən biri ya anlamsız, ya da anlamını itirmiş söz ola bilər. İkiləmədəki “püsək” sözü də bu qəbildəndir və dilimiz üçün leksik bir qazancdır.

qar elə dənər-dənər tökürdü ki, elə bil ulduzları şadaraya doldurub ələyirdilər”: Gənc yazarın uğurlu bir bənzətməsidir. “Yağırdı” yerinə “tökürdü” feilinin tərcih edilməsi isə durum feili (təsirsiz feil) yerinə faktitiv (təsirli) feildən istifadədir, təsir gücünü artırmaq üçün bilincli bir seçimdir. Ümumiyyətlə, Әlabbasın filoloji birikimi (savadı), dünya ədəbiyyatının incilərini diqqətli mütaliəsi onun əsərlərinin dilinə müsbət mənada təsir edən önəmli faktorlardandır.

Durub-durub birdən o da başlayasan: görüm Allah onun üzünü hər iki cahanda qara eləsin, necə ki, o bizim üzümüzü eləyib.”: Özəlliklə “o da başlayasan”, olduqca maraqlı bir dil tərcihi və izahı çətin bir sintaktik konstruksiyadır. Sintaktik münasibətlərdən biri olan uzlaşma əlaqəsində mübtəda-xəbərin şəxsə görə uzlaşmasına tərs düşən bir durum var sanki. Zaman israfını önləmək üçün atılan və canlı xalq dilindən gələn elliptik bir addımı burada da görürük. “O da başlayasan”ın elmi bir izahı üçün öncə onun sintaktik rekonstruksiyası tamamlanmalıdır. Bizcə, iki yöndən “problemli” olan mövcud sintaktik vahidin təxminən belə bir rekonstruksiyası (bərpası) mümkündür: 1) “O da durub-durub sözlərinə birdən necə başlasa yaxşıdı…” yerinə “… o da başlayasan” tərcih edilmişdir. Burada elliptik bir niyyət olduğu, israfsız bir addım atıldığı şübhəsizdir və mətnin bu şəkildə rekonstruksiyası bizcə, çox məntiqsiz deyildir; 2) Yaxşı, “o da başlayasan”dakı mübtəda-xəbər uyumsuzluğu necə izah ediləcək? Universitetin filologiya fakültəsinin başarılı məzunu (üstəlik ana dili və ədəbiyyatı müəllimi işləyib dilin incəliklərini sevə-sevə öyrədən bir mütəxəssis) olan gənc yazıçı mübtəda ilə xəbərin şəxsə və kəmiyyətə görə bir-biri ilə uyum içində olması gərəkdiyini bilmirmi? İkinci “problem”in çözülməsi üçün də ilk bərpa dənəməsi böyük ölçüdə bizə yardım edəcəkdir: Burada isə “O da durub-durub sözlərinə birdən necə başlasa inanarsan” yerinə “… o da başlayasan” tərcih edilmişdir. Bizcə, gənc yazıçı 3 sözdən ibarət bir sintaktik vahid içinə 8 + 9 yəni 17 kəlməlik iki mürəkkəb konstruksiya yerləşdirmiş, dialoq mətnini  at ayağının sürətinə tabe etdirmişdir…

Ər də barı ər olaydı. Arvaddan qabaq yatan kopoyoğluydu!”: Burada mətnin canlı xalq dilinə əsaslanan poetikliyini bir tərəfə buraxaraq “kopoyoğluydu” kəliməsindəki fonetik “sapma”dan qısaca söz etmək istərdik. Bilindiyi kimi, dilimizdəki dodaqlanan (yuvarlaq) “o” (və “ö”) səsi (saiti) birləşik (mürəkkəb) olmayan sözlərdə sadəcə ilk hecada gələ bilər. Türkcə sözlərin ikinci və sonrakı hecalarında isə bu səslər bulunmaz. Bizcə, buradakı “sapma” (kənara çıxma) durumunu da dildə daha az enerji qanunu və təsərrüf metodu (elliptizm, qənaət modeli) ilə izah etmək mümkündür. Hətta mifoloji bir qutsallığı da olan “köpəyoğlu” sözünün xalq dilində “kopolu” variantı daha yayğındır. Həqiqətən də, “kopoyoğluydu”nun tələffüzü (hətta orfoepiyası) “köpəyoğluydu”nun tələffüzündən daha rahatdır, çünki dodaqların bir dəfə yuvarlaqlaşdırılması ilə beş yuvarlaq (dodaqlanan) saitin ard-arda tələffüzü mümkündür Xalqın təfəkkür anlayışı Türk dillərinin dəmir qanunu olan ahəng qanununu birləşik kəlmələrdə belə tətbiq etməyə yönəlikdir. Qısacası, “kopoyoğluydu” variantı orfoqrafik bir yanlış kimi görünsə də, orfoepik bir doğrudur.

