Yorulmuş atları güllələyirlər – Nuranə Abbasova

24 Baxış

161214_they_shoot_banner1

Senet.az oxucularına “Ustad” jurnalının 17-ci sayından “Ustad kino” rubrikasından Nuranə Abbasovanın “Yorulmuş atları güllələyirlər” yazısını təqdim edir. 

ABŞ Böyük depressiya dövründədir. Hər yerdə aclıq və yoxsulluq hökm sürür. İnsanlar pul qazanmaq və bir parça çörək üçün hər şeyi etməyə hazırdır. O cümlədən, günlərlə davam edən rəqs marafonunda iştirak etmək və marafonun sonunda veriləcək 1500 dollar mükafatı almaq üçün ölkənin müxtəlif yerlərindən gəlmiş cütlüklər arasında ölüm-dirim mübarizəsi gedir. Kaliforniya sahillərində təşkil edilən marafonun qalibi isə yalnız bir cütlük ola bilər. Bütün ümidlər təsadüfən yarışmada tanış olan və birlikdə iştiraka məcbur edilən Robertlə Qloriyayadır. Robertin uşaqlıq xatirələrinə həkk olunmuş babasının yorulmuş atı güllələməsi səhnəsi isə filmin sonunda onun özünün Qloriyanı güllələməsi epizodu ilə üst-üstə düşür. Söhbət 1969-cu ildə çəkilmiş “Yorulmuş atları güllələyirlər” filmindən gedir…

 

1932-ci ildə ABŞ-da Böyük depressiya dövrüdür. Milyonlarla işsiz, inamını və ümidini itirmiş insan kütləsi pul qazanmaq üçün istənilən ağır işi görməyə hazırdır. İnsanlar iş axtarmaq üçün doğma evlərini, yurdlarını tərk edir və bir parça çörəkdən ötrü istənilən şərtlər altında çalışmağa razılıq verirdilər. Aclıqdan əziyyət çəkən əhali hər şeyə hazır idi. Bundan istifadə edən işbazlar isə daha çox pul qazanmaq üçün heç nədən çəkinmir və daha çox gəlir gətirəcək əyləncə növlərini fikirləşib tapırdılar. Bunlardan biri də rəqs marafonu olur. Onlarla cütlük fasiləsiz, günlərlə rəqs edir və yalnız marafonun sonunadək ayaqüstə qalıb rəqsə davam etməyi bacaran cütlüyə 1500 dollar pul mükafatı verilirdi. Kaliforniya sahillərində təşkil edilən belə marafonlardan birinin iştirakçıları da Robert Sayverton (Maykl Sarrazin) və Qloriya Bitqi (Ceyn Fonda) olur. Onlardan savayı, marafonda gənc kovboy və qoca dənizçi, hamilə qadın və fermer əri, abırsız keçmişi olan aktrisa və başqaları iştirak edirdilər. Mükafatdan ötrü yarışmaya qatılanlar müxtəlif yaş qrupundan və peşədən olsalar da, onları birləşdirən təbəqə eyni idi – hamı pul qazanmaq və həyatda qalmaq istəyirdi.

Robert marafona təsadüfən qatılır. O, iş axtarmaq üçün Kaliforniyanı qarış-qarış gəzir. Təsadüfən sahildə marafon zalını görür və içəri daxil olur. Onu gözləmədiyi halda rəqs edənlər siyahısına salırlar. Robert bunun zarafat olduğunu sanır və onun etiraz etməsinə macal vermirlər. Eyni zamanda, təşkilatçılar Qloriya Bittinin tərəf-müqabilini bronxit xəstəsi olduğu üçün yarışmaya buraxmırlar. Qloriyaya təcili tərəfdaş lazım olur və bu, Robertdən başqası olmur. Onlara 67 nömrəsini verirlər…

İştirakçılar günlərlə dayanmadan rəqs etməlidirlər. Yalnız 10 dəqiqədən bir fasilə verilir. Yorğunluqdan, gücsüzlük və yuxusuzluqdan marafon iştirakçıları reallıq hissini itirərək “Mən” anlayışından məhrum olurlar. Onlar yorulmuş at kimi “son nəfəslərilə” qələbəyə inadla cəhd edirlər. Əsas məsələ də odur ki, qalib gələcək cütlüyün belə “finiş”dən sonra bu həyatı yaşamağa gücü yetəcəkmi? Axı, yorulmuş atları güllələyirlər…

