Yoxolma – Müşfiq XAN  

278 Baxış

mm

 Senet.az Müşfiq XANın qorxu-detektiv janrında olan “Yoxolma” povestini təqdim edir.

 1

 Qışqırıq səsinə ayıldım. Anam idi. Cikkə çəkib “vay, bədbəxt balam, vay!” – deyib zarıyırdı. Tüklərim biz-biz oldu. Dəhşətli dərəcədə üşüyürdüm. Amma indi isinməkdən daha çox nə baş verdiyini anlamağa çalışırdım. Tamamilə islanmışdım. Çarpayıdan xeyli hündür bir taxtanın üstünə uzanmışdım. Bilmirəm, bəlkə də məni kimsə bura uzatmışdı. Yavaş-yavaş özümə gəlməyə çalışırdım. Qımıldanmadan göz qapaqlarımı ehmalca aralayıb elə uzanılı vəziyyətdəcə oğrun-oğrun ətrafa nəzər saldım. Üstünə uzandığım taxtanın dörd bir yanı yaşıl rəngli örtüklə bağlanmışdı. Xudmani otaq boyda yer idi. Ayaq tərəfimdə yaşlı bir kişi eşələnirdi. Barmaqlarımın ağrısını elə o an duydum. Havada yüngül sərinlik vardı. Amma mənə çox soyuq idi. Hiss etdirmədən sağ əlimi bədənimə tərəf sürüdüm. Paltarsız olduğumu barmaqlarımla özümə toxunanda hiss elədim. Sol əlimlə yoxladım. Bu dəfə də çılpaq dərimə toxunduğuna görə diksindim. Havadan ocaq hisinin qoxusu duyulurdu. Bir də uzun zamandı unutduğum tanış bir qoxu da olmalıydı. Yanılmıramsa, qonşuluqda kimsə halva çalırdı. Bəlkə də elə bizim həyətdə idi.

İndi gözlərimi möhkəm qapamaq məcburiyyətindəydim. Ayaq tərəfimdə dayanan kişi başıma tərəf əyilib. Deyəsən, mənimlə gözbağlıca oynamaq qərarına gəlib. Əlindəki kəndirə bənzər şey nə idisə üzümə toxundu. Yox, gözlərimi bağlamır, çənəmdən əmgəyimə doğru çəkib sıx dartmağa, düyünləməyə çalışırdı. Daha nələr baş verdiyini düşünməyə səbrim, hövsələm çatmadı. Əsəbiləşib qəfil yerimdə dikəldim:

– Ay kişi, bayaqdan nə şəbeh çıxarırsan?

Yarıoturmuş vəziyyətə gəlməyimlə yaşlı kişinin tükürpədici bağırtısı eyni anda eşidildi. Həyətdəki vahiməli qışqırıq səsləri bizim səsimizə qarışdı. Bircə anda bu səslər qulağımda anlaşılmaz küyə çevrildi. Sonra da yox oldu. Və yerinə qəfil haradansa Richard Wagner’in vahimə dolu “Ride Of The Valkyries” parçası girdi. Simfoniya notlarının müşayiəti ilə heyrət içində özümə tamaşa etməyə başladım. Anadangəlmə lüt idim. Ovuclarımın yetdiyi qədər ayaqlarımın arasını örtməyə çalışdım. Yaşlı kişinin rəngi-ruhu sapsarı olmuşdu. Başındakı araqçından, sinəsinə qədər uzanan cod saqqalından, qarnının böyüklüyündən molla olduğunu, məni kəfənçün hazırladığını başa düşdüm. Başa düşdüm deyəndə ki, niyə məni basdırmaq istədiyini, nələrin baş verdiyini qətiyyən anlaya bilmirdim.

– Bismillahir-rəhmanir-rəhim! Şeytanül-rəzim!

Ağsaqqal eşidib-bildiyi bütün duaları bir-birinə qatıb var qüvvəsi ilə qollarımdan yapışdı.

– O murdar əllərini üstümdən çək! – qışqırdım.

– Ola bilməz! Ya rəbb, bu nə möcüzədir?!

