“Yurdumuz bölünmüş bir ürək kimi”

64 Baxış

esmirafuadHƏSƏN MƏCİDZADƏ SAVALAN HAQQINDA

Güney Azərbaycanda xalq həyatının tərcümanlarından biri də Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açan (1947) Həsən Məcidzadədir. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdəydi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırır, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxır, Güney Azərbaycanda Güney Azərbaycanın milli-azadlıq hərəkatının yeni dalğası kükrəyirdi. Bütün bu hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə, sıxıntı və ehtiyaclara məruz qalırdı. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı qanlı hadisələr zamanı həlak olduqdan sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki Təbriz qan gölündə üzürdü. 1946-cı il 21 Azər hərəkatının, Demokratik Hökumətin irticaçı qüvvələr tərəfindən qan dənizində boğulması, kütləvi qətl və qırğınların törədilməsi, azadlıq fədailərinə divan tutulması dəhşətli milli faciə idi.

Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir. 12 saatlıq ağır iş rejimi onun ədəbiyyata, Azərbaycan dilinin tarixinə, türkcənin incəliklərinə olan tükənməz həvəsini boğa bilmir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri-Nizami, Füzuli, Həbibi, S.Ə.Şirvani, M.Ə.Sabir, S.Vurğun, S.Rüstəm, Ə.Vahid və b. yaradıcılığından ilham alır. Onların əsərlərindən təsirlənərək şeirlər qələmə alır, eyni zamanda, soydaşları arasında ədəbiyyatı təbliğ edir, ədəbiyyatşünaslığa dair məqalələr yazır. S.Ə.Şirvani, M.H.Rüşdiyyə, M.Müşfiq, Nəbi Xəzri kimi sənətkarların həyat və yaradıcılığına yeni ədəbi dəyərlər prizmasından yanaşaraq qələmə aldığı məqalələri “Varlıq” dərgisində dərc etdirir.

Tehran, Təbriz, Ərdəbil radiolarında, Rudəki salonlarında, şeir-sənət məclislərində ardıcıl olaraq çıxışlar edir. Başı qarlı Savalan dağına, ana Vətənə uca məhəbbətinin ifadəsi kimi, şeirlərini “Savalan” təxəllüsü ilə yazmağa başlayır. O, bütün türk dünyasında da elə bu imza ilə tanınır və sevilir.

Yaradıcılığı. Elini, dilini, torpağını ürəkdən sevən, odlar yurdu Azərbaycanın aydın gələcəyinə inanan, xalqına və Vətəninə, onun mədəniyyətinə, adət-ənənələrinə, bir sözlə milli-mənəvi dəyərlərinə düşmənçilik mövqeyindən yanaşaraq xəyanət edənlərə, milli varlığına xor baxanlara qənim kəsilən Savalan ana dilinin saflığı, varlığının qorunması uğrunda bütün ömrü boyunca mübarizə aparmışdır. Şairin əsərlərində ana dilinə, Vətənə, el-obaya, türk ruhuna dərin sevgi, sonsuz məhəbbət qırmızı xətt kimi keçir. Ana dilini milli varlığın əsası sayan şair yazır:

Ey böyük ulusun anası anam!
Oğuz ellərindən qalan nişanam.
Eşqinlə yaşıyam, eşqinlə yanam
Sənsən bu bağrımda çırpınan, dilim.

Ana dili, qadağan edilmiş, milli haqq və hüquqları tapdalanmış doğma xalqının var olduğunu-varlığını “Varlıq”ın səhifələrində ləyaqət və qürurla təcəssüm etdirən jurnalın təsisçisi və baş redaktoru, görkəmli alim-cərrah, dilçi və ədəbiyyatşünas Cavad Heyət, türkoloq-şair Həmid Nitqi, folklorşünas alim Məhəmmədəli Fərzanə və xalq ədəbiyyatının yorulmaz tədqiqatçısı Əli Kəmali, istedadlı şairlər-Kərim Məşrutəçi Sönməz, Əziz Möhsüni, İsmayıl Hadi, Əbdülkərim Mənzuri Xamneyi, professorlar-Qulamhüseyn Bəydili və Həmid Məmmədzadə və bir çox başqa ziyalılar kimi Savalan da uzun illərdən bəri milli haqq və hüquqlar, vahid ədəbi dil, vahid yazı mədəniyyəti yaratmaq uğrunda mübarizə aparır. Savalan Cavad Heyətin el-oba, Güney Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətlərinə yüksək dəyər verərək ustada həsr etdiyi şeirində:

Sən elin daimi bir qayğıkeşi, məhrəmisən,
Vətənin xadimi, yurd aşiqi, el görkəmisən,

– yazır.

