Yoxluğuna məktub – Aysel Fikrət

17 Baxış

maxresdefault

Senet.az oxucularına “Ustad” jurnalının “Memuar” rubrikasında Aysel Fikrətin “Yoxluğuna məktub” yazısını təqdim edir.

Ən çətini sən olmadığın evin pillələrini çıxmaqdır. Sən olmadığın evin qapısını döymək, yoxluğuna qonaq gəlmək, sənsizlik qoxan divarların içində oturmaq. Səni düşünmək, sevdiyin əşyalara toxunmaqdır. Səni tapmayıb geri dönmək. Hər yerin bir sənsizliyi var… Hara qaçsam sənsiziklə üzləşib, bu beş-altı ayın ömrümdən heç zaman getməyəcəyinə inanırdım,  canımdakı acını susdurmaq üçün sözlər belə aciz.

Asılı qalmışdım dərddən. Axı bu il sənsizlik ilidir. Əvvəllər donan saatlar, sonra isə həyat öz axarına düşdü.Yalnız məni özüylə apara bilmədi, ölümünün ardınca gedib yaşamdan ayrılmış geriyə də dönə bilməyən tək adamam.

Hər açılan səhər günəş doğmadan bir sən yenə doğulur canımda, günün sonunda yenə səni itirirəm, bu aylarda.

Tamamən tənbəl və sevgisiz birinə çevrildim. Mənə çətindir, yalnız yenə də səninlə danışmaq istəyirəm. Yenə də səndən danışmaq istəyirəm, yenə də səni danışmaq istəyirəm.

 Dərdindən qaçıb sığındığım yer də elə sənin xəyalındı…

Səninlə söhbətlərimizdən birini xatırlayım: halsız idin, amma hələ xəstə düşməmişdin, fikirli oturmuşdun.

“Ata, nədən bu qədər fikirlisən? Mən sənin gülüşün üçün darıxmışam”.

“Bütün bəlalar mən doqquz yaşımda olanda atam tutulandan sonra başladı, qızım. Gəlib evimizi yazdılar, əşyaların içindən Nizaminin “Xəmsə”sini, bir də bir patefon valını götürüb köynəyimdə gizlətdim. Gecəylə dayım bizi Şamaxıdakı Minaxor məhəlləsindəki evimizdən qaçırdı. Birdə o doğma yerləri illər sonra görə bildim.Uşaqlıqdan atamın həsrəti ilə böyüdüm, ta ki, onu gedib Leninqradda tapana kimi.

Bir gün tələbə ikən məktub aldım. “Hər gün Bakı-Leninqrad qatarından düşən sərnişinlər bitənə qədər vağzalda gəzişən bir nəfər var, o  sənin atandır”. Yazılmışdı ki, onu tap. Xalq düşməninin oğlu olduğum üçün məktub şifrəli idi .Hələ o zamanlar atam bəraət almamışdı. Çətin günlər idi.

Mən də onu tapmaq üçün yola düşdüm.Qohum-əqrəba yığışıb məni yola saldı.Tələbə idim. Leninqradın soyuğu üçün əynimi qalın geyinib yola düşdüm, neçə gün yol gedəndən sonra qatardan düşdüm. Ətrafda adamlar seyrələnə qədər gözlədim. Adamlar bitdikdən sonra doğrudan da, uzaqda bir hündürboylu insanın qaraltısını gördüm. O, mənə tərəf gəlirdi.

Bir-birimizə tərəf getdikcə ürəyim tir-tir əsməyə başladı. Atamla bir-birimizə sarılıb dəqiqələrlə qopmadıq”.

Ağlayıram. Amma mən səni min dəfə çox istəyirəm, bilirsən? Bax, bu dediyindən də min dəfə çox. Bilirəm, deyib üzünü pəncərəyə tərəf çevirdin. Olmaz belə, bu qədər sevmək olmaz.

Sən yaşa, qızım.Ananı qoru, qardaşlarını qoru.

Necə, axı onlar məndən böyükdü.

Yox, elə demirəm. Uşaqları boyüt. Ümid də, sevgi də insanın canındadı. Onu itirmə, son günə qədər qoru, bizi qoru, məndən sonra kitabları qoru… Bu bizim son söhbətimiz oldu .

Sevgi də, ümid də insanın canındadır, çalış onu son günə qədər qoru. Bacara bilirəmmi?

Sonra çətin günlərimiz başladı, bir-birimizə dərdi susduq, həkimlər nə dedisə etdik. Anam səssiz qulluğunu etdi, saatlarca sən uzandın susdun, biz də ətrafında oturduq susduq. Bir-birimizə qorxa-qorxa baxdıq… Qardaşlarım, bir də mən… Bir gün də beləcə getdin… Səssiz səmirsiz…

Son etirafın atanla bağlı oldu. Anladım ki, elə o dərddən çıxmısan yola. O sevgidən Tanrı yolunun üstünə anamı çıxarıb, o dərddən şair olmusan. O təklikdən bu qədər həyatı sevər, haqq şairi ola bilmisən. O dərddən insanları bu qədər sevə bilmisən. Və bu qədər düzənli, təmiz, saf həyat sürə bilmisən.

