Azad Qaradərəlinin “Türkiyə notları” senet.az-da…
İstanbul mənə elə də sehrli-sirli təsir bağışlamadı ilk gördüyümdə. Uçaqdan düşəndə də, Boğaziçi körpüdən keçəndə də, hər irqdən olan insanla qarşılaşanda da… Gənc dostum Samir (o tibb uzmanlığı keçir burada, amma “Yazı” üçün hekayələr yazır, tərcümələr edir, dərgini ardıcıl izləyənlər görüb yəqin) də elə bu barədə soruşanda dedim:
-Bəlkə sənə qəribə gələcək, amma elə bil mən bu şəhərdə haçansa olmuşam…
“İstanbul yeddi təpədir, ata, sən bunların neçəsini gəzə biləcəksən, bilmirəm, amma çalış çox şey görəsən” – bunu Samirin həmkarı oğlum Nicat demişdi. Və elə bu amacla da ilk səfərimiz o təpələrdən birinə – Çamlıcayadır. Taksidə Çamlıcaya gedərkən əlimdəki məlumat kitabçasını vərəqləyirəm. Öyrənirəm ki, qədim İstanbul yeddi təpə üzərində qurulmuşdur: Topkapı Sarayı təpəsi, Çəmbərlitaş təpəsi, Bəyazıt təpəsi, Fatih təpəsi,Yavuzsəlim təpəsi, Edirnəqapı təpəsi,Kocamustafapaşa təpəsi. Daha sonra qeyd olunurdu ki, Köhnə təpələrdən başqa bu gün İstanbulda tanınan bu təpələr də mövcuddur: (qeyd: burada yazılışı yerli ləhcə ilə verməyə məcburam) Alemdağı, Aydos, Büyükçamlıca, (bizim yollandığımız) Çeliktepe,Çıplaktepe, Esentepe,Fetihtepe, Fikirtepe, Gayrettepe, Göztepe, Gültepe, Hürriyettepe, Küçükçamlıca, Sultantepe, Seyrantepe… və həkaza.
İstanbul — iki qitədə yerləşən nadir şəhərlərdən biridir — Avropa və Asiyada. Əhalisinin mütləq hissəsi müsəlman olan ölkədə Konstantinopol pravoslav kilsəsinin Mərkəzi və Konstantinopol – Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopunun iqamətgahı yerləşir. Bütün tarixi boyu şəhər 10 Roma, 82 Bizans İmperatorunun və 30 Osmanlı sultanın iqamətgahı olmuşdur. İstanbul uzununa 150 km, eninə 50 km ərazini tutur.Şəhərdə hər il təqribən 30 yeni küçə meydana gəlir,yeni yaşayış massivləri salınır. Türkiyənin hər 5 vətəndaşından biri İstanbulda yaşayır.
ÇAMLICADA
Bura hündür bir yerdir. Şəhərin elitar adamlarının gəzməyə, dincəlməyə, hava udmağa çıxdığı məkan. Elə buradaca onu deyim ki, dünyanın bu nəhəng şəhərində məni ilgiləndirən onların özləri demiş doğaya – təbiətə həssas münasibətin olması idi. Yəni bu Çamlıca deyilən yer təbiətin özüdür. Burada bir qəhvəxana və bir də kiçik restorandan başqa heç nə yox. Yəni yad əllər burada haram iş görə bilməmiş. Biz Çamlıcada gəzərkən günəşli bir gün idi. Qəfil hava elə tutuldu ki, çaşdım. Bir göz qırpımında başlayan narın yağış isə bizi qovub qəhvəxanaya saldı. (Bu barədə də xəbərdar etmişdilər: bu şəhərin havasına aldanmayın, işinizi etibarlı tutun. Şəmsiyəniz – onlar çətirə belə deyirlər – qalın geyiminiz əskik olmasın bu qış günündə) Burada növbə olsa da, tezliklə işçilər bizə yer elədilər. Çay sifariş verdik. Samir əlavə nəsə dedi və stola gələndə məlum oldu ki, bu “nəsə” balqabaq mürəbbəsiymiş. İstanbulda buna kabak tatlısı deyirlər. Qaymaqla bu balqabaq mürəbbəsini qatışdırıb çay içə-içə söhbətləşirik. Mən balqabağın necə bir faydalı bostan bitkisi olmasından danışıram. Zatən bizlər bundan lazımı qədər yararlana bilmirik. Əgər bostana getsək, qarpız, yemiş, şamama bizi daha çox ilgiləndirəcək, nəinki boranı. Həmişə diqqətdən kənarda qalan bu faydalı məhsul min bir dərdin dərmanıdır. Mənə danışmışdılar ki, yaponlar Azərbaycandan minlərlə ton balqabaq idxal edirlər hər il. Bəs biz necə, bu qiymətli məhsuldan faydalana bilirimi? Təəssüf ki, xeyir.
