Yubiley dramları – Aynurə Mustafayeva

37 Baxış

105700329_762651034476091_3413653097481154676_n

Ötən teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Anarın “Şəhərin qış gecəsi” pyesi ilə 20 Yanvar faciəsini, Sumqayıt Dövlət Dram Teatrı isə Əli Əmirlinin “Sevgilim Sumqayıt” dramı ilə Sumqayıt şəhərinin 70 illiyini qeyd etdi. Teatr binalarında ildönümü hadisələrinin qeyd olunması həmişə olub, amma tamaşa səviyyəsində qeyd olunma həmişənin hadisəsi deyil, onu da qeyd edək ki, bu günün də hadisəsi deyil, çünki illərdir, getdikcə şeirləşən, nəsrləşən, reportajlaşan   dramaurgiyamızın, təntənəyə, gurultuya, pafosa bürünən səhnəmizin sonunda yubiley dramlarının, tamaşa tədbirlərin meydana çıxması çox təbiidir. Əlbəttə ki, janr yenilənməsi həmişə müsbət haldır, yeni fikrin, yanaşmanın, çalarlığın gəlişindən xəbər verir. Amma bunlar ümumi nəzəri sözlərdir, əsas məsələ odur ki, ötən teatr mövsümündə müşahidə etdiyimiz bu hadisə teatr-dram sənətinin gələcəyinə nələr vəd edir?

105632021_310107053482065_7655312904232683167_n

İlk öncə onu qeyd edək ki, teatrlarımızın müasir milli dramaturgiyamıza o qədər də maraq göstərmədiyi bu günümüzdə bu əsərlər, demək olar ki, yazıldığı tarixlərdəcə səhnələşirildi. “Sevgilim Sumqayıt” və “Şəhərin qış gecəsi” pyeslərinin teatrın sifarişi ilə yazılıb yazılmadığını deyə bilmərəm, amma görünür, teatrın tələbi varmış bu əsərlərə. Ötən teatr mövsümü ilində  20 Yanvar faciəsinin otuz illik anımı və Sumqayıt şəhərinin 70 illik yubileyi respublika səviyyəsində qeyd olunurdu, görünür, teatr da bu qeydolunmalara qatılmaq istəmiş, bunu özünün vəzifəsi, borcu hesab etmişdir, ona görə ki, Azərbaycan teatrı artıq çoxdandır, ictimai həyatın bir hissəsi olmağa çalışır, özünün bir təşkilat, qurum imicini formalaşdırır. “Sevgilim Sumqayıt” və “Şəhərin qış gecəsi” pyesləri teatra ictimai həyatın gündəminə qatılmaq imkanı, bunun da qarşılığında teatr onlara səhnəyə çıxmaq şansı vermişdir. Onu da deyək ki, bu əsərlərin süjeti yubiley, anım repertuarlarından kasad deyildi, odur ki, teatr da bu hadisələrin ildönümünü tədbirlərdən pis qeyd etmədi. “Şəhərin qış gecəsi” əsəri 20 Yanvar faciəsinin motivlərini heç də bir anım mərasimindən daha az xatırlamır və yaxud “Sevgilim Sumqayıt” pyesi Sumqayıtın yubileyini bir tədbirdən daha az təntənəli şəkildə qeyd etmir. Anarın pyesi xatırladır ki, 20 Yanvar hadisəsi ərəfəsində xalq öz azadlığı uğrunda meydanlara tökülmüş, Azərbaycan ziyalıları bir neçə cəbhəyə ayrılıb: kimi Moskvanın əmrinə müntəzirdir, kimi milli cəbhədə xalqla bir yerdə, Azərbaycan ziyalılarının nümayəndə heyəti ölkə rəhbərliyi ilə görüşmüş, Bakıda fövqəladə rejimin elan olunmayacağı ilə bağlı vədlər amış, Qarabağ münaqişəsi əhalidə ermənilərə qarşı bir hərəkat dalğası yaratmış, buna baxmayaraq Bakı sakinlərinin bir çoxu erməniləri bu qəzəb dalğaslndan qoruyur, amma ermənilər Azərbaycanı sağ-salamat tərk edincə terrorçu hücumlara məruz qaldıqları haqqında yalan məlumatlar yayaraq Bakıda fövqəladə rejimin elan edilməsinə nail olurlar. Eyni zamanda da, “Sevgilim Sumqayıt” pyesində Sumqayıtın əfsanədə yatan tarixi və onun fəxri sakininin nağıla bənzəyən həyat hekayəsi səhnəni yubilyarın təntənəsinə bürüyür.