Bu ayları səni hər gün xatırlayaraq özümü xəstə saldım, sənə şeirlər yazdım, dərdləşdim, ağladım…

Səni çox axtardım, yalnız daha heç yerdə tapa bilmədim. Qəribə bir vaxt kəsiyinə düşmuşəm, nə varlığım məlumdu, nə yoxluğum. Hər ikisində də sən yoxsan. Olsaydın mütləq duyardım, çünki aramızda gözə görünməz bağlar var idi.

Bir “Daş balkon” adlı hekayən var. Belə başlayır: “Bu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Balaca qızlar çox şeytan olur, həm özlərini atalarına çox istədirlər, həm də özləri atalarını çox istəyirlər. Ayselin üç yaşı ola, ya olmaya…”

Bu çox qəmli bir hekayədir. Babama yazılıb bu hekayə. Babam rəhmətə gedərkən sən Moskvada olmusan. Ordan qayıdana qədər səni gözləyiblər, dəfn etməyiblər. Mənim onda iki yaşım olub, sən gələndə sənə bərk-bərk sarılıb ağlamışam. Babamın qəbir evinə isə daş balkon adı qoymuşammış. Sonra səni heç vaxt liftə minməyə qoymamışam, itməyəsən deyə… Yoxa çıxma, ata, getmə, deyə ağlamışam. Sən də pillələrlə düşər, mənə əl edərdin. Bax bu yadımdadır.

Hekayə babasını itirən balaca qızcığaz haqqındadır. O qızcığaz ki,indi sənsizlikdə heç nəvələrini belə ovuda bilmir. Çünki mən sənin qədər gözəl insan ola bilmirəm, ata. Həyatı sevə bilmirəm, dərd məni basır, qarabasan kimi.

Yadımdadır, hər dəfə şıltaqlıq edib, gəzməyə səninlə getmək istədiyimi deyərdim. Qəti deyirdim, heç kimi istəmirəm, təkcə səni istəyirəm. Sən də məni gəzməyə aparanda çətinlik çəkirdin. Çünki yetərincə yaşlı idin. Hamı nəvən bilirdi məni. Saçların ağappaq qar kimi, göydən yerə ələnən nur seli kimi idi, ata. Sənə yelləncəkdən yer üzündə Tanrıya baxan kimi baxırdım. Mən onda bütün ilahi qüvvələrin sən olduğuna inanmışdım. Sənə baxmağı yelləncəkdə əylənməkdən min dəfə çox sevərdim.

Bir dəfə də şikayət etdim.Mən çoxlu oyuncaq dolu otaq istəyirəm, sən isə mənə tək-tək oyuncaqlar alırsan.

Gecəni yatdım, səhər günəşin şüası çarpayımın üstünə işıq seli salmışdı, gözlərimi ova-ova yerimdən qalxdım. Gördüm ki, hər tərəf oyuncaqdı. Sonralar anam deyirdi ki, bu oyuncaqları bir-bir otağa düzmək üçün bütün gecəni yatmamısan.  Mən hələ də  o səhərin yuxu olduğunu düşünürəm. Sən mənim nağıl qəhrəmanım idin. Böyüdükcə sevgi azalmır, daha da artırdı. İndi üzünü pəncərəyə tərəf dikib: “Olmaz, belə sevmək olmaz qoca atanı”. Sözlərin bıçaq kimi ürəyimə saplanmışdı.

Hələ bunlar yadımda qalanlardı. Bilmirəm heç sənə demişəm, ya yox. Böyük sevgin üçün çox sağ ol. Həyatda nə qədər əzab, soyuqqanlılıq görsəm belə xoşbəxt idim, çünki sənin sevgin mənə insanlığa, həyata bağlayırdı, bağışlamağı öyrədirdi. Bilirdim, bunu ikimiz də bilirdik.

Dünyadan köç etdiyin gün bir saat əvvəl məndən əsanı istədin. Qoydun yanına. “Əsanı neynirsən, qurban olum ay ata. Axı ayağa qalxa bilmirsən”. Susdun, sonra hər dəfə sənin bu əsayla üzü işığa tərəf gedişini görərdim yuxuda. Yolmu göründü sənə? Yol sözü sənə yaxın söz idi. Hər şairin öz sevdiyi sözlər var. Yol sözü sənin sözün idi…

