Yoxolma – Müşfiq XAN

20 Baxış

 

Без названия

Senet.az Müşfiq XANın qorxu-detektiv janrında olan “Yoxolma” povestini təqdim edir.

(əvvəli “Ustad” jurnalının ötən saylarında)

6

Danışdıqca halımın xarablaşdığını hiss edirdim. Direktorun otağında olmağımın zəhmi bir yandan, polisin verdiyi kəm-kəsir suallar da o biri yandan beynimi didik-didik eləmişdi. Deyəsən nə danışdığımı da bilmirdim. Şəmsi müəllim gülləri suladığı çatlaq stəkanı hardansa tapıb doldurub tələm-tələsik içəri girib mənə uzatdı:

– Al, iç, özünə gəl.

– Ə, sən də dayan görüm, bu nə gic-gic danışır?! – Müzəffər müəllim onun üstünə qışqırdı.

– Nə deyir?

– Deyir Züleyxa itkin düşməyib, zirzəmidə özünü asıb.

– Vayyy, başıma xeyir! – qapının arasından məktəbin xadiməsi Südabə xalanın cır səsi eşildi.

– Sən bura gəl!

Südabə xala ürəklənərək başını bir az da içəri soxub göz-qaş işarəsi ilə direktordan sanki “məni deyirsiz?” – kimi sual elədi.

– Hə, hə, sən, sən! Gəl içəri, utanma, gəl!

– Buyurun, Müzəffər müəllim, – qadın direktorun qabağına yüyürüb biraddımlığında dayandı.

– Südabə, sənə neçə dəfə demişəm, burnunu hər işə soxma?

– Məəəəəən…

– Nə mən-mən salıbsan?! İşlərin tökülüb qalıb, qapının dibini pusursan! Cəld düş zirzəmiyə, gör Züleyxa ordadı, ya yox.

Direktorumuzun axırıncı tapşırığından sonra Südabəni əsməcə tutdu. Əlləri, bədəni titrəməyə başladı. Sonra ayaqları sözünə baxmadı. Tir-tap yerə sərildi. Şəmsi stəkanın dibindəki suyu üzünə-gözünə çiləyib bir-iki də şapalaqdan sonra onu özünə gətirdi. Qıvraq hərəkətlə təkəlli sürüyüb stula oturtdu.

– Səndə də fil gücü var!

Müzəffər müəllim gülünc təqdiredici nəzərlə Şəmsini süzüb ayağa qalxdı.

– Zirzəmiyə gedək! – bayaqdan baş verənlərə səbirlə qulaq asan zəhrimarsifət polisin nəhayət ki, səsi eşildi.

İndi sarımı əməlli-başlı udmuşdum.

– Dayanın, izləri qarışdırmamış əvvəlcə mən nəzərdən keçirməliyəm, – aralarından bir nəfər dilləndi. Mən otağa gələndən bəri söhbətə diqqətlə qulaq asan bu adam güman ki, rayon müstəntiqi idi.

– Sən də mənimlə gəlirsən, Daşqın, – deyib üzünü mənə tərəf çevirdi.

Direktorun otağından çıxanda Eldar əmi əli-qol işarəsi ilə “nə məsələdi? hara gedirsiz?” – soruşmağa çalışdı. Çiyinlərimi çəkib dodağımı büzdüm. Barmağımla döşəməni göstərdim, aşağı, zirzəmiyə mənasında. Mənə elə gəldi ki, laldili izahımdan sonra onun üzünün ifadəsi dəyişdi. Yerinə yenə məktəbin həyətinə girərkən gördüyüm qəzəbqarışıq nifrət qondu. Başını yelləyib getdi. Elə bil olub-keçənlərin hamısının günahkarı mən idim. Amma nədənsə hiss elədim ki, mən müstəntiqlə dəhlizin qurtaracağına gedəndə kimsə arxamızca baxır. Doğrusu bu dəfə yenidən özümdən gedəcəyimdən qorxduğumçün geriyə dönüb kim olduğuna baxmağa ürək eləmədim. Məncə o idi, həmin əcinnə. Beş gün əvvəl də qışqırıb zirzəmidən qan-tər içində çıxanda indi dayandığım bu yerdə özümdən getmişdim.

Artıq aşağı düşən balaca giriş qapısının düz ağzına çatıb dayanmışdıq. Ürəklənib gözucu nəzər saldım, dəhlizdə bizdən başqa heç kim yox idi. İkimizdik – müstəntiq və mən.

– Mən gəlməsəm olarmı? – bilmirəm necə oldusa dilimə bu sual dolaşdı.

– Qorxma, əvvəlcə mən girirəm. Yanındayam, sən Züleyxanı gördüyün yeri göstər yetər. Yaxşı?