– Sarsaq-sarsaq danışma, ay kişi! Aydəmir! – qardaşımı səslədim ki, pal-paltarımı gətirsin, geyinib bu rəzillikdən canımı qurtarım.

Mənim səslənişimdən sonra həyətdə əməlli-başlı çığırışma düşdü. Haray-həşir, vurnuxma başladı. Bəlli məsələydi, xortdamağım hamını dəhşətə salmışdı. Maraqlısı budur ki, çadıra girməyə də heç kəs ürək eləmirdi.

 2

 Öz otağımda uzanıb bir neçə saat əvvəl baş verənlər haqqında düşünürdüm. Gülməkdən özümü zorla saxlamışdım. Amma meyitin yuyulmasıyçün nəzərdə tutulan taxtanın üstünə uzadıldığım ana qədər baş verənləri toran-qaranlıq xatırlayırdım. Əslinə qalsa, indi bu barədə düşünməyə qorxuram. Çünki təkəm. Hər an yenə nəsə baş verə bilər.

Özümü toparlamağa çalışıram. “Qorxulacaq heç nə yoxdur, Daşqın, – deyirəm öz-özümə. – Məktəbin zirzəmisində gördüklərinin, Züleyxanın itkin düşməsinin, Ehtiramın özünü asmasının sənin başına gələnlərlə heç bir əlaqəsi yoxdur, Daşqın”, – deyə mızıldanıram.

Elə bu an qapı döyüldü. Anamdı. Dalınca atam və qardaşım da içəri girdi. Hələ bu hamısı deyil. Tanımadığım daha bir nəfər də otağıma təşrif buyurdu. Özləri yaxşı bilirlər ki, Aydəmirdən başqa heç kimi görmək istəmirəm. Buna baxmayaraq, yenə də otağıma soxulublar.

– Həkimdir, səni müayinə edəcək, – qardaşım qətiyyətli səslə qısaca bildirdi.

Aydəmir səkkiz yaş məndən böyükdür. Xətrimi lap çox istəyir. Elə mən də onun. Qardaş olmağımızdan əlavə həm də yaxşı dostuq. Bir-birimizin bütün sirlərinə bələdik. Hə, məktəbin zirzəmisində gördüklərimdən başqa hamısına. Çünki bunu ona danışmaq fürsətim olmayıb. Bəlkə də heç vaxt danışmayacam. Amma elə bir gün olmayıb ki, Aydəmirin sözünü yerə salam. Atamsa sözü bir dəfə deyir, əməl etsən də, etməsən də, sonra maraqlanmır. Anam onunla qətiyyən yola getmir. Elə atam da anamla. Bunlar uzun və yorucu söhbətlərdi. Heç bilmirəm indi niyə yadıma saldım. Heç özümdən asılı deyil, nədənsə onları – atamı və anamı görəndə həmişə sülkətsizlikləri, dava-dalaş səsləri beynimin içində uğuldayır, hər şeyə həvəsimi öldürür. Elə buna görə də onları az-az görəndə daha rahat oluram. Dostlarımın çoxu buna görə məni qınayır. Valideynlərim də həmçinin. Əslinə qalsa, mən də onları qınayıram. Aydəmirsə məni anlayır və haqq qazandırır. Və bir də, elə hey məni inandırmağa çalışır ki, valideynlərimiz daha əvvəlki kimi deyil, düzəliblər, yola gedirlər, bizi düşünürlər. Bizi deyəndə ki, gələcəyimizi. Amma, məncə, öz gələcəklərini. Nə bilim…

– Niyə gəlib? – uzun pauzadan sonra həkimin gəliş səbəbini qardaşımdan soruşuram. Aydəmirsə bayaqdan bəri səbirlə susub düşüncələrimdən ayrılmağımı gözləyərək başımın üstündə dayanıb.

– Bunlara görə, – sinəmin yuxarısında, boynumda, qollarımda, üzümdə olan səpkiləri göstərərək izah etdi.

– Nə olub mənə?

