Yerli ədəbiyyat üçün yeni yanaşma

26 Baxış

oderlerŞəmil Sadiqin “Odərlər” romanı haqqında
Bu roman haqqında çox təriflər eşitmişdim, hətta bəzi kitabsevər dostlarım bu kitabı təxirəsalınmadan oxumağımı mənə şiddətlə tövsiyyə etmişdi. Nəhayət ki, növbə “Odərlər”ə çatdı…

Öncə bunu qeyd edim ki, mən ideoloji nüanslara əsaslanan bədii ədəbiyyatdan bir o qədər də təsirlənmirəm. Qiraətçi təcrübəmə arxalanaraq bu fikirdəydim. Lakin ilk səhifələrində Hollywoodun tarixi-araşdırmaçı və ya detektiv süjet xəttində çəkilən filmlərini xatırladan bu roman, sonra məni özünə elə bağladı ki, hadisələrin inkişaf tempindən həyəcanlanmaya bilmədim. Məsələnin ideoloji tərəflərini isə, anlamadığım daxili coşğunluqla qəbul edirdim. Belə demək mümkünsə, alternativ türkçülüklə əvvəllər İsa Muğannanın “İdeal” və “Məhşər” romanlarında tanış olmuş, orada təqdim olunan SafAğ elminin rüşeymlərini lap uşaqlıqdan gerçək həyatımda axtarmağa cəhd etmişdim. Hətta bu bilgilərin gizli olaraq tətbiqinin mümkünsüzlüyünü də özlüyümdə qətiləşdirmişdim.

“Odərlər” romanı isə, qarşıma daha müasir və anlaşıqlı, daha inandırıcı və əl uzatmaqla toxunulması mümkün olan bir biçimdə çıxdı. Məni maraqlandıran və həyəcanıma səbəb olan heç də süjetin action tərəfi deyildi (baxmayaraq ki, bu cəhd də xeyli təbii və uğurlu alınmışdı), intizarını çəkdiyim yeganə şey bu fikirlər burulğanında hadisələrin tapmacası və bunların açılması yönündə qəhrəmanların verəcəyi qərarlar, təqdim olunan vəziyyətin qlobal olaylara münasibəti idi.

Etiraf edim ki, bəzi cavabları aldım və bunların sadəcə bir utopiya olmamasına inanmaq istərəm. Dədə Efəndinin söhbətləri roman boyu Arslan kimi mənim də bir çırağım oldu və dönüş yaradacaq bir fərdin müxtəlif cəmiyyətlərin yaşadığı dünyada özünütapma prosesinin qətiliyinə əmniyyətim yarandı. Məncə, əsl qalibiyyət elə budur!

Romanın konstruksiyasını da müasir yerli ədəbiyyat üçün yeni bir yanaşma saymaq olar. Bu, sanki bir riyazi düstur və ya ötürə biləcəyi hisslərin dəqiq hesablanmış xronologiyası idi. Nəzərdə tutulan cəhd öncə gecikmiş təsvir təəssüratı yaratsa da, səhifələr arxada qaldıqca bunu bir sahmana salınmış informasiya kimi qəbul edirsən.

“Odərlər” dili sadə və axıcı bir romandır. Hətta labüd ideologiyanın dərin və adət etmədiyimiz, çoxumuza tanış olmayan modeli də incə təsvirlərlə verilib. Yeganə iradım bu kitabın texniki tərəflərinədir, mənə hələ də maraqlıdır kitabın korrektoru nə işlə məşğul idi ki, az qala hər səhifədə hərf və durğu işarəsi qüsuru buraxmışdı?!

Müəllifin trilogiya kimi nəzərdə tutduğu “Odərlər”in növbəti hissələrini də səbrsizliklə gözləyəcəyəm!!! İnanıram ki, ilk hissəyə nəzərən gözləntilərim özünü doğruldacaq. Yeri gəlmişkən, bu romanın motivləri əsasında əla bir film alınar…

İndi mən də “Odərlər”i şiddətlə tövsiyə edənlərin sırasına girdim. Oxumayanlara xoş mütaliələr!!!

Səbuhu Şahmursoy

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10