Nənəm adətən qış aylarında boranılı aş bişirərdi. Südlü aşa da bəzən boranı qatardı. Ən çox yadımda qalan isə çörəyi bişirib qurtarandan sonra bir az qoru azalmış təndirin külünə boranı basırmağı idi. Pəh! Bir saatacan vaxt ötəndən sonra arvad o qorun, külün içindən o boranını çıxardıb doğrayardı və biz bir ləzzətlə bunu yeyərdi ki!
-Boranı mürəbbəsinin bir acı damarı olur, bunda da vardı, hiss elədinmi? – deyə Samirdən soruşuram. – Hə, – deyir, -amma şirinliyi daha çoxdur.
-Dərman da acıdır. Bilirsənmi, acı dadmayan şeydən bir az qorunmaq gərək. Qəhvədə, çayda da acılıq var. Hələ bibər, istiot, sarımsaq…
Çamlıcadan İstanbulu seyr etmək arzumuz ürəyimizdə qalır. Duman basır hər yeri. Bir-birimizin şəklini şəksək də ikimizi şəkən axtarırıq və tapırıq: iki qızla bir oğlana yaxınlaşırıq. Məlum olur ki, rusdurlar. Rusca danışmağımıza sevinirlər və şəklimizi çəkirlər.
Bu gözəl parkı gəzə-gəzə söhbət edir, udduğumuz təmiz havadan yüngülləşirik. Sonuncu dəfə belə təmiz havanı harada udduğumu xatırlamağa salışsam da, xeyri olmur. Biz təbiətimizə qarət yeri kimi baxmışıq həmişə. Kəsmək, doğramaq… Bu vəhşi münasibətin cəzası ağır olacaq…
ALIŞ-VERİŞ VƏ GÜLHANƏ PARKI
Axşam sabahkı proqramı müzakirə edirik. Həyat yoldaşım alış-verişə çlxmağa tələsir. Mən isə bildirirəm ki, Gülhanə parkına gedəcəyəm. Uzun çək-çevirdən sonra Nicat anasını alış-verişə aparası olur, dostu Turalla mən isə İstanbulun Avropa yaxasına yollanmağa razılaşırıq…
…İstanbulun Pendik deyilən yerindən (oğlum Nicatın uzmanlıq keçdiyi Mərmərə universitetinin xəstəxanası burada yerləşir) məşur Kadıköyə, oradan da trenlə (bu yerüstü metro kimi bir qatardır) şəhərin Avropa payına yollanırıq. Bir azdan tren sanki tunelə girir və mən bir az darıxan kimi oluram. Tural məlumat verir ki, boğazın altından çəkilmiş yolla gedirik. İstanbula gəldiyimdə tarixi asma körpüylə suyun üstündən keçmişdim, indi suyun altından gedirəm.
Qədim, dar küçələrdən ötürük. Bir küçənin adı diqqətimi çəkir – Salxımlı söyüdlər sokağı!
Nə gözəl deyib, bu adı qoyana rəhmət diləyirəm və yolumuza davam edirik. Qədim binaların birinə də əl vurmayıblar. Hətta sökülüb-tökülən evlər də var. Hələ qəfil qarşımıza çıxan tramvay! Amma bunlar da İstanbulun parçasıdır. (Bu arada yadıma vəhşicəsinə dağıtdığımız İçərişəhər, digər qədim Bakı məhəllələri düşür və kefim qaçır…)
Bir az sonra nəhəng Aya Sofiya məbədi ilə üz-üzə qalırıq. Bu möhtəşəm abidəni dörd gözlə seyr edirəm və onunla yarışırmış kimi düz önündə başqa bir came məni sarsıdır – Sultan Əhməd camesi!
Bunların ikisindən də daha təsirlisi isə Bizans dövründə bura sancılmış nəhəng daş abidə məni saxlayır – bu daşı sancdıran imperator deyib ki, bu şəhər dünyanın paytaxtıdır…
“MƏN BİR CEVİZ AĞACIYIM…”
-Bəs Gülhanə parkl hanı?
-İndi ora gedirik, – Tural qabağa düşüb bələdşilik edir.