– Qızılca keçirirsən, – bu dəfə həkim qabağa yeriyib tələm-tələsik fonendoskopunu boynundan asdı. Canıyananlıqla köynəyimi dartışdırıb ciyərlərimin səsinə qulaq asmaq istədiyini işarə elədi.

– Əlini çək görüm, özüm çıxardaram!

Ac, yorğun və əsəbi olduğumçün qətiyyən mülayim danışa bilmirdim. Əslində, normal vaxtlarda da az aşın duzu deyiləm. Amma indi daha da dözülməz olduğumu başa düşürdüm.

Təxminən beş-altı dəqiqə keçdi. Həkim resept kağızına bir-iki dərman yazıb üzünü atama tutdu:

– Gizli qızılca keçirib. Əvvəlcə üzə vurmayıb. Hələ səpkilər bir az da artacaq, qorxmayın. Kəskin soyuqladığı üçün şok vəziyyətinin təsirindən kliniki ölüm keçirib. Yazdığım dərmanları cəmi üç gün içsin, qalanını atın getsin, hərəsindən on dənə olur. Evdən çölə çıxmasın, soyuq qətiyyən olmaz. Minimum bir həftə ev şəraitində müalicə almalıdı. Üç gün sonra yenə gələcəm.

– Başqa nə qulluq? – özümü saxlaya bilməyib həkimi sancdım. Aydəmir mənə baxıb işarə elədi ki, sakit dayanım. Nə də olsa, ölüb-ölümdən qayıtmışdım. Xətrimə dəyəsi deyildi ki! Onsuz da o həmişə məni belə yola verirdi. Qardaşdı də, neynəməlidi ki?..

 3

 Üç günü geridə qoymuşam. Həkimin verdiyi dərmanları içsəm də, yaxşılaşmaq əvəzinə daha da ağırlaşmışam. Dünəndən bəri isə temperaturum qırxdan aşağı düşmədiyinə görə Aydəmir səhərə qədər başımın üstündə keşik çəkib. Bu gün həkim gələcək deyə heç işə də getməyib.

Məni yerimin içində oturan vəziyyətə gətirib hazırladığı zoğallı çayı içməyimə kömək elədi.

– Səhərə qədər Züleyxanın adını sayıqlamısan, – gözlərimin içinə baxdı.

– Saat neçədir ki, indi?

– On birə qalır. Bir azdan həkim burda olacaq.

– Onun yazdığı dərman işə yaramadı, – məzəmmət edirmişcəsinə bildirdim.

Elə bil həkimin bacarıqsızlığının günahkarı qardaşım idi.

– O, sadəcə müayinə üçün gələcək. Ata xəstəxana ilə danışıb, səni bu gün ora aparacağıq.

– Niyə?

– Necə yəni niyə? Bəsdir bu qədər tərslik etdin, Daşqın! Hər şeyin bir qaydası var də! Tez sağalıb sən məktəbə, mən də işimə getməliyəm.

Onun bir gün işdən qalmasını başına vurmağı xətrimə dəydi. Susdum. Bəlkə də yanlış düşünürdüm, Aydəmir sadəcə mənə görə çox narahat olduğu üçün belə danışırdı. Daha bir müddət susub soruşdum:

– Ana hardadı?

– Mətbəxdədir, sənə istədiyin yeməyi hazırlayır.

– Mənim istədiyimi? – təəccüblə soruşdum.

– Hə, səhər ayılan kimi ləvəngili aş istəmisən.

Doğrusu bunu nə vaxt istədiyimi xatırlamıram. Amma dünəndən bəri dilimə heç nə dəyməyib və indi ləvənginin adını eşidəndə bağırsaqlarımın necə sevincək quruldadığını hiss elədim.

– Tərləmisən, paltar gətirmişəm, gəl kömək edim dəyiş.

