Yolda adam – Əlabbas

6 Baxış

photo_1586

Hekayə

O dükan qalmadı baş vurmasınlar, intəhası hamısından əliboş qayıtdılar. Hər yerdə də bir-birinə  oxşar cavablar:

-Xalxın nər kimi oğulları gedib, ondan danışmır, başlayıb ki, bu nə cür şəhərdi, bir balığı da yoxdu.

-Belə dee,-çar-naçar razılaşırdı,  amma ordan çıxan kimi başqa mağazaya girməkdən də  özünü saxlaya bilmirdi, deyirdi,  şəhər yeridi, yüz dəlmə-deşiyi var, olar ki, burda tapmadığın bir şeyi onunla divar-divara olan  qonşu  dükandan  tapa bilərsən. Aclıq-zad deyil ki, bircə həftəyə hər yeri silib-süpürsünlər. Hərçənd  hər şey elə ona da oxşayırdı: soyuducu dolablar bomboş idi, rəflərdə  hisə verilmiş qızılı pullu balıqdan, rəngbərəng konserv qutularından başqa bir şey gözə dəymirdi.  Allah bilir, o da nə vaxtdan qalanın idi?

-Yaxşı yerdə axşamladıq,-axır ki, əli ətəyindən uzun halda bazarın çıxışında saxladığı maşının yanına qayıdanda deyirdi,-balıq deyənin qulağını kəsirlər.

-Yaxşı görək,-hələ də aldıqları ilə oynayıb, onları yerbəyer eləyən arvadı inamsız halda dilləndi,-nə matah oldu bu? Ayrı vaxt küçə-baca dolu olardı.  Adamın gözünə dürtürdülər.

-Küləkdi ona görə. Bir həftədi üç balıqçı batıb, meyitləri də tapılmır. Bütün şəhər matəm içindədi. Hamı   onlardan danışır.

-Can-can, anasıölmüşlər. Özü də bir yox, üç!-qadın  tanımadığı adamları vaysına-vaysına  yad eləyib,  bir hovurdan mətləb üstə gəldi,-indi nə deyəcəyik anana?

-Özüm də məəttələm,-maşını işə salan müəllim – bilmək olmurdu o, mühərriki qızdırır, ya qərara gəlmək üçün xəyalında nəyisə saf-çürük edir – xeyli götür-qoydan sonra onu dörd yol ayrıcına yox, dəmir yol stansiyasına  gedən səmtə  döndərdi.  Özünü onda qınasa da ki, gərək bütün işləri sonraya saxlayıb, birinci anasının xahişindən  başlayaydılar, indi-indi aydın olurdu ki,  demə, bunun da bir faydası  olan deyilmiş. Olsa, bircə onda olardı ki, daha çək-çevirdə qalmazdılar: niyə əvvəlcə bazara baş çəkdilər,  ordan çıxıb sənaye malları mağazasına dəydilər, arvadı xırda-para alış-veriş eləyənə qədər o da vaxt itirməyib,  bərbərxanada saç-saqqala  maya qoydurdu. Guya, bunları bir az sonraya saxlamaq olmazdı, ya  uşaqlara dəftər-kitab, yazan-pozan, anasına dava-dərman, qonşu Seyfulla kişinin əl fənərinə daş almağı?  Bir vaxt başlarını qaldırdılar ki, şər qarışır. Allah qoysa, payız gününün ömrü nədi ki? Saqqaldan götürdüyünü bığa qoyunca gün axşam olur. Üstəlik onlar şəhərə məktəbdə birinci növbənin dərsləri başa çatandan  sonra, təxminən saat ikidə yola düşmüşdülər. Vaxt itirməsinlər deyə bir tikə təamını da elə yolboyu, bir əli sükanda  ikən elədi. Qırx kilometr də yol. Vaxtlarının əsas hissəsi də elə ona getdi.