Savalan yaradıcılığının müasir Güney Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun yüksək ideyalı əsərlərində bir çox mətləblər sətiraltı və ya açıq təsvirlər vasitəsilə oxucunun idrakına, düşüncələrinə sirayət edir. Əsərlərində fərdi üslub və ehsasatlı bədii dil də diqqət çəkən əsas cəhətlərdəndir:

Deyim bağlayıblar mənim dilimi,
Axı, bundan ayrı sözüm varmı?
-Ya əskik sayırlar doğma elimi?
Sözdədir, deyirlər bərabər bəşər.
Yurdumuz bölünmüş bir ürək kimi,
Odur ki, qan gedir ürəyimizdən.
(Savalan bu şeiri
1970-ci ildə yazmışdır)

“Azərbaycanın Xalq şairi Süleyman Rüstəmin “Yasin əvəzinə” şeirinə cavabından gətirdiyimiz bu nümunədən də göründüyü kimi, Savalanın ədəbi düşüncələrinin inkişaf istiqaməti bədii fakt kimi oxucu qəlbini ehtizaza gətirir. Nadanlığa və cahilliyə qarşı mübarizə aparan şairin əksər əsərlərində məhz həqiqət üzərində qurulmalı olan bir cəmiyyətin yalnız elm, təfəkkür, Sözün işığı və iman nuru ilə hərtərəfli tərəqqi və kamilliyə nail olacağına əminlik özünü göstərir. Əsərlərini təsirli, emosional bir formada qələmə alan, həyatda və bədii yaradıcılıqda bütün ömrü boyunca Vətən və İnsan idealını-həqiqətini axtaran müəllifin mövcud hadisələrə konkret münasibətinin təzahürü olan şeirləri məhz bu üzdən inandırıcı təsir bağışlayır.

Savalan sözə vurğun şairdir və bu vurğunluq onun bütün yaradıcılığında özünü göstərir. Onun sevgi şeirləri hər bir sevən kəsin qəlbindəki göynərtiyə, ürəyindəki ağrıya şəfa verən məlhəmə çevrilə bilir. Şair lirik-fəlsəfi əsərlərində xeyirxahlıq və humanizmin, yaxşılığın-işıqlı aləmin spesifik cəhətlərini həssaslıqla oxucuya çatdırır. İnsanın meyar, ölçü kimi səciyyələnməsi, bu ardıcıllıqda İnsan adlandırılan bir varlığın Tanrı elçisi olduğu Savalanın əsərlərində fəlsəfi boyalarla verilir. İnsan mahiyyət etibarı ilə müqəddəslik xüsusunda boy verirsə, şairin qənaətində onun müəyyən mənada dəyişdiyini görürük. İnsan formaca dəyişən olsa da, xarakter etibarı ilə dəyişməzdir. Məhz bu dəyəri anlayan Savalan da artıq imtahan-sınaq məqamını yaşayan və bir-birinə qış-yaz münasibəti ilə baxan aşiq-məşuqun hələ səbəbi məlum olmayan ayrılığın tezliklə onların qəniminə çevriləcəyi faktının ağrı-acısını tək yox, eyni zamanda, aşiqanə hisslərin narahatçılığını vaxtilə yaşamış oxucu ilə bölüşmək istəyir. Qətiyyətlə deyə bilərik ki, şair bu məqsədinə nail olur və müraciət etdiyi şəxsin insan timsalında nədən belə bir hala düşdüyünü fakt olaraq oxucu qarşısına qoyur. Aydınlaşdırmağa çalışır ki, bu dəyişkənliyi yaradan səbəblər hansılardır? Cavab qısa və konkret, son dərəcə aydındır: – Cahillik, dini fanatizm, milli zülm və əsarət, doğma dilin qadağan edilməsi, yaxud ləhcə sayılması, milli təhsilin yoxluğu, elm və maarifin aşağı səviyyəsi, yaxud heç olmaması… Halbuki Savalan hətta qəzəllərində belə soydaşlarını elm və maarifi öyrənməyə, elin-ulusun, ana dilinin qədrini bilməyə, el üçün can yandırmağa, xalqın işinə faydalı, gərəkli olmağa səsləyir. O, insanın həyatda mütləq mənada özünü tapmasının, doğru-düzgün yaşamasının onun gələcək yolunu müəyyənləşdirməsində həlledici amilə çevriləcəyini bəyan edir:

Sən yurduna yan, yan elüvə, yanmalı vaxtdır,
Doğma dilüvə yansan əgər bisəmər olmaz.
Sən tut elini, tap özünü, bil, yaşa düzgün,
Hər iş görəsən, bil ki, hədərsiz əsər olmaz.
Aç gözlərini, elmü maarif çağıdır, bax,
İnsan tanınan kimsə belə bibəsər olmaz.

