Yusif Nazim. Ölüm sükut içindədir – ŞEİRLƏR

178 Baxış

Yusif NazimTarverdi dayı

 

Göz qoyur həm gülə, həm xarına Tarverdi dayı,
Oxşayır sanki urus çarına Tarverdi dayı.

 

Üzülür: “Seçmədi millət məni millət vəkili!”,
Kökləyir dərdini öz tarına Tarverdi dayı!

 

Nəvəsiyçün sarı bir şar gətirib Qeysər əmi,
Piləyir ahını ,bax, şarına Tarverdi dayı.

 

Haca getmək lotunun, hətta, düşəndən başına,
Göz dikib qardaşının varına Tarverdi dayı.

 

Çaşıb arvad buna bir kəlmə deyib “kül başıva”,
Gupuyur hər gecə öz yarına Tarverdi dayı.

 

Bir qədər pul gətirib Moskvadan yeznə dünən,
Di, bu gün döndü baxın harına Tarverdi dayı.

 

Səni qızdırdımı, dingilləmə qızmar bu Günəş,
Düşəcəksən ömürün qarına, Tarverdi dayı