Yazıçıların böyük əksəriyyəti öz oxucusuna inanmır – SORĞU

162 Baxış

02 Ədəbiyyatşünaslıq yeni yaranan ədəbiyyata necə baxır: Ədəbiyatşünaslıqla günümüzün ədəbiyyatı arasındakı münasibətlər sizi qane edirmi?

Senet.az bu suallarla ədəbiyyatçılara müraciət etdi. Onların cavablarını olduğu kimi təqdim edirik. 

 

 

 

 

 

1

Yazıçı, dramaturq Firuz Mustafa:

–Ədəbiyyatşünaslıq elmi, daha doğrusu bu sahədə çalışan mütəxəssislər imkan daxilində yeni yaranan ədəbi əsərləri təhlilə cəlb edir. Amma məni qane etməyən cəhət odur ki, bu təhlillər bir çox hallarda ya səthi olur, ya da ki, tendensiyalı səciyyə daşıyır. İndiki halda yalnız “yıxıb-sürüməklə” və ya yalnız “tərifləyib göyə qaldırmaqla” məşğul olan ədəbiyyatşünaslara, bir az da dəqiq desək tənqidçilərə, bir qədər də avropasayaq desək esseistlərə ehtiyac hiss olunur. Ədəbiyyatşünaslıqla günümüzdə yaranan əsərlər arasında münasibət necədir?… Bu suala konkret cavab vermək bir az çətin gəlir… Amma belə hesab edirəm ki, hər iki tərəfin, hər iki fenomenin, yəni ədəbiyyatşünaslıq və ədəbiyyatın və ya bu tərəflərin konkret daşıyıcı qüvvələri arasında vəziyyət qaneedicidir. “Daşıyıcı” deyəndə ki, bir tərəfində tənqidçilər, digər qütbündə yazıçılar dayanır. İndiki halda onların arasında xoş münasibət var. Çox vaxt tərəfləri yemək-içməkdə, bir-birini tərifləməkdə, bir-birinin şərəfinə sağlıq deməkdə görmək olar. Əsasən, cavanlar qocaları, qocalarsa cavanları tənqid etməklə “inkişafa” xidmət edirlər. Amma arada həmyaşıdların da bir-biri ilə höcətləşməsinə təsadüf olunur. Əgər bunu da “tənqid” desab etsək, ədəbi təsərüfatda hər şey “qaydasındadır”.

 

 

 

33

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Nərgiz Cabbarlı:

– Əvvəla deyim ki, ədəbiyyatşünaslıq hər zaman olduğu kimi yenə də müasir ədəbiyyatı izləyir. Eyni fikir ədəbi tənqidə də aiddir. Qəzetlərə, ədəbi orqanlara, saytlara baxın, görəcəksiniz. Amma ümumi halda götürsək, bu münasibətin ədəbiyyatın tənqidə olan münasibətinə adekvat olduğu görünər. Ədəbiyyat – yəni yazar tənqidi bəyənmir, ondan narazıdır, tənqid də müasir ədəbiyyatın zəifliyini daha çox qabardır. Amma (tənqidçi olduğumdan deyil, həqiqətən belədir) məncə, yeni yaranan ədəbiyyat haqqında tənqidin yanaşması qənaətbəxşdir. Bizdə bəzən elə düşünürlər ki – xüsusilə də ən yeni nəslin qələm sahibləri – yaratdıqları şedevrdir, dahilik nümunəsidir və bu haqda söz demək tənqidin də, tənqidçinin də borcudur. Amma tənqid də yaradıcılıq sahəsidir. Tənqidçi də ona təsir edən və müsbət anlamda dəyərləndirdiyi əsərdən yazmaqda sərbəstdir. Onun “yazılmış bütün mətnlərdən, hətta “ədəbi maklaturadan” – belə demək mümkündürsə, yazmalısan”, – deyə bir borcu, öhdəliyi yoxdur. Yazarların əksəriyyəti niyə belə düşünürlər, bilmirəm. Əsər əsərdisə, hadisədirsə, ya da heç olmasa gözəl bir bədii nümunədirsə, onun haqqında danışmaq da, yazmaq da artıq tənqidçinin özü qarşısında mənəvi borcu olur. Yanlış anlaşılmasın deyə bir daha qeyd edim: Özü, peşəsi və Ədəbiyyat qarşısında borcu. Yazıçı və ya şair qarşısında deyil…

O ki qaldı ədəbiyyatşünaslığa, bunun üçün institutlar var, elmi icmallar, dissertasiyalar, elmi məqalələr yazılır. Və inandırıram ki sizi, yazıçıların, şairlərin böyük əksəriyyətinin də elmi səviyyədə aparılan o tədqiqatlardan xəbəri yoxdur. Olsa da, əgər öz adları tədqiqatda keçirsə, bunu eşidərək o məqaləni oxuya bilərlər. Həm də ad çəkilən yeri. Vəssalam. Əlbəttə, bunu hamıya şamil etmirəm. Amma əksəriyyətdə belədir. İstəsəniz, bir sorğu da keçirin, görün ədəbiyyatşünaslıq sahəsində hansısa bir yeniliklə, hansısa bir tədqiqatla maraqlanırlarmı?

Və məncə, bizim qələm sahiblərinin düşüncəsində, təfəkküründə özünə yer etmiş “tənqidçinin borcudur, mütləq məni oxumalıdır” stereotipi dağımayınca, qarşılıqlı anlamda münasibətlərin normal adlandırılması da mümkün olmayacaq.