Başımın işarəsi ilə təsdiq elədim. Mənə elə gəldi ki, həmin an dilim də söz tutmadı. Amma müstəntiq istiqanlı adam təsiri bağışladı. Bircə dəqiqədə şirin dili ilə məni necə ovsunlayıb ələ aldısa özümü ondan əvvəl zirzəmiyə saldım.

7

– Tələsmə, əvvəlcə mənə qulaq as, – qabağa düşdüyümü görüb qolumdan yapışdı.

Həmin anlar özümdə deyildim. Kimsə yaxamdan tutub beş gün əvvəl zirzəmidə Züleyxanın meyitini gördüyüm yerə tərəf çəkirdi və mən bu qüvvəyə qarşı çıxa bilmirdim. Beynimin içində küyqarışıq məchul səslər eşidirdim. Hətta müstəntiq qolumdan tutub məni saxlayanda bir anlıq yerimdən geri sıçrayıb heyrətlə ona baxmağa başladım. Hiss elədi ki, bərk qorxmuşam.

– Sən yaxşısan?

Dilim bu dəfə də söz tutmadı. Başımın işarəsi ilə hər şeyin qaydasında olduğunu bildirməyə çalışdım.

– Daşqın, iki işdə mənə kömək etməlisən. Amma söz ver ki, mən icazə verməyənə qədər bu barədə heç kimə danışmayacaqsan. Bu çox təhlükəlidir. Təkcə iki nəfər biləcək – sən və mən. Razılaşdıq?

Başımı aşağı-yuxarı salladım. Gün-günorta çağı belə qorxduğumçün özümdən utanmağa başlamışdım. Amma etiraf edim ki, zirzəminin alatoranlığında mənim görüb-bildiklərimi kim görsəydi halı mənimkindən daha acınacaqlı olardı.

Getdikcə müstəntiqin sözlərindən bir az ürəklənməyə başladığımı hiss etdim. Artıq tək deyildim, gördüklərimin xəyal olmadığına inanan biri var idi. Bir-iki addım irəli gedib divara söykəndi.

– Beş gün əvvəl zirzəmiyə niyə düşmüşdün?

– Desəm sizə gülməli gələcək…

– Yox, bunu danışmağın vacibdi. Sənin özündən getdiyini, hətta öldüyünü rayonun baş həkimi dünən mənə danışdı. Bilirəm ki, bizim heç birimizin bilmədiyi bir hadisənin şahidi olubsan.

– Mən onu bir az əvvəl direktorun otağında hamıya dedim. Baxıram ki, hamıya gülməli gəldi.

– Mənə gülməli gəlmədi.

Müstəntiqə qarşı haqsızlıq etdiyimin fərqinə vardım. O, sözlərimə inanıb mənimlə zirzəmiyə gəlmişdi. Direktordan fərqli olaraq dediklərimi gicləmə hesab etməmişdi.

– Mənə elə gəlir ki, gecələr məktəbimizdə əcinnə, ya da hansısa şeytani varlıq dolaşır.

– İndi də belə düşünürsən?

– Bəli.

– Anladım, xahiş edirəm davam et. Zirzəmiyə onu axtarmağa düşmüşdün?

– Bəli. Hər gecə yuxularım qarışırdı. Qonşumuz var, Sevinc, o da əcinnələrin varlığına inanır. Üstəlik məktəbimizin şüşələrini sındırdığını da mənə o danışıb.

– Zirzəmiyə düşəndən sonra nə baş verdi?

– Dediyim kimi, axtarmağa başladım. Hər yeri. Sonra ora doğru getdim, – zirzəminin ən sonunda qaranlıq və əslində gözlə tam görünməyən istiqaməti işarə verdim.

– Bir azdan ora baxacağıq. Züleyxa həmin yerdədi?

– İndi bilmirəm. Amma beş gün əvvəl ordaydı.

– Onu görərkən necə qışqırdığını təsəvvür edirəm.

– Var gücümlə bağırıb çıxacağa qaçdım. Elə bildim arxamca gəlib məni də tutacaqlar. Çox möhkəm qışqırmışdım. Məncə məktəbdəki uşaqlar səsimi eşitməliydi. Amma dəhlizə qalxıb iki-üç addım atandan sonra özümdən getdim. Qalanını xatırlamıram…

– Başa düşürəm. Sən bilirsən ki, kliniki ölüm keçiribsən?

– Hə, həkim dedi. Bəs sizcə gördüklərim qarabasma ola bilər?

– İndi yoxlayarıq.