-Suyu nə yaman sovulub bu dəyirmanın?!-Maşın top lüləsi kimi göyə tuşlanan dama-dama uzun şlaqbaumun altı ilə atılıb düşə-düşə mazutlu şpal döşənmiş dəmir yolunu keçəndən sonra arvadı nabələd yerlərə  göz gəzdirib  soruşurdu. Bu sual onu xəyalən çəkib haralara aparmadı?… Bir vaxtlar Bakıya, İrana, İrəvana bu stansiyadan  gedib-gələnlərə, əsgər yola salıb, qarşılayanlara, qız köçürüb, gəlin gətirənlərə baxmağın  özü bir tamaşa  idi.  Nəsə o illər adamlar da başqa cür idilər. Hər şeydə qəribə bir doğmalıq var idi. Bu yerlərin tək otuz illik tarixi olan  xatirələri yox, paravoz fitindən tutmuş radio qovşağı ilə verilən elanlarına qədər hər şeyi: yükdaşıyanların  hay-küyü, bələdçilərlə biletsiz sərnişinlərin dava-mərəkəsi,  içkili  yolçuların yersiz mübahisəsi – ən kiçicik  səslər və rənglər belə yadında uşaqlıq  illərinin ağ-qara şəkli kimi qalmışdı.

-Şəhərə balığı əsas bu vətəgə verir,-gec də olsa, axır ki, müəllim özünə gəlib dilləndi,-gəlmişkən qoy bura da baş çəkək, ürəyimdə xal qalmasın. Sonra gic-gic suallarla özümə divan eləyəcəm, tanımırsan məni?

Sərhəd zolağı olduğundan illərlə istifadəsiz qalan sirli çöl-biyaban,  ordan  o tərəfə səthi bir qayda olaraq gündüzlər qızılı, gecələr gümüşü rənglə bərq vuran  dumduru göl suları, əlini uzatsan, çatacağını güman elədiyin əyriş-üyrüş üfüq xətti indi bir ayrı görkəm almışdı: kimsəsiz düzəngaha axşam toranının  hüznü çökmüş, bir-birini qovan boz-bulanıq dalğaların qorxunc uğultusu bütün səs-səmiri udmuş, adda-budda  balıqçı komalarının yaxın-uzaq işığı da seyrək dumanda öləziyib  şam közərtisinə dönmüşdü. Bir tərəfdən də təzəcə başlayan qar… O cür ki, o yağırdı, deyərdin bəs dəli rüzgar alaçalpo ilə qışın qaralamasını eləyir.

Küləyin   vird-viranə qoydugu sahildə – göy brezent örtük, tilov, paslı vedrə, uzunsap kürək, bir tay çəkmə, düyünlü, qarmaqarışıq ağımsov tor, arxasıqatda çevrilmiş iri qayıq və avarlar nizamsız halda ətrafa səpələnmişdi – onları   əynində uzun şinel, başında köhnə, qulaqlı əsgər papağı olan iri görkəmli  balıqçı  qarşıladı. Tüklü sifətindən zəhər yağırdı onun.

-Qardaş, hər şeyi başa düşürəm. Amma gərək sən də məni bağışlayasan. Uzaqda gördüyün o dağ ki var haa, düz o dağın dalından gəlmişəm, xəstə üçün  balıq lazımdı, anama…

Müəllim qapının şüşə yerindən onu hələ də kəc baxışlarla süzməkdə davam edən sifəti iri  ət xallı  adama altdan-yuxarı baxa-baxa sanki birdəncə hiss elədi ki, deyəsən, ondan əlçatmaz bir şeyin xahişini eləyir, tək səsinə deyil, dediyinə də əl gəzdirdi, özü də dərhal:

-Bircə dənə, lap balaca da olsa, olar. Təki əliboş qayıtmayım.

Balıqçı başını buladı, dərindən köks ötürdü, ovurdlarını ovuşdura-ovuşdura ağır ləngərlərlə yırğalanan  göl sularına  göz gəzdirdi və dönüb dinməz-söyləməz komaya  tərəf yönəldi. Yalnız ora çataçatda ehmal-ehmal arxaya çevrilib hələ də ondan cavab gözləyən  müəllimə əli ilə işarə elədi ki,  gözləməsin, getsin.

-Bəlkə, oğludu batan?-arvadı  qəmgin səslə onun hərəkətinə haqq qazandırdı,-yazıq heç özündə deyil.

