Yeddinci adam

24 Baxış

Haruki MurakamiSenet.azUstad” jurnalının Tərcümə guşəsində dərc edilən yazını təqdim edir.

 Nobel mükafatına ən şanslı (şanssız) namizədlərdən biri

…və “Yeddinci adam”

Haruki Murakami 1949-cu il, yanvarın 12-də Yaponiyanın Kyoto şəhərində anadan olub. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki gənc yaşlarından ədəbiyyata maraq göstərib.

Tokionun Vaseda Universitetinin Ədəbiyyat fakültəsini bitirib.

Murakami ilk əsərini – “Pinbol-1973”-ü 1985-ci ildə qələmə alıb.  1986-1995-ci illərdə ölkəsindən köçərək Avropada, sonra isə Amerika Birləşmiş Ştatlarında yaşayıb. Bu yazıçının adı Ədəbiyyat üzrə Nobel mükafatına ən şanslı namizədlər sırasında bir neçə dəfə çəkilsə də, qazana bilməyib. Bununla belə, Haruki Murakami dünyaca məşhur ona yaxın dəyərli mükafata layiq görülüb. Onun “Küləyin nəğməsini dinlə” , “Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu”, “Norveç meşəsi” , “Kafka sahildə”, “1Q84” kimi əsərləri uzun müddət ən çox satılan əsərlər  siyahısına başçılıq edib.

 

 Yeddinci adam

“Nəhəng bir dalğa az qalsın məni uzaqlara aparırdı”, – deyə yeddinci adam pıçıldadı. – Bu hadisə on yaşım olanda – sentyabr ayında, günorta vaxtı baş vermişdi”.

O, bu gecə öz hekayəsini danışan sonuncu adam idi. Saatın əqrəbləri onu ötürdü. Dairə formasında əyləşmiş insanlar çöldə qaranlığın içindən keçib qərbə tərəf şığıyan küləyin səsini eşidirdilər. O, ağacları silkələdi, pəncərələri sıra ilə şaqqıldatdı, sonra son dəfə fit çaldı və evin arxasından ötüb getdi.

“Həyatımda gördüyüm ən böyük dalğaydı – o, dedi. – Qəribə dalğa idi. Şübhəsiz, çox nəhəng görünürdü”.

Bir anlıq susdu.

– Ondan güc-bəla ilə qurtula bildim, əvəzində mənim üçün dəyərli olan hər şeyi özü ilə götürüb başqa dünyaya apardı. Onları yenidən tapmaq və bu pis xatirədən xilas olmaq illərimi aldı əlimdən – heç cür geriyə qaytara bilməyəcəyim qiymətli illərimi…

Yeddinci adama təxminən əlli yaş vermək olardı. O, arıq, uzun, bığlı biri idi. Sağ gözündə bıçaq zərbəsindən əmələ gəlmiş kiçik, ancaq dərin çapıq yeri görünürdü. Qısa saçları codlaşmış, ağ ləkələrlə örtülmüşdü. Simasında danışmaq üçün lazım olan sözü tapa bilməyən adamlara məxsus ifadə var idi. Ancaq bu ifadə uzun müddət idi ki, onunla birgə dolaşırdı və demək olar, üzünün bir parçasına çevrilmişdi. O, tvitdən tikilmiş boz pencəyinin altından sadə mavi köynək geyinmişdi və dəqiqəbaşı əlini yaxasına aparırdı. Ətrafdakılardan heç kim onun adını və haradan gəldiyini bilmirdilər.

Boğazını arıtladı, sözləri sükutun içində bir anlıq yolunu azdı. Yanındakılar onun danışmasını gözləyirdilər.

– Məncə, o dalğa idi. Hər birinizə ayrı-ayrılıqda bunun nə mənaya gəldiyini izah edə bilməyəcəm.Ancaq fikrimcə, nəhəng dalğa idi.  Günlərin bir günü heç bir xəbərdarlıq etmədən, qəfildən mənə özünü göstərdi. Və o… dağıdıcıydı.

Mən S. adlı dənizkənarı qəsəbədə böyümüşəm. O qədər balaca qəsəbə idi ki, adını desəm də, tanımayacağınıza əminəm. Atam qəsəbənin həkimi olduğuna görə, çox rahat uşaqlığım olub. Xatırladığım qədərilə, ən yaxın dostum K. idi. Evləri bizimkinin yaxınlığında yerləşirdi. Özü də məndən bir sinif aşağıda oxuyurdu. Qardaş qədər yaxın idik, həmişə məktəbdən birlikdə çıxır, evə gələndə bir yerdə oynayardıq. Uzun illər davam edən dostluğumuz ərzində heç vaxt dalaşmadıq. Özümdən altı yaş böyük bir qardaşım da var idi. Buna baxmayaraq, yaş və xarakter fərqimiz olduğuna görə, onunla heç vaxt yaxın ola bilmədik. Mən əsl qardaş sevgisini dostum K.-ya qarşı hiss edirdim.

K. arıq, cılız, ağbəniz, qız gözəlliyi olan bir uşaq idi. Nitqində qüsur olduğuna görə, kənardan baxanlara həmişə elə gələrdi ki, ağıldan kəmdir. Çox cılız olduğundan məktəbdə də, küçəmizdə də onu qoruyurdum. Mən iri cüssəli idim,  idmançı görünüşüm vardı. Buna görə də uşaqlar məndən çəkinirdilər. K. şirin və təmiz ürəkli olduğuna görə, onunla dostluq etməyi sevirdim.