Ərəb ədəbiyyatında yaranan və klassik Şərq şeirində aparıcı mövqe tutan qəzəl janrı, şübhəsiz ki, Azərbaycan poeziyasında da ən çox işlənən lirik şeir forması olmuşdur. Ərəb-fars dillərini mükəmməl bilən və əruz vəzninin müxtəlif bəhrlərində şeirlər yazan Savalanın qəzəlləri isə daha çox ictimai-siyasi, fəlsəfi məzmunu ilə yadda qalır. İctimai məzmun onun qəzəllərində də aparıcı xətdir. Hakim Pəhləvi xanədanının məmurları tərəfindən xalqın başına gətirilən müsibətlər, milli zülm qəzəllərində də önə çəkilir.

Savalanın şeir və poemalarında məcazların, folklor nümunələrinin çoxluğu onun xalq ruhuna, soykökünə nə qədər bağlı olduğunun, şifahi xalq ədəbiyyatından yüksək sənətkarlıqla bəhrələndiyinin təzahürüdür. Şair yüksək bədii-poetik fikrin ən yığcam ifadə forması olan lakonik şeirlərini-bayatıları da əsl sənətkar məharətilə qələmə almışdır:

Əzizim, qara gözlər,
Baxırsan hara, gözlər?
Qolların sal boynuma,
Çatdıq ilqara, gözlər.

Və yaxud:

Firuzə üzük qaşı,
Göy daşdır üzük qaşı.
Kişidə qeyrət olsa,
Atmaz qohum-qardaşı.

Bu bayatılarda, eləcə də lirik şeirlərində həyati-ictimai gerçəklik təcəssüm olunur. Şair həyati dəyərlərin və real hadisələrin, xalq ənənələrinin dolğun şəkildə inikasına çalışmışdır. O, yaxşı gündə də, çətin, ağır çağlarda da xalqının yanında olmağı bacaran, millətinin sevincinə sevinib kədərinə kədərlənməyi bacaran vətəndaş şair, vicdanlı ziyalıdır. Şair sənətkarlıqla qələmə aldığı qəzəllərində də onu düşündürən, narahat edən milli məsələləri, müşkülləri, xüsusilə ana dilinə qoyulan qadağaları qabardır, bu məhrumiyyətlərin çox çəkməyəcəyinə, zülm evinin nə vaxtsa bərbad olacağına, zalımların, zülmkarların qurduğu xanimanın öz başlarına uçacağına da inanır:

Daim yaşayış oldu bizə bir qara dustaq,
Əl-qol yerinə bəndə vurulduq dilimizdən.
Ancaq bilirəm, zülm evi odlanacaqdır,
Xəlq üsyanı, el ahı, bizim nisgilimizdən.

Məhz bu səbəbdən “Savalanın şeirlərini xalqın həsrət və hicranının ədəbi səlnaməsinin çox oxunan səhifələri sırasına daxil etmək heç də yanlış olmazdı”.

Poemaları. 1945-46-cı illər milli-azadlıq hərəkatının yatırılması, milli hökumətin məğlub edilməsi, inqilab fədailərinə divan tutulması onun yaddaşında tarixin qanlı səhifəsi kimi yazılmışdır. Savalan “Ana” poemasında məhz Milli Demokratik hökumət məğlub edildikdən sonra Cənubi Azərbaycanda baş verən hadisələri, canlı şahidi olduğu və ağrısını illər uzunu qəlbində yaşatdığı faciələrdən birini, qəhrəman ananın öz idealı uğrunda canını fəda etməsini qələmə almışdır. Şair üçün ədəbiyyat bütün tarixi dövrlərdə xalqın yaşadığı gerçək həyatın, bu həyatda baş verən yeni keyfiyyət dəyişikliklərinin, onun duyğu və düşüncələrinin, başından keçən hadisə və olayların bədii inikasıdır.

