“Yersiz yatıb yerlilərin yerində…” – Yaşar Həsənlinin şeirləri

145 Baxış

yasar

Senet.az oxucularına Yaşar Həsənlinin şeirlərini təqdim edir. Y.Həsənlinin şeirləri bu günə qədər bir çox mətbu nəşrlərdə, almanaxlarda çap olunub. Y.Həsənli həmçinin Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

 

Babam bağı bəyənmədi

 

Babam bağa baxanda,

Başını bərk buladı:

“Bura bərbad baxımda…

Bağ bildiyin buradı?!

 

Bağa belə baxmazlar,

Budaqları bit basar.

Basabasla boğmazlar,

Budamağı bir bacar.

 

Bala, buranı bellə

Boşalsın bir balaca.

Bağa baxmasan belə,

Bar bitirməz bolluca.

 

Bu budaqlar babatdı,

Budayarsan boyunu.

Bərk basdım bura batdı,

Bağlayın bu borunu!

 

Baxma boyu bəstədir,

Bir bəzəkdir Bilgəhdə

Bu badam bir bizdədi,

Bitməz başqa bölgədə.

 

Bəyəndim bir buranı,

Bənövşələr boylanır.

Bitib buzu, boranı

Bağ bəzəklə boyanır.

 

Bilin, bizlərdə belə

Bağa bağban baxardı.

Bunu bilənlər bilər

Barı baldan bahaydı.

 

Bağbanlıq bax belədi…

Bunlar batsın başına”.

…Biz babama bələdik,

Baş bulamaz boşuna.

 

Babam başdı, başdadı

Bir bəzəkdir birliyə…

Baba bilən başqadı,

Borcluyuq bu biliyə.

04.12.2018

 

 

Allahdadır aləmlərin açarı…

 

Azğın arzuların alsa ağlını,

Allahın adını ağzına alma.

Asanca aparar acı-ağrını,

Allahın adıyla azca ayılma.

 

Adam Allahını atırsa azad,

Ahından alışan anda ayılar.

Azmağa aparan addımı azalt,

Adamı abırdan, ardan ayırar.

 

Atmaca atırsan adi adama,

Arxalı adamdan ad aldığından.

Allahın arşının aşıb adlama,

Alimlik asandır adamlığından.

 

Atadan, anadan aldığın adı,

Aynatək ayıbsız apar axıra.

Ağıllı adamı ahıllıq atı,

Asana aparar, atmaz ağıra.

 

Aqillik açarı aşkar asılmır,

Allahsız arayıb axtarma ad-san.

Alimlər anladı aləm açılmır,

Addımı Allahdan aralı atsan.

 

…Allahın adıyla alışan anda,

Atəşi axtarma agahsızlarda.

Axirət alınmaz amana, anda

Aqibət ağırdır allahsızlarda.

1992-ci il

 

 

Sənsiz

 

Saxlayıram sirlərimi,

Sanma susa, sönə sənsiz.

Sərsəriyəm, sözlərimi

Söyləyirəm sənə sənsiz.

 

Sözümdəki sükut sezir,

Sənsizlikdən soyuq sızır.

Sahilləri susqun süzür,

Sulardakı sona sənsiz.

 

Saçlarını sevən sığal,

Seyrəldikcə səni sıxar.

Sınaqdayam, sönməz siqar

Susar sözlü sinə sənsiz.

 

Sevincimi soyunuram,

Sakit-sakit soyuluram.

Sevgilisiz sayılıram,

Sanki səksən sənə sənsiz.

 

Səslənməsə sirdaş sular,

Sahillərin sehri solar.

Sevgisizlik sözsüz salar,

Səfərimi sona sənsiz.

 11. 05. 1992

 

 Yurdumuzun yarası

 

Yersiz yatıb yerlilərin yerində,

Yalanları yeri yırtıb yarandı.

Yorulmuşuq yürüşlərin yelindən,

Yurdumuzu yağmalayıb yolandı.

 

Yarıtmayan yolbilənlər yuxulu ,

Yeriməyir, yarı yolda yıxılır.

Yağı yurda yad yerlərdən yığılır,

Yazdıqları yamaqlanmış yalandı!

 

Yazan yazıb yurdumuza yazını,

Yüz yaddaşa yığışmayan yaşını.

Yurd yerimiz yekunlayıb yasını,

Yadellini yaralarla yorandı.

 

Yamanlığa yaxşılıqlar yoğurduq,

Yüngülləşmir, yükümüzdən yorulduq

Yenilməzdik, yalanlarla yonulduq,

Yaddaşımız yanılandı, yanandı.

 

Yarananda yaraqların yarışı,

Yaramadı yurddaşların yarısı.

Yaşar yazdı: “Yurdumuzun yarası

Yağılara yaxşılıqdan yarandı”.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10