-Elə bilirsən olmaz?-desə də,  əgər batan oğlu olsa, o burda neyləyir, düşündü, indi  evində hüzrlə, gələni qarşılayıb, gedəni yola salmaqla məşğul olmalı idi. Elə bil qəfil ağlına gələn fikirdən dirçələn, bəlanın bu adamdan yan ötdüyündən sevinən kimi oldu və:

-Bekara yerə vaxt itiririk,-deyib maşını sulu qarın hələ tam islatmadığı  sürüşkən otluqda dala-qabağa verməklə çətin də olsa, geri döndərə bildi,-burdan belə azı on koma var. Deməli,  yoxdu ki,  başqasının yanına göndərmədi, olsaydı, göndərərdi. Bu  o deməkdi ki, deməli, heç harda yoxdu.

Belə deyir və bununla  tək özünə  təskinlik vermir, həm də arvadına eşitdirmək istəyirdi ki, sonra onu qınamasın, olmayan şeyi hardan tapasan, yoxdan Allah da bezardı.

Dönüb tən ortası ilə geri qayıtdıqları sıx qamışlıq maşın işığında öz vahiməli görünüşü ilə   bu dəqiqələrdə əsl cəngəlliyi xatırladırdı. Küləyin  əyib ikiqat elədiyi, bəzənsə maşının ön və arxa şüşələrini aramsız olaraq döyəcləyib səs salan saysız-hesabsız  qarğılar  deyərdin bəs  tünd-qəhvəyi şamları ilə onlara barmaq silkələyir. Ensiz torpaq yolla  asfalta çıxana qədər – ordan o tərəfə dəmiryol stansiyası başlanırdı – artıq qar öz işini görmüş, ətraf    düm ağ ağarmışdı.

-Zəhrimara qalmış yağmağa vaxt tapdı… Bizi yarıyolda qoymasa yaxşıdı,- maşını ehtiyatla, yavaş-yavaş asfalta çıxaran müəllim sərsəri küləkdə hiddətlə şüşəyə çırpılan sulu qar dənəciklərinə işarə ilə deyindi, – qanımın bu qara vaxtı gör nə cövlan eləyir, şoğərib?!

- Qar yağır, ayaq üşütməyə, onun da dərdini çəkən deyilsən ki. Sən maşınını sür…

***

Əcəl başının üstünü çoxdan almışdı qarının,  elə bugünlük-səhərlik idi. Ağrıları daha həb-kinə ilə də səngimirdi. Uzağı bir-iki saat, sonra kənd həkimini çağırırdılar, bir məsləhət də o verir, dava-dərman yazıb gedir, ah-uf da elə bundan sonra  başlanırdı, illah da gecələr. Bu minvalla qarı bir ara rayon xəstəxanasında, bir aydan çox da vilayət mərkəzində müalicə almalı oldu. Heç nə dəyişməyəndə isə, aparın məni burdan, dedi, nə özünüzü alladın, nə məni,  üzü o yana olanın burda nə işi?

O vaxt, yolda ikən qarı bir söz də demişdi:

- Dua eləyin, əcəlim tez gəlsin, sizə də əziyyət verməyim. Yoxsa qarğış qabı olaram.

Belə-belə qarı sağ-sökəl daha bir neçə il ömür sürüb, səksəni başa vurdu.  Onda da bir ayrı dərd  gəlib tapdı onu; yavaş-yavaş yuxusu ərşə çəkildi, yemək-içməkdən kəsildi, arıqlayıb çöpə döndü. Bəzən elə olurdu, günlərlə dilinə çörək dəymir, boğazından bir qurtum  keçmir, nəfəsi belə güclə alıb-verirdi.  Məəttəl qalırdılar ki, görəsən, o nəyin sayəsində dözüb-durur, canını tapşırmır. O isə başqa şey deyirdi. Deyirdi, hayıf deyil adam canısulu ölə, yerlərdə qalmaya. Təsəlli verirdilər, könlünü alırdılar, deyirdilər qoy dərd eləməsin ki, kiməsə yükdü, əlindən zinhara gəliblər. Harasa gedəndə bir şey lazımdırmı, soruşurdular, bəlkə, könlündən nəsə keçir, ürəyi nəsə istəyir, desin. Bunu oğul-qız da  eləməyəndə kim eləməlidi? O da başını bulayar, çuxura düşmüş gözlərini yumar, üzünü çevirərdi ki, niyə qoymurlar  öldüyü yerdə ölsün, lazımdı ona  bu cür yaşamaq? Cana doyub daha…

