Yeni mövsümün ilk tamaşası bəlli oldu

48 Baxış

musiqili_teatrÖtən mövsüm bir sıra ilklərə imza atmış Azərbaycan Dövlət Musiqili Teatrı yeni – 106-cı mövsümə də bir sıra yenilik və sürprizlərlə hazırlaşır. Bu barədə Senet.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib. O, bildirib ki, Musiqili Teatr ölkədə yeni mövsümə ən tez – 10 sentyabr 2015-ci il tarixdə start verəcək. Mövsümün acılışı dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq.

8-9 sentyabr 2015-ci il tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək. İclas çərçivəsində nəzərdə tutulan bədii proqramın 10 sentyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrında təşkil edilməsi nəzərdə tutulub. Məhz buna görı də mövsümün açılış günü “O olmasın, bu olsun” tamaşası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunacaq.

Bu ölməz səhnə əsərini 2015-ci il 2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilən zaman toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin Maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri, Azərbaycanın adı ilə tarixə düşümüş I Avropa Oyunları münasibətilə ölkəmizə gəlmiş qonaqlar məmnunluqla izləyərək yüksək qiymətləndirmişlər. Tamaşanı izləmiş mötəbər qonaqlar dəfələrlə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə dahi Üzeyir Hacıbəylinin ecazkar və möhtəşəm musiqisindən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10