Parkın girəcəyində diqqətimi nəhəng çinarlar cəlb edir. Ağ baldırlı bu ağaclar mənə hər cəhətdən doğmadır: doğulduğum Zəngilan rayonu dünyada 2-ci, Avropada 1-ci yeri tutan nəhəng çinar meşəsinə malik idi. İndi erməni işğalında olan Zəngilanın şinarlarını bildiyimiz qədərilə ermənilər doğrayaraq xaricə ucuz qiymətə mebel xammalı kimi satırlar. (Tarixi mənbələrə görə bir vaxtlar çarın əmri ilə Ermitajın bütün mebel avadanlıqları üçün xammal da Zəngilandan aparılıbmış.)
Şinarlara maraq və həsrətlə baxsam da “bəs burada ceviz yoxmu” deyə soruşuram. Toğrul boynunu şiyninin üstünə qoyur, son anda bizə qşulmuş Fərhad da (Samirin kiçik qardaçı) heyrətlə parkı gözdən keçirib susur. Mən isə inadkarcasına Nazimin o “yaprakları suda balık gibi kıvıl kıvıl, ipek mendil gibi tiril tiril” ceviz ağacını axarmaqçün bu nəhəng parkı gəzməyə başlayıram. Kimdən sorsam da cevizi gördüm deyən yox. Ayrı vaxt çox sevdiyim uzun boylu, ağ bədənli saysız-hesabsız çinarlara gözümün ucuyla da baxmıram… Elə mən də bələdçilərim kimi ruhdan düşəcəkdim ki, parkın yuxarı başındakı ayaqyolunun yanında yaşlı bir kişi görürəm və ümidlə ona tərəf yürüyürəm.
-Merhaba, efendim!
Qoca ləhcəmdən buralı olmadığımı duyur və şirin bir təbəssümlə deyir:
-Mərhaba, hoş geldiniz… Nasıl yardımçı ola bilirim?
-Efendim, Nazim Hikmeti bilirrmisiniz?
-Evet… Bilmezmiyim? Nazım iyi bir şairdir…
-Efendim abi, onun bir şiiri var: “Ben bir ceviz ağacıyım Gülhane parkında…” Hiç duydunuzmu o şiiri?
-Evet-evet… Cem Karaca okurdu o şiiri…
-Efendim, men Azerbaycandan geldim… Yazarım, hem de bir Nazim heyranıyım… O ceviz ağacını axtarıyorum…
-Hankisini? – qoca heyrətlə soruşur.
-Nazim Hikmetin yazdığı cevizi… “Ben bir ceviz ağacıyım Gülhane parkında…”
Qoca bir gözünü qıyıb parka baxdı – sanki birinci dəfə görürmüş kimi – və məni heyrətə salan bir cavab verdi:
-Efendim, ben burda hiç ceviz ağacı görmedim…
Əlim-qolum yanıma düşdü. Vur özünü öldür! Türklər demiş, “Nasıl olur, ya?!” Bu kişi bizi – oxucularını dolamışmı? Olmayan şeyi niyə yazsın ki?!
Bələdçilərim mənim çox məyus olduğumu görüb qarşıda – parkın qurtaracağında bir qəhvəxana olduğunu deyib axtarışa son verməyimizi, çay içmək lazım olduğunu işarə edirlər. Çar-naçar razılaşıram – gerçəkdən yorulmuşam – bir yandan da ruh düşkünlüyü – mistik əhvaldayam…
Çay içı-içə dənizi seyr edirəm. Buradan – Gülhanədən dəniz möhtəşəm görünür. Dənizin üstünə yatmış duman qəfil qalxıb düz bizə doğru gəlir! Ağ rəngli bir cib yaylığı kimiymiş sanki. Və yenə yadıma həmin şeirdəki bir misra düşür: ”ipek mendil kimi tiril tiril…” Və dənizlə artıq yüksələn dumanın arasından gün şüalarının suda bərq vurduğu kişicik ləpələr işıldayır. Sanki günəş altda işıldayan yarpaqlarmış! Nazim necə demiş? “Yapraklarım ellerimdir tam yüz bin ellerim var…”
Və özümdən asılı olmayaraq çay dolu stəkanı barmaqlarımla qucaraq Nazim Əfəndinin itkin cevizinə yazdığı misraları söyləyirəm:
başım köpük köpük bulut, içim dışım deniz,
ben bir ceviz ağacıyım gülhane parkında,
budak budak, serham serham ihtiyar bir ceviz.
ne sen bunun farkındasın, ne polis farkında.
ben bir ceviz ağacıyım gülhane parkında,
yapraklarım suda balık gibi kıvıl kıvıl.
yapraklarım ipek mendil gibi tiril tiril.
koparıver, gözlerinin, gülüm, yaşını sil
yapraklarım ellerimdir tam yüz bin elim var,
yüz bin elle dokunurum sana, istanbul’a.
yapraklarım gözlerimdir. şaşarak bakarım.
yüz bin gözle seyrederim seni, istanbul’u.
yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.
ben bir ceviz ağacıyım gülhane parkında,
ne sen bunun farkındasın, ne polis farkında…
Gənc dostlarım mənə heyrətlə baxırlar. Toğrul həkim isə lap gözləmədiyim bir sual verir:
-Müəllim, sizi bu şeirə nəsə bağlayan başqa bir şey olmalı yəqin? Bilirəm ki, yazıçısınız, kitablarınızı görmüşəm… Yəni Nazimin daha başqa şeirləri də var axı?..