Müstəntiq bunu deyib bir az əvvəl göstərdiyim qaranlıq istiqamətə doğru getməyə başladı. Qaranlıq hissəyə çatmamış əlindəki gur işıq saçan fənər hər yanı aydınlatdı. Bir anlıq sanki nitqim tutuldu. Əllərimlə sıx-sıx gözlərimi bağladım. Bədənimi yenidən əsməcə bürümüşdü. Beş gün əvvəl Züleyxanın asılmış bədənini gördüyüm yerdəydim. Əvvəlcə barmaqlarımın arasından baxdım. Heyrət içindəydim. Əllərimi üzümdən çəkdim. Tanış bir üfunət qoxusu ciyərlərimə doldu. Və bütün iradəmi toplayıb diqqətlə o yerə baxdım…

8

– Bura idimi? – müstəntiq cavab vermədiyimi görüb əlimə toxundu. Diksindim.

– Bura idi…

Baxdığım istiqamətdə – Züleyxanın meyitini gördüyüm yerdə kimsə yox idi. Özümü topladım:

– Meyiti burdan aparıblar!

Müstəntiq bu dəfə fənərin işığını çənəmə qədər qaldırıb üzümə diqqətlə baxdı. Sözlərimin məntiqli olduğunu hiss etdirirdi. Heç nə demədi. Aşağı çömbəlib yeri fənərin işığında ehtiyatla yoxlamağa başladı. Bir neçə dəqiqə yerimdən tərpənmədim. Bunun müstəntiqin işinə yaradığını düşünürdüm. Çox keçmədi səsi sükutu parçaladı:

– Haqlısan, dostum, – cibindən şəffaf əlcək çıxardı. Yerdən tapdığı sırğa tayını fənərin işığına tutub diqqətlə baxdı. Udqundum. Sırğanı tanımışdım.

– Tanış gəlir?

– Züleyxanındı…

Ciblərini eşib kiçik bir paketi çıxardı. Tapdığı sırğa tayını da içərisinə qoyub mənə işarə elədi:

– Hələlik burda işimiz bitdi. Gedək.

Dinməzcə hər ikimiz zirzəminin çıxışına doğru getdik. Yenə qabaqda mən gedirdim. Bura gələrkən bəlkə ürəyimdə ən çox dua etdiyim şey gördüklərimin həqiqətən də xəyal olması idi. Amma əksi çıxmışdı. Bilmirəm, bəlkə də mənim dəli olmağımdansa həqiqəti öyrənməyim daha yaxşı idi…

***

Direktorun otağına qayıtdıq. Biz içəri gələndə polislər dəhlizdə dayanıb nə barəsindəsə söhbət edirdilər. Arxamızca içəri girdilər. Müstəntiq qısa danışıb zirzəmidə şübhəli heç nə olmadığını bildirdi. Züleyxaya aid olan sırğanın bir tayını tapması ilə bağlı da heç nə biruzə etmədi.

– Amma işimiz bununla bitmədi. Sabah Daşqın, Züleyxa və Ehtiramın valideynləri ilə görüşmək istəyirəm.

– Lazımdısa indi çağırtdırım, gəlsinlər, – direktor irəli yeridi.

– Bu gün yox, sabah, – müstəntiq fikrini yenə qısa bildirdi. Onun düşüncəli olduğunu, nə barəsindəsə baş sındırdığını hiss etsəm də özümü o yerə qoymadım. Çünki onun icazəsi olmadan sirrimizi kiməsə açmayacağıma dair söz vermişdim. Yadıma əvvəlcə Sevinc düşdü. Yox, ona bu barədə heç nə deyə bilməzdim. Sonra Aydəmiri düşündüm. Bəlkə onunla bölüşə bilərdim. Amma yenə də sözümə xələf çıxmış olacaqdım. Axı mən uşaq deyiləm, verdiyim sözün üstündə dayanmağı bacarmalıyam. İndi Züleyxa burda olsaydı, o da söz saxlamağı yaxşı bacardığıma görə məni tərifləyib gözlərini süzərdi.

– Yoldaş müstəntiq, valideynlərlə harda görüşəcəksiz?

– Mənə qalsa rayon polis şöbəsində. Amma gərək yoxdu, elə məktəbdə də söhbət edə bilərik.

– Baş üstə, – hadisələrdən vaxtında xəbərdar olmaqda işinin rahatlaşdığını bilən direktor məsud bir görkəm aldı.

– İcazə versəniz sizin otağınızda.

– Bu məktəb sizə qurbandı, – Müzəffər ağzını şappıldatdı. Elə həmin an da hiss elədi ki, dediyi cümlə bayağı və düşük səsləndi. Tez də özünü yığışdırdı:

– Siz necə məsləhət görürsüz, elə olsun.

– Danışdıq.

