Yazıçıdan Ağdamla bağlı Açıq məktub – Mətn

0 Baxış

hg

Tanınmış jurnalist Fəxrəddin Hacıbəylinin “525″də işğaldan azad edilmiş Ağdam rayonuna qayıdışla, sakinlərin oraya səfər turlarının təşkili və digər bu kimi məsələlərlə bağlı təkliflərini əks etdirən silsilə yazıları dərc olunub. Onun bu təklifləri ictimai reaksiya doğurub və Ağdam sakinləri tərəfindən razılıqla qarşılanıb.

Əslən Ağdamdan olan yazıçı Vüsal Nuru da bu mövzu ilə əlaqədar münasibətini, təkliflərini açıqlayıb. Onun bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhərində xüsusi nümayəndəsi Emin Hüseynova ünvanladığı Açıq məktubu təqdim edirik.

Çox hörmətli, Emin müəllim!

Biz – ağdamlılar qazanılmış şanlı qələbəyə, azad olunmuş Qarabağımıza görə Cənab Prezidentimizə sonsuz minnətdarlıq hissimizi hər fürsətdə bildiririk. Bizim qalib və qürurlu bir xalqa çevrilməyimizdə bütün imkanlarından istifadə edən və dövlətimizin ərazi bütövlüyünün bərpasına nail olan Ali Baş Komandanımızın yanında durmaqdan, birlik olmaqdan fəxarət hissi duyuruq. Cənab Prezidentimizin Azərbaycan xalqının bu günü, gələcəyi üçün apardığı daxili və xarici siyasətini Ağdam camaatı olaraq ürəkdən alqışlayırıq. Bu siyasətin parlaq nəticələri göz önündədir. Bu gün biz öz ömrümüzü qürurla yaşayırıq. Uşaqlıq illərimiz işğal dövrünə düşsə də, şükürlər olsun ki, indi yurdumuza qayıdırıq. Düşmənin xaraba qoyduğu evlərimizin yerində Cənab Prezidentimizin təşəbbüsü ilə dünyanın ən gözəl şəhəri salınır. İşlər artıq öz yoluna düşməkdədir.

Xəyalları, arzuları gerçəkləşdirmək üçün Ağdamda çalışan və çalışacaq şirkətlərə böyük sayda işçi kollektivi gərək olacaq. Heç şübhəsiz ki, indi də var. Mən Ağdam gəncləri adından sizdən xahiş edirəm ki, şəhərimizin tikintisində, bərpasında yaxından iştirak etmələri üçün Ağdam sakinlərinə geniş imkan yaradılsın, onlar tikinti işlərinə cəlb olunsunlar. Bu, həm maddi, həm də mənəvi cəhətdən ağdamlılara böyük dəstək olar. Biz evlərimizi öz əllərimizlə tikər, yorulmadan çalışarıq. Ağdamımız üçün əlimizdən gələni etməyə hazırıq. Yetər ki, biz bu işlərə cəlb olunaq. Eyni zamanda, ağdamlıların iş problemi artan sürətlə öz həllini tapmış olar.

İkinci xahişim də var: Torpağın müqəddəsliyi onun məzar yerlərindən başlayır, Vətən olur. Biz bu Vətən olan torpaq uğrunda candan keçirik. Hər zaman da canımız Vətənimizə fəda olsun!

Çox təəssüf edirik ki, bu gün babalarımızın, ata-analarımızın məzarı demək olar ki, yoxdur. Doğrudur, Vətənin ayağı-başı olmur. Amma həqiqət budur ki, hər kəs doğulduğu kənddə, şəhərdə torpağa qarışmaq istəyir. Vətəndaşdan vətən daşına dönmək arzusundadır. Tarix məzarlarda gizlənir, məzarlardan aşkarlanır. Biz bu torpaqlara məzarlarımızla bağlanır, kök salır, möhkəmlənirik. Binaların təməlləri beton dirəklər olduğu kimi insanın da təməli məzardakı sümüklərdir. Bu gün insan olaraq bizim də təməlimizin o torpağa qoyulmasına ehtiyac var. Əcəl, təəssüf ki, zamana, xahişə baxmır. İllərlə torpaq həsrətində yaşayan, yaşlanan, Vətən dərdindən min bir xəstəlik tapan ata-analarımız bu gün də yurd yerlərinə ayaq basmadan dünyalarını dəyişirlər. Onları bu gün müvəqqəti məskunlaşdığımız yerlərdə dəfn edib, sabah Ağdamda könül rahatlığı ilə yaşamaq bizim üçün nisgil olacaq.

Sizdən, dönə-dönə xahiş edirik ki, Ağdam camaatına imkan, şərait yaradılsın, onlar öz doğmalarını ayrılmış qəbiristanlıqda dəfn edə bilsinlər. Biz bir neçə ildən sonra evimizə köçəndə heç olmasa, bu doğmalarımızın qəbirləri həsrət çəkdikləri torpaqdan uzaqda qalmasın. Didərgin düşdükləri doğma torpağa heç olmasa məzar olaraq qayıtsınlar.

Ümid edirəm ki, ağdamlılar üçün həssas olan bu iki məsələnin həllindəbizə əlinizdən gələn köməkliyi göstərəcəksiniz.

Sizə dərin hörmət və ehtiram bildirirəm.

Vüsal NURU
Yazıçı, Prezident təqaüdçüsü, “Azərbaycan” jurnalının məsul katibi
525.az

Bölmə : Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10