Bədənimi yenə əsməcə tutdu. Üç gün əvəl də belə olmuşdu. Amma sonrasını ha fikirləşsəm də, xatırlaya bilmirəm. Gözlərimi açandasa yanımda molla görmüşdüm. İndi yenidən soyunub çılpaq qalacağımı xatırlayanda qorxuya düşdüm. Həmin saqqallı-araxçınlı bədheybət adam yenə burda peyda olsaydı məni onun əlindən kim alacaqdı?  Qardaşımın köməyilə tərdən islaq paltarlarımı dəyişdim. Özümdən biixtiyar qollarından möhkəm yapışmışdım. O, bunu zəifliyimdən yıxılmamaq üçün etdiyimi düşünüb qəribə qarşılamadı. Mənsə bu hərəkəti qorxduğuma görə etdiyimi bilirdim.

Məni yerimə uzadıb qapıya tərəf getdi.

– Züleyxadan hələ də bir xəbər yoxdu? – onu yolundan saxladım.

Dayanıb sakitcə arxasına – mənə tərəf döndü. Nə isə demək istədi. Amma susdu. Ümidsiz baxışlarını üzümdə gəzdirib başını ağır-ağır yellədi:

– Polislər dünən dedi ki, şəklini hər yerə yapışdırıblar. Tezliklə tapılacaq.

Bunu deyib çıxıb getdi. Dərin bir ah çəkdim. Bütün fikirlərim alt-üst olmuşdu. Züleyxanın harda olduğunu təkcə mən bilirdim. Və ən dəşətlisi bu idi ki, gördüklərimin həqiqət olduğunu, yoxsa yuxuda gördüyümü, ya da həkimin dediyi o özündəngetmə – kliniki ölüm idi, nə idi adı, həmin anlarda gördüyümü xatırlaya bilmirəm. Tez bir zamanda sağalıb ayağa qalxmalı, başıma gələnləri özüm aydınlaşdırmalıyam.

İndi, bir az əvvəl baş qaldıran dəhşətli aclıq hissindən əsər-əlamət qalmasa da, anamın xeyli iri bir boşqabdolusu aşla otağıma girdiyini gördüm. Beynimin lap dərinliyində kimsə balaca bir uşağı dilə tuturmuşcasına mənə pıçıldayır:

– Daşqın, yeməlisən, tez sağalmalısan!

Amma mən başıma nələrin gəldiyini anlamır, o gün məktəb zirzəmisində gördüklərimi bir an olsun unuda bilmirəm…

 4

 Otağın qapısı ikinci dəfə ehtiyatla döyüləndə içəridən altmış yaşlarında yorğun bir kişi səsi eşidildi:

– Gəlin!

Məktəb direktoru Müzəffər Ağayevin kabinetinə gələn bu adam Şəmsi idi – məktəbin biologiya müəllimi. Daşqıngilin sinif rəhbəri – Yaba Şəmsi. Ləqəbi də özü kimi əcaib olan bu adama “yaba” ləqəbini altıncı sinifdə oxuyanda atasını yabayla ölümcül yaraladığına görə vermişdilər. Doğrudur, o günün üstündən illər ötmüşdü, Şəmsi məktəbi bitirib sənəd-savad sahibi olmuş, kəskin nevroz olmasına baxmayaraq, həkimdən sağlamlıq arayışı alıb məktəbə müəllimi kimi işə də düzəlmişdi. Əvvəllər heç kim Şəmsini ciddiyə almırdı. Onun yersiz, sarsaq zarafatları adətən məktəbdə bir çoxları tərəfindən ələ salınması ilə bitirdi. Amma biləndə ki, Şəmsi müəllim özündən çıxanda qorxunc adama çevrilir, hələ yaba əhvalatından xəbər tutandan sonra, hamı ondan çəkinməyə, hörmət eləməyə başladı. Şəmsi bir Şəmsi olmuşdu ki, artıq nəinki ondan şagirdlər, hətta məktəb direktoru da çəkinir, onu görəndə qorxudan tük salırdı. Amma üstündən 30 ilə yaxın keçməsinə baxmayaraq, “Yaba ” ləqəbini də üstündən ata bilməmişdi, Şəmsi. Əvvəllər bu ayamanı eşidəndə cinvurmuşa dönürdüsə də, indi, ələlxüsus da bu ləqəbi sayəsidə məktəbdə hörmət qazanandan sonra öyrəşməyə başlamışdı. Hətta bir dəfə qonşu kənddən gələn bir nəfərə özünü təqdim edərkən Yaba Şəmsi – deyib fəxr də eləmişdi. Amma heç kim bilə bilməzdi Şəmsi adının qarşısındakı bu ədəbsiz sözdən həqiqətən məmnun idi, yoxsa “adın çıxınca, canın çıxsın”la çoxdan bəri razılaşmışdı. İndi də kabinetin qapısından içəri keçəndə Müzəffər müəllim yaba sözünün “ya”sını dilinin ucundan zorla qaytarıb, Şəmsi müəllim, buyurun, – deyə bildi çətinliklə.