9

Polislər məktəbdən gedən kimi bizi evə buraxmışdılar. Daşqın məni məktəbdən götürüb birbaşa xəstəxanaya son müayinə üçün gətirmişdi. Həkimin dediyinə görə hər şey qaydasındaydı. Sadəcə yazdığı dərmanlara daha bir neçə gün davam etməliydim.

Hava qaralmağa başladıqca içimdəki narahatlıqlar artmağa başladı. Bir gözüm saatın əqrəblərində fikirlərimdə gah beş gün əvvələ, gah günorta müstəntiqlə zirzəmidə gördüklərimin yanına gedib çıxırdı.

Yadıma yenə Sevinc düşdü. Bəlkə də gündüz zirzəmidə şahidi olduqlarımı ona danışmaq ən yaxşısı idi. Mesaj yazıb xəstə yatdığım günlərdən bəri söhbətlərimiz üçün darıxdığımı, çıxıb bir az həmişəki kimi söhbətləşməyi, hava almaq istədiyimi təklif etdim. Etiraf edim ki, Aydəmirlə əcinnələr mövzusunda heç bir fikir ortaqlığımız yox idi. Daha doğrusu mən keçən il ona bu barədə bir dəfə danışıb ağzını aramışdım. Gülüb üstündən keçmişdi. Sevinclə isə həmişə belə söhbətlərimiz maraqlı keçirdi. Amma bu dəfə məqsədim başqa idi.

Telefonuma Sevincdən cavab bildirişi gəldi:

– On dəqiqəyə qapımızın yanında səni gözləyirəm.

Təxminən 15-20 dəqiqə gəzişib yolumu bilərəkdən məktəbimiz tərəfdən saldım. Sevinc etiraz etmədi. Onsuz da hər ikimizin evi məktəbə yaxın ərazidə yerləşirdi. Ona əcinnələrlə bağlı həmişəkindən daha çox sual verdiyimi hiss etmişdi.

– Daşqın, deyəsən o dünyaya gedib-gəlib əcinnələrlə də görüşübsən ha! – zarafata saldı. İkimiz də gülüb sakitləşəndən sonra əsas mətləbə keçmək zamanı olduğunu düşündüm.

– Sevinc, səncə gecə vaxtı məktəbin şüşələrini sındıran kim ola bilər?

Ciddi bir görkəm aldı.

– Məndən şübhələnirsən?

Bu dəfə daha yüksək səslə gülüşdük. Amma tez sakitləşdik.

– Bilirsən, mənə elə gəlir ki, o əcinnə ancaq gecələr məktəbə gəlir.

– Bəs gündüzlər?

– Nə bilim, sən daha yaxşı bilərsən. Məncə gündüzlər başqa yerlərdə daldalanır.

– Niyə? Məktəbdə daldalanmağa yer yoxdu?

– Yoooxx… – bilmədən sözü ağzımda dartıb uzatdım.

– Bəs zirzəmi?

Bədənimdən elektrik cərəyanına bənzəyən nəsə keçdi. Ürəyim sürətlə döyünməyə başladı. Sevinc sanki düşüncələrimi oxuyurdu. Ürpəndim.

– Əşi, nə zirzəmi e… Bizim uşaqlar bütün günü oranı ələk-fələk edirlər. Siqaret çəkməyə düşən kim, kart sıxan kimi, qızlarla görüşən kim.

– Yaxşı, sən bunları hardan bilirsən?

Qımışıb həyəcanlı bir baxış fırlatdı. Ay buludların arxasına çəkildiyi üçün üzünün cizgilərini dəqiqliklə seçə bilmirdim. Amma nədənsə bu gün Sevincdə həmişəkindən daha fərqli gözəllik sezirdim. Bunu ara-sıra açıq qollarıma şıltaqlıqla toxunan barmaqlarının ahəngindən daha aydın hiss edirdim.

– Yadından çıxarma ki, mən bütün pis və yaxşı işlərlə maraqlanıram.

– Çoxbilmiş!

Və nəhayət beynimdə tutduğum əsas planı Sevincə danışmağa ürəkləndim. Çünki onu məhz elə buna görə çağırmışdım.

– Sevinc, gəl məktəbə girib əcinnəni axtaraq!

– Sən ciddisən?!

– Ciddiyəm.

– Qorxmursan?

– Sən qorxursan?

– Mənə baxma, sən hələ uşaqsan.

– Gedək!

– Dayan görüm, ora qaranlıqdı. Barı qayıdaq evə, fənər götürək.

Cibimdən fənəri çıxardıb ona göstərdim. Heyrətlə üzümə baxdı.

– Deməli plan qurubmuşsan?

– Bəyənmədin?

– Xoşuma gəldi. Gedək!

Bu dəfə özü qolumdan dartışdırmağa başladı. Bir anlıq içimə qəribə bir hiss çökdü. Sanki günorta məktəbin zirzəmisində məni Züleyxanın asıldığı yerə tərəf çəkən qüvvə Sevincinki ilə eyni idi.

