Yubileydən-yubileyə xatırlanan xalq yazıçısı

148 Baxış

Əbülhəsən_Ələkbərzadə

Rövşən Yerfinin təqdimatında “Xatırlanasılar” layihəsi…

 

Əbülhəsən Ələkbərzadə indiki zamanda az qala unudulan xalq yazıçılarımızdandır. Yubileydən-yubileyə xatırlanan bu yazıçının adını illər boyu yüzlərlə  mətbuat orqanının səhifələrində, hər hansı ədəbiyyat dərsliyində axtarsan tapmaq müşkül işdir.

Azərbaycan sovet nəsrinin görkəmli nümayəndələrindən biri olan Əbülhəsən 1904-cü ildə Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildə Bakı darülmüəllimini qurtarmış, Dərbənd pedaqoji texnikumunda müəllim təyin edilmişdir. Bundan sonra ayrı-ayrı illərdə Tovuzda maarif müdiri, Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə “Azərbaycan” jurnalında baş redaktor işləmişdir.

Ədəbi fəaliyyətə 1925-ci ildə “Maarif yolu” jurnalında dərc edilmiş şeirləri ilə başlasa da, çox çəkməmiş nəsrə keçmiş “Maarif və mədəniyyət” jurnalında “Sofi” adlı ilk hekayəsini çap etdirmişdir. “Araz” adlı ilk hekayələr kitabı 1930-cu ildə nəşr edilmişdir.

Kənddə kollektivləşmə hərəkatına həsr olunan otuzuncu illərdə qələmə aldığı “Yoxuşlar” romanı Azərbaycan sovet romanlarının ilk nümunələrindən biri idi. İkinci Dünya müharıbəsinin iştirakçısı olan yazıçı müharibədən sonra “Müharibə” və “Dostluq qalası” kitablarını yazmışdır. Sevastopolun müdafiəsindən, xalqlar dostluğundan bəhs edən “Dostluq qalası” romanı oxucular içərisində xüsusi maraqla qarşılandığına görə SSRİ xalqlarının bir çox dillərinə tərcümə edilmişdir.

Əbülhəsən Ələkbərzadə altmışıncı illərdə “Tərs adamlar” və “Dünya qopur” romanlarını, ömrünün ahıl çağlarında isə “Tamaşa qarının nəvələri”, “Utancaq” povestlərini və “Sədaqət” romanını yazmışdır.

Ona 1979-cu ildə Azərbaycan Xalq yazıçısı fəxri adı verilmişşdir. 1986-cı ildə 82 yaşında vəfat etmiş yazıçı vəsiyyəti nəzərə alınaraq doğma kəndində dəfn olunmuşdur. O, Fəxri Xiyabandan imtina edən, dünyaya gəldiyi kəndində uyuyan ilk xalq yazıçısıdır.

Böyük nasirin sağlığında otuz kitabı işıq üzü görsə də, ölümündən ötən otuz ilə yaxın keçən müddətdə bir kitabı belə çap olunmamışdır. Əsərlərindən heç birinin ekranlaşdırılmaması, tamamilə sovet ideologiyasına aid olması onu unutduran başlıca səbəblərdəndir. Şübhəsiz, Sevda və Elmira Ələkbərzadələr kimi tanınmış nəvələrinin babalarının yaradıcılığına olan soyuq münasibəti də bu məsələdə az rol oynamır.

Böyük yazıçını kimlər unutsa da bir şeyə əminəm ki, Əbülhəsən Ələkbərzadəni ana yurdu Basqal heç zaman unutmayacaq…

 

 

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10