– Sağ olun, oturmayacam. Züleyxanın axtarışı ilə bağlı polis idarəsindən sizi görməyə gəliblər. İfadənizi təkrar alacaqlar.

Bunu deyəndə Müzəffər Ağayevin qanı yenə də qaraldı. Canına birdən-birə vəlvələ düşdü. Görəsən ona, 25 ilin ağsaqqal məktəb direktoruna niyə inanmamışdılar? Axı bu nə həngamə idi onun başına gəlirdi? Qırx günün içində eyni məktəbdən, eyni sinifdən bir oğlan intihar edir, bir qız yoxa çıxır.

Allah tərəfi, Müzəffər işində nizamlı, diqqətli adam idi. Və belə hadisə nəinki rəhbərlik etdiyi məktəbdə, hətta göz açdığı kənddə ilk dəfə idi ki, baş verirdi. Balaca bir kənd üçün bir-birinin ardınca olan belə qorxunc hadisələr görünməmiş bir iş idi. Buna görə də iki ay olacaqdı – kənddə o ev yox idi ki, Müzəffər müəllimin məktəbində baş verənlər orda danışılmasın, gecələr ər-arvad arasında bu hadisələrin söhbəti getməsin. Oxumağa-yazmağa onsuz da həvəsi olmayan kənd camaatı baş verən haqq-hesablardan sonra uşaqlarını məktəbə göndərməyə qorxurdular. Çox vaxt isə guya qorxduqlarını bəhanə edib uşaqları məktəb yerinə naxıra, bulağa suya, meşəyə oduna göndərirdilər.

– Hardadılar? – Müzəfəfr udqunub-udqunub nəhayət ki, xəbər ala bildi.

– İndi yuxarıda – sinif otağındadırlar. Bir neçə şagirdlə söhbətləşib bura gələcəklər.

– Neçə nəfərdilər? – direktor heç bilmədi ki, bu sualı niyə verdi?

– Üç.

– Keçən dəfəki polis də gəlib?

– Hansı? Sizinlə mübahisə edən? – Şəmsi gözlərini döyüb dəqiqləşdirməyə çalışdı.

– Hə. Zəhrimarsifət polis.

– Xeyr, o gəlməyib.

– Yaxşı, deyin ki, nə vaxt istəyirlər, gəlsinlər. Mən qaçmıram, yerimdəyəm.

Şəmsi kabinetdən çıxmağa hazırlaşırdı ki, qapı döyülmədən zərblə açıldı:

– Müzəffər müəllim, sizi çox gözləyəcəm?

Özünü hövlnak otağın ortasına atıb əsəbi şəkildə sual verən adam az əvvəl haqqında danışdıqları zəhrimarsifət polis idi. Hardansa tələm-tələsik yetirib gəlmişdi.

Direktorlu-müəllimli ikisi də çaşqın vəziyyətdə bir-birinə baxa-baxa qaldılar…

 5

Həmişə səs-küydən qopan darısqal məktəb dəhlizində indi milçək uçsaydı səsi eşidilərdi. Daşqının sinif yoldaşları təzə salınmış parka tələm-tələsik basdırılmış qırxgünlük sütül şam ağacları kimi divar boyunca sıra ilə düzülmüşdü. İki saat olacaqdı, amma nə gələn vardı, nə gedən. Məktəbdə çıxmadıqları oyun qalmayan bu uşaqlar indi ağızlarına su alıb nə baş verəcəyini müəmmalı qorxu içində gözləyirdi. Rayon polis idarəsindən gələnlərinsə başı bayaqdan bəri direktorun otağında qızğın mübahisəyə qarışmışdı.