Bu günsə hər şey tərsinə oldu. Gəlin günortaüstü  paltarını dəyişib evdən çıxanda qarı başını yastıqdan azca dikəldib, onu əli ilə yanına çağırdı, səsi quyunun dibindən gəlsə də:

-Bir balıq alarsınız mənə,- dedi.

Gəlin eşitdiyindən karıxan kimi oldu. Görəsən, gün hardan çıxmışdı? Yadına salmağa çalışdı görsün, axırıncı dəfə onun nəsə istədiyini xatırlaya bilirmi? Haçan olmuşdu bu?

-Birini niyə, – dedi sevincək,- lap üçünü alarıq. Təki  ye-iç, nəvənin toyunacan qalx ayağa. Bizi başsız qoyma.

***

Dərəşam meşəsi arxada qaldı. Orta talanı  keçdilər, Qara yalın  yoxuşu başlananda müəllim şəhərdən çıxalı asta-asta olsa da, saat kəfkiri kimi  dayanmaq bilməyən  şüşəsiləni ikinci sürətə keçirməli oldu və:

- İşə bax, – dedi, – oranı qar ağzına almışdı, buranı sel aparır. Halbuki ordan-bura cəmi iyirmi kilometrdi.

-Qardansa yağış yaxşıdı, qoy salamat gedək çıxaq, yolun işini bilmək olmur, sonra   dağlara da yağar. Hələ qış irəlidədi.

Müəllim elə təzəcə:

-Nəyi  bilmək olur?-demişdi ki,  köhnə avtobus dayanacağından  onlara əl  eləyən adamı gördü, amma maşın elə sürət yığmışdı ki, onu saxlamağı, ya geri verməyi heç ağlına da gətirmədi.

-Sən, doğrudan,  o bədbəxti qoyub gedirsən?- arvadının dedikləri, məzəmmət və canıyananlıqdan da çox, adam sınamağa oxşayırdı,-bir özünü onun yerinə qoy gör, gecənin bu şər vaxtı nə elərdin sən? İslanmağı cəhənnəm, adamı eləcə qurd-quş  yeyər bu dərələrdə.

Müəllim hərəkətinə  haqq qazandırdı:

-Söz danışdı, bu vaxt yolda adam olar? Saat ona qalır. Kim bilir, sərxoşdu, narkomandı, nədi…

-Əksinə, deməli, sərxoş deyil ki, yoldadı. İçən, çəkən  olsaydı, yıxılıb yatardı. Qayıt götür onu, yazıqdı, bəlkə, balalarına çörək aparır?

-Allah, Allah, işə düşmədik? Arvad olasan, belə kəllən ola?-müəllim bezara gəlmiş adam səsilə elə deyindi, deyərdin bəs sarı siminə toxunublar, intəhası nə ağıl elədisə, mırtdana-mırtdana olsa da, sürəti azaltdı, maşını tədricən saxlayıb, onu əvvəl dalı-dalı verdi, görəndə ki, bunu selləmə yağışda  və qaranlıqda həm eləyə bilməyəcək, eləsə də bir aləm vaxt itirəcəklər, dönüb yarım kilometr yolu yenidən geri qayıtmalı oldu, özü də dişinin dibindən çıxanı arvadının qabırğasına döşəyə-döşəyə… Axırda da qayıdasan ki:

- Kül o kişinin başına ki, arvad deyənə qulaq asır. Beləsinə nə cür kişi deyəsən?

- Savab yiyəsi olarsan, – arvadı onu çox da zilə getməyə qoymadı, – Allaha xoş gedər, çox deyinmə! Bəlkə, xeyir bundadı, bu saat irəlidə xata-bəla gözləyir bizi? Nə bilirsən?

