Yazıçılardan “Oxu günü”nə dəstək

104 Baxış

yazar 25 apreldə mütaliəyə diqqətin artırılması məqsədilə “Oxu Günü” keçiriləcək. Senet.az “Oxu günü” ilə bağlı yazıçıların fikirlərini sizə təqdim edir:

 

 

 

 

 

 

 

 

 

 

metiosmanoglu

Məti Osmanoğlu: Hazırda ən böyük milli və ictimai problemlərimizdən biri vətəndaşlarımızın kitaba, oxumağa münasibətinin passivliyidir. Azərbaycanda nəşr olunan bədii kitabların, ədəbi jurnalların tirajı heç də ürəkaçan deyil. Ona görə də kitab oxumağı təşviq edən hər bir təşəbbüs, bu istiqamətdə atılan hər bir addım əhəmiyyətlidir. “Hədəf”in təşəbbüsünü alqışlayıram. Bu tədbirin (və ya bu cür tədbirlərin) keçirilməsi problemi birbaşa həll etməyəcək. Ancaq cəmiyyətin nəzərinə çatdıracaq ki, bizim oxumamaq adlı dərdimiz var…

 

 

Kenan-Haci1

Kənan Hacı: “Hədəf” nəşrləri ədəbiyyatımız, mədəniyyətimiz üçün faydalı olan işlər görür. Bu festivalın keçirilməsini də çox mühüm bir addım kimi qiymətləndirirəm. Düşünürəm ki, bu tipli festivallar daha geniş, miqyaslı şəkildə, mütəmadi olaraq keçirilməlidir. Alqışlayıram! Əlbəttə, oxucuların kitaba marağının artması üçün bu cür festivalların, yarmarkaların keçirilməsinə çox böyük ehtiyac var.

 

 

dilqem

Dilqəm Əhməd: “Hədəf” nəşrləri indiyə qədər kitabla bağlı xeyli kampaniya keçirib. Əksəriyyətinin uğurlu olduğunu görmüşəm. Səyyar kitabxana aksiyası, Kitabevim.az mağazasındakı tədbirlər kitabların vətəndaşlara daha rahat çatmasını təmin edib. Bu baxımdan “Oxu günü”nün də insanlarımızın kitaba olan marağının artıracağını düşünürəm. Bakıda kitab mağazaları azdır, rayonlarda isə demək olar ki yoxdur. Bəzən mən rayonlarımızda yaşayan dostlarıma buradan oxumağa kitab göndərirəm. Ona görə də bu tip kampaniyaların bölgələrdə də olmağını arzu edirəm”.

 

 

Zəka_Vilayətoğlu

Zəka Vilayətoğlu: Bu cür cəhdləri, fədakarlığı alqışlayıram və tərəfdarıyam. Oxucularda maraq məsələsinə gəlincə deyə bilərəm ki, hər şeyin bir bünövrəsi, təməli olduğu kimi oxuculuq, mütaliə həvəsinin, bacarığının da bir təməli olur. Yəni hər bu təbliğat insanların erkən yaşlarından başlamalı, mütaliə mədəniyyəti formalaşdırılmalıdır. Heç şübhəsiz kitaba sevgisi, marağı olan oxucular həmişə var və olacaq. Bunun daha böyük vüsət alması üçün əlbəttə təbliğatın ayrıca rolu, güclü təsiri var.

 

 

sevinc-elsev-r-jpg

Sevinc Elsevər: Bu cür tədbirlər beş-on yeni oxucu belə qazandırsa yenə böyük işdi. Kitab gündəmə gəlir ən azı. Marağı olmayanlar da düşünür ki,bu cür tədbirlər,festivallar keçirilirsə,burda nəsə var. Biz bir az reklama qaçan xalqıq. O baxımdan yaxşıdı.

 

 

Emin Piri koshe 2

Emin Piri: Cəmiyyətdə maariflənməni aparan istənilən aksiya alqışa layiqdir. Sadəcə bu tip aksiyaları püxtələşdirib davam etdirmək lazımdır ki, kitab bazarı bizdə də formalaşa bilsin. Məncə dünyanın ən gözəl biznesi uşaq paltarı və kitab biznesidir. Uğurlar arzu edirəm.

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10