105903020_269703434105234_3577786329382629884_n

Sual oluna bilər ki, bəyəm səhnə əfsanənin, nağılın, tarixi bilgilərin yeridir? Məlumdur ki, səhnə sənətin nağıldan, macəradan, təxəyyül bəzəklərindən, gurultudan, pafosdan arınıb müxtəlif düşüncə, əxlaq tərzlərinin öz həqiqətləri uğrunda tartışdığı, tamaşaçı düşüncəsinin də “kimdir haqlı?” sualı ilə bu tartışmanın iştirakçısına çevrildiyi yerdir. Bu özəllikləri ilə bütün sənət və səhnələrdən fərqlənən dramatik teatr səhnəsinin bizim teatrlarda qalxan pərdələri, təəssüf ki, tamaşaçını heç də həmişə həyatın dramatizminə götürmür, çox zaman burdan biz haqlının guruldayan təntənəsini, haqsızın isə getdikcə rəzilləşən sifətini seyr edirik, bizə də təntənəni alqışlamaq, rəzili isə lənətləmək qalır. “Şəhərin qış gecəsi” pyesində fövqəladə vəziyyət elan etməyəcəyi haqqında vəd verən Moskva ilə öz azadlığı, itirilmiş Qarabağ uğrunda meydana çıxan xalq arasında, kabinet mövqelərindn çıxış edən Bəhram Zeynallı ilə həmişə ədalətiin yanında olub xalqın mövqeyindən çıxış edən Qiyas Zeynallı arasında, özünə evində sığınacaq verib nəvəsini də sağ-salamat yola salan Zeynallı ailəsi ilə Moskvaya çatınca xilasını rusların ayağına yazıb, özünün də, babasının da Bakıda vandal hücumlara məruz qaldığını söyləyən Surenin babası Qurgen arasında tartışılacaq heç nə yoxdur. Eləcə də, “Sevgilim Sumqayıt” əsərində sevgisi, qızlıq heysiyyəti ilə oynanılan Ceyranla onu ailəsinə, elinə-obasına rəzil edən Cəlal arasında mübahisə mövzusu olacaq bir şey yoxdur. Onda sual olunur ki, bəs bunlar səhnəyə niyə çıxıblar? Cavab çox sadədir: tamaşa üçün. Qarşıya yenə sual çıxır ki, hansı tamaşa üçün? Çünki tamaşa sözü bizim leksikonumzuda iki mənada anlaşılır; janr adı olaraq, yəni teatrda oynanılan səhnə əsərini bildirən söz kimi və yaxud baxmalı, tamaşa etməli, gözəlliyinə dalmalı bir mənzərə, mərasim kimi. Onlar eyni sözlə ifadə olunsalar da, əslində fərqli şeylərdir. Teatr tamaşası mübahisəli bir mövzuda düşüncələrimizi dindirirsə, tamaşa etdiyimiz mənzərə zövqümüzü, hislərimizi oxşayır. Amma bizdə bu janrın adının tamaşa sözü ilə ifadəsi, görünür, səhnəni də tamaşa etdiyimiz yer kimi anlamamıza nədən olub. Elə bu nədənlədir ki, tamaşalarda istər rejissorların, istərsə də dramaturqların səhnəni daha tamaşalı etmək istəkləri tez-tez görünür, eləcə də, “Sevgilim Sumqayıt” və “Şəhərin qış gecəsi” əsərlərində. Bu pyeslər səhnəni daha tamaşalı etmək üçün gözəli daha gözəl, eybəcəri isə daha betər boyalarla rəsm etməyə çalışır. “Şəhərin qış gecəsi”ində Namiq avtomobil qəzası törədərək etdiyi cinayətin məsuliyyətindən qaçmayacaq, hətta sevgilisinin ruhuna belə xəyanət etməyəcək qədər vicdanlı, Dilarə ad günü münasibəti bahalı hədiyyəni qəbul etməyəcək qədər nəfsi tox, Çopur Cabbar kabinetlərdə türklüyü xalqımıza vurulan yamaq adlandlracaq, meydanda isə “canımız, qanımz türk qanıdır” deyib bağıracaq qədər simasız, Qiyas Zeynallı oğlunuun tutulmasına razı olacaq qədər oyektiv, erməniyə belə rəhm edəcək qədər humanist, Qurgenin nəvəsi Suren özünü və babasını xilas edən Bakı sakinlərini Moskva televizyasından terrorçu kimi təqdim edəcək qədər alçaq, erməni türmə rəisinin müavini Ambaryan isə gənc azərbaycanlı məhbusdan 15-ci ilin qisasını alacaq qədər nadürüstdür. Eləcə də “Sevgilim Sumqayıt” əsərində Cəlal öz qızlıq ismətini ona təslim edən nişanlısına xəyanət edəcək, onun yolunda ailəsini, pulunu, ömrünü xərcləyən qadını isə yarı yolda buraxacaq qədər vicdansız, Ceyransa   gəlin köçməmiş bakirəliyi, toy günü isə nigahı pozulmuş bir qız rüsvayçılığından baş götürüb qarnında körpəsini, qəlbində isə sevgilisinin acı xəyanətin   gətirib Sumqayıta gələn kimsəsiz, yersiz-yurdsuz bir qızdan bu şəhərin fəxri sakininə çevriləcək qədər güclü, nəvəsinin ehtiyacına baxmayaraq ona hədiyyə edilən evi uşaq evindən çıxan kimsəsiz bir qıza hədiyyə edəcək qədər humanist biridr. Əslində səhnənin tamaşası  bu bərli-bəzəkli qəhrəmanlarla bitmir. Raykom katibinin kimsəsiz qıza qayğısı, bu qızın təklifi ilə Heydər Əliyevin uşaq evini tikdirib onu da ora müdir təyin etdirməsi kimi jestlər və yaxud illər sonra Ceyranın qarşısında Cəlalın məğlubiyyətinin (“Sevgilim Sumqayıt” pyesində),   nanəcib nəvəsinin azərbaycanlıların ünvanına söylədiyi yalanın xəcalətindən Qurgenin intiharının yaratdığı (“Şəhərin qış gecəsi” pyesində) mənzərələr səhnəni daha da tamaşalı edir.

