Yığacam üzünün qırışlarını, yığacam öpüşün dodaqlarına

77 Baxış

muellim                                                                                      Rəfail Tağızadə

 

 

Götürüb gedirəm səni özümlə

 

Götürüb gedirəm səni özümlə,

gecənin ən sakit, gizlin yerinə.

Qıymaram mən sənə könüldən başqa

bir baxış toxuna, yerin bilinə…

 

Mən səni köksümə sıxıb apardım

bürüdüm hissimin burulğanına.

Bir də görərsən ki, qaçıb üzümdən

dodağım qonubdu dodaqlarına.

 

İlahi, sən bunda cazibəyə bax!

Bu sevgi özümdən qoparır məni.

Bu xumar gecədə bədirlənən ay

salıb işığına aparır məni.

 

 

Yığacam üzünün qırışlarını

 

Yığacam üzünün qırışlarını,

yığacam öpüşün dodaqlarına.

Mənim baxışlarım sehrli əldi,

gəlib xoş çöhrəni tumarlayacaq,

narahat günləri, qəmli günləri,

tutub bircə-bircə oğurlayacaq…

Daha o günlərdən gün qalmayacaq,

bir xətt qalmayacaq, iz qalmayacaq,

ürəkdə bir misqal buz qalmayacaq…

Süpürüb atacaq görünməz yerə,

kim gəzsə tapmayan bilinməz yerə,

o gedər-gəlməzə…  gəlinməz yerə.

Təbəssüm qonacaq üzünə sənin,

bir dəli həsrətin quş qanadında,

məhəbbət adında, sevgi adında.

Üzündə dodağın təması qalar,

qulaqda səsimin sədası qalar,

gözümdə eşqinin ədası qalar…

Dərdi, ağrıları qoparar, atar,

könlünə təptəzə bir sevda qatar.

Bu təzə sevdanın təzə adıyla,

bu təzə sevdanın təzə dadıyla

bir ömür yaşanar, təzə bir ömür,

bu ömür gül açır, bu ömür sönmür…

 

 

Çırpıntılar

 

Mən sənin qapını döyməyən poçtalyonam.

Dünyanın ən böyük günah sahibi…

Istirab sahibi, o AH sahibi.

Nə zəng çalınır,

nə səsin eşidilir qapının kandarından.

Bir sükut boylanır ortalıqdan.

Mən sənin qapının önündən sakitcə ötən adamam,

sanki lap yadam.

Dünyanın ən böyük günah sahibi

sevgini öldürəndi.

 

Hər gün … ötüb,

sonra arxaya boylanıram,

əlimdən uçmaq istəyən məktubu

bərk-bərk tutub saxlayıram,

əlindən tutan kimi

 

əlimdə məktub əsir,

məktubda sözüm əsir…

ayrılıq nəfəsimi kəsir.

ömürdəki tələsir…

 

Döyülməyən qapı çırpınır,

ürək çırpınır,

məktub çırpınır,

…. məhvərindən çıxan

yerim, göyüm çırpınır,

bir də döyünən, tövşüyən zaman.

Aman-aman…

(küləyə qoşulub pəncərədən gələcəyəm, dayan…)

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10