 

Mükafatlar

 

1970-ci il, “Oskar” – İkinci planda ən yaxşı aktyor (Qiq Yanq)

1971-ci il, Britaniya Akademiyası Mükafatı – İkinci planda ən yaxşı aktrisa (Suzanna York)

1970-ci il, “Qızıl Qlobus” – İkinci planda ən yaxşı aktyor (Qiq Yanq)

1970-ci il, Taormina Beynəlxalq Film Festivalı – “Qızıl Xaribda” mükafatı (rejissor Sidni Pollak)

1969-cu il, Nyu-York Kinotənqidçilər İttifaqı – Ən yaxşı aktrisa (Ceyn Fonda)

1970-ci il, ABŞ Rejissorlar Gildiyası – Ən yaxşı bədii film rejissoru (Sidni Pollak)

1970-ci il, ABŞ Kinotənqidçilər Milli Şurası – Ən yaxşı film

1970-ci il, ABŞ Ssenaristlər Gildiyası – Ən yaxşı dram ssenaristi (Ceyms Po, Robert E.Tompson)

1970-ci il, Kanzas Kinotənqidçilər İttifaqı – Ən yaxşı aktrisa (Ceyn Fonda), İkinci planda ən yaxşı aktyor (Qiq Yanq)

Maraqlı faktlar

 

Film Horas MakKoyyun (1897-1955) eyniadlı romanı əsasında çəkilib.

Sidni Pollak 1971-ci ildə müsahibələrinin birində deyib: “Film Horas MakKoyyun 1935-ci ildə yazdığı kitab əsasında çəkilib. ABŞ-da bu kitab çox az məlumdur, onu daha yaxşı Fransada tanıyırlar. Əsərin ekranlaşdırılması hüququ ilk dəfə Çarlz Çaplində olub. Daha sonra isə müxtəlif vaxtlarda 14 rejissor film çəkmək istəyib. Ancaq prodüserlər bu işə pul qoymağa ehtiyat edirdilər. Çünki süjet çox qaranlıq idi. Mən Ceyms Po və Robert Tomsonla birlikdə filmin ssenarisi üzərində 1964-cü ildə işləməyə başlamışam və yalnız 1969-cu ildə pul tapa bildim…”.

Böyük depressiya (Great Depression) – Dünya iqtisadi böhranı 1929-1939-cu illəri əhatə edib. ABŞ, Kanada, Böyük Brtianiya, Almaniya və Fransa bu böhrandan ciddi əziyyət çəkib. Xüsusilə, ən böyük ziyan sənaye şəhərlərinə dəyib, tikinti işləri faktiki olaraq tamamilə dayandırılıb. Kənd təsərrüfatı məhsullarına tələbat qiymət ödəmə qabiliyyətinin zəifləməsi səbəbindən 40-60% azalıb.

Pollak hesab edirdi ki, Qiq Yanq Rokki roluna uyğun deyil. O, bu rolda aktyor Layonel Stenderi görmək istəyirdi.

Ceyn Fonda (Qloriya) xatirələrində yazır ki, əvvəlcə filmdə çəkilməyə marağı olmayıb. Ssenari onun xoşuna gəlməyibmiş. Ancaq rejissor əri Roj Vadimin təkidi ilə Sidni Pollakla tanış olan Ceyn Qloriya rolunda çəkilməyə razılıq verir. O, obrazını real oynamaq üçün filmə çəkilməzdən əvvəl Battonsomla birlikdə, həqiqətən, günlərlə rəqs etməyə başlayır. Ceynin sözlərinə görə, bu məşqlərdən iki gün sonra onda hallüsinasiyalar başlayıb.