Qavramağında heç bir qüsur olmasa da, nitqindəki problemlər üzündən məktəbdə uğur qazana bilmirdi. Dərslərinə hazırlaşmaqdaçətinlik çəkirdi. Ancaq rəsm dərsində çox bacarıqlı idi. Əlinə qələm, ya da fırça  aldıqda həyat dolu rəsmlər çəkərdi. Hətta müəllim belə heyran qalardı. O yarışlarda həmişə mükafatlar qazanardı. Və  əminəm ki, əgər gənclik illərinə qədər çəkməyə davam etsəydi, məşhur rəssam olacaqdı.

Gözəl dəniz mənzərələri çəkməyi sevirdi. Sahilə gedib saatlarla rəsm çəkdiyi vaxtlar olardı. Həmişə yanında oturar, fırçasının sürətli və səliqəli hərəkətlərini izləyər, onun bir neçə dəqiqə ərzində ağ kağıza necə canlı və rəngli rəsmlər çəkməsinə heyranlıqla tamaşa edərdim. İndi dərk edirəm ki, bu əsl istedad imiş.

Hər şeyin beləcə davam etdiyi bir vaxtda – sentyabr ayında nəhəng qasırğa bizim yerlərə hücum çəkdi. Radioda son on ilin ən güclü qasırğasının olacağı deyilirdi. Məktəblər tətilə buraxıldı. Tufana hazırlıq üçün qəsəbədəki bütün mağazalar qapılarını bağladı. Səhər dan yeri sökülməmiş atam və qardaşım fırtınadan qorunmaq üçün evin ətrafına taxta qoruyucular mismarladılar, anam isə ehtiyat azuqə hazırlamaq üçün bütün günü mətbəxdə əlləşdi. Şüşələrı və qumqumaları su ilə doldurduq; evakuasiyaya hazır olmaq üçün ən vacib əşyalarımızı çantalara yığdıq. Qasırğa böyüklərin gözündə əlavə  dərd, qorxu demək idi, ancaq dünyadan xəbərsiz uşaqlar bunu böyük bir sirk, maraqlı bir həyəcan kimi görürdülər.

Günortadan sonra birdən-birə səmanın rəngi dəyişməyə başladı. Burada qəribə və reallıqdan uzaq nəsə vardı. Külək vıyıldamağa, yağış əcaib quru səslə ovuc-ovuc qum kimi evi döyəcləməyə başlayana qədər evin artırmasında dayanıb göyə tamaşa etdim. Sonra  qapıları bağlayıb, qaranlıq evin bir otağına sığındıq və radionu açdıq.

“Bu tufan çox  yağışlı olmadı”, – deyə radiodan gələn səs bildirirdi. Lakin külək çox böyük ziyan vurmuş, evlərin dam örtüyünü uçurmuş, gəmiləri aşırmışdı. Küləyin gücü ilə havada uçuşan ağac parçaları bir neçə insanın yaralanmasına və ölməsinə səbəb olmuşdu. İnsanlara evlərindən çölə çıxmaması üçün tez-tez xəbərdarlıq edilirdi. Evimiz hərdən sanki böyük bir əl yellədirmiş kimi cırıldayır, hərdən də çıxardığı səsdən daha ağır olduğu hiss edilən bir şey qapımızı şaqqıldadırdı. Atam bunların qonşunun evindən qopan kirəmitlər olduğunu söylədi.

Günorta anamın bişirdiyi düyü və qayğanağı yeyə-yeyə tufanın keçib getməsini gözlədik. Ancaq qasırğanın bitəcəyinə dair heç bir işarə belə yox idi. Radioda qasırğanın sahilə vurduğu andakı gücünü itirdiyini və  yavaş-yavaş cənub-şərqə doğru hərəkət etdiyini dedilər. Külək torpağın üstündə olan hər şeyi kökündən çıxartmağa çalışaraq vəhşicəsinə ulamaqda davam edirdi. Təxmini bir saat bu formada əsdikdən sonra, ətrafa böyük bir səssizlik çökdü. Birdən-birə o qədər sakitlik oldu ki, hətta uzaqdakı quşun çığırtısını belə eşidə bildik.

Atam qapını bir az aralayıb çölə baxdı. Külək dayanmışdı, yağış da artıq yağmırdı. Sıx qara buludlar göyün üzündən aralanmışdı, səmanın mavi parçaları ordan-burdan yamaq tək görünürdü. Bağçadakı ağaclar hələ də yük kimi üstlərinə çökmüş ağır yağış suyunu damcılatmaqda idilər.

“Tufanın başlanğıcındayıq, – atam dedi. – Bir müddət belə sakitlik olacaq – təxminən on beş-iyirmi dəqiqə… Tufan istirahət etmək üçün fasilə verib. Sonra külək əvvəlki gücündə geri qayıdacaq”.

“Çölə çıxa bilərəmmi?” – soruşdum. Əgər uzaqlaşmasam, yaxınlarda gəzsəm çıxa biləcəyimi dedi: “Ancaq küləyin ilk əlamətini görən kimi geri qayıtmağını istəyirəm”.

