Yazıçılar Azərbaycan televiziyalarını boykot etdi

157 Baxış

etirazesas

Sosial şəbəkələrdə Azərbaycan televiziyaları tez-tez tənqid olunur. Televiziyalarda gedən verilişlərin səviyyəsinin aşağı olduğu, teleməkanın böyük bir toyxanaya çevrildiyi iradları bildirilir. Bununla yanaşı televiziyalarda ədəbiyyat, mədəniyyət verilişlərinin olmaması da sosial şəbəkə istifadəçilərini qıcıqlandıran amillərdəndir. Yazıçılar da tez-tez televiziyalara qarşı sərt tənqidi fikirlər səsləndirirlər. Onlar ədəbiyyat adamlarının bilərəkdən verilişlərdən uzaq saxlanıldığını, verilişlərə dəvət olunan yazıçıların, şairlərin də müəyyən vasitələrlə aparıcılar tərəfindən gözdən salındığını deyirlər.

Buna görə də sosial şəbəkələrdə tez-tez “Televiziyaları boykot edək” çağırışı səsləndirilir. Yazıçılardan boykotla bağlı nə fikirləşdiklərini, çağırışın nə dərəcədə haqlı olub-olmadığını, boykota qoşulub-qoşulmadıqlarını soruşduq. Cavabları sizə təqdim edirik:

 

 

seyranSeyran Səxavət

– Boykota qarşı mənim münasibətim birmənalı deyil. Düşünürəm ki, boykot hər şeydən əlini üzəndən sonra ən axırıncı variant kimi meydana çıxmalıdır. Azərbaycan televiziyalarının səviyyəsi son dərəcədə aşağıdır. Bu yaxınlarda Avropa Oyunları keçirildi. Görün onu necə gözəl işıqlandırdılar. Baxdıqca adam qürur hissi keçirirdi. Belə gözəl şeylər də olur televiziyalarımızda.

Ancaq mən dünyanın heç bir yerində belə səviyyəsiz teleməkan görməmişəm. Verilişləri bir-birinə oxşayan, ağlaşma janrında filmlər, toy mahnıları verən, sərt, qardaş-bacını zorladı, ata oğlunu öldürdü tipli verilişlər hazırlayan ikinci telekməkan yoxdur. Axı bu millət ancaq kriminaldan, namərdlikdən ibarət deyil. Televiziyalarda yazıçıları aşağılamağa çalışırlar. Bir dəfə qatıldığım verilişlərin birində, cavan uşaq özünü mənə qarşı birtəhər apardı. Sonra o, uşaq dedi ki, aparıcı mənə tapşırmışdı ki, belə edim. Veriliş bir az maraqlı olsun. Bunların qabı o qədər boşdur ki, bir qonağını başqa bir qonağının üstünə qaldırmaqla proqramını reytinqli etmək istəyir. Mən söhbətimin əvvəlində də dedim ki, boykot ən axırıncı addım olardı. Əgər bunlar televiziyaları boykot etmək istəyirlərsə, bunun üçün bir səbəb var. Azərbaycan dilini məhv edən Azərbaycan televiziyalarıdır. Artıq heç kim mükəmməl, hər bir fikri ifadə edə bilən, səmavi Azərbaycan dilində danışmır. Hamı kamera görən kimi televiziya dilində danışmağa başlayır. Tovuzun Əlibəyli kəndindən reportaj verirdilər, bir tovuzlu qadın düşmən tərəfindən atılan güllələri əlinə alıb, şirin ləhcəsi ilə deyir ki: “Görürsənmi dərdin alım, gecə-gündüz güllələrə məruz qalerıx”. Axı Tovuz camaatı “məruz qalerıq” demir. Bu fikri bir dəfə də demişəm, indi də deyirəm,  bu gedişlə Konstitusiyada dəyişiklik edib, Azərbaycanın dövlət dili əvəzinə televiziya dili yazacayıq.  Televizyalarda hər yoldan ötəni aparıcı olmamalıdır. Mən bununla bağlı proqram hazırlamışam. Birinci dəfə səhvləri göstərərək televiziyalara xəbərdarlıq etmək lazımdır ki, sən dilimizə hörmət göstəməlisən. İkinci dəfə bu barədə ciddi xəbərdarlıq etmək, üçüncü dəfə isə onların lisenziyalarını almaq lazımdır. Onda gör onlar, necə dəridən qabıqdan çıxırlar.

 

mushfiq
Müşfiq XAN

– Yerli televiziyalarımızdakı verilişlərin əksəriyyəti tör-töküntü və uğursuz plagiatlardır. “Mətbəx” janrında proqramlarla tamaşaçıların beynini yumaqla məşğuldurlar. Şəxsən mən yerli TVlərin çoxunu evdə siyahıdan silmişəm ki, övladlarım baxıb yanlış yöndə inkişaf etməsinlər. Axşama kimi başımız yazıya-pozuya qarışır, görün uşaqları TV pultları arxasında oturmuş hansı “insanlara” həvalə edib gəlirik də…

 

 

 

 

 

sherif

Şərif Ağayar

– Boykota qoşulmuram. Çünki gərək görmürəm. Mən ümumiyyətlə televiziyaya baxmıram. Görünür yaşın elə bir çağı gəlir ki, artıq adam aldanmır və aldanmaq istəmir. Boş vaxtımda filmlərə, bəlgəsəllərə baxıram. Ciddi kino ilə dincəlmək lüksünü çoxdan yaxalamışam. Mənə lazım olan televerilişlərə isə sonradan internetdə baxıram. Azərbaycan efirini boykot etmək tendensiyası maraqlıdır. Görünür nələrisə anlayıblar. Ancaq efiri boykot edib hara gedirik? Bax önəmliisi budur. Əgər efiri kitaba dəyişiriksə, ciddi kinoya, ciddi musiqiyə, rəssamlığı, memarlığı öyrənməyə dəyişiriksə beşəlli alqışlayıram.

