Yukio Mişima – “Bir maskanın etirafları”

31 Baxış

mishi

“Bir maskanın etirafları” yapon, eləcə də dünya ədəbiyyatında müəllifi Yukio Mişimaya haqqı olan şöhrəti qazandıran əhəmiyyətli əsərdir. Avtobioqrafik məqamların çoxluq təşkil etdiyi romanda Mişima ölüm, həyat, varlıq, sevgi və cinsi istək, zorakılıq kimi mövzuları bütün çılpaqlığı ilə kağıza tökür. 24 yaşında qələmə aldığı bu roman onun həyatı, düşüncələri və iç dünyasını əks etdirmək baxımından oxucu üçün əsl xəzinə dəyərindədir. Sətirlərdə irəlilədikcə Mişimanın həyat yolunda onunla birlikdə addımladığımızı hiss edir, uşaqlıq və yeniyetməlik qorxularını, daxilindəki böhranları, gənclik dönəmindəki özünü axtarma cəhdlərini, iztirablarını yaşayırıq. Mişimanın cəsarətlə qələmə aldığı sətirlər “çılpaqlığı” ucbatından oxucuda cüzi narahatlıq hissi oyatsa da, eyni zamanda, əvəzsiz ədəbiyyat zövqü yaşadır.

 

Həyat səhnəsində maskalı bir “aktyor”

 

Mişimaya görə, həyat səhnədir, bu səhmədə hər kəs gözəgörünməz maska taxaraq öz üzərinə düşən rolu oynayır. Romanın qəhrəmanı Koçan bu “bal maskarad”da öz payına düşən rolu layiqincə oynamaq üçün daxilindəki istəklərlə mübarizə aparır.

Roman qəhrəmanın doğulduğu anı xatırladığını iddia etməsi ilə başlayır. Ardınca onun uşaqlıq illərinə şahidlik edirik. Cılız və sağlamlıq problemləri olan bir uşaq var qarşımızda. Adət-ənənələrə bağlı olan nənəsinin himayəsi altında böyüyür. Hələ dörd yaşında olarkən homoseksual olduğunu dərk edir. Həyatının iztirablı, böhranlı dönəmi bundan sonra başlayır. Bu məqamda roman qəhrəmanının həyatı müəllifin həyatı ilə kəsişir. Mişima özü də homoseksual idi. Baxmayaraq ki, normal ailə qurmuş, iki övladı dünyaya gəlmişdi. İddialara görə, elə romanda oxuduqlarımıza da əsaslanaraq Mişima bu addımı ictimai qınağa tuş gəlməmək üçün, patriarxat bir toplumda kişi olaraq öz mövqeyini qorumaq üçün atıb.

Cinsi istəklərinə boyun əyməmək üçün iç dünyasında böhranlar, çalxantılar yaşayan Koçan uşaqlığından başlayaraq daxilindəki ikiləşmə ilə mübarizə aparır. Məktəb illərində Omi adlı bir gəncə aşiq olduğunu düşünür. Həmcinslərinə qarşı duyduğu şiddətli ehtirası məhəbbət adlandırsa da, bu məhəbbət onun üçün sadəcə cismani xarakter daşıyır. Onu cəlb edən güclü əzələləri olan qüsursuz kişi vücudu idi. Bədəni həmin ehtirasla alışıb yanarkən ruhu toxunulmaz bir saflıq axtarışındaydı. Bu saflıq axtarışı universitet illərində yaxın dostu olan Kusanonun bacısı Sonokoya olan münasibətində öz əksini tapır. Sonokoya qarşı qarşısıalınmaz bir yaxınlıq, sevgi hiss edirdi. Ruhunun ona aid olduğunu düşünürdü. Amma dəfələrlə özünü inandırmağa, aldatmağa çalışsa da Sonokoya qarşı daxilində cüzi də cinsi istək duymadı. Bu uğursuz cəhd – Koçan bəlkə də bunu daxilən uğur hesab edirdi – onu yenidən öz “pis adəti”nə, günah dolu arzularına qayıtmağa məcbur etdi. Yenidən maskasını taxaraq əsl mənini gizlədib həyatına davam etməyə başladı.

Maskadan uğurlu bir metafor kimi istifadə edən Mişima, onun vasitəsilə real olanı gizlətməyə, bəlkə də, olduğundan fərqli göstərməyə çalışıb. Oxucu üçün hansı hissələrin reallıq, hansıların təxəyyülün məhsulu olduğunu ayırd etməyi çətinləşdirib. Deyirlər ki, ədəbiyyat həyatdan, həyat da ədəbiyyatdan qidalanır. Mişima isə həyatla ədəbiyyatın kəsişdiyi təhlükəli bir nöqtədə qalmağı seçib.