Çölə çıxdım və kəşfiyyata başladım. Beş dəqiqə əvvəl burada qəzəbli fırtınanın əsdiyinə inanmaq çətin idi. Səmaya baxdım. Tufanın böyük “gözü”nün orada olduğunu və sərt baxışlarını bizə zillədiyini gördüm. Təbii ki, elə bir “göz” mövcud deyildi, sadəcə olaraq fırlanan hava topasının mərkəzində bir anlıq sakit qalmış nöqtə idi. Böyüklər evə nə qədər zərər dəydiyini yoxlayırdılar. Mən isə sahilə tərəf yollandım. Yolboyu ətrafa qırılmış ağac parçaları səpələnmişdi, onlardan bəziləri o qədər qalın gövdəli şamlar idilər ki, hətta böyüklər belə onu təkbaşına qaldıra bilməzdilər. Hər yerdə kirəmit parçaları vardı, maşınların şüşələri qırılmış, bir it damı diyirlənib yolun ortasına düşmüşdü. Elə bil, böyük bir əl göydən yerə sallanıb qabağına çıxan hər şeyi yastılamışdı.

K. məni yolda görüb çölə çıxdı. “Hara gedirsən?” – soruşdu. “Sahilə düşürəm”, – dedim. Başqa heç nə demədən yanımla addımlamağa başladı. Kiçik ağ iti də bizə qoşuldu.

“Külək başlayan dəqiqə tez evə qayıdacağıq”, – dedim və K. səssizcə başını tərpədərək razılaşdı.

Sahil evimizdən iki yüz yard uzaqlıqda idi. Mənim boyum hündürlüyündəki beton sahilbəndlər – böyük sədlər bir xətt boyunca uzanırdı. Suyun kənarına çatmaq üçün bir neçə pilləni adlamalı olacaqdıq. Bura demək olar ki, hər gün oynamağa gəlirdik, ona görə də hər qarışına yaxşı bələd idik.

Tufanın gözündə hər şey fərqli görünürdü: səmanın, dənizin rəngi, dalğanın səsi, suyun qoxusu, sahilin genişliyi… Bir müddət sahilbəndin üstündə oturduq və səssiz-səmirsiz dənizə tamaşa etdik. Guya böyük bir qasırğanın düz ortasında idik, amma dalğalar qəribə səssizliyə bürünmüşdülər. Dənizin səviyyəsi də həmişəkindən, hətta qabarma və çəkilmələr vaxtı olduğundan da aşağı idi. Sahilboyu göz işlədikcə ağ qum uzanırdı. Sahilə çıxmış gəmi parçalarını saymasaq, bu böyük boşluq mebelsiz evə bənzəyirdi.

Sahilbəndin o biri tərəfinə keçərək geniş sahil boyunca gəzişməyə, ətrafdakı əşyaları qurdalamağa başladıq. Plastmas oyuncaqlar, səndəllər, yəqin ki, mebelə aid taxta parçaları, cırıq paltarlar, qeyri-adi şüşələr, üstündə xarici dildə yazıları olan yeşiklər və tanımadığımız çoxlu əşya var idi – sanki xırdavat dükanına düşmüşdük. Yəqin ki, qasırğa bunları çox uzaqlardan sürüyüb gətirmişdi. Hər dəfə diqqətimizi çəkən nəsə görəndə, onu götürüb o üz-bu üzünə baxır, yerə atırdıq, sonra da K.-nın iti gəlib iyləyirdi.

Heç beş dəqiqə keçməmişdi ki, dalğaların düz yanımıza qədər gəldiyini gördüm. Dəniz səssiz-səmirsiz uzun, hamar dilini sahilə – düz ayaqlarımıza qədər uzadırdı. Mən heç vaxt belə bir şey görməmişdim. Uşaq olmağıma baxmayaraq, sahil qəsəbəsində böyüdüyüm üçün, okeanın necə qorxunc olduğunu və gözlənilmədən vəhşicəsinə zərbə vura biləcəyini bilirdim. Ona görə də sudan kənarda durmağa çalışdım. Buna baxmayaraq, dalğalar dayandığım yerin bir qarışlığına qədər gəldi. Sonra su səssizcə geriyə – əvvəlki yerinə qayıtdı. Mənə yaxınlaşan dalğalar qorxulu görünmürdülər, hətta aram-aram qumlara toxunuşu xoşuma da gəlirdi. Ancaq pis tərəfləri də vardı. Elə bil, hansısa bir həşəratı sığallayırmışam kimi ətim ürpəşirdi. Qorxum tamamilə mənasız ola bilərdi. Ancaq bir o qədər də gerçək idi. İnstinktiv olaraq hiss edirdim ki, onlar canlıdır. Dalğalar… canlıdır… Burada olduğumu bilirlər və məni qamarlamağa çalışırlar. Sanki böyük, insanyeyən yırtıcı heyvan otların arasında uzanıb və qəflətən hücum edərək məni iti dişləri ilə param-parça etmək istəyir. Tez qaçmalıydım.

“Mən burdan gedirəm, K.” – deyə ona tərəf qışqırdım. Sahildə, təxminən 10 yard məndən uzaqda idi, üzü dənizə tərəf çömbələrək oturmuşdu və yerdə nəyəsə baxırdı. Əmin idim ki, kifayət qədər yüksək səslə bağırmışam, ancaq, deyəsən, səsim ona çatmadı. Tapdığı əşya nə idisə, ona o qədər aludə olmuşdu ki, çağırdığımı eşitmədi də.

K. həmişə belə idi. Əlindəkinə başı o qədər qarışardı ki, ətrafdakı  hər şey yadından çıxardı. Ya da… bəlkə kifayət qədər yüksək səslə bağırmamışdım. Səsim, elə bil, başqasına aid idi. Hər halda, qəribə səsləndiyini xatırlayıram.

