Yeni imza – Seyid Həsrət

114 Baxış

 seid

 

 

Vədəsiz

 

Bağlamışdım eşqə olan qapısın,

Niyə gəldin sən ömrümə vədəsiz?

Unutmuşdum məhəbbətin anısın

İstəmirdim bundan sonra təzə iz.

Niyə gəldin sən ömrümə vədəsiz?

 

Alovlanır Günəş nuru gözündə,

Bahar ətri gülüşündə, sözündə,

Mənsə ömrün xəzan vurmuş düzündə.

Addımlayaq necə birgə belə biz?

Niyə gəldin sən ömrümə vədəsiz?

 

Yaş o yaş deyil ki sevim, sevilim,

Gələcək günləri bir ümid bilim.

Gedib ömrün çoxu, qalıb bir dilim

Mən sınıq bir gəmi, sən coşqun dəniz

Niyə gəldin sən ömrümə vədəsiz?

 

Gecikmisən, bəlkə, zaman tələsib?

Bəlkə, Tanrı sevgi payın kəm kəsib?
Hicran birgə, vüsal ayrı, bir nəsib.

Başlamamış sona yetsin sevgimiz.

Niyə gəldin sən ömrümə vədəsiz?

 

 

Get barı

 

Ayrılıq hər eşqin qədərində var,
Göndər xayalını, sonra get, barı.
Özgə bir qollarda olanda sən yar,
Qucum xəyalını, qəlbimin yarı.
Göndər xəyalını, sonra get, barı.

 

Tənha yollarımda yoldaşım olsun,
Ömürlük sir qalan sirdaşım olsun,
Ölərsəm məzarım, başdaşım olsun
Əbədi sevgimin nakam qubarı.
Göndər xəyalını, sonra get, barı.

 

Güləndə nur saçan günəş üzünü,
Oxşardım telini, qara gözünü.
Niyə çox gördün sən mənə özünü?
Gerçək bu dünyamın olmayan varı,
Göndər xəyalını, sonra get, barı.

 

Getdin, qış gətirdin, vücudum donur,
Nəfəsim sazaqdı, ruhum da sönür.
Sənsiz necə keçsin qalan bu ömür?
Qarıyır qəlbimdə həsrətin qarı,
Göndər xayalını, sonra get, barı.

 

Sənsiz çox acıymış həyatın dadı.
Varlığım, həyatım xəyalımdadı,
Təsəllim o şirin xəyalındadı.
Olmazsa öldürər hicranın xarı.
Göndər xəyalını, sonra get, barı.

 

Bölən həyat oldu, bölünənsə biz,
Qismət taleh oldu, qalıqsa bir iz.
Get, səni yaşayım, mən səni sənsiz,
Yarıya bilmədik, barı sən yarı
Göndər xayalını, sonra get, barı.
… sonra get, barı.

 

 

Gözləmə

 

Varlığımın qədrini yoxluğumda bilərsən,

Qayıtmaram yanına, daha məni gözləmə.

Yazılacaq taleyi yazılmamış silərsən,

Qayıtmaram yanına, daha məni gözləmə.

 

Gözlərin diz çökərsə çarəsiz baxışında,

Yalvararsa gözümə ümüdlərin, başında.
Dəyişmərəm heç nəyi dönüb öz axışımda

Qayıtmaram yanına, daha məni gözləmə.

 

Sevgi İlahi hisdir, heç duymadın sən, fəqət,

Sədaqətlə sevgini yaşadır, ona hörmət.

Gecikmisən, sevgilim,  yamaq tutmaz məhəbbət
Qayıtmaram yanına, daha məni gözləmə.

 

Vəfasız bu dünyadan vəfa ummaq günahdı.
Hər günahın bədəli peşmançılıq, ah-vahdı.
Vəfa ummuşdum səndən, indi bədəli vaxtdı.
Qayıtmaram yanına, daha məni gözləmə.

 

 

Tövbə

 

Səni sənsiz yaşamağım bir günah,
Tövbəliyəm mən bu gündən bu eşqə.
Bağışlanaq haqlamamış ahu-vah.
Tövbəliyəm mən bu gündən bu eşqə.

 

Havam, suyum, yeməyim də zəhərdi,
Gülüşüm də, sevincim də kədərdi.
Günüm zülmət, gecəm ondan betərdi
Tövbəliyəm mən bu gündən bu eşqə.

 

Sevilməyim, həm sevməyim bir günah,
Yoxdu axı bizə bizli bir sabah.
Bağışlayar bəlkə Tanrı bir pənah,
Tövbəliyəm mən bu gündən bu eşqə.

 

Tanrı edər, diləsən gər əfvini,
Bağışlayar çox günahı səhvini,
Mən tövbəyçün sevəcəyəm səhvimi,
Tövbəliyəm mən bu gündən bu eşqə.

Bölmə : Bölməsiz, Poeziya
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10