Filmin saundtreki o dövrün çoxsaylı standartlarını özündə cəmləyirdi:

“Easy Come, Easy Go” (Johnny Green and Edward Heyman);

“Sweet Sue” (Victor Young and Will J. Harris);

“Paradise” (Nacio Herb Brown and Gordon Clifford);

“Coquette” (Green and E. Y. Harburg);

“The Japanese Sandman” (Richard A. Whiting and Ray Egan);

“By the Beautiful Sea” (Harry Carroll and Harold R. Atteridge);

“Between the Devil and the Deep Blue Sea” (Harold Arlen and Ted Koehler);

“The Best Things in Life Are Free” (Buddy G. DeSylva, Lew Brown, and Ray Henderson);

“Brother, Can You Spare a Dime?” (Jay Gorney and E. Y. Harburg);

“I Found a Million Dollar Baby (in a Five and Ten Cent Store)” (Harry Warren, Billy Rose, and Mort Dixon);

“California, Here I Come” (Buddy G. DeSylva, Joseph Meyer, and Al Jolson).

Rəqs meydançasındakı orkestr həqiqi caz musiqiçilərindən (titrdə göstərilməyib) təşkil edilib. Bobbi Hatçersonun rəhbərliyilə orkestrdə Hug Bell, Ronni Brict, Teddy Bukner, Hedli Kaliman, Teddi Edvards, Turman Grin, Co Harris, İke İsaaks, Harold Land və Les Robertson olublar.

Saundrek “ABC Records” adı altında 1969-cu ildə buraxılıb, ancaq heç vaxt kompakt-diskə yazılmayıb.

 

Büdcə: 4 milyon 860 min dollar.

Premyera: 10 dekabr, 1969-cu il (Nyu-York).

Şüar: “People are the ultimate spectacle” (“İnsanlar sonuncu tamaşadır”).

Nümayişindən sonra filmə kinotənqidçilər tərəfindən müsbət rəylər verilir. “Barbarella” filmindən sonra ikinci ciddi rolunu oynayan Ceyn Fondanın aktrisalığı xüsusilə qeyd olunur.

35 yaşlı Sidni Pollak üçün film dönüş nöqtəsi olur.

“Mən filmi pul qazanmaq üçün yox, öz yaradıcı və vətəndaş ideyalarımı ifadə etmək üçün çəkirəm. Bu, belə olmasaydı, mən kino sahəsində deyil, Voll-stritdə işləyərdim” – Sidni Pollak.

Film “Nyu-York Tayms” tənqidçilərinin “1000 ən yaxşı film” siyahısına daxil edilib.

 

Horas MakKoy – amerikalı yazıçı-ssenarist, 1897-ci ildə ABŞ-ın Tennessi ştatında anadan olub. Birinci dünya müharibəsi zamanı Amerika aviasiyasında xidmət edib, döyüşlərdə iştirak edib və yaralanıb. 1919-1930-cu illərdə Dallasda qəzetlərin birində idman şöbəsinin redaktoru işləyib. Daha sonra Hollivuda yollanıb, əvvəlcə aktyor, sonra ssnearist kimi çalışıb. “Yorulmuş atları güllələyirlər” əsəri ölümündən sonra ekranlaşdırılıb.

Ceyn Fonda – 1937-ci ildə Nyu-Yorkda anadan olub. Aktyor Henri Fondanın qızıdır.

Qiq Yanq (1913-1978) – Nyu-Yorkda doğulub. “Oskar” mükafatçısıdır, teatr, kino və televiziyada çalışıb.

Suzanna York (1939-2011) – britaniyalı aktrisa, “BAFTA” mükafatçısı, 1972-ci ildə Kann Film Festivalının “Ən yaxşı aktrisa”sı.

Süjet

Rəqs marafonunun iştirakçıları 1500 dollar mükafatdan ötrü dayanmadan öz tərəf-müqabili ilə rəqs etməlidir. Qaydalara əsasən, yoxsulluq ucbatından marafonda iştirak edən yarışmaçılar hər iki saatdan bir 10 dəqiqə dincələ bilərlər. Bundan başqa, gün ərzində 7 dəfə pulsuz yemək ala bilirlər. Bəzən iştirakçılar xüsusi nömrələr göstərir və tamaşaçılar dəstək əlaməti olaraq meydançaya xırda sikkələr atırlar. Robert təsadüfən yarışmaya qatılır və Qloriya ilə tərəf-müqabili olur. Marafonda dənizçi-veteran, hamilə Rubi və onun əri Ceyms, gənc aktrisa Elis və Rollo (ümid edirlər ki, onlar Hollivud agentlərinin diqqətini cəlb edəcək və iş təklifi alacaqlar) iştirak edirlər. Aparıcı Rokki marafona biznes vasitəsi kimi baxır, o, biletləri satır və marafonun əyləncəli olmasına çalışırdı. 600 saat sonra ilk “derbi” başlayır: iştirakçılar halqa ətrafında 10 dəqiqə qaçmalı və sona qalan 3 iştirakçı marafondan uzaqlaşdırılır.