Ölümlə lənətlənmiş müəmmalı şeytan

 

Əsl adı Kimitake Hiraoka olan yazıçının özünə seçdiyi təxəllüs – “Mişima” Fuji dağının qarlı təpələrində olan bir şəhırin adı, “Yukio” isə qar deməkdir. Bunlar birlikdə yazıldığı zaman “ölümlə lənətlənən müəmmalı şeytan” mənasını ifadə edir. Mişima özü bunun qəribə təsadüf olduğunu vurğulasa da, bu təsadüf onun ölümə olan qeyri-təbii maraq və heyranlığına çox uyğun idi. Markiz de Sad kimi tez-tez ölüm, insan əti yemək, qan tökmək, zorakılıq xəyalları quran müəllif bunu əsərlərinə də yansıdıb. “Bir maskanın etirafları”da roman qəhrəmanı yeniyetməliyindən başlayaraq ölüm arzusu ilə yaşayır. Qəribə olansa ölümü cinsi istəklə eyniləşdirməsidir. Uşaqlığından başlayaraq həvəslə yaralı, qan içində qalmış yaraşıqlı cəngavər rəsmləri çəkən Koçan həmin şəkillərə baxaraq təxəyyülündə intim fantaziyalar qururdu. Qan, zorakılıq, kimisə öldürmək arzusu onun xəyal dünyasını bəzəyən amillərdi. Onun təxəyyülündə cinsi doyuma çatmaq qan tökməklə, ölümlə mümkün idi.

Gənclik illəri İkinci Dünya Müharibəsinin sonlarına təsadüf edən Mişima üçün həmin dövrdə ölüm anlayışı artıq ehtimal yox, hər an gözlənilən bir reallıq idi. Yazıçı romanın arxa planında müharibənin dəhşətini bütün çılpaqlığı ilə, soyuqqanlı şəkildə oxucunun önünə qoyur. Tokiyonun az qala hər gün bombalandığı, Xirosimanın atom bombasıyla yerlə-yeksan edildiyi, hər gün onlarla insanın həyatla vidalaşdığı bu dönəmdə ölüm haqqında bu qədər çox düşünmək, bəlkə də, təbii hal idi.

Samuray nəslindən olan nənəsinin təsiri altında böyüyən Mişima özündə samuraylara xas xüsusiyyətləri birləşdirirdi. Modern həyatı və Qərb ideallarını qəbul etməyən yazıçı yapon ənənələrinə və Yaponiyaya ürəkdən bağlı idi. Elə bu bağlılıq ucbatından da, yapon ənənələrinin unudulmasına, qərbliləşməyə qarşı etiraz olaraq 45 yaşında, yaradıcılığının zirvəsində, samuraylara xas seppuku üsulu ilə intihar etdi. Samuray qılıncını qarın nahiyəsinə sancıb fırlatmaqla daxili orqanları sıradan çıxarmağı hədəf alan bu intihar üsulu ağrılı olduğundan yoldaşlarından biri qılınc zərbəsi ilə Mişimanın başını bədənindən ayırdı. Yaradıcılığı qədər tükürpədici ölümü də diqqəti cəlb edərək müzakirə mövzusuna çevrilən yazıçı, bəlkə də, uşaqlığından başlayaraq xəyalında canlandırdığı, arzuladığı kimi qan içində, əzablı şəkildə həyatla vidalaşdı.

“Bir maskanın etirafları”nda yazılanlar Mişimanın həyatı ilə üst-üstə düşdüyü üçün bu yazıda onun düşüncə tərzi, iç dünyası və həyatının bəzi məqamlarına toxunmalı oldum. Amma bu roman sadəcə avtobioqrafik ünsürlərdən ibarət deyil. Müəllifin istifadə etdiyi dil, bənzərsiz təsvirlər, qurduğu təhkiyə oxucuya əvəzolunmaz bir ədəbi zövq bəxş edir. Oxucu bəzi məqamlarda sarsıla, ikrah hissi duya bilər, amma bununla bərabər, əsl ədəbiyyatın elə həyat qədər sarsıdıcı olduğunun da fərqində olacaq.

 

Aybəniz Həsənova

 

Bölmə : Nəsr