“Dinlə, gəlin qayası” poemasının, adından da göründüyü kimi, mövzusunu Azərbaycanın xalq əfsanəsindən alsa da, şair əsərdə orijinal bir sevgi hekayəti qurmuş, qəhrəmanlarının simasında oxucusunu saf və əbədi məhəbbətin varlığına inandırmağa çalışmışdır. “Bahar bayramı” poemasında bütün yaradıcılığının baş mövzusu Vətən, ana dili, xalqının azadlıq, istiqlal duyğularının tərənnümü olan Savalan Azərbaycan xalqının qədim adət-ənənələrinə, tarixən yurdumuzda xüsusi məhəbbət və coşğunluqla qeyd olunan bahar bayramının özəlliklərindən və gözəlliklərindən bədii dilin qüdrətilə söz açmışdır. Min bir rəngli, min naxışlı ana təbiətin ecazkarlığından, gözəlliyindən söz açdığı poemada mövzunu yenə də ümummilli məsələlərin üstündə, ictimai məzmunda kökləyir. Haqqı söylədiyinə, həqiqəti yazdığına görə böyük Sabirə rəhmət oxuyur, ancaq bir xalq mahnısından iqtibas verərək “Sən deyən olmayıb hələ, Arxa su dolmayıb hələ, Köhnəlikdən çox şey durur, Rəngi də solmayıb hələ” yazır və oxucuya sətiraltı mənada çatdırır ki, Güney xalqı qolundakı buxovlardan hələ də qurtulmayıb, arzuladığı istiqlala qovuşmayıb. Anayasa, konstitusiya ana dilində təhsil hüququ versə də, Güney xalqı bu gün də bu haqq və hüquqdan məhrumdur:

Anayasa yazıb ki, biz
Doğma dildə dərs oxuyaq.
Doğrudan insan sayılıb,
Dilimizdə təməl qoyaq.

XX əsrin II yarısında İranda, eyni zamanda Güney Azərbaycanda formalaşan ədəbiyyatda da bu meyllər daha aydın görünməkdə idi. Bu dövr ədəbiyyatında bir sıra maraqlı və mürəkkəb proseslər baş verirdi. Məhz bu dövrdə yazıçı və şairlər xalq həyatına üz tutur, öz əsərlərində xalqın tarixi keçmişinə, yaşantılarına, əsrlərin sınağından keçərək mövcudluğunu qoruyub saxlamış ağız ədəbiyyatına, folklor qaynaqlarına müraciət edirdilər. Şifahi xalq yaradıcılığı, xalq əfsanə və rəvayətlərinin, mahnılarının motivləri əsasında yaranan əsərlərdən biri də Savalanın “Apardı sellər Saranı” poemasıdır. Şair bu məşhur poemanı hələ 1978-79-cu illər İslam inqilabından əvvəl, 1966-cı ildə yazmışdı. Lakin o, poemanı 12 il nəşr etdirə bilmir. Səbəb isə aydın idi: Əsərdəki milli-ictimai motivlər, xalq ruhunun inikası və ən başlıcası, Azərbaycan dilində  qələmə alınması… Savalanın döymədiyi nəşriyyat qapısı qalmır, əsəri heç olmasa folklor nümunəsi kimi çap etdirmək istəyir, lakin heç bir naşir bu məsuliyyəti boynuna götürmür. Poemanın üçüncü çapına Gəncəli Səbahinin yazdığı ön sözdən məlum olur ki, “Apardı sellər Saranı” Savalanın 1967-cı ildən qabaq yazdığı üçüncü poemasıdır. Onlardan biri mövzusunu Azərbaycanın xalq əfsanəsindən  aldığı “Dinlə, gəlin qayası”, digəri isə Milli hökumətin fədailərindən olan, öz idealı uğrunda canından keçən bir ananın parlaq obrazını yaratdığı “Ana” poemalarıdır ki, onların da çapı gerçəkləşməmişdi. Çünki 1947-1978-ci illərdə İranda və Güney Azərbaycanda Azərbaycan dilində kitab, qəzet, jurnal nəşri, uşaq bağçası və məktəblərdə bu dilin tədrisi qadağan idi. Və həmin tarixi mərhələdə “Fars dilinin İranın qeyri-fars əhalisi arasında yayılmasına aid şahın özünün xüsusi göstərişləri mövcud idi. Hələ 1958-ci ildə hökumət kabinəsi üzvlərinin iclaslarının birində İran şahı maarif nazirinə müraciətində ona belə bir göstəriş vermişdi: – Elə et ki, fars dili uşaq bağçalarında, məktəblərdə və mətbuat orqanları vasitəsilə yayılaraq bir müddətdən sonra xalqın adət və vərdişinə çevrilsin və onlar tədricən öz ana dillərini unutsunlar” (5.324). Savalanın əli hər yerdən üzülür, çıxış yolu tapmaq üçün türkoloq-alim, şair Həmid Nitqiyə müraciət edir. Əsəri oxuyub redaktə edən doktor H.Nitqi “Ruzən” nəşriyyatının sahibi İbrahim Gülüstana yazır: ”Öz türkcəmizdə son illər bu gözəllikdə əsər oxumamışam. Hər necə olursa-olsun çap elə”. Və məsləhət görür ki, əsər fars dilinə tərcümə edilsin və hər iki dildə çap olunsun.