“… çatını salıb boğazıma, boğacam özümü”: Bizcə, “çatını boğazıma salıb boğaca(ğa)m özümü” yerinə “çatını salıb boğazıma, boğacam özümü”nün tərcih edilməsinin səbəbi artıq anlamını unutduğumuz feil mənşəli bo- kök-morfemindən əmələ gələn “boğaz” ismi ilə “boğ-” feilinin yan-yana gətirilməsi və sanki eyni kökdən törəyən sözlər olduğunu vurğulamaq istəyidir. Biz “boğazıma” ilə “boğacam” arasında vergül işarətinin qoyulmasını da mətnin tələffüz bütünlüyünü pozduğu üçün yanlış hesab edirik, çünki bu söyləm əslində “çatını boğazıma salıb boğacam özümü”nün sintaktik bir variantıdır.

 “Özünün gül kimicə fağır ərin…”: Buradaki “(Sənin) özünün gül kimicə fağır ərin” söz birləşməsində iç-içə yeddi söz birləşməsi (kəlmə qrupu) var. Onlardan ətraflı söz açmağı növbəti yazımıza saxlayıb onu demək istəyirik ki, yazıçının bu dil təsərrüfünü (qənaəti) bilərək edib-etmədiyini bilmirik. Bildiyimiz isə odur ki, Әlabbasın dil anlayışının təməlində elliptizm məntiqi yatır. Bu isə tamamilə təbii, dilin tarixi məntiqinə uyğun milli bir dil fəaliyyətidir, çünki yuxarıda da dediyimiz kimi,  cümlələrinin sintaktik uzunluğu at sürətinə hesablanmışdır… Çingiz Xanın hərəkətli, son dərəcə sürətli və müzəffər ordusunun qələbələr qazanmasında düşüncə (təfəkkür), dil və praktika məntiqinin (strategiyasının) birləşdirilmiş və uyumlu çevikliyi yatır. Təbii ki, burada az çəkili və yüksək enerjili ilikqurudsuxarı kimi təməl qida maddələrinin də rolu var. Bir az çəkik gözlü Әlabbas əsərlərini qələmə alarkən zəfər üçün at çapdıran Monqol-Tatar atlısına bənzəyir. Bu söz süvarisi üçün ən dəyərli şey isə zamandır…

Әlabbas zaman israfını heç sevməyən bir yazıçı olaraq ədəbiyyat dünyasına qədəm qoyub…

“ … deyibcə dur-”: Bu ifadədə ən az iki maraqlı linqvistik məqam var: 1) “deyibcə dur-”un rekonstruksiyası “… deyib eləcə də dur-” şəklində ola biləcəyi üçün ən az iki kəlmənin qənaəti ilə ortaya çıxan elliptizm modeli uyğulanmışdır; 2) qeyri-təsrifi bir feil şəkli olan gerundiumun (zərf-feil ya da feili-bağlamanın) ala bilməyəcəyi halda –cə ekvativ şəkilçisini aldığı görülməkdədir.

Kitabi-Dədə Qorquddakı “Qısırca Yengə” söz birləşməsində də substantivləşmiş geniş (müzare) zaman partisipinin (“qısır”ın) isimləşdikdən sonra –ca ekvativ şəkilçisi alması və onomastik bir vahidin təyini kimi işlənməsini görmüşdük. Demək ki, “Dədə Qorqud Kitabı”ndakı “qısır” partisipi ilə “Köhnə kişi”dəki “deyib” gerundiumunun ortaq özəlliyi onların ikisinin də feilimsi (qeyri-təsrifi feil) olmasıdır. Әlabbasın bəzi orijinal dil tərcihləri çağdaş morfologiyanın sərhədlərini aşsa da, tarixi morfologiya içində mümkün şeylərdir. Bizcə, yazıçının əsərlərinin bu yönü – yani tarixi qrammatikanın izləri ayrıca incələnməlidir.

onu heç salamat gəlməsin gəldiyi yerdə”: gəldiyi yerdən” əvəzinə “gəldiyi yerdə” işlədilməsi də diqqət çəkir. Türkiyənin Әrzincan ağızlarında ismin ablativ (çıxışlıq) halı yerinə lokativ (yerlik) halının gəlməsi yayğın bir morfoloji kullanım ikən Azərbaycanda bu nadir görülən bir hadisədir. Bizcə, burada da tarixi morfologiyanın izləri vardır.

