Yeni müstəmləkə rejiminin üstünlükləri

46 Baxış

Ağ zanbaqlar ölkəsi

Senet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi”kitabından üçüncü hissəni təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Suominin tarixi

Finlandiyanı müxtəlif tarixlərdə ziyarət etdim. Ölkənin müxtəlif bölgələrində yaşadım. Böyük şəhərlərdə, göllər və meşələr arasındakı ucqar kəndlərdə oldum. Finlərin gündəlik həyatlarını, xüsusi günlərdəki oyun və əyləncələrini izlədim. Bir sözlə, bu millətin musiqisi, ədəbiyyatı, sənətkarlığı, teatrı və memarlığı ilə yaxından tanış oldum. Səmimi etiraf edim ki, bütün bunlardan sonra ölkəyə heyranlığım daha da artdı. Finlandiyaya hər səyahətimdə, xaricilərə o qədər də xoş təsir bağışlamayan, ancaq çalışqan və şimalın kiçik, sakit milləti olan finləri daha çox təqdir etməyə başladım.

Fin xalqının həyatında iki məsələni qeyd etmək lazımdır. Birincisi, Rusiya inqilabına, yəni 1917-ci ilə qədər finlərin müstəqil olmamaları; ikincisi isə bu millətin daxilində güclü və liderlik bacarığı olan böyük şəxsiyyətlərin yetişməməsidir. Finlərin sahib olduqları yüksək mədəniyyət xalqın öz səyi nəticəsində formalaşmışdır.

Finlandiya Rusiyanın şimal-qərbində yerləşir. Digər tərəfdən isə Finlandiya İsveçlə qonşudur. 1811-ci ilə qədər finlər İsveçin əsarəti altında olub. O zaman isveçlilərin finlərə münasibəti avstriyalıların Voyvodinada və Bosniya- Hersoqovinadakı serblərə münasibəti kimi idi. Ya da Osmanlı dövründə rumların bolqarlara qarşı münasibəti kimi. Bütün hakimiyyət və iqtidar gücü, ticarət və sənaye, məktəblər və hətta kilsələr belə isveçlilərin əlində idi. Bütün dövlət məmurları, hakimlər, əsgərlər, rahiblər və müəllimlər isveçlilərdən ibarət idi. İsveçlilər özlərini üstün gördüklərindən finlərə aşağı irqin nümayəndələri kimi baxır və onlarla o şəkildə də rəftar edirdilər.

Finlər, isveçlilərlə eyni siyasi hüquqlara sahiblik məsələsi ilə yanaşı iqtisadi və mədəni baxımdan da geri qalırdılar.

Bütün bunlar isə finlərin bir millət kimi inkişafına çox təsir göstərmişdir. XVIII əsrin sonlarında və hətta 1840-ci illərə qədər Fin mədəniyyəti havasız bir zirzəmidə bitən çiçək kimi zəif və solğun idi. O zaman finlərdə təhsil səviyyəsi çox aşağı idi.

1808-ci ildə Rusiya ilə İsveç arasında müharibə başlayanda Rus çarı I Aleksandr ordusu ilə Finlandiya ərazisinin yarısını işğal edəndən sonra Borgo (Bu gün Finlandiyanın cənubunda yerləşən şəhər. Porvoo və ya İsveç dilində Borga) şəhərində bütün Suomidən seçilmiş nümayəndələri Fin Milli Məclisinə (Seym) dəvət etmişdi. Bütün suomların (finlərin) nümayəndələrindən ibarət məclisə isə bu sualı ünvanlamışdı:

Bundan sonra da İsveçin idarəçiliyi altında qalmaq, yoxsa daxili idarəçilikdə müstəqil olmaq şərti ilə Rusiya tabeliyinə keçmək istəyirsiniz?

Finlərin nümayəndələri Rusiyaya ilhaq olmağı qəbul etmişdilər. Bunun əvəzində I Aleksandr finlərin İsveçin tabeçiliyi zamanındakı konstitusiyada göstərilən daxili idarəçiliklə bağlı hüquqları ilə kifayətlənərlərsə, o da bu hüquqları tanıyacağına və sadiq qalacağını öhdəliyinə götürmüşdü.

Finlandiyanın Rusiyaya ilhaq edilməsi hər iki tərəf üçün faydalı olmuşdur. Əslində Finlandiya yoxsul bir ölkədir.

Hindistan və Misirin İngiltərə üçün xüsusi əhəmiyyəti var idi. Ancaq Finlandiyanın Rusiya üçün elə bir əhəmiyyəti yox idi. Finlandiya Rusiyanın Krımına, Qafqazına, ya da Türküstanına oxşayırdı. Rusiya Finlandiyanı ilhaq etdikdən sonra heç bir iqtisadi səmərəsini görməmişdi. Bu ölkənin ilhaqı Rusiyanın işinə başqa bir tərəfdən yarayırdı.

Əsas məsələ Finlandiyanın Rusiyanın paytaxtı Petroqrada (Petroqrad indiki Sankt Peterburq şəhəridir və bir müddət Rusiyanın paytaxtı olub) yaxın olması idi. Finlandiya sərhəddindən qatarla 4 saata Petroqrada çatmaq mümkün idi. Hər hansı ölkə ilə müharibə olardısa, düşmənin Finlandiya vasitəsilə paytaxtı təhdid etmək təhlükəsi var idi. Paytaxtı gözlənilən təhlükələrdən qorumaq üçün Finlandiyanın işğalı qərara alınmışdı.

Digər tərəfdən isə daxili müstəqillik əldə edən finlər üçün özlərinə məxsus mədəniyyət və sivilizasiya yaratmaq imkanı yaranmışdı.

Rusiya işğalından sonra İsveç xalqının da çoxu (Finlandiya müstəqillik qazandıqdan sonra isveçlilərin çoxu İsveçə köçdü) Finlandiyada qalmağa üstünlük verdi. Ancaq onlar əvvəlki kimi ölkənin sahibləri deyildilər.

Bu da Finlandiya mədəniyyətinin inkişafına öz təsirini göstərmişdi.

İlk vaxtlar ölkənin mədəni inkişafı üçün çalışanların sayı məhdud idi. Ölkədə ziyalı hesab edilən müəllim, din adamı və gənclərin sayı barmaqla sayıla biləcək qədər az idi. Lakin bu, ziyalıların gücünün azalmasına yox, artmasına səbəb olmuşdu.