“Yeni qazax şeiri antologiyası” kitabı çapdan çıxıb

13 Baxış

15116230634655518204_1000x669

“Elm və təhsil” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri işıq üzü görüb. Bu nəşr qardaş Qazaxıstan ədəbiyyatına həsr edilib. “Yeni qazax şeiri antologiyası” adlanan, 57 yeni qazax şairinin şeirləri toplanmış nəşr 280 səhifədən ibarətdir. Nəşrə məsul və baş redaktoru DGTYB-in baş məsləhətçisi Əkbər Qoşalıdır.

Ə.Qoşalı Senet.az-a bildirib ki, “Kaspi” qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazıb.

Qazaxıstan Respublikasının Dövlət Mükafatı laureatı Temirxan Mədətbek isə nəşrə “Ön söz” yazıb. Antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov və başqalarıdır.

Akademik Nizami Cəfərov, “Vektor” nəşrlər evinin direktoru, şair Elçin İsgəndərzadə, Mahmud Kaşqari adına Uluslararası Fondun direktoru Elxan Zal Qaraxanlı kitaba rəy yazıblar.

“Yeni qazax şeiri antologiyası”na daxil edilən şeirlər qazaxıstanlı yeni nəsil yazarları – Tolkın Kabılşa, Janar Ailaş, İndira Kerey, Akberen Yelgezek, Oljas Qasım, Janargül Qədir, Saqınış Namazşam, Anar Şamşadin, Nazira Berdali, Rəvan Kabidoldin, Ayazda Berkut, Kuanış Medevbay, Janibek Aliman, Janat Jankaçoğlu, Əzəmət Yessalin, Gülnaz Faizulla, Gülnaz Satbay və başqalarınındır.

Şeirləri Azərbaycan dilinə yazarlar – Rəsmiyyə Sabir, Təranə Turan, Gülnar Səma, Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli çeviriblər.

Ə.Qoşalı bildirib ki, antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov, Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu, Qazaxıstan Elmi Kitabxanası direktorunun müavini Dauletkerey Kapoğlu, doktor Gülnaz Faizulla dekabrın 1-dən 5-dək keçiriləcək “Bakıdan türk dünyasına” mövzusunda silsilə tədbirlər çərçivəsində bu il “Yeni qazax şeiri antologiyası”nın təqdimat və “imza günü”ndə iştirak etmək üçün Azərbaycana səfərə gələcəklər.

Antologiyanın türk dünyasının builki mədəniyyət paytaxtı, Qazaxıstanın Türkistan şəhərində təqdimatının keçirilməsi nəzərdə tutulub.