Sonra qulaqbatırıcı bir gurultu eşitdim. Elə bil, dünya yerindən tərpəndi. Əslində, gurultudan əvvəl başqa bir sirli səs də eşitmişdim:  sanki su yerin içindən – balaca deşikdən fışqırırmış kimi şırıltı səsi gəlirdi. Bir müddət beləcə davam etdi. Sonra dayandı. Daha sonra da mən o qəribə gurultunu eşitdim. Amma… Hətta bu da K.-nın diqqətini çəkmədi. O hələ də çömbəlib, ayağının altındakı nəyəsə çox diqqətlə baxırdı. Çox güman ki, gurultunu eşitməmişdi. Heç cür başa düşə bilmirəm ki, bu qədər güclü, dünyanı silkələyən səsi necə eşitməmək olardı?!

Sizə qəribə gələ bilər, amma ola da bilsin bu təkcə mənim eşitdiyim xüsusi bir səs olmuşdu. Yəqin ki, itlərin səsə qarşı necə həssas olduğunu bilirsiniz. Ancaq, deyəsən, bu dəfə  K.-nın iti də heç nə duymamışdı.

Yəqin ki, K.-nın yanına qaçıb, onu qolundan tutmalı, dartaraq, – “buradan getməliyik”, – deməli idim. Əlbəttə, bunu etməliydim. Çünki dalğanın gəldiyini mən bilirdim, K. isə görmürdü.

Mənən nə etməli olduğumu çox yaxşı bilsəm də, bərk qaçdığımı,həm də, üzü bəndə tərəf maksimum sürətlə qaçdığımı hiss etdim. Əminəm ki, məni buna məcbur edən qorxu idi. O qədər dəhşətli qorxu ki, səsim batmış, ayaqlarım məndən asılı olmayaraq hərəkətə başlamışdılar. Büdrəyə-büdrəyə narın qumlar üzərindən atılaraq sahilbəndin üstünə çıxdım, sonra da tez geri çevrildim və K.-nı səslədim: “Cəld ol, K! Bura gəl! Dalğa gəlir!”

Bu dəfə səsim yaxşı çıxdı. Həm də gurultu dayanmışdı. Nəhayət, ki, K. qışqırığımı eşidib başını qaldırdı. Çevrilib mənə baxdı. Ancaq artıq gec idi.

Dalğa başını yuxarı qaldırmış böyük ilan kimi zərbə vurmaq üçün soyuqqanlılıqla sahilə tərəf irəliləyirdi. Həyatım boyunca belə bir şey görməmişdim. Üç mərtəbəli bina hündürlüyündə idi. Səssiz-səmirsiz (yaddaşımdakı təsvir səssiz idi) K.-nın arxasından qalxaraq göy üzünü örtdü. K. bir neçə saniyəlik mənə baxdı, ancaq heç nə başa düşmədi. Sonra sanki nəsə hiss edərək, sahilə tərəf çevrildi. Qaçmaq istəsə də, artıq vaxtı qalmamışdı. Dalğa onu bir göz qırpımında ağuşuna aldı.

Dalğa sahilə çırpıldı, havada uçuşan milyonlarla dalğaya bölündü və dayandığım sahilbəndin üstündən aşdı. Cəld əyilərək sahilbəndin arxasında gizləndim. Beləcə özümü zərbədən qoruya bildim. Ətrafa sıçrayan su paltarımı islatdı, başqa heç nə. Yenidən divarın üstünə dırmaşdım və sahilə boylandım. Dalğa geri dönərək vəhşi bağırtı ilə dənizə qayıdırdı. Elə bil, kimsə dünyanın o biri başından dənizi xalça kimi tutub özünə tərəf çəkirdi. Sahilin heç bir tərəfində K.-dan və itindən əsər-əlamət yox idi. Təkcə bomboş sahil görünürdü.

Geri çəkilən dalğa sahildən özü ilə o qədər çox su aparmışdı ki, sanki okeanın dibi tamamilə boşalmışdı. Sahilbəndin üstündə təkcə dayanmışdım. Hətta dayandığım yerdə pərçimlənmişdim də deyə bilərəm. Hər şeyin üstünə  yenidən səssizlik çökdü  – ümidsiz bir səssizlik… Sanki dalğa səsin özünü də dünyadan qoparıb aparmışdı. O K.-nı udaraq, uzaqlarda yox olmuşdu. Mən dayanıb necə hərəkət etməli olduğumu götür-qoy edirdim. Bəlkə sahilə qayıdım? K. orada – qumun altında da ola bilərdi. Ancaq qərar verdim ki, divardan düşməyim. Çünki bilirdim:  böyük dalğalar adətən iki-iki, üç-üç gəlir. Nə qədər vaxt keçdiyini dəqiq deyə bilməyəcəyəm, amma on, ya on iki saniyəlik müdhiş boşluqdan sonra təxmin etdiyim kimi növbəti dalğa gəldi. O  nərildəyərək sahili silkələdi və yenə də səs öləziyən kimi başqa bir böyük dalğa  zərbə endirmək üçün başını qaldırdı. Qabağımda yüksəldi, ölümcül uçurum kimi göyün üzünü örtdü.  Amma bu dəfə qaçmadım. Özümdən asılı olmadan divara mıxlandım və hücum etməsini gözlədim.