-Professor olub kişinin qızı! – onlar əlində balaca  zənbil dəmir dirəyin dibində  büzüşüb dayanan yolçunun yanına çatanda müəllim hələ də deyinirdi.

Üzündən nur yağan adam tey su idi, tir-tir titrədir, dili söz tutmurdu.   Maşındakıların yarıyoldan xud ondan ötrü qayıtdığını biləndə isə az qaldı sürücünün əllərindən öpsün. Üzəvari də olsa bu nə zəhmətdi çəkiblər, dedi.

Sürücünün:

- Bəs nədən ötrüdü bu bəşər övladı? Elə ver yeyim, ört yatımla iş qurtarmır ki, – deməyi ona xüsusilə xəcalət təri tökdürdü. O, hiss elədi ki, ardınca gələnlər, elə-belə adamlar deyil. O babətdən bilmirdi sözə hardan başlasın ki, ürəyindəkilərin heç olmasa balaca bir qismini çatdıra bilsin. Bir azdan aydın oldu ki, qəsəbə mərkəzindəndi o, su anbarında qarovulçu işləyir, gecə növbədə olmalı imiş, amma təcili evə qayıtmalı olub. Zəng eləyiblər ki, anasının halı qarışıb, durmayıb gəlsin.

- Fikir eləmə, eyni dərdliyik. O xəstədən biri də bizdədi, – deyib sürücü araya söz qatmaqla onun fikrini yayındırmağa çalışdı, – eşitməmisən, cırıldayan ağac çox yaşayar. Olar ki, yüz yaşlarını da qeyd elərik.

Sonra tanışlıq başlandı, ərşdən-kürşdən danışdılar, bahalıqdan giley-güzar elədilər,  oğuldan-qızdan söhbət açdılar, növbə havaya, gün-güzəran qayğılarına çatanda, onlar da  rayona çatdılar. Bütün yolboyu  nə rastlarına maşın çıxdı, nə də arxadan gəlib onları ötən oldu. Yalnız  şırhaşır yağan yağış, sürüşkən yol və qaranlıq çöllər…

- Bir az qaranlığa qaldın, belədi, gün ki batdı, hərə öz komasına çəkilir, – deyib yolçu maşını gediş-gəlişi kəsilmiş yol qırağında saxlatdırdı, evinin beş metrdə olduğunu dedi, maşından düşdü və düşən kimi də əlini cibinə saldı.

- Səninki yoldaşlıq olmadı ki! – müəllimin məzəmməti onu necə ayıltdısa, əllərini əlbəəl göyə qaldırdı:

- Mən təslim! Bir vaxt xəcalətinizdən çıxaram. Tərslikdən evdə xəstəm, sizin də   yolunuz uzaq, yoxsa belə adamları həvəslə qonaq elərdim, – dedi, onlara yaxşı yol arzuladı və tələsdiyinə görə üzr istəyib becid addımlarla elə uzaqlaşdı ki,  müəllimin arxadan eşidilən səsi  onu döngədə ancaq haqlaya bildi:

- Ay qardaş, adın da yadımdan çıxdı, zənbilin qaldı, zənbilin!

Hələ də kəsməyən yağışda nəyi iləsə həyuləni xatırladan yolçu geri qanrıldı:

- O buracan mənimki idi, burdan belə sizindi, – dedi və  qaranlıqda  gözdən itdi.

***

- Həbib, bir ayağını bəri qoy! – müəllim paltarını dəyişib, bu gün aldığı qəzetləri  səliqə ilə qarşısına təzəcə çinləmişdi ki, arvadının  mətbəxdən gələn təşviş dolu səsini eşitdi, bildi ki, nəsə baş verib: o, hələm-hələm həyəcanlanan deyildi axı… Qadın danışa-danışa mətbəxdən gəlir, osa deyinə-deyinə otaqdan gedirdi. Dəhlizdə qarşılaşdılar və kişini qışqırmaqdan nə saxladı, özü də bilmədi:  hər əlində bir təzə balıq tutan gülümsər simalı arvadı  onun qarşısında dayanmışdı…

fevral-2018

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10