   yerinə girənin oyağıdı” (s. 441): “Yerinə (yatağına) girəndən bəri oyaqdır” ya da “Yerinə (yatağına) girəndən bəri gözünü yummayıb, çimir eləməyib” əvəzinə bu ifadədən istifadə etmək məcazlaşdırma və nəsr poetikası yönündən daha uğurlu sayıla bilər. “Kənddə adam tapmazsan ki, əlindən lələdağlı olmasın…”: “… əlindən lələdağlı olmaq” ifadəsi tarixi leksika yönündən dəyərləndirilməlidir. Biz bu ifadənin “Әsli-Kərəm dastanı” ilə əlaqəsi olduğunu təxmin edirik. Dar gədikli Әrzurum dağlarına lələsi ilə birlikdə yolçuluğa çıxan Kərəm “Lələm dedi “gəl qayıdaq bu yoldan!” / Dedim “qayıtmaram, mənə ar gəlir!” deyir. Təbii ki eyni imlalı “dağ” kəliməsinin (türk dillərinə məxsus “yer səthindəki yüksəklik” mənasındakı “dağ” ilə fars dilindən keçən və “yara, qaysaq” mənasındakı “dağ”ın) birər omonim söz olduğu da diqqətə alınmalıdır. Burada “dağ”ın sinkretik yönündən, bəlkə də, bir çeşid motivləşmə özəlliyindən belə söz etmək olar.

 “… asta-asta, aram-aram həvələnən hananın yeknəsəq taqqıltısı”: Bu söz birləşməsində xalçaçılıq terminologiyasından söz edilsə də, musiqi terminləri də gözdən qaçmamalıdır. Әslində bu iki fərqli sahənin terminləri arasında qəribə bir paralellik vardır. 22-23 yaşlı Әlabbasın xalçaçılıq və musiqi terminologiyası arasındakı uyarlıqdan xəbərdar olması və onu ədəbi bir mətn içində təqdim etməsi təqdirə layiqdir.

Deməli, belə…”: Çox maraqlıdır, Əlabbasın “deməli belə”si kalka, yəni başqa dilə aid düşüncə ya da ifadə qəlibi (“znaçit tak”) deyil, qənaət modelli milli bir seçimdir…

Kənd yeri, yay vaxtı, özü də gül-çiçək qoxusu gələn bir gecə…: Adlıq cümlələrin ortasındaki “özü də” ədat qrupu bu adlıq cümlələri danışıq dili leksikasına daxil edir.

Bu kənd … gümüşü sükuta batmışdı”: Ay işığına qərq olmanın daha obrazlı ifadəsi; yazarın “Gümüşü gecələr” adlı  əsəri olduğunu da yada salaq.

heç harası görünməyən kişilərin sifətində ağappaq dişlər peyda oldu” (s. 475): Kişilərin kişi kimi olmadığı bir cəmiyyətin təsviri – “İnək buynuzlu öküzlər” məsələsi…

   Biz Әlabbasın “Köhnə kişi” povestindən seçdiyimiz otuzdan çox ifadə və cümləni linqvistik yöndən səthi də olsa, təhlil etməyə çalışdıq. Bəzi örnəklərin üslubundan da söz etdik. Povestdən seçdiyimiz yüzlərcə ifadə və cümləni isə dəyərləndirmə imkanımız olmadı. Bu örnəklərin hamısı ümumi dilçilik və ədəbi sənətlər baxımından tədqiq olunmağa layiqdir. Təxminən qırx il əvvəl qələmə alınmış povestin dili haqqındakı qeydlərimiz gecikmiş bir münasibətdir bəlkə də… Yazıçının böyük bir zövqlə oxuduğumuz digər əsərləri onların dili haqqında daha bir neçə yazı yazmağımızı vacib hala gətirdi. Təki sağlıq olsun…

İnşallah, nasirin 65 ya da 70 illiyində Әlabbas əsərlərinin dili haqqındakı bir kitabla oxucuların görüşünə gələrik…

Dəyərli nasir, gözəl ziyalı, qayğıkeş dost və incə qəlbli insan Әlabbas bəyi 60 yaşı münasibəti ilə təbrik edirəm…

Sevgi və dostluqla,

Nazim Muradov

Şimali Kipr Türk Cümhuriyyəti,

Lefke Avrupa Üniversitesi / KKTC

04 Aprel 2017

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10