Yel dəyirmanı

106 Baxış

nisebeyimNisə Bəyim

 

Mən hər zaman düşünmüşəm ki, nağıllar, miflər, əsatirlər, əfsanələr özündə bəşəriyyətin ictimai – tarixi , fiziki – mənəvi  yaddaşının kodlarını saxlayır. İlahi qüvvələr bəni adamlara göstərmək istədikləri yolu, anlatmaq istədikləri mətləbləri, məsləhət və nəsihətlərini miflərin yaddaşına yükləyib, şifrəsini də insan təfəkkürünə həvalə ediblər. Böyük-böyük həyat təcrübələri və həqiqətləri kiçik məcazlara sığır, açdıqca açılır, çözdükcə çözülür.  Məcazlar həqiqətlərin açarıdır. Çox zaman insanlar nağılı yalanla eyniləşdirib, onu həyata keçməyən, reallığa çevrilmək imkanı olmayan arzu kimi  xarakterizə edirlər. Amma tam əksinədir, hansı mifi, hansı nağılı götürsək, onun  daxili bətni yalnız və yalnız həqiqətləri ehtiva edir. Sehrli nağıllarda qəhrəman şər qüvvə ilə qarşılaşanda şər simasını dəyişir. Gah aslana, gah tülküyə, gah ilana, gah quşa, gah qurbağaya çevrilir.Torpaqda, suda, göydə, alovda gizlənən şərin hissələri haldan – hala keçir, enerjidən  enerjiyə çevrilir. Buna görə də onun kökünü kəsmək mümkün deyil. Qəhrəman qılıncını çəkir, düşmən  və onun əksi bütün divarların güzgüsündədir, bunların biri gerçək şər , qalanları şərin əksləridir. Qəhrəman qılınc vurur, amma əjdahanın yeddi başı var. Birini kəsir, onun yerində başqaları peyda olur. Bu əjdaha başlarından yalnız biri həqiqidir, onu kəsməyincə, o biri yalançı başlar ölmür…şərin yerində başqa şər göyərir…

Həyatda da belədir. Fərdi həyatımızdan tutmuş, qlobal dünyaya qədər baş verən  bütün qarşıdurmalarda, mübarizələrdə, müharibələrdə yalnız bir şər və şəri əks etdirən çoxsaylı görüntülər var. Məsələn, terror kimi…

Terror – sözü dünyanın bütün dillərində eynidir. Qorxu,vahimə, xaos, təxribat, qarışıqlıq – bir sözlə, ölümə, dağıntıya aparan bütün yolların başlanğıcı. Sonuncu – ikinci dünya müharibəsindən sonra, dünyada baş verən lokal və ya böyük miqyaslı müharibələrin gerçək sərhəddi olmayıb, düşmən tərəflər qarşı- qarşıya dayanıb döyüşməyiblər. Bir-birini görmədən, uzaqdan, başqalarının əli ilə dağıntı törədiblər. Bu müharibələrin özünə məxsus xarakteri var – konkret düşmən bəlli deyil, konkret sərhəd yoxdur, konkret qalib və ya məğlub tərəf də yoxdur. Seperatizmin törədildiyi bütün bölgələrərdə müharibə vəziyyətləri dondurulmuş vəziyyətdə saxlanılır. Vyetnam, Koreya, Fələstin, Əfqanıstan, Yuqoslaviya, İraq, Liviya, Qarabağ,  Ukrayna, Suriya və daha neçə-neçə  ölkələrin əhalisi illərlə bu gözə görünməz separatizmdən, terrordan, dağıntılardan və itkilərdən əziyyət çəkir. Milyonlarla insan öz doğma yurd- yuvalarından , isti ocaqlarından qaçqın düşür, məhrumiyyətlərlə  üz-üzə qalmalı olurlar. Müharibə sənayesi dayanmadan işləyir,  yeni-yeni hərb qazanları qaynadır. Yerli əhali silahlanır, döyüşür, özünü müdafiə etmək istəyir, amma bu mübarizə Don Kixotun  yel dəyirmanı ilə vuruşmasına bənzəyir. Əslində, Don Kixot kiminlə döyüşdüyünü bilmir, amma yel dəyirmanı boşuna fırlanmır, yel dəyirmanında mütləq düşmən vardır. Şərin fırlatdığı dəyirman nə qədər insanı üyüdüb məhv edib, nə qədər şəhərləri, kəndləri yox edib. Bu dəyirman dayanmadan fırlanır. Yel dəyirmanı ilə döyüşmək istəyən Don Kixotlar isə bütün zamanlarda mövcuddur.  Kənardan gülünc görünsələr də, Don Kixot missiyalı adamlar böyük şərin qarşısına cəsur cəngavər kimi çıxaraq, onun mövcudluğunu bəyan etməyə çalışırlar. Vaxtilə, Servantes “Don Kixot” romanını ironiya və yumor hissilə qələmə alıb, orta əsrlərdə mübaliğəli görünən cəngavərlərə gülürdü. Görünür, bir dövr üçün  ironik olan ideyalar başqa dövrlərdə  tragediya  və dram kimi meydana çıxır.