105705379_284349182921798_7994891780563454963_n

Bütün dünyada teatr tartışma, bizdə isə tamaşa yeridir və burda dialoqu söhbətlər, qəhrəmanı insanlar əvəz etmişdir. “Şəhərin qış gecəsi” pyesinin personajları da dramatik qəhrəmanlar deyil, insanlardır, 20 Yanvar hadisəsini yaşayan Bakı sakinləridir, onlar arasındakı danışıqlar da dialoq deyil, söhbətləşmələrdir. “Sevgilim Sumqayıt” pyesinin personajları isə dövrünün insanlarından daha çox sovet ədəbiyyatının qəhrəmanlarını xatırladırlar, səhnəyə yubiley mərasimi üçün çıxan bu qəhrəmanlarda sovet ədəbiyyatının yaradıcılıq, quruculuq, qalibiyyət ritorikasının olması da çox təbiidir. Bu əsərdə yubilyarın şərəfinə səslənən mahnı yubiley təntənəsini, “Şəhərin qış gecəsi” pyesində isə Qanlı yanvar hadisəsi bağlı Ziya Bünyadovun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun çıxışları isə 20 Yanvar faciəsinin anımını daha da gurlaşdırır. Hər iki əsər çox ritual bir tamamlanmaya malikdir. “Sevgilim Sumqayıt” pyesi yubilyarın şərəfinə düzənlənmiş tədbirlə, “Şəhərin qış gecəsi” isə H.Əliyevin Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın Daimi Nümyəndəliyində çıxışı ilə tamamlanır.

Bu əsərlərdə tarixi faciəmizi anmaq və yaxud Sumqayıtın yubileyini qeyd etmək üçün hər şey var, amma dramatik teatrın səhnəsinə çıxmaq üçün isə demək olar ki, heç nə yoxdur. Bugünkü səhnəmizdə mərasim teatr ənənəsinin şölələnnməsi fonunda dramatik teatr ənənəsinin öləziməsi milli teatr sənətimizə M.F.Axundzadə ilə gələn Mirzə Cəlil, C.Cabbarlı dramaturgiyası ilə möhkəmlənən dramatik teatrımızın sabahkı varlığını sual altına qoyurmu?! Biz bu teatra sahibik deyə göstərəcəyimiz ünvanlar nə möhtəşəm binalar, nə möhürlü sənədlər deyil, öyünə biləcəyimiz dramatik səhnədir.