Dalğa K.-nı aparmışkən qaçmağın bir mənası olmadığını düşündüm.Bəlkə də sadəcə olaraq qorxudan donub qalmışdım. Məni orada qalmağa məcbur edən şeyin nə olduğunu dəqiq bilmirəm. İkinci dalğa birinci qədər böyük idi. Bəlkə də daha böyük… O ovxalanan kərpic kimi formasını itirərək başımdan aşağı tökülməyə başladı. O qədər böyük idi ki, həqiqi dalğa kimi də görünmürdü. Başqa bir şeyə bənzəyirdi. Elə bil, başqa bir dünyadan gəlib dalğa formasını almışdı.

Özümü qaranlığın məni udacağı ana hazırlamışdım. Hətta gözlərimi belə yummamışdım. Ürəyimin döyüntüsünü inanılmaz dərəcədə dəqiqliklə xatırlayıram. Dalğa düz qarşıma çatanda bilmirəm necə oldu, amma dayandı. Elə bil, bütün enerjisi bir andaca bitmiş, irəliyə getmək həvəsini itirmişdi. Sadəcə, havadan asılı qalaraq səssiz-səmirsiz yox oldu. Düz zirvəsində – qəddar, şəffaf dilində K.-nı gördüm. Bəziləriniz bunun mümkünsüz olduğunu düşünəcəksiniz; düzü buna görə mən sizi günahlandırmıram. Hətta özüm də indi buna inanmaqda çətinlik çəkirəm. Nə gördüyümü sizə başqa hec cür izah edə bilməyəcəyəm. Ancaq dəqiq bilirəm ki, bu nə xülya, nə də qarabasma idi. Orada nə baş verdiyini – o dəqiqə həqiqətən nə baş verdiyini sizə ən dürüst şəkildə danışıram.

K.-nın bədəni dalğanın ucunda şəffaf bir kapsulanın içində hərəkətsiz formada yanıüstə uzanıqlı vəziyyətdə idi. Ancaq bu hamısı deyildi. K. dübbədüz mənə baxıb, gülümsəyirdi. Dostum, mənim ən yaxşı dostum orada idi, düz yaxınlığımda… Əlimi uzatsam, toxuna biləcəkdim. Dəqiqələr əvvəl dalğa onu məndən ayırmışdı. Və o mənə gülümsəyirdi. Özü də bu adi bir gülümsəmə deyildi. Böyük ağzını geniş açaraq irişirdi, necə deyərlər, az qala ağzı qulaqlarına çatırdı. Ancaq soyuq baxışları gözlərimə zillənmişdi.

O əvvəlki K. deyildi. Sağ qolunu mənə tərəf uzatmışdı, elə bil, əlimdən dartıb məni də yeni dünyasına aparmaq fikrindəydi. Az qalmışdı, əli mənə çatmaq üzrə idi. Amma çatmadı və K. ağzını bayaqkından da geniş açaraq gülümsədi. Həmin anda huşumu itirdim.

Özümə gələndə atamın klinikasında yataqda uzanmışdım. Mənim ayıldığımı görən tibb bacısı atamı çağırdı. O da qaçaraq gəldi. Nəbzimi yoxladı, göz bəbəklərimi araladı və əlini alnıma qoydu. Qolumu tərpətməyə çalışdım, ancaq qaldıra bilmədim. Qızdırmadan titrəyirdim, huşum hələ də tam olaraq özünə gəlməmişdi. Xeyli vaxtdır ki, hərarətim var imiş.

“Üç gündür ki, yatırdın”, – atam dedi. Məni evə, baş verənləri kənardan görən qonşumuz gətirmişdi. Ancaq K.-nı tapa bilməmişdi. Atama bəzi şeylər söyləmək istədim. Nəsə deməliydim. Lakin keyimiş və şişmiş dilim söz tutmadı. Elə bil, ağzımın içində hansısa bir məxluq oturmuşdu. Atam adımı deməyimi istədi, lakin mən xatırlayana qədər, ətrafım qaranlığa qərq oldu və yenidən huşumu itirdim. Düz bir həftə yataqdan qalxa bilmədim. Bu zaman ərzində yemək yemir, ancaq maye qəbul edirdim. Bir neçə dəfə qusdum. Sonradan bildim ki, dəfələrlə sayıqlamışam, bir neçə kərə ürəyim gedib…

Sonradan-sonraya atam mənə dedi ki, vəziyyətim o qədər ağır imiş ki, yüksək hərarətdən və gərginlikdən beynimdə ömürlük zədə qalacağından qorxublar. Bununla belə, sağaldım. Artıq heç olmasa fiziki cəhətdən sağlam hesab edilirdim. Ancaq həyatım heç vaxt əvvəlki kimi olmadı.

K.-nın cəsədi tapılmadı. Heç itinin də… Adətən bu tərəflərdə batan olanda, bir neçə gündən sonra axıntı onun bədənini şərqdəki körfəzin sahilinə aparırdı. K.-da isə belə olmadı. Yəqin nəhəng dalğa onu dənizdə çox uzağa – sahilə qaytarmayacağı qədər uzağa aparmışdı. Bəlkə də, okeanın dərinliyində balıqlara yem etmişdi.

Axtarışlar uzun müddət davam etdi. Sağ olsunlar, yerli balıqçılar da köməklik göstərirdi. Ancaq heç bir nəticə olmadı. Cəsəd tapılmadığı üçün dəfn mərasimi də keçirilmədi.