 – Müzəffər müəllim, neçə ildi məktəb direktoru işləyirsiz? – zəhrimarsifət polis bu dəfə hər iki əlinin barmaqlarını şəstlə masanın üstündə daraqlayıb ayağa qalxdı. Məktəb direktoruna tərəf əyilib sual işarəsi almış bədəni indi ona daha zəhmli görkəm verdi. Bu halda kreslosunda büzüşən çəlimsiz gövdəli Müzəffər müəllim onun qarşısında günahları boyunu aşan sısqa uşağı xatırladırdı.

 Araya bir neçə saniyəlik sükut çökdü.

– Mən anlaya bilmirəm ki, bunun məsələyə nə aidiyyatı var? – direktor bezikdirici suallar burulğanından canını qurtarmağa çalışıb çəmkirdi.

 – Siz, deyəsən, hələ də vəziyyətin necə ciddi olduğunu başa düşməyibsiz! Bilirsiz bu məsələlər yuxarıya qədər gedib çıxsa başımıza nələr gələcək? Atamızı yandırarlar! Sizi bilmirəm, amma mən nə canımdan bezmişəm, nə də işimdən! Dərsə gəlməyən uşaqlarla əlaqə saxlayıb təcili bura gətizdirin!

 – Yaaa, – direktor bu dəfə də “yaba” deyəcəkdi ki, yenə hıqqanıb hərfləri çeynəyib uddu. Başını əməllicə itirmişdi. – Şəmsi müəllim, otur bir taksiyə, get o dərsə gəlməyən avara şagirdlərini yığ, gətir bura!

 – Evdə olmasalar? – Şəmsinin çəp-çəp baxaraq dediyi bu sözlər sualdan daha çox minnət vurmağa bənzədi. Direktorun onunla əmrlə danışması xoşuna gəlməmişdi. Başqa vaxt olsaydı mübahisə edər, “mənnən danışanda səsinin tonunu aşağı sal!” – deyə qışqırıb onu danlayardı da. Amma indi Yaba Şəmsi çıxılmaz vəziyyətdə qalmışdı. Polislərdən zəndeyi-zəhləsi gedən bu adam onları görəndə qorxudan tük salırdı.

 – Get, tapşırılanı et!

Müzəffərin gözü ayağının altını görmürdü. İkinci dəfə onun üstünə şeşələndi.

 Şəmsi başını aşağı salıb otaqdan çıxmağa hazırlaşdı.

 – O Eldara da de, yüyürsün bura! – direktorun beyni əməlli-başlı çönmüşdü. Bayaqdan bəri ancaq əsəbi formada danışırdı. Eldar dediyi qırx yaşlarındakı adam məktəbin gözətçisidi. İşəyaramazın, əhli-kefin biridi.

 ***

Bayramqulunun babasındanqalma sınıq-salxaq “VAZ 2103” markalı maşını keçən həftə zillətlə təmir elədiyim taxta piyada qapısına dirənib, nəhayət, dayandı. İki-üç saniyə sonra motorun baş aparan uğultu səsi də kəsildi. Maşının qapısını açmaq üçün daha bir neçə saniyə əlləşən Şəmsi müəllim axır ki, nimdaş paltosunun yaxasını çəkişdirə-çəkişdirə özünü yerə atdı.

 – Ayə Daşqın, məktəbə niyə gəlmirsən? – məni həyətdə görcək dilləndi.

 Əslində əlimdə çanta var idi. Gözləri qızmışdı deyə buna məhəl qoymadı. Sinif rəhbərimin sorağı bizə özündən əvvəl gəlib çıxmışdı. Bir az əvvəl katibə evimizə zəng edib xəbər vermişdi ki, Şəmsi müəllim polislərin və direktorun tapşırığı ilə məktəbə gəlməyən uşaqların ardınca qapı-qapı düşüb yığmağa başlayıb. Ayrı gün olsaydı Şəmsi müəllimə müraciət formalarını, nitq etiketlərini başa salardım. Onsuz da ona və başqa bir-iki müəllimə həmişə belə dərslər keçməli oluram. Amma indiki durumundan gözüm su içmədi deyə risk eləmədim.

