Yeni mövsümdə teatrlarımızda yeni tamaşalar

14 Baxış

teatr

Senet.az saytı Mədəniyyət və Turizm nazirliyinə istinadən teatrlarımızın yeni mövsümə başlayacaqları tarixi və tamaşaları araşdırıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 89-cu teatr mövsümünün ilk tamaşaları sentyabr ayının 17-də nümayiş etdiriləcək. Saat 19.00-da İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşaları göstəriləcək.

Səhnə əsərində Zülfiyyə Alhüseynova, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Elgün Yəhyayev, Yusif Dadaşov, Bəhram Həsənov və Aydın Dəmirov iştirak edəcəklər.

Iki hissəli psixoloji dram olan “Məhv olmuş gündəliklər” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımovdur.

Sentyabr ayının 18-də isə saat 12.00-da Pərvinin “Dəcəl keçi”, saat 19.00-da Kalmık və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq B.Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün hazırladıqları “Qohumlar” tamaşaları nümayiş etdiriləcək.

Azərbaycan Dövlət Musiqili Teatrı

Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümünə 18 sentyabr – Milli Musiqi Günü start verəcək. 107-ci mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq.. 

Azərbaycan Opera və Balet Teatrı

Azərbaycan Opera və Balet Teatrı bu il sentyabrın 18-də 108-ci teatr mövsümünə Üzeyir.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə başlayacaq.

Üzeyir.Hacıbəyli VIII Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun) ilk dəfə tələbəsi gənc solist Arzu Əliyeva (Leyli) ilə birlikdə çıxış edəcəklər. Tamaşada həmçinin Respublikanın Əməkdar artistləri Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və b. iştirak edəcəklər.

Azərbaycan Dövlət Kukla Teatrı

Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayır.

Teatrın yeni mövsümə sentyabrın 9-da start verib, teatr 15-24 sentyabr tarixlərində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında da təmsil olunacaq. Teatr burada son uğurlu səhnə nümunələrindən olan “Zəng” adlı mono tamaşa ilə iştirak edəcək.

Şuşa Dövlət Musiqili Dram Teatrı

Şuşa Dövlət Musiqili Dram Teatrı sentyabr ayının 20–də saat – 17:oo–da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində (H.Əliyev prospekti – 92 a) 143–cü Teatr Mövsümünü, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə açacaqdır.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar Artist Azad Məmmədovdur. Rollarda  Rasəf  Mehdiyev (Bəhram), Dürdanə Dünyamalıyeva (Sara), Xanirə İsgəndərova (Gülnisə), Vüsalə Məmmədzadə (Pəri), Zahid Mehdiyev (Əbdül) iştirak edirlər.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 23 sentyabr 2016-cı il saat 19:00-da Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə 135-ci yubiley mövsümünün təntənəli açılış mərasimini keçirəcəkdir.

Tamaşa ötən əsrin 80-ci illərdə Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir.

Tamaşada əsas rolları əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Zülfiyyə İsmayılova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və başqaları ifa edirlər.

Lənkəran Dövlət Dram Teatrı

Lənkəran Dövlət Dram Teatrı sentyabrın 23-də özünün 126-cı mövsümünə başlayacaq. Həmin gün Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və digərləri ifa edirlər.

 

Bölmə : Manşet, Teatr