K.-nın ailəsi dəli kimi sahildə o tərəf-bu tərəfə gəzişir, sonra isə evlərinə sığınaraq sutralar oxuyurdular. Bu K.-nın ailəsi üçün nə qədər böyük zərbə olsa da, onlar oğullarını tufanın ortasında qoyduğum üçün heç vaxt məni təqsirləndirmədilər. K.-nı öz kiçik qardaşım kimi sevdiyimi və qoruduğumu bilirdilər.

Heç mənim atam-anam da yanımda heç vaxt həmin hadisədən danışmadılar. Ancaq mən həqiqəti dərk edirdim. Əgər cəhd etsəydim, K.-nı xilas edə bilərdim. Bəlkə də yanına qaçıb sürüyə-sürüyə onu dalğanın çatmayacağı bir yerə aparmaq olardı. Ola bilsin ki, saniyə fərqi ilə xilas edəcəkdim, ancaq hadisələri yaddaşımda birləşdirəndə, həmişə “bunu bacarardım”, – deyə düşünürəm. Əvvəldə dediyim kimi, qorxudan özümü itirsəm də, etdiyim hərəkətin adı K.-nı buraxıb öz canını xilas etmək idi.

K.-nın ailəsinin məni günahlandırmaması və heç kimin yanımda hadisə barədə danışmaması mənə daha çox təsir edirdi. Yaxamı bu mənəvi əzabdan qurtarmaq üçün xeyli müddət lazım oldu. Bir neçə həftə məktəbə getmədim. Güc-bəla ilə nəsə yeyir, bütün günümü çarpayıda tavana baxaraq keçirirdim. K. həmişə orada idi, dalğanın ucunda – uzanmış vəziyyətdə mənə gülümsəyir, əlini uzadaraq məni çağırırdı. O görüntünü heç cür zehnimdən silə bilmirdim. Nə vaxt yatsam, yuxularıma girirdi. Həmişə də dalğanın içində görünən kapsuladan hoppanıb biləyimdən tutur, məni də özünə tərəf çəkirdi.

Tez-tez gördüyüm başqa bir yuxu da vardı. Görürdüm ki, gözəl bir yaz səhəri okeandayam. Sahildən xeyli uzaqda qurbağa kimi üzürəm. Günəş kürəyimi isidir, su adama ləzzət verir… Sonra, birdən-birə nəsə sağ ayağımdan tutur. Hiss edirəm ki, buz kimi soyuq bir şey topuğumdan bərk-bərk yapışıb. Həddindən artıq sərt şəkildə məni silkələyir, suyun altına doğru dartışdırır. Orada K.-nın üzünü görürəm… Eyni cür irişməyə başlayır… Ağzı o gün olduğu kimi qulaqlarına qədər çatır… Gözləri də gözümə zillənib… Qışqırmaq istəsəm də, səsim çıxmır. Ağciyərim su ilə dolmağa başlayır… Qaranlıqda qışqıraraq təngnəfəs və tər içində oyanıram….

Həmin ilin axırında valideynlərimə başqa bir şəhərə getmək istədiyimi bildirdim. Mənə icazə vermələri üçün yalvardım. K.-nı udan okeanın sahilində yaşamağa davam edə bilməzdim. Onsuz da bilirdim ki, qarabasmalarım məndən əl çəkməyəcək… Əgər çıxıb getməsəydim, dəli olacaqdım. Ailəm istəyimi anlayışla qarşıladı. Başqa şəhərdə yaşamağıma razı oldular.

Yanvar ayında Komoro yaxınlığındakı Naqano şəhərində yerləşən dağ kəndində atamın valideynləri ilə yaşamağa başladım. İbtidai sinfi və orta məktəbi Naqanoda bitirdim. Hətta bayramlarda belə evə getmirdim. Hərdən valideynlərim məni görməyə gəlirdilər.

Hələ də Naqanoda yaşayıram. Mühəndislik ixtisası üzrə Naqano şəhər kollecini bitirib tikinti alətləri hazırlayan şirkətdə işləməyə başladım. İndi də orada çalışıram. Hamı tək sadə həyat sürürəm. Gördüyünüz kimi, heç bir qəribəliyim yoxdur. Düzdür, sosial həyatım elə də aktiv deyil. Təkcə alpinizmlə məşğul olduğum bir neçə dostum var.

Evimi tərk edəndən sonra artıq qarabasmalar görmürdüm. Ancaq onlar həyatımın bir hissəsi olaraq qalırlar. Nə vaxt ki, unutmağa başlayıram, borcum varmış kimi qapımı döyürlər. Və həmişə də ən kiçik detalına qədər eyni yuxunu görür, qışqıraraq oyanıram. Yatağım büsbütün su içində olur. Elə buna görə də heç vaxt evlənmədim. Gecənin bir yarısında heç kimi qışqıraraq yuxudan oyatmaq istəmirəm.

Bu illər ərzində çox qadınla sevgili oldum, amma gecəni heç kimlə bölüşmədim. Qorxu iliyimə qədər işləmişdi. Bu, kiminləsə bölüşəcəyim bir qorxu deyildi. Düz qırx il evimdən uzaqda yaşadım. Heç vaxt hər hansı bir sahilin yaxınlığına gedə bilmədim. Qorxurdum ki, yuxularım reallaşar.

Üzməkdən xoşum gəlirdi, ancaq həmin gündən sonra heç hovuza da girmədim. Həmçinin dərin çayların və göllərin yaxınlığında da olmadım. Qayığa da minə bilmirdim. Xaricə gedəndə təyyarədən belə istifadə etmirdim. Bütün bu ehtiyat tədbirlərinə baxmayaraq, boğulmağımla bağlı yuxunu unutmaq mümkün olmurdu. K.-nın soyuq əli kimi bu hissiyat da düşüncələrimə hakim kəsilmişdi və məndən əl çəkmirdi.