 – Xəstəydim, müəllim. Bu gün babatlaşmışam.

 Bunu deyəndə fikrim çox uzaqlara getdi. Qəribə idi, bu neçə gün müddətində baş verənlər haqqında kimsə danışmamışdımı? Danışmışdılarsa nələri bilirdilər? Nələri yox?

 Bu düşüncələrlə maşının arxa qapısını açıb bir küncdə sıxılıb oturdum.

 – Sürə ə, sən də! – sürücüyə qoçulandı. Bu vaxt Şəmsinin gur səsi motorun uğultusunu uddu.

 – Baş üstə! – Bayramqulu müticə qarşılıq verdi.

 Maşın kəndimizin yola bənzəməyən çala-çuxur boz küçələri ilə irəlilədikcə bilmirəm hardansa bilik günündəki çal-çağırlı tədbirdə rayonumuzun müdrik icra başçısı Xeyrənisə xanımın dediyi sözlər gəlib qulağımda peyda oldu:

– Asfalt örtüyü nəyinizə gərəkdi, onnansa beş-on ağac əkin.

Beləcə kəndin mərkəzi küçələrinin abadlaşdırılması məsələsini bağlamışdı.

Özümü oturacağa bir az da möhkəm sıxıb qapının tutacağından yapışdım.

 Gözlərimi yumdum. İndi ucsuz-bucaqsız gözəl dənəvər qumlu sahildən Aralıq dənizinə açılan nəhəng bir gəminin kayutunda yırğalanırdım. Və qağayılar ovcumdan dən götürürdü…

 Fikirlərim beş gün əvvəl başıma gələn hadisənin yanındaydı…

Ehtiramın ölümündən bir aya yaxın vaxt keçmişdi. Sinif yoldaşlarım, elə müəllimlərimiz də onun yoxluğunu çoxdan qəbullanmışdılar. Doğrusu getdikcə mən də unutmağa başlamışdım. Amma hər dəfə Züleyxanı görəndə Ehtiramın kinli baxışları gözümün önünə gəlirdi. Onun intihar etməsində özümü günahkar sayırdım. Bu barədə Aydəmirdən başqa heç kimə danışmamışdım. O da məcbur qaldığıma görə. İki həftəyə yaxın bütün yuxum pozulmuşdu, qorxulu-əcaib şeylər görüb sayaqlayırdım. Əslində heç indi də Ehtiram kimi sakit bir oğlanın özünü asmasını başa düşə bilmirəm. Züleyxanın yoxa çıxması ilə hər şeyin düyünə düşməsi bir oldu mənimçün. İndi bunu tam ifadə edə bilmirəm, amma mənə elə gəlir ki, kimsə bizi qarabaqara izləyir. Əvvəlcə Ehtiramın, sonra Züleyxanın ölümünə səbəb odur. İndi isə mənim növbəm çatıb. Belə olanda özümü “Dörd nömrəli mənəm” romanının qəhrəmanı kimi hiss edirəm. Tükürpədicidir. Hərdən də “Şerlok”un birinci bölümündəki qatilin bizi də təqib etdiyini fikirləşirəm. Ehtirama kəndiri boynuna keçirməsini, Züleyxaya özünü dənizə atmasını əmr edir. Mənə isə… Bilmirəm… Beş gün əvvəl Züleyxanı məktəbimizin zirzəmisində asılı görmüşəm. İndi buna bəlkə də heç kim inanmaz. Çünki özüm də tam əmin deyiləm ki, bunu yuxuda görmüşəm ya yox. Bircə yolu – məktəbə çatan kimi xəlvəti zirzəmiyə düşmək. İndi bilirəm ki, direktorun otağına çatan kimi polislər məni də sorğu-sual edəcək. Bəlkə onlara hər şeyi danışım? Nəyin yuxu, nəyin uydurma olduğunu özləri axtarıb-tapsınlar.