 

 

 

DILQEM

Dilqəm Əhməd

– Mən zatən uzun zamandır həm də vaxt qıtlığını nəzərə alıb Azərbaycan televiziyalarını izləmirəm. Həddindən artıq səviyyəsiz verilişlər verilir, nəinki universitet təhsili olan, adicə kurs keçməyən şəxslər aparıcılıq edir. Hətta Azərbaycan tarixi ilə bağlı verilişləri də izləyə bilmirəm. Baxmayaraq ki, bu tipli verilişlərdə aparıcı intellektual adam olsa da, qonaqlar çox savadsız olur. Ona görə də mən uzun müddətdir boykot etmişəm. Boykot qərarımı sadəcə I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri üçün pozdum. Hazırda isə yenə də boykota davam edirəm. Space TV-dəki qalmaqalı isə dünən internetdə izlədim. Həm müğənni, həm özünü yazar adlandıran şəxs, həm də aparıcı olduqca qeyri-peşəkar və efir üçün lazımsız adamlardır. Qalmaqal baş verir, təhqir səslənir, aparıcı isə nə edəcəyini bilmir. Bu baxımdan boykotu dəstəkləyirəm”.

 

 

 

 

mirmehdi

Mirmehdi Ağaoğlu:

– Azərbaycan televiziyaları o qədər bayağıdır ki, onları boykot etmək belə azdır. O kanalların yiyələrini xalqın, zövqünü korladığına görə bəlkə məsuliyyətə də cəlb etmək lazım gələrdi. Bu xalqın kitabdan, mədəniyyətdən bu qədər uzaq düşməsində kanalların da rolu az deyil. Dəstəkləyirəm qoy boykot etsinlər baxmasınlar yerli tvlərə, mənə qaldıqda isə artıq 10 il olar ki, demək olar özümü yerli kanalların izləyicisi hesab etmirəm. Yerli efirdə elə bil veriliş yoxdur ki, hər həftə məni ekran başında oturmağa vadar etsin. Yaddaşım məni aldatmırsa axırıncı belə veriliş “Gecə kanalı” olub.

 

 

 

 

sexavetsahil

Səxavət Sahil

– Hesab edirəm ki, Azərbaycan televiziyalarını baykot etmək zərurətdən yaranıb. Bu addımı atmağa son vaxtlar TV-lərdə baş verən xoşagəlməz olaylar səbəb olub. Amma bütünüklə televiziyaları boykot etmək düzgün olmaz. Burada əsas məsələ konkret TV kanalından getməlidir. Ən əsası isə konkret verlişi baykot etmək daha düzgün olar. Digər tərəfdən həmin TV-lərdə “Xəbərlər” və bu kimi proqramlar var. Məncə Mədəniyyət, İdman və İTV-ni baykota aid etmək düzgün olmaz.

 

 

 

Zəka_Vilayətoğlu

Zəka Vilayətoğlu

- İnsanlarımızın əxlaqına, düşüncəsinə, mənəviyyatına, dünyagörüşünə mənfi təsir edən hər şeyin əleyhinəyəm. Amma mən deməzdim televiziyalarımız boykot edək, televiziyalarımızda yer alan, yayınlanan əksər səviyyəsiz proqramları boykot etmək lazımdır.

 

 

 

 

 

alpaay

Alpay Azər

– Bəzən normal yanaşıram bu məsələyə. Amma xaraktercə konsesnsual meylli olduğum üçün boykota qoşulmazdan öncə yüz dəfə götür-qoy edirəm.

 

 

 

 

rufet

Rüfət Əhmədzadə

– Mən efirlərə getmirəm, əyləncəli verilişləri boykot edirəm, amma səviyyəli tərkibdə hansısa müzakirəyə qoşula bilərəm. Sadəcə vaxtaşırı etirazı bildirməli və təzyiq göstərməliyik. Boykot süni səslənir. TV-lərə baxmıram, lazım olanda hansısa məqama diqqət yetirirəm. Bu qədər sadə, hər kəs inqilabı özündən başlamalıdır. Sürü şəklində nəsə nəticə əldə edəcəyimizə inanmıram.

 

 

 

zeynalli

 Təvəkkül Zeynallı:

- Məncə bu boykot çağırışı yetərincə maraqlı və haqlı çağırışdı. Mən dəstəkləyirəm. Yəni, bu gün televiziya kanallarında bəzi istisnalar olmaqla maarifləndirici, faydalı proqramlar çox azdır. Televiziya kanalları daha çox istedadsız, səviyyəsiz və savadsız müğənniləri, “ulduzlar”ı reklam etməklə və onları sanki xalqa bir nümunə kimi göstərməklə məşğuldur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10