Nəhayət, keçən yaz, mən axır ki, dalğanın K.-nı udduğu sahilə baş çəkdim. Atam bir il əvvəl xərçəngdən dünyasını dəyişmiş, qardaşım isə köhnə evimizi satmışdı. Çardaqda karton qutuda uşaqlığıma aid bəzi əşyalar tapmış və mənə – Naqanoya göndərmişdi. Çoxu istifadəyə yararsız əşyalar olsa da, içində K.-nın çəkib mənə verdiyi rəsmlərdən ibarət bir qutu da var idi. Yəqin ki, valideynlərim K.-dan yadigar qaldığından onu mənim üçün qoruyub-saxlamışdılar. Ancaq bu rəsmlər içimdəki qorxunu oyatmaqdan başqa heç bir işə yaramadılar. Elə bilirdim K.-nın ruhu geri qayıdıb rəsmlərdə canlanacaq… Buna görə də onları atmaq üçün yenidən qutuya qoydum. Ancaq heç cür ata bilmədim.

Bir neçə gün davam edən qərarsızlıqdan sonra qutunu yenidən açdım və özümü saatlarla K.-nın əl işlərinə baxmağa məcbur etdim. Əksəriyyəti mənzərə rəsmləri idi.  Kağızlarda okeanın tanış sahili, şam ağacları və bizim şəhər təsvir olunurdu. Hamısı da K.-nın əlinin rəngində və şəffaflığında idilər. Üstündən illər keçməsinə baxmayaraq, onlar hələ də heyranedici dərəcədə canlı idilər və yaddaşımda olandan daha təsirli görünürdülər.

Qutudakı rəsmlər içimdəki isti xatirələri yenidən oyatdı. Balaca K.-nın dərin hisləri, dünyaya baxışı bu şəkillərdə öz əksini tapmışdı. Birlikdə etdiyimiz şeyləri, getdiyimiz yerləri sürətlə xatırlamağa başladım. Və gözlərinin gözlərim olduğunu, birlikdə gəzdiyimiz vaxtlarda dünyaya onun canlı, qəmsiz  baxışı ilə baxdığımı anladım. Ondan sonra işdən qayıdanda hər gün K.-nın şəkillərini nəzərdən keçirməyə adət etdim. Hər bir əsərinə oturub saatlarla baxırdım. Həmişə də uşaqlığıma aid uzun müddətdir ki, beynimdə gizlətdiyim bir mənzərəni tapırdım.

K.-nın əl işinə baxdıqca beynimə bəzi şeylərin yayıldığını hiss edirdim. Təxmini bir neçə həftə bu cür davam etdikdən sonra günlərin birində ağlıma bir fikir gəldi: İllərdir dəhşətli bir səhvə yol verirdim. Dalğanın ucunda uzanarkən K. mənə nifrətlə və yaxud da incik-incik baxmırdı, məni özü ilə aparmaq istəmirdi. Gözlərini mənə zilləyərək gülümsəməsi də, təsadüfən, ya da  işıq və kölgənin düşmə bucağının təsirindən əmələ gəlmiş ola bilərdi. Bu, K.-nın bilərəkdən etdiyi bir hərəkət deyildi. Çox güman ki, onda artıq dərketmə qabiliyyətini itirmişdi, sanki ömürlük ayrıldığımıza görə mənə xəfifcə gülümsəyirdi. Bəlkə də, üzündə gördüyümü zənn etdiyim kəskin nifrət baxışı həmin anda məni ələ keçirmiş dərin qorxunun əksindən başqa bir şey deyilmiş.

O axşam K.-nın əsərlərinə baxdıqca yeni düşüncələrimə daha çox inandım. Rəsmə nə qədər çox baxsam da, bir uşağın zərif və təmiz ruhundan başqa heç nə tapa bilmədim.

Uzun müddət yazı masamda  oturdum. Edə biləcəyim başqa heç nə yox idi. Günəş batdı və axşamın solğun qaranlığı otağı bürüməyə başladı. Sonra ətrafa gecənin dərin səssizliyi çökdü. Elə bil, sonsuzluğa qədər belə davam edəcəkdi. Nəhayət, vəziyyət dəyişdi və qaranlıq  öz yerini dan yerinin şəfəqlərinə verdi. Yeni bir günün günəşi səmanı çəhrayı rəngə boyadı. Məhz həmin anda geri qayıtmalı olduğuma qərar verdim. Bir neçə əşyamı çantaya atdım, işə gəlməyəcəyimi demək üçün şirkətə zəng etdim və köhnə şəhərimə qayıtmaq üçün qatara mindim.

O sakit, kiçik sahil qəsəbəsi xatirələrimdə olduğu kimi deyildi, çox dəyişmişdi. 60-cı illərdə qısa müddət ərzində sürətlə inkişaf edən sənaye şəhəri yaranmış, görünüşü fərqli olmuşdu. Stansiyanın yanındakı balaca hədiyyə dükanı ticarət mərkəzinə çevrilmişdi, şəhərin yeganə kinoteatrı indi supermarket kimi fəaliyyət göstərirdi. Evim uzun müddət idi ki, yox idi. Bir neçə ay əvvəl sökülmüş, torpağına qədər qaşınmışdı. Bağdakı bütün ağaclar kəsilmiş, qara torpağın üstündə bir çəngə ot belə qalmamışdı. K.-nın keçmiş evi də yox olmuş, yerində maşın və kamazlarla dolu beton avtopark tikilmişdi. Amma kövrəlmədim. Onsuz da qəsəbə uzun müddət idi ki, mənim deyildi.