***

Məktəbin həyətindəydik. Hələ ki, fənəri işə salmadan səssizcə müşahidə edirdik. Qəfildən məktəbin həyətindəki kiçik anbarın yaxınlığında kiminsə əlində fənər sürətlə keçdiyini gördük. Bura artıq parta, lövhə və digər məktəb ləvazimatlarının saxlanıldığı yer idi. İkimiz də səksənib qorxudan dayandığımız yerə mıxlandıq. Tərpənməyə ürək eləmirdik. Bu möcüzəli bir iş idi. Beş gün əvvəl Züleyxanın asılmış meyitini məktəbin zirzəmisində görürəm, bu gün onun özü orda olmasa da, sırğası tapılır, indicdə təsadüfən qorxumu yenməyə gəldiyimi sandığım halda məktəbin həyətindəcə kimliyini bilmədiyim əliişıqlı ilə rastlaşıram.

Sevincin tir-tir əsdiyini hiss etdim. Mən də çox qorxmuşdim. Bir-birimizin üzünə baxmağa da ürək eləmirdik. Birdən göz-gözə gəldik, rəngimiz ağ-appaq idi. Qucaqlaşdıq. Möhkəm-möhkəm sarıldıq. Sevinc var gücü ilə əllərimdən yapışmışdı. Üzümdə isti bir şey hiss etdim. Tez də yox oldu. Çənəmə doğru süzüldü. Sevincin göz yaşı idi. Onu özümə sarı sıxdım.

– Qorxma, mən yanındayam, – pıçıldadım.

Əslində bunu dilim topuq vurmadan deyə bilmək üçün bayaqdan bəri neçə dəfə ürəyimdə təkrarlamışdım. Amma deyəsən inandırıcı oldu. İçini çəkmələrinə ara verdi. Buna baxmayaraq, sinəsi hələ də sürətlə qalxıb-enirdi.

Birdən Sevinc dodaqlarını dodaqlarıma yapışdırıb marçıltı ilə öpməyə başladı. Bir-iki saniyə də belə davam etsəydi huşumu itirəcəkdim. Yadıma sevincin əri düşdü. Aydəmirlə bir sinifdə oxumuşdu. Qazaxıstana işləmək üçün getdiyi üç ili keçirdi. Amma gedəndən hələ bir dəfə də olsa, kəndə gəlməmişdi. Qardaşım deyirdi ki, rayonumuzdan başqa ölkələrdə işləyən uşaqlardan onu Rusiyada görən olub. Gecənin vahiməsi uzanıb gedirdi. Sevincin öpüşləri də… Huşum da özümdəydi. Məst olmuşdum. Çünki ilk dəfə idi ki, həyatımda bir qadına bu qədər yaxınlaşırdım.

Özümüzü internetdəmi, ya da hansısa kitabdamı gördüyümüz, nümayişin, inqilabın ortasında sarmaşıb öpüşən qəhrəman sevgililər kimi hiss edirdik. Lakin şücaətimiz çox çəkmədi. Daha doğrusu mən bu oyunda piyada idim. Əcinnənin yenidən peyda olması ilə Sevincin qəhrəmanlığı başa çatdı. İkimiz də titrəşməyə başladıq. Əlində fənər olan naməlum varlıq məktəbin içərisinə girib yoxa çıxdı. Və çox keçmədi ki, yenidən məktəbin dəhlizində göründü. Sonra təzədən məktəbdən çıxaraq anbara tərəf qayıtdı.

Qorxudan içimizi yeyib-bitirirdik. Artıq başımızı çıxardıb həmin tərəfə baxmağa da cürət edə bilmirdik. Hər şeyin sakitləşməsini və xəlvət düşən kimi burdan qaçmağı planlaşdırdıq. Və nəhayət fürsət yetişdi, əcinnə dayandığımız yerdən xeyli aralıya – məktəbin arxa baxçasına tərəf üz tutdu.