-Hə, elədir, düz tutmusan… İş ondadır ki, cəvizdən (bizim öz ləhcəmizlə deyirəm) mən də yazmışam… “Aprel havası” adlı hekayəm var, 80-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində çıxmışdı. Sonralar “Qar ağlığı” kitabımda da gedib. Mərhum ustadım Sabir Əhmədli qəzetdə çap edəndə dedi ki, hər şey yaxşıdır, amma bir irad bildirib rəhbərlik: gərək “ceviz” sözünü “qoz”la əvəz edəsən… Mən də əsəbi şəkildə dedim ki, necə olur Nazim Hikmət “ceviz” yaza bilir, mən yox?!
Hələ bığ yeri təzəcə tərləmiş Fərhad maraqla deyir:
-O kitabınızı biz görməmişik… Hekayədə nədən danışılırdı?
-Həəə… Gənc bir kənd ailəsidir, kişi əkib-biçəndir, gənc qadın da ərinə hər cür dəstək olur – evin işlərinə əl yetirir, sağır-sığayır, bişirir-düşürür… Kişi bir gün bağın ayağında ceviz şitili əkmək istəyir. Qadın bunu bilib üşənir… Bu o vaxt olur ki, qadın təndir salırdı və aprelin bu qan qaynadan vaxtı iki sərçə ağacda sevişə-sevişə aşıb təndirə düşür, yanıb kül olurlar. Qadın dizlərinə döyür… Az sonra kişinin bitirdiyi şitili çıxardıb bir ayrı yerdə təzədən bitirir. Bir gün sonra kişi şitilə su tökəndə yerinin dəyişildiyini bilib, gülümsəyir. Amma qadınına heç nə demir – şitili çıxardıb əvvəlki yerinə bitirir… Səhər qadın yenə şitilin yerini dəyişir… Belə-belə gənc ər-arvad o ceviz şitilinin yerini hər gün dəyişirlər. Bilirsiniz niyə belə edirlər?
Gənclər təəccüb və heyrətlə gözlərini ağzıma zilləyiblər.
-Ona görə ki, rəvayətə görə kim cəviz ağacı əksə barın yemək ona qismət olmazmış… Bilirsiniz də, cəvizin kölgəsi zəhərlidir. O bizim kimi oksigeni udur, karbou buraxır… Yadımdadır, anam cəviz yarpaqlarını yorğan-döşəyin arasına qoyardı ki, büvə düşməsin…
Gənclər ovsunlanmış kimi dənizə baxırlar. Mən də artıq masamıza çatıb bizi üşüdən dumanı əllərimlə tutmağa çalışıram sanki. Handan-hana Toğrul deyir:
-Müəllim, nahar vaxtıdır, bəlkə Cərrahpaşada bir balıq yeyək?
Mən: – Olar, – deyirəm və tez də əlavə edirəm, -bəs Topqapıya getməyək?
-Bude, Gülhanəyə bitişik hasarlar Topqapı sarayının hasarlarıdır. Gedək.
…Hamı Topqapı sarayının əzəmətli sütunlarına, nəhəng qapılarına baxarkən mən sarayın bağçasında üzü mənə tərəf dayanmış bir ağaca baxıram. Və gözlərimi silib bir də baxıram. Odur! Axır ki, tapdım! Nazimin CEVİZ ağacı! Ay səni, niyə burada gizlənmisın? Qorxma, şairinə şoxdan bəraət verilib. Məzarı Moskvada olsa da, ruhu çoxdan sənin yanındadır…
Yaxınlaşıb hündür hasarlara dov gələn 150-200 yaşı olan bu ağaca – əfsanəyə sevinclə tamaşa edirəm… Və yadıma düşür ki, Nazimin ruhu buralarda olmalıdır… Ona görə bu CEVİZƏ, həm də onun ŞAİRİNƏ – NAZİM HİKMƏTİN RUHUNA sayqı duruşunda dayanıram bir anlığa.
-Müəllim, deyəsən axtardığınızı tapdınız? Cərrah paşaya gedəkmi?
Sakitcə “gedək” deyirəm.
(Davamı olacaq)