Son günlər Tütkiyədə yaşanan terror aktı 97 nəfərin ölümü və 400-ə yaxın vətəndaşın yaralanması ilə dünya mediasını zəbt elədi. Amma nəticə bu deyil, nəticə cəmiyyətə daha ağır, daha amansız zərbələr vurdu. Qorxu, təlaş, vahimə, müvazinətsizlik dövlətə inamı kökündən sarsıtdı. Şər sübut elədi ki , o hər yerdədir, terror səni hər an, hər yerdə yaxalaya bilər. Küçədə, avtobusda, metroda, iş yerində, evdə, mətbəxdə, çarpayıda, toyda, yasda, barış üçün getdiyin, terror əleyhinə çıxış etdiyin aksiyada  qarşına çıxa bilər. Gözlə görünən və gözlə görünməyən hər bir yerdə terrora tuş gələ bilərsən. Bu şübhənin özü belə psixoloji müharibənin iştirakçısı olmaq deməkdir. Düşmən axtarışında olmaq, hər kəsdən şübhələnmək insanın normal vəziyyətdən çıxması, psixiki aqressiyaya uğramasıdır. Şərin vətəni, milliyyəti yoxdur – o, hər yerdədir. Hökumətin apardığı testdən terrorçular məlum olsa da, terror təşkilatı araşdırılıb üzə çıxarılsa da, bu, hələ hamısı demək deyildir. Bunlar şərin müxtəlif güzgülərdə əks edən surətləridir. Gerçək şər isə gözəgörünməz varlığını məharətlə gizləməkdədir. Səhnədə isə Don Kixotlar yel dəyirmalı ilə vuruşmaqda davam edir.  Don Kixotlar gəlib – gedir, yel dəyirmanı isə fırlanır…

Bu günlərdə xarici kanallarda yayımlanan bir görüntünü heç bir insan oğlu həyəcansız izləyə bilməzdi. Bir fələstinli dinc əhalini güllə atəşinə tutan bir qrup İsrail əsgərinin üzərinə yeriyir …bu ərəb silahsızdır, o əsgərlə danışır, dayanın ,- deyir, uşaqlara güllə atmayın, dinc əhalini qırmayın…onu əsgərlər itələyir, o isə geri çəkilmir, sinəsindən əllə vururlar, yenə çəkilmir, səndələyir, yenidən əsgərlərin üstünə cumur, yaxınlıqdakı əsgərlər də yaxınlaşır, o isə tək-tənha, sinəsini qabardaraq irəli yeriyir. O, artıq qorxmaqdan, gizlənməkdən, ədalətsizlikdən bezib, ölümün üstünə əliyalın yeriyir, qışqıra-qışqıra ittiham edən ərəbi İsrail əsgərləri silahla vurmur, o isə yerə sərilir… ürəyi davam gətirmir… İnsanın dözümünün , iradəsini həddi var, cəsarətin və qorxunun da həddi var, hətta ölümün də həddi var… hadisəni uzaqdan izləyən jurnalistlər ərəbə köməyə yüyürür, onu xəstəxanaya götürürlər…O adam sağ qalacaqmı, ya həlak olacaqmı – artıq önəmli deyil. Zatən o ölümü gözə alaraq düşmənin üzərinə əliyalın getmişdi. Amma bir həqiqəti dünyaya bəyan etdi – hər kəs təkbaşına şərin üstünə gedə bilər, şərin gözünü içinə gerçəyi söyləyə bilər. Hər kəs şərlə mübarizə apara bilər. Şərin yanında, arxasında deyil, qarşısında olmaq lazımdır. Bu dünyanı qoruyub saxlamaq üçün, bəşəriyyət naminə, insanlıq üçün şərin qarşısını kəsmək lazımdır, böyüməsinə, güclənməsinə imkan verməmək lazımdır. Bu – hər kəsin, yaşamaq istəyən hər bir adamın borcudur.

Bu yazını Ankaradakı terror zamanı yazmışdım, o zaman hiss etmişdim ki,bunu yenə də ardı olacaq.Təəssüf ki, elə də oldu. Bu dəfə dünyanın  mədəniyyəti və tarixi əhəmiyyəti ilə hər bir ölkənin həsəd etdiyi  Paris hədəf oldu.  Məncə, tarix də təsadüfən seçilmədi.  13, cümə  rəqəmi xristian aləmində xüsusi mistika daşıyan tarix hesab olunur. Ankara və Paris faciəsi eyni mənbənin planladığı siyasi aktın halqalarıdır. Əslində bu, bütün dünyanın,eyni zamanda, bizim də faciəmizdir. Qarşısında gücsüz olduğumuzu..

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10