Və həmin an da tanış bir cüyültü səsi eşitdim. Anbardan odun daşıdığımız  birtəkərli köhnə yük arabasının səsi olmalıydı. Həmişə qucağımızda sinif otaqlarına daşıdığımız şələ ilə odunlardan canımızı qurtaran cənnət arabası. Yaba Şəmsi qoçaqlıq edib onu keçən il zibillikdənmi hardansa sürüyüb gətirmişdi. Mən də təmir edib işəyarayar vəziyyətə salmışdım. Amma indi belə xoş havada odun, o araba əcinnənin nəyinə lazım idi, bunu kəsdirə bilmədim. Heç bu barədə düşünməyə zaman da yox idi. Bircə saniyə vaxt itirmədən Sevinclə ordan qaçdıq…

Hər şey bizim məktəbin həyətindən qaçmağımızla bitmədi. Elə daldalandığımız yerdən qalxıb ayağımızın altını görmək üçün fənəri bircə saniyəlik yandırıb-söndürmüşdüm ki, arabanın səsi gələn istiqamətdən qəfil dönüb üstümüzə tərəf şığıyan bayaqkı əliişıqlıdan daha böyük bir qaraltı gördük. İldırım sürəti ilə bizə tərəf gəlirdi. Necə oldusa səsimizə də udduq. Qışqıra bilmədik. Qaçmaq lazım idi! Dizimizin bütün gücü ilə qaçmaq! Sevinclə iki dəfə az qala bir-birimizə çırpılıb yerə dəyəcəkdik. Arxamızca gələn qaraltının kölgəsini biz qaçdıqca önümüzdə daha uzun, boy-buxunlu görürdük. Bizə yetişmişdi. Bəlkə də əlləri çox uzun idi və indi qamarlayıb ikimizi də ağuşuna alacaqdı. Amma deyəsən bu oyunu uzadıb həzz almaqda israrlı idi. Yola qədər qaçıb qaraltının mənə lap yaxın olduğunu hiss elədim. Sevincsə qaçıb xeyli aralana bilmişdi. Dizlərim taqətdən düşdü. Ən sonuncu ümidlərimi səfərbər edib ona çatmağa çalışdım. Amma cəmi bircə addım atıb büdrədim. Arxamda dayanan naməlum varlığın məni bu saniyə necə parçalayacağı keçdi gözlərimin önündən. Dəhşətlə bağırdım. Var gücümlə. Yerə yıxıldım. Qaraltı dayandı. Ayaq səslərini eşitmədim. Qəfil rüzgar kimi yenə coşdu və bu dəfə ayaqları sanki yeri titrədirdi, ya da qulağım torpağa söykəndiyi üçün belə hiss edirdim. Düşündüm ki, məni əzib üstümdən keçərək Sevincin dalınca düşməyə çalışır. Amma səs getdikcə uzaqlaşdı. Bir az da uzaqlaşdı və itdi. Əsməcə tutan başımı boynumun deyil, iki əlimin köməkliyi ilə geriyə çevirdim. Naməlum varlıq qaçıb gəldiyi istiqamətdə yoxa çıxmışdı. Mən bağırandan sonra nə baş verdiyini anlamadım. Yuxuda idimmi, qışqırıb öz səsiməmi ayılmışdım, nə idi? Yuxu olmadığına əmin idim. Çünki irəlidən bir qaraltı mənə sarı gəlirdi. Sevinc idi. Təhlükənin sovuşduğunu anlayıb yanıma qayıdırdı:

– Daşqın!..

– Sevinc!..

10

Gecə olub keçənlər qorxulu yuxu kimi idi. Bilən, soruşan olmasaydı yəqin ki, nə Sevinc, nə də mən bu barədə heç kimə bircə kəlmə də danışmayacaqdıq.

Səhər məktəbə valideynlərimlə birlikdə gəldim.

Züleyxanın, rəhmətlik Ehtiramın ata-anası da gəlmişdi.

Müstəntiq artıq direktorun otağında idi və çağırdığı adamları gözləyirdi. Səbəbini bilməsəm də birinci məni və valideynlərimi içəri dəvət etdi:

– Əyləşin. Daşqın, sən də otur.

Qapıya yaxın sıra ilə düzülmüş stulların birində özümə yer elədim.

– Özünüzü təqdim edin, – atama qəribə bir diqqətlə nəzər saldı.

– Adım Firidundu.

– Daşqının Züleyxanı sevdiyindən xəbəriniz var idi?

Sual beşatılan kimi açıldı. Xəcalətimdən qıpqırmızı oldum.

– Yoldaş nəçəlnik, o hələ uşağdı. Elə şeyləri qanmaz!

– Mənim xəbərim var idi, yoldaş müstəntiq, – söhbətə anam qarışdı.

– Zəhmət olmasa, adınızı da deyin, protokola yazmalıyam.

– Səyyarə.

– Aydındı, çox sağ olun çıxa bilərsiz.

Mən də, valideynlərim də təəccüblə müstəntiqə baxdıq.

– Elə bu?! – atam əsəbi şəkildə ayağa qalxdı. – Ay qız, düş qabağıma görüm! Demişəm, deyəcəm, bu rayonun yiyəsi yoxdu!

Atamın danışıq tərzi həmişə beləydi. Buna görə ölüb-yerin dibinə girmək istəyirdim. Onun dalınca çıxmağa hazırlaşırdım ki, müstəntiq məni çağırdı:

– Züleyxanın valideynlərinə de gəlsinlər. Özün də bura qayıt.