Epizodların birində Robertlə Qloriya qısqanclıq üzündən mübahisə edir və onlar tərəf-müqabillərini dəyişməli olurlar: Robert Elislə, Qloriya Rollo ilə rəqs etməli olur. Ancaq Rollo tezliklə iş tapdığından marafonu tərk edir, Qloriya isə 24 saat ərzində özünə yeni tərəf-müqabili tapmazsa, yarışmadan uzaqlaşdırılacağı şərtilə üz-üzə qalır. Dənizçinin tərəf-müqabili rəqs zamanı huşunu itirir və Qloriya dənizçi ilə rəqsə başlayır. Ancaq ikinci “derbi” zamanı dənizçinin halı pisləşir, finiş zamanı məlum olur ki, o artıq çoxdan keçinib. Elisin isterikaları başlayır: o daha marafonda iştirak edə bilməz, Qloriya ilə Robert yenidən birləşir. Rokki Qloriyaya təklif edir ki, tamaşaçıların diqqətini çəkmək və toy hədiyyələrindən 200-300 dollar qazanmaq üçün Robertlə saxta toy etsin. Qloriya bundan imtina etdikdə Rokki ona bütün sirri açır: iştirakçılara verilməli olan 1500 dollar onların marafonda qaldıqları dövrdə yeyib-içdikləri, tibbi xidmətlər və digər xərclərinə çıxılacaq və mükafatın məbləği cüzi miqdarda qalacaq. Bundan sonra yarışmada qalmağın mənasız olduğunu görən Qloriya marafonu tərk edir. Körpüdə Robertlə söhbət edən yorğun və ümidləri puç olmuş Qloriya həyatda heç bir məna görmədiyini deyərək onu öldürməsini xahiş edir. Robert Qloriyanın bu istəyini qəbul edərək onu tapançası ilə güllələyir. Film Rokkinin cütlüklərin rəqsi fonunda səsləndirdiyi fikirlərlə tamamlanır: “Bu insanlar hələ də qələbəyə ümid edərək mübarizə aparırlar. Taleyin saatı isə onların vaxtını hesablayır. Marafon davam edir və davam edəcək”.

Nəticə

Film “atlar” haqqında olmasa da, simvolik olaraq bu mövzuya toxunulub. Ümidsiz iştirakçılar yaşamaq uğrunda mübarizə aparır, bu mübarizədən ya qalib, ya da məğlub çıxmalıdırlar. Məğlub olanları isə istənilən halda, ölüm gözləyir. Çünki cəmiyyət güclü olmağı bacarmayanı “sıxışdırır”, “məhv edir”, “yolundan təmizləyir”. 121 dəqiqəlik filmi izləyərkən aktyorların məharətlə canlandırdığı fiziki yorğunluq və mənəvi böhranı ekran qarşısında əyləşən tamaşaçı da hiss edir, onlarla birlikdə yorulur, onlarla birlikdə ümidsizliyə qapılır.

“Yorulmuş atlar” heç vaxt ucuz sonluqla barışa bilməz. Filmin psixoloji təsiri də elə bundadır. Biz bilirik, bu son gələcək və qaçılmazdır. Hətta ölümlə nəticələnsə belə, son mütləq gələcək…

Ceyn Fondanın yaratdığı obraz hər nə qədər əsəbi, kobud, acı həqiqətləri dürüst söyləyən, ətrafdakı hər şeyə ironiya ilə yanaşan, həqiqətin üzünə düz baxmağı bacaran olsa da, sonda mənəvi yorğunluq bütün bu məziyyətlərə qalib gəlir və onu həyatına son qoymağa vadar edir.

Marafon davam edir və davam edəcək…