Sahilə tərəf getdim və sahilbəndin pilləkənləri ilə yuxarı dırmaşdım. O biri tərəfdə, həmişəki kimi okean gözlə görünə bildiyi qədər – üfüq xətti boyunca maneəsiz şəkildə yayılmışdı. Sahil də heç dəyişməmişdi: uzun qumsallıq, şappıldayan dalğalar, suyun kənarında gəzişən insanlar…

Saat 4-ü keçirdi və günortanın ahəstə günəşi üzü qərbə tərəf yavaş-yavaş xəyalpərəst addımlarla irəliləyirdi. Batarkən də ətrafındakı hər şeyi öz ağuşuna alırdı. Çantamı qumların üstünə atdım və oturdum… Səssizcə sakit dəniz mənzərəsinə tamaşa edirdim. Nə vaxtsa nəhəng bir qasırğanın gördüyüm bu səhnəni məhv etdiyini, böyük bir dalğanın dünyadakı ən yaxın dostumu udduğunu təssəvür etmək mümkün deyildi. Çox güman ki, həmin qorxunc hadisəni xatırlayan kimsə qalmamışdı. Elə bil, hiss etdiyim hər şey xırda detallarına qədər uydurduğum xəyal idi.

Və elə o an içimdəki dərin qaranlığın qeyb olduğunu duydum. Qəflətən gəldiyi kimi yoxa çıxdı…. Oturduğum yerdən qalxdım və ayaqqabılarımı çıxarmağa, ya da şalvarın balağını yuxarı qatlamağa ehtiyac duymadan ləpədöyənə tərəf getdim. Topuğuma qədər dalğaların içinə girdim. Mən uşaq ikən sahili yuyan dalğalar indi də sanki barışmaq istərcəsinə nəvazişlə  ayaqlarımı yalayır, qara ayaqqabımı və balağımı isladırdı.

Əvvəlcə kiçik bir dalğa gəldi, sonra uzun fasilə çökdü, sonrasında isə növbəti dalğa… Və geri qayıtdı… Yanımdan keçən insanlar təəccüblə gözlərini mənə zilləyirdilər, ancaq vecimə də deyildi.Səmaya baxırdım. Göydən bir neçə hərəkətsiz, boz, toppuş bulud asılmışdı. Sanki, illərdir orada məni gözləyirdilər. Ancaq niyə bu cür hiss etdiyimi bilmirdim… Tufanın “gözündə” olanda da başımı qaldırıb göyə baxdığımı xatırlayırdım. Sonra zamanın məhvəri içimdə dartılaraq yaşadığım qırx ili sökük ev kimi çökdürdü. Burulğan kimi keçmişlə indini birlikdə fırlanan kütlə tək qarışdırdı. Bütün səslər öləzidi, ətrafımdakı işıq parçalandı. Müvazinətimi itirdim və dalğaların içinə yuvarlandım. Ürəyim boğazımda döyünürdü. Əl-ayağım boşalmışdı. Uzun müddət üzüqoylu suda qaldım. Ancaq qorxmadım. Heç bir qorxu hiss etmədim. Artıq məni qorxudacaq  bir şey yox idi. O günlər keçmişdə qalmışdı.

Bu hadisədən sonra bir də dəhşətli qarabasmaları görmədim. Daha heç gecənin bir yarısında qışqıraraq oyanmıram da. Artıq həyata yenidən başlamağa çalışıram. Bəli, bunun üçün gecikdiyimi bilirəm. Yaşamaq üçün çox vaxtm olmaya bilər. Ancaq gec olsa da, nəhayət ki, nicat tapdığım, yaxşılaşmağa başladığım üçün şükr edirəm.

Bəli, şükr edirəm: Həyatımın sonuna qədər xilas olmaya, qaranlıqdan qorxaraq qışqırmağa davam edə bilərdim.

Yeddinci adam susdu və bir-bir gözlərini ətrafdakılara zilləyərək baxdı. Heç kim nə danışır, nə də hərəkət edirdi. Elə bil, nəfəs də almırdılar. Hamı hekayənin davamını gözləyirdi. Çöldəki külək kəsmişdi. Artıq heç bir şey qımıldanmırdı.

Yeddinci adam əli ilə yenidən köynəyinin yaxalığını dartışdırdı. Sanki deyəcəyi sözləri axtarırdı.

“Onlar bizə qorxmalı olduğumuz tək şeyin qorxu olduğunu deyirlər. Ancaq mən buna inanmıram”, – o dedi. Bir saniyə sonra əlavə etdi: “Düzdür, qorxu var. O, müxtəlif vaxtlarda və formalarda gəlir və bizi boğur.          Lakin qorxunun bizi hədələdiyi vaxtlarda edə biləcəyimiz ən pis şey arxamızı ona çevirib, gözlərimizi yummaqdır. Belə olduqda, içimizdəki ən dəyərli şeyi təhvil verib, başqa bir şeylə əvəzləyirik. Mənim vəziyyətimdə o başqa şeyin adı dalğa idi”.

İngilis dilindən çevirdi: Rövşən Danyeri