Başa düşdüm ki, müstəntiq söhbətləri eşitməyimi istəyir. Bəlkə də işin elə bir mərhələsində idi ki, gözündən uzaq düşüb dünənki sirri kiminsə yanında ağzımdan qaçıracağımdan ehtiyat edirdi.

– Özünüzü təqdim edin, – bu dəfə Züleyxanın anasından başladı.

– Mehriban.

– Qızınızın sevdiyi adamı tanıyırsız?

– Rəis, belə şeyləri bu qədər açıb-ağartmazlar! Yanımızda uşaq var! – söhbətə Züleyxanın atası qarışdı.

– O uşaq deyil. Sizsə əvvəlcə özünüzü təqdim edin.

– Züleyxanın atasıyam. Adım da Ərəstundu. Siz bizi istintaqa çağırmısız, yoxsa uşaq söhbətləri ilə yormağa?

– Həddinizi aşmayın, Ərəstun! Bu qızınızın olub?

Müstəntiq dünən zirzəmidən tapdığı sırğa qoyulmuş şəffaf paketi göstərdi.

Mehriban içini çəkib cikkə vurdu.

– Sakitləşin. Bu barədə kiməsə bir kəlmə də deməyin. Bu iş bu gün bitəcək. Çıxa bilərsiz. Daşqın, Ehtiramın valideynlərinə de gəlsinlər. Özün yenə bura qayıt.

Qapının ağzında və dəhlizdə gələn valideynlərin qızğın söhbətləri davam edirdi. İki-üç dəqiqə sonra çağrılanlar içəri girib oturmaq üçün icazə istədilər. Müstəntiqin fikri isə həyətə baxan pəncərədəydi. Onun baxdığı istiqamətdə baxdım. Eldar əmi güllə kimi tələm-tələsik məktəbin çıxışına tərəf gedirdi. Nədənsə mənə elə gəldi ki, o, indicə içəri girən Ehtiramın valideynlərinin gözünə görünmək istəmir. Və əgər beləydisə müstəntiqin də diqqətini çəkən bu olmuşdu. Sirr dostum nəhayət gələnlərə yer göstərib əyləşmələrini işarə elədi.

– Adınız nədir?

– Zahid.

– Oğlunuzun nə üçün intihar etdiyini bilirsiz? – müstəntiq üzünü kişiyə tutdu.

– Üzr istəyirəm, o mənim ikinci ərimdir, Ehtiramın atası deyil, – qadın soyuqqanlı tərzdə müdaxilə etdi.

– Özünüzü təqdim edin.

– Səlimə. Ehtiramın anasıyam.

Bayaqdan bəri direktorun otağında müstəntiqin apardığı söhbətlərə qulaq asırdım. Qısa danışmasına baxmayaraq, hər şeydən məlumatlı görünürdü. İki günün içində sinfimizdə dönən hadisələrdən tutmuş, kənddəki ab-havaya qədər xeyli məsələni özüyçün aydınlaşdıra bilmişdi. Üstəlik təmkinlə danışması, öyrənmək istədiyini duyuq salmadan soruşması bir ayrı diqqətçəkici idi.

– Birinci əriniz kənddə yaşayır?

– Yox, rayondan çoxdan çıxıb, – Səlimə inamla dilləndi.

– Yanılırsız.

– Nə deməyə çalışırsız? – Zahid kükrədi.

– Oğlunuzun sevdiyi qızın itkin düşdüyünü bilirsiz?

– İtkin düşməyib, Allahdan cəzasını alıb! – qadın nalə ilə zarıdı.

Doğrudu, ona yazığım gəlirdi, amma dediyi sözlər ürəyimi xıncım-xıncım elədi. Axı söhbət Züleyxadan gedirdi, öldüsü-qaldısı bilinməyən mənim gözəl Züleyxamdan…

11

– Sən burda qal, – Ehtiramın da valideynləri otaqdan çıxandan sonra müstəntiq mənə işarə elədi. Sözlü adama oxşayırdı. Bəlkə də mən bir həftədən çoxdur ruh kimi gəzib dolaşdığıma görə belə hiss edirdim. Qımışdığını, üz ifadəsinin dəyişdiyini hiss etdim.

– Deyəsən sirrimizi qoruya bilməyibsən axı, dostum, – söz atdı.

– Yanılırsız, – bu sözü eynilə bayaq onun Səliməyə dediyi ahənglə işlətdim.

– Bilirəm, bilirəm. Yaxşı, mənə nəsə danışmaq istəmirsən? Axı biz sirr dostuyuq.

– Məsələn, nə?

– Gecə yanındakı qız kim idi?

Özümü necə itirdimsə yerimdən dikələndə stulu aşırtdım. Gözlərim bu dəqiqə hədəqəsindən çıxacaqdı. Elə bil başımı götürüb divara çırpdılar. Gecənin qaranlığında səyrişən kadrlar beynimdə sürətlə sürüşdü. Qaçmağımız, dalımızca düşən cüssəli adam qaraltısı, mən bağırıb yerə yıxılandan sonra qayıdıb getməsi. Heyrətdən, nə baş verdiyini anlamazlıqdan, quruyub yerimdə qalmışdım. Handan-hana bir az özümə gəldim:

– Deməli gecə arxamızca gələn siz imişsiz?

– Mən idim. Amma xəbərin olsun ki, planımı pozdun.

– Xahiş edirəm, məni başa salın. Belə getsə dəli olacam.

– Mən ora şübhəlinin dalınca gəlmişdim, sizin yox.

– Əcinnə axtarmağa?

– Olsun əcinnə. Yanındakı kimi idi?

– Qonşumuz Sevinc.

– O da əcinnələrə inanır?

– Siz inanmırsız?

– Daşqın, vaxtımız azdır. İmkan versəydin, elə gecə hər şeyi bitirmişdim. Amma indi qaranlıq qalan bir-iki məsələni aydınlaşdırmalıyıq.

– Mənimlə gəlmək istəyirsən?

– İstəyirəm.

– Getdik.

12

Müstəntiqlə ilk baş çəkdiyimiz yer məktəbimizin anbarı oldu. Diqqətlə nəzərdən keçirirdi. Təxminən on dəqiqə sonra odunların arasından ilişib cırılmış paltar parçası tapdı. Deyəsən hər şey aydınlaşırdı, Züleyxaya aid olan nə varsa hamısı da tapılacaqdı, bircə özündən başqa…

Paltardan cırılmış parçanı mənə göstərib təsəlliedici baxışlarla, “onundur?” – soruşanda, sadəcə başımla təsdiq etdim. Bu cinayəti törədən kim idisə bilmirəm, bircə bunu bilirəm ki, o, güllü donun Züleyxaya necə gözəl yaraşdığının fərqinə belə varmamışdı…

***

Züleyxanın meyiti anbardan da yoxa çıxmışdı. Bircə şey dəqiq idi – dünən gecəyə qədər onun cansız bədəni anbardakı odunların altında gizlədilibmiş.

Müstəntiqin dalınca məktəbin arxa bağçasına getdim. Hiss edirdim ki, müstəntiq təhqiqatını mənimlə söhbət edirmiş kimi ətrafdakıları duyuq salmadan xəlvəti aparır.

Arxa bağçaya doğru getdiyimiz yolu sona çatdırmadan müstəntiq tələsik geriyə qayıdıb səkilərə təkrar nəzər saldı. Daşlardan 3-ü sökülmüşdü və yeri nəm idi. Açıq-aydın görünürdü ki, gecə çıxarmışdılar. Yaba Şəmsinin cənnət arabası da uzaqda deyildi.

– Bununla gətirib, – müstəntiq arabanı işarə elədi.

Başa düşdüm ki, meyiti nəzərdə tutur. Sonra dayanmayıb arabanın izi ilə irəli gedib çarhovuzun yanında dayandı:

– Və səkidən sökdüyü o 3 daşa bağlayıb bura atıb. Alçaq! – şiferi yerinə tam oturdulmamış çarhovuzu göstərdi. – Daşı bağlayıb ki, meyit suyun dibində qalıb çürüsün.

Mən heyrət içindəydim. Yaxınlaşıb əlini çiynimə qoydu və dərin bir ah çəkdi.

– Axı bunları edən kimdi?

Cavab vermədi. Mobil telefonla zəng edib qısaca bildirdi:

– Meyiti tapdım. Məktəbin gözətçisi Eldarın qolun qandalla.

Qatilin – məktəbin gözətçisi 41 yaşlı Eldarın istintaq ifadəsindən

Mən doğma oğlumun – Ehtiramın qisasını almışam. Və peşmanam ki, bu işi axıra çatdıra bilmədim. Oğlum Züleyxanı sevirdi. Elə o qıza görə də intihar edib özünü də, məni də bəxbəxt elədi. Daşqın isə Züleyxanın ağlını başından almışdı, qızın gözləri mənim oğlumu görmürdü. İkisi xoşbəxt olub oğlumun canına qıymasına göz yumacaqdılar. Mən də əvvəlcə Züleyxanın canını aldım. Növbə Daşqının idi. Heyif! Çox heyif ki, bacarmadım!

SON

03.02.2017

Mənbə: “Ustad” jurnalının 9-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10