 

 

 

3

Filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova:

– Bugün müasir ədəbi proses və ədəbiyyatşünaslıq arasındakı münasibətlər hər iki tərəfi qane etmir. Yeni yaranan ədəbiyyat ədəbiyyatşünaslığı “passiv” deyə ittiham edirsə, ədəbiyyatşünaslıq da içdən-içə müasir ədəbiyyatı “hansı ədəbiyyat?” deyə sorğulamadan məsələyə yanaşa bilmir. Təbii ki, mənim geniş müansibətləri nəzərdə tuturam. Ayrı-ayrılıqda, hər iki tərəfi bir müstəvidə birləşdirən, ədəbiyyata operativ reaksiya bildirən ədəbiyyatşünaslar, və yaxud ədəbiyyatşünaslıqda baş verənləri müşahidə edən ədəbi proses nümayəndələri vardır. Sadəcə olaraq, bir ədəbiyyatşünas kimi yanaşsam, məni müasir ədəbi prosesdə qane etməyən cəhətlər çoxdur. Adi oxucu ilə ədəbiyyat haqqında müəyyən qədər bilgiyə sahib oxucunun konkret bir bədii əsərə münasibəti fərqlidir. Müasir ədəbiyyatı daim izləməyə çalışıram. Amma ədəbi prosesə daxil olan hər əsəri sona qədər oxuya bilmirəm. Buna əsər özü icazə vermir. Əsər oxucunu bir macəraya sürükləməlidir. Oxucu oxuduğu mətnə necə deyərlər, gömülməlidir. Xüsusilə, informasiya cəmiyyətini yaşamış bir oxucunu, düşüncə şəkli və məntiqi əcdadından fərqlənən oxucuda maraq oyatmaq lazımdır. Müasir ədəbi proses nümayəndələrinin böyük əksəriyyəti öz oxucusuna inanmır. Bədii mətn vasitəsilə ötürmək istədiyi informasiyanın oxucu tərəfindən çözülə bilməzliyi qorxusunu yaşayır, müasir yazarlarımız, xüsusilə gənclər sanki, öz intellekt dərəcəsini ölçmək üçün yarışırlar. Bir az iddialı oldu, amma fikrimi əsaslandırmaq üçün kifayət qədər mətnlərə rast gəlmişəm. Təbii ki, yeni yaranan ədəbiyyat içində əslədəbiyyat nümunələri yaranmalıdır. ədəbiyyatşünaslar yaxşı əsərləri dərhal sezir və dəyərləndirirlər. Müasir ədəbi prosesimizdə belə əsərlərə rast gəlirik. Amma çox azdır. Azlıq çoxluqda seçildiyi qədər, itə də bilir.

 

 

 

4

Yazıçı Azad Qaradərəli:

– Bizdə təəssüf ki, ədəbiyyatşünaslıq bir elm kimi deyil, idarəetmənin bir qolu, Lenin demişkən bir vintciyi, təkərciyi kimi yaranıb zaman-zaman. Məsələn şahlar şairdən istifadə etmək üçün onu sarayda yanlarında saxlayıb mədhiyyə yazdırıblar. Xalq da düşünüb ki, şair belə deyirsə, demək belədir. Sovet dövründə də eyni vəziyyət idi. Ən çox qazanan şair və yazıçılar idi, amma nəyə görə? “Zamanın bayraqdarı”, “Lenin”, “Xanlar”, “Abşeron”, “Gələcək gün” tipli əsərlərə görə. Halbuki bu əsərlər partiya sifarişi ilə yazılmışdı. Və ədəbiyyatşünaslıq, yaxud sovet dövrünün təbirincə desək, ədəbi tənqid bunları “təhlil” edirdi. Yəni mahiyyət bir idi: ideologiyaya xidmət və yaxşı qonorar almaq. Təəssüf ki. bu gün də eyni mənzərə davam edir. (Əlbəttə istisnalar var, amma azdır) Baxın, tənqidçilər əsasən kimlərdən yazırlar? Məmur, yaxud deputat yazıçılardan. Bu da bir növ köhnə asılılığın imitasiyasıdır. Qonorar olmasa belə yazırlar. Yeni araşdırmaçılar isə təəssüf ki, hələ yaranmayıb. Yəni yeni ədəbiyyat gərək tam yaransın ki, özünə yer etsin ki, özünün ədəbi araşdırmaçılarını, esseistlərini yaratsın. Bu ağır və üzücü mərhələdir. Amma yenisinin yaranacağına inanıram. Çünki yeni ədəbiyyat yeni baxışlı araşdırmaçını hökmən yaradacaq. Necə deyərlər. təlabat özünə orqan yaradar.

 

 

 

5

 

Filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə:

– Ədəbiyyatşünaslar ancaq onlar üçün maraqlı olanı oxuyurlar, bəzi müəlliflər əsərlərini hədiyyə edir, bəziləri imza günləri keçirib müəyyən mənada diqqəti cəlb edə bilirlər. Tanınma əsas şərtdir, bunun üçün təşkilatlanma, müəyyən məktəb olmalıdır. Bu ədəbi təşkilatın mətbu orqanı, tv-də və ya radioda öz verliş saatı olmalıdır ki, vahid düşüncə ilə uzlaşanlar toplaşıb, tanınsınlar ki, ədəbiyyatşünaslarda onları kəşf edə bilsin. Bunu sayt mediyası da edə bilər. Mütləq gəncliklə yaşlı nəslin təması gərəkdir. Yoxsa, ədəbiyyatımız əldə etdiyi təcrübəni itirəcək, yenidən, sıfırdan başlayacağıq. O ki qaldı ədəbi tənqidə. Ədəbi tənqid vacibdir. Müəllif öz qüsurlarını görə bilmir. Kim öz balasına kifir deyər? Qərəzsiz tənqid mütləq lazımdır.

 

 

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10