Yazıçılar birliyində detektiv romanın xəfiyyəsiz müzakirəsi

380 Baxış

musfiq xan sergi

 Müşfiq XAN

Məlumunuz, bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyində həmmüəllifi olduğum “Ümidlərin izi ilə” romanının müzakirəsi keçirilib.

Hadisədən hali olmayanlar üçün bir-iki vacib mətləbi açıqlayım. Nəyə görə məhz “hadisə” adlandırmağımı isə səbr eləsəniz, bir az sonra açıqlayacağam.

Romanın digər həmmüəllifi Şəmil Sadiqdir. Tənqidçilərin, ədəbiyyat adamlarının və oxucuların sayğı-dəyər fikirlərindən asılı olmayaraq əsərin süjetini quran, proloq, epiloq və kulminasiyalarını yazan həmmüəllif olaraq kəsinliklə bəyan edirəm ki, “Ümidlərin izi ilə” romanı detektiv qurğusu ilə kriminal-detektiv alt janrdadır. Birinci nəşri 2012-ci ildə – Xocalı faciəsinin iyirmi illik anım ilində işıq üzü görüb. İkinci nəşri bir il sonra, üçüncü nəşri isə bu ilin yanvarında.

Əsər haqqında ətraflı yazmağa lüzum görmürəm. Zatən oxuyan oxuyub, müzakirənin də mətni senet.az-da verilib. Tanış ola bilərsiniz. Müzakirə linkləri:

I HİSSƏ

II HİSSƏ

Lütf edib kitabı alıb oxuya da bilərsiniz.

Qeyd edim ki, romanın müzakirəsi AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan tədbirdə tənqidçi Nərgiz Cabbarlı, kitabın birinci nəşrinin redaktorları Elxan NəcəfovArif Əsədov, şairə Nuranə Nur iştirak ediblər.

Gənc yazarlara dəstək olduqlarıyçün, vaxt ayırdıqlarıyçün və ələlxüsusda müzakirəni məhz o möhtəşəm və əlçatmaz Uca Birlikdə etdikləriyçün hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.

Di gəl ki, müzakirəyə qulaq asannan bəri qafamı məşğul edən məchul mətləblərə hələ də aydınlıq gətirə bilməmişəm. Yorucu olmamasıyçün, İnşəallah sizlərin qənşərinizdə bunlardan önəmli bildiyim bir neçəsini əxz eləmək istəyirəm. Belə ki…

  1. Romanın üç qəhrəmanı – Ramil, Aytəkinmayor Qüdrətov ön planda ola obrazlardır. Hətta mayor Qüdrətov əsərin proloqunda, kulminasiyalarında və epiloqunda addım-addım oxucunun yanındadır. Müzakirədə bu prototipin adı bircə dəfə də olsun çəkilməyib və hətta əsərdəki pis, yarıtmaz, uğursuz, yaxud da bəyənilən, uğurlu fəaliyyəti və yeri barəsində danışılmayıb. Səbəbini ikinci punktda yazıram.
  2. Birinci nəşrin redaktorları xaricində müzakirədə iştirak edən digər dostlarımız 408 səhifəlik romanın 100-120 səhifəsini oxumaqla yetiniblər. Bir nəfər – hörmətli şairəmiz Nuranə xanım isə əsəri sadəcə 30 səhifə/dəqiqə sürətlə vərəqləyib.
  3. Müzakirə iştirakçılarının Qərb və Avropa detektiv şablonçuluğunu üstüörtülü, bəzən də aşkarcasına hədəfləyən suçlamalarını əsassız sayıram. “Ümidlərin izi ilə” qayət xəfiyyə ədəbiyyatında millilik xəttini özündə əks etdirən bir romandır. O qədər milli ki, dövlət əhəmiyyətli vacib əməliyyat üçün xarici ölkəyə gedən mayor Qüdrətov qadınlara nəzərəçarpacaq düşkünlüyü ucbatından orda da “dinc qalmayıb” oxucunu təəccübləndirməyi bacarır. Siz də etiraf edərsiniz ki, nəhayətində bu Holmsun, yaxud Puaronun özəlliyi deyil. Bunu məhz İmamqulu edə bilərdi.
  4. Müzakirədə əsərin məzmunundan kənaraçıxmalar aşırıdır. İlqar müəllim öz ədəbi eksperimentlərini söhbətin gözünə çox vurub. Deyim ki, “Aktrisa”nı oxumuşam. Filminə isə əsərlə tanış olmamışdan əvvəl baxmışdım. Kompüterin şifrəsinin çözülməsi bir yana, gündəliklə bağlı eksperiment olduqca primitivdir. Hətta “Ümidlərin izi ilə”də Aytəkinin gündəliyindən daha bəsit priyomda oxucuya təqdim olunub. Zənnimcə bu həngamənin fonunda sayğı-dəyər moderator səylərini daha çox müzakirə edilən romanın heç olmasa əsas süjet xəttinin açılmasına ayırsaydı, böyük lütf etmiş olardı.

 

  1. Nərgiz xanımdan xahiş edirəm ki, vaxtı və fürsəti olsa əsərin yerdə qalan 308 səhifəsini də oxusun.

Və nəhayət, çıxışımın əvvəlindəki sözümün üstündə dayanıb son bir məsələyə aydınlıq gətirirəm. Həmmüəllifi olduğum romanın mədhiyyəçi olmayanları üzv etməyən, istedadı çatanlara təqaüd verməyən və dərgisində yer ayırmayan bir təşkilatda, həm də ilin-günün bu vaxtında müzakirə edilməsi isə sözün əsl mənasında mənimçün hadisədir. İstisnalar qaydaları pozmur. Nə də ki, “Ümidlərin izi ilə” romanını yazanda fikrim Konan Doylluq, Allan Poluq, Simenonluq etmək olmayıb. Nə yazdığımı da yaxşı bilirəm – Azərbaycan reallığında vur-tut ortabab bir romandır. Amma əsl müzakirə belə olmur, əzizlər…

p.s. Yadımnan çıxmamış deyim ki, müzakirə etdiyiniz roman mənim ikiillik qələm təcrübəmin məhsuludur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10