Yol…

Mən səndən başlamışam bu dünyanı sevməyə. On illik eşq üçün daha yanğılı ağlarsan, yoxsa qırx illik? Nə qədər çox sevərsən o qədər yanmazmı canın? Gec gəlmişdim həyatına. Həmişə qibtə edirdim qardaşlarıma, onlar səni daha çox görüb deyə. Səndən sonra həyat bir başqa oldu. Sanki əlinə əsanı götürüb o işıq selinə qoşulub gedə-gedə evimizin, ürəyimizin işığını da özünlə çəkib apardın. Yanında dayanırdım, qıraqdan müşahidə edirdim, necə qardaşlarım gözlərini səndən çəkmirdi. Onların gözlərindəki nisgil dolu böyük sevgini canımdan keçirirdim. Həmişə böyük olublar deyə onlara yovuşmaz olmuşam, sənə çox sığınmışam deyə onlara sığınmamışam. Sənin onlarla vidalaşmağını heç unutmuram. Hər ata atadır, əlbəttə. Nədən sən başqa idin? Bəlkə doqquz yaşında itirdiyin ailəni də bizdə tapmışdın, bu səbəbdən bu qədər bağlı idin bizə. Yol dedim, sanki yolda qoydun məni. Yuxuma da gəlmirsən. İlk məndən döndüyün gün, getdiyin gün oldu, geri dönmədin.

Yoxluğundan sonra Yazıçılar Birliyinə əşyalarının dalıyca getməliydim. Ayağımdan elə bil daş asılmışdı. Başqa çarəm yoxdur. Zəng edib, dedim ki, kitabları hazır edin gəlirəm. Mən maşında olacam. Atamdan sonra yuxarı çıxa bilmərəm. Kitabları düşürməyə hamı kömək edirdi. Gənc bir adam dedi ki, Aysel xanım, bu da şəxsi əşyalarıdır, ona görə ayrı gətirdim. Əşyaları görəndə əllərim əsməyə başladı. Düşündüm ki, bu dəqiqə özümü tuta bilməyəcəm. Birtəhər özümu topladım. Evə çatanda gördüm ki, burda nə qədər kitab varmış, üstəlik bir sürü əşya, məktub, kitablar… Bilmirdim nədən başlayım.

Gənclər yazılan qutunu açdım. Səliqə ilə yiğılmış kitablara baxmağa başladım. Əzizlədiyin gəncliyi tanımaq istədim. Bir çox gənc yazarların kitabındakı ürək sözlərində nə qədər doğmalıq duydum, bu insanları  həyatda tapmağa çalışdım.

Atamdan sonra tapdığım insanlar məni görəndə üzlərində yaranan ifadədən bilirdim ki, onlar məndə Fikrət Sadığı axtarır. Daha bilmirdilər ki, bu aylar ərzində əslində mən onlarda Atamı tapmışam. Birinə dediyi sözdən yenidən yaşadıram onu. Birgə çəkilmiş heç görmədiyim fotoda bir az daha əzizləyirəm. Sənə şikayət etməyəcəm. Yalnız ədəbi mühit dediyin bu aləmdə bu cür ucalıqda qalmağına görə sənə min qat daha rəğbətim artdı. Gənclər üçün də çətindi. Bilirdin, ədəbiyyat aləminə iddiam yoxdur, heç zaman da olmayıb. Yalnız o əzizlədiyin gənclik üçün indi çox çətindir, onu da deyim.

Fikrət Sadıq, işıq adam da deyirlər sənə, işıqlı adam da… Bilirəm ki, sən gedəni işığı sönüb ürəyimin, qaranlıqda hara gəldi gedirəm. Mənim üçün narahat olma.

Bir-iki deyilməyən sözünü axtarıram, onları da deyib gələcəm yanına. Anam sənə şeir yazıb, şeir o qədər dərdlidir ki, xəstələnib. Bu yaşa qədər sevgisini qoruyan, yeni saxlayan anama valehem. Sənsizlikdə rəngi qaçıb, onu qoruya bilmirəm. Anam səni çox sevirmiş… Bu böyüklükdə sevgini necə qazanmısan, ay kişi, mənə də öyrədərdin. Xoşbəxt adamsanmış…

Sən təmiz, səhvsiz çinar ömrü yaşayan adam idin. Heç oturub dərdləşmədik. Məsələn, ağlamadım bir dəfə də sənin çiynində, yorulduğumu bilmədin. İndi görürsən yəqin necə yorğunam. Göründüyüm kimi deyiləm, ata. Elə bir yer göstər orda gəzərkən səni xatırlatsın.
Qəbir sənin əbədi yatdığın yerdi, mənə yaddır. İncimə, sən orda yoxsan, mən bunu duyuram. Bəlkə də tamam başqa yerdəsən, bu nə sirrdir belə…
Əvvəllər donan saatlar, sonra isə həyat öz axarına düşdü. Yalnız məni özüylə apara bilmədi, mən ölümünün ardıyca gedib yaşamdan ayrılmış geriyə də dönə bilməyən tək adamam.

Bakı. 08.04.2017

Mənbə: “Ustad” jurnalının 11-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10