Şair poemanı fars dilinə çevirir, lakin yenə də nəşrinə nail ola bilmir. Yalnız 1978-79-cu illər İran İslam inqilabından sonra poema işıq üzü görür. “Apardı sellər Saranı” poemasının əsas məziyyətlərindən biri və ən başlıcası əsərin doğma dildə, Azərbaycan türkcəsində yazılması, güclü milli ruha malik olması idi. Xalqımızın şanlı-şövkətli keçmişinin, milli mədəniyyətinin, çoxəsrlik zəngin ədəbi irsinin, milli-mənəvi sərvətlərinin inkar edilərək dilinin unutdurulduğu bir dövrdə bu səpkili əsərlərin araya-ərsəyə gətirilməsi böyük önəm daşıyırdı.

Savalan sələflərinin yaratdığı ənənəyə sadiqlik göstərərək Azərbaycan adlı qədim diyarın, Azərbaycan xalqının bədxahlarına poemada bir daha göstərirdi:

Azərbaycan! Sənin ucadır başın,
Tarixlə bərabər başlanıb yaşın,
Keçmişdən söz açır hər dağın, daşın
Çox sayın tarixə malik torpağın
Hər dərən, hər düzün, hər çayın, bağın.

Şair epik və lirik poemanın məziyyətlərini özündə təcəssüm etdirən əsərdə Azərbaycan xalqının tarixi kimliyini, şərəfli bir inkişaf, tərəqqi yolu keçdiyini bir daha xatırladaraq, ana yurdun füsunkarlığını, əsrarəngiz gözəlliklərini vəsf edir, iki sevən gəncin bədbəxtliyinə səbəb olan, atanı balasından edərək ocağını söndürən zalım, qəddar, yadelli hakim obrazı yaratmaqla yaşadığı dövrün eybəcərliklərini, insanlar arasındakı ayrı-seçkiliyi, qeyri-bərabərliyi, zalımın məzlumu əzmək, hüquqlarını boğmaq, tapdalamaq hərsliyinin bədii poetik təsvirini vermişdir. Savalan fars şovinizminin Domokl qılıncı tək Güney Azərbaycan türklərinin başı üstündə asıldığı çətin bir şəraitdə qədim xalq əfsanəsini doğma türkcədə, ancaq öz fikir və düşüncə ampulasında qələmə alaraq çağımızla əfsanənin yarandığı dövrün müqayisəsini aparır. Oxucuya anladır ki, hakimlər üçün bu gün də heç nə dəyişilməyib, həyat da, qanunlar da onların-“güclülərin”, cahil hakimiyyət məmurlarının diktəsilə idarə olunur, məhkum insanların, məzlumların, xalqın taleyi onların əlindədir…

Əsər “Xan çoban və Sara” qədim xalq əfsanəsinin və bu əfsanənin mahiyyətini özündə yaşadan “Apardı sellər Saranı” xalq mahnısının motivləri əsasında yaradıcı şəkildə qələmə alınmışdır. Əməkçi insanların, sevgisində, eşqində pak və son nəfəsədək sədaqətli olan sadə zəhmət adamlarının parlaq obrazları əsərə xüsusi təravət və oxunaqlılıq verir. Bu insanların qurduqları ailə – öz balaca dünyaları saf, təmiz, ləkəsiz, fərəhlidir. Lakin bu saf ailənin mizanını yadelli hakim qəddarcasına pozur. Saranı ailəsindən və nişanlısı Xan Çobandan zorla ayırıb aparmaq, əşya kimi ona sahiblənmək istəyir. Lakin mənən cılız güc sahibinin arzusunu qızın atası Soltan gözündə qoyur, namusu ləkələnib yaşamaqdansa, verdiyi sözə xilaf çıxmaqdansa, qızının şərəflə ölməsini üstün sayır və sevimli Sarasını Arazın təlatümlü sularının qoynuna atır. Çoşqun dalğalar gözəl Saranı, namus qurbanını qəbul edir. Təbiətin qəflətən coşaraq lərzəyə gəlməsi, Arazın qızı bağrına basması dünyanın sərvətindən, var-dövlətindən məhəbbət və ləyaqəti, şərəf və namusu üstün, müqəddəs tutan iki namus mücəssəməsini izzəti-nəfsinin alçaldılmasından qoruyur. Savalan poemanı xalqın yaratdığı varianta uyğun bir sonluqla bitirir.

Savalanın “Apardı sellər Saranı” poemasında həsrət və ayrılığın nə qədər dözülməz, ağır olduğunu oxucu dərindən dərk edir. Çünki şair “bir ailənin faciəsini tarix boyu bir-birini əvəz edən qanlı işğalçı müharibələri, talan və vəhşilikləri nəticəsində Vətənə üz verən fəlakət kimi mənalandırmışdır. Zəhmətkeş insana xas olan əxlaqi gözəllik elin heç bir zaman əhəmiyyətini itirməyəcək adət-ənənələri vətərpərvərlik, əməksevərlik kimi mənəvi keyfiyyətlər əsərdə həm alimanə, həm də şairanə ifadəsini tapmışdır.”

Savalanın “Bahar bayramı” poeması da dövrünün ictimai ruhunun bədii dərkini özündə ehtiva edir. Poemada utopik əhvali-ruhiyyə yoxdur, təbii, bəlkə də oxucuların əksəriyyəti müəllifin çətin şəraitdə azad mühitdən yazmasını və azadlığı arzulamasını yalnız arzu, xoş bir xəyal kimi başa düşə bilər, amma şairin nəzərində oxucunun gəldiyi qənaət heç də gerçək məqam kimi təzahür edə bilməz. Çünki o dövr şairlərinin hər biri mübarizə ruhunun sonda inqilabla nətcələndiyini öz gözləri ilə görmüşlər. Ona görə də Cənubda yaşayıb-yaratmış bütün şairlərin qələm nümunələri gerçək həyatın ən çətin məqamlarını inandırıcı şəkildə, aydın əks etdirmişlər.

“Bahar bayramı” poemasında Savalanın sənətkarlıq məharəti bir daha özünü göstərir. Metaforik xüsusiyyətlərin qabarıqlığı ilə seçilən əsərdə bədii təsvir vasitələrindən, xüsusilə məcazlardan, müdrik kəlamlardan, atalar sözlərindən də yerli-yerində istifadə olunması fikrin daha təsirli ifadəsinə xidmət edir: Qızıl günəş işıq salıb, Min çiçəklə gəlib bahar. Atalardan bir söz qalıb:”Hər gecənin gündüzü var”.

Dilini, elini, dinini sevən, bu müqəddəsliklərin dəyərini, qədrini bilən və qələmilə onların keşiyində duran Savalan yaratdığı zəif və ya güclü əsərlərində xalq ədəbiyyatına, folklora, əfsanə və rəvayətlərə müraciət etməklə göstərir ki, onun qəlbi yüksək bədii, həm də çox mühüm tarixi, ictimai-siyasi əhəmiyyəti olan Azərbaycan xalq yaradıcılığına məhəbbətlə boyaboy doludur. Bu məhəbbətin diqtəsilə Həsən Məcidzadə Savalan “Apardı sellər Saranı”, “Divani-həbibi”, “Əliağa Vahidin divanı”, “Türk mahnıları (İki cilddə)” kitablarını araya-ərsəyə gətirmiş, Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərini müasir əlifbaya çevir-miş,  “Nəhcül-bəlağə”ni isə müasir əlifba ilə yığaraq tərtibatını vermişdir.

Savalan və qələmdaşları dərindən dərk edirdilər ki, Güney Azərbaycan ədəbiyyatının güclənməsi orada milli-intellektual şüurun güclənməsinə ciddi təkan verəcək, istiqlala qovuşmaq arzusuna xalq bir az daha yaxınlaşacaq.

Esmira Fuad

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10