Sevinc deyirdi ki, bizim məktəbin dəhlizlərində gecələr əcinnə dolaşır. Özü də fənərlə gəzib bir-bir bütün otaqlarda nəsə axtarır. Unutdum deməyi, –Sevinc bizim qonşunun gəlinidir. Məndən 10 yaş böyük olsa da söhbətimiz yaxşı tutur. Üstəlik savadlı qadındır, ondan xeyli maraqlı şeylər öyrənmişəm. Bir dəfə Ehtirama, Sevincdən “maraqlı şeylər öyrənmişəm” deyəndə dişlərini ağardıb hırıldamışdı. Onda buna əhəmiyyət verməmişdim. İndi nə deməyə çalışdığını anlayıram.

Hə, Sevinc danışmışdı ki, gecələr məktəbin dəhlizlərində sülənən əcinnə axtardığını tapmayanda əsəbiləşib otaqların şüşələrini sındırır. Hətta bir dəfə gecə vaxtı cəld hərəkət edən fənər işığını gördüyünü, dalınca da yola baxan otağın şüşəsinin çiliklənib töküldüyünü öz gözləri ilə gördüyünü deyirdi.

Züleyxa yoxa çıxandan sonra bu əcinnə məsələsi beynimi yormağa başladı. Elə həmin gün də, yəni beş gün əvvəl də dərsin ortasında icazə alıb zirzəmiyə əcinnə axtarmağa düşmüşdüm. Yadımdadı ki, binanın yarıqaranlıq künclərinə qədər hər yerə baş çəkdim. Demək olar hər yerə… İki gün əvvəlsə üzünü görə bilmədiyim nəhəng bir canlının Züleyxanı çiyninə atıb məktəbimizin zirzəmisinə düşdüyünü görmüşdüm yuxuda. Və zirzəmidə gördüyüm mənzərə… Kimsə asılmışdımı? Bu dəqiq idi məncə. Zirzəmidə biri özünü asmışdı. Bəs nə üçün onun Züleyxa olduğunu düşünürəm? Əslində bu beş gün içərisində bu sualı özümə yüzlərcə dəfə vermişdim. Mən Züleyxanın orda olduğunu sadəcə düşünmürdüm, Züleyxanın özünü orda görmüşdüm!

Başım maşının tavanına dəyəndə diksindim. Nə nəhəng gəmi vardı, nə onun kayutu, nə də ki, Aralıq dənizinin dalğaları qoynunda uçuşan qağayılar. Bayramqulunun cındırı çıxmış “VAZ 2103”-də idim. Maşın məktəbimizin düz qarşısındakı işıq dirəyinə çırpılıb dayandı.

– Əyə, Allah başına daş salmasın, a Bayramqulu, yazıqsan! Bu antikvar maşınının tormozunu düzəltdir də barı. Evi tikilmiş bir gün hamımızı qıracaqsan! Onsuz da qaxılıb oturmağa qoymurlar yerimizdə, sən də niyə burnumuzdan gətirirsən?!

Şəmsi müəllim hökküldəyib deyinə-deyinə maşından düşdü.

Çatmışdıq. Qapıda iki polis serjantı və məktəbin gözətçisi Eldar əmi dayanmışdı. Birdən mənə ellə gəldi ki, onlar məktəbin həyətinə girən uşaqlar arasından təkcə mənə baxmağa başladılar.

Nifrətlə, acıqla… Elə bil hər şeyin baiskarı mən idim.

Eldar qanlı-qanlı lap gözümün içinə baxırdı. Özümü itirdim. Ayağım səndələdi. Yıxılmamaqçün növbəti addımı atmayıb dayandım.

– Ə, qırışmallar, tez olun görək! – arxamca gələn uşaqların da dayandığını görən Şəmsi müəllim kürəyimdən dümsüklədi. Bəlkə doğru deyil, amma indi ürəyimdən ən çox keçən şey Yaba Şəmsini it balası kimi ayaqlamaq idi.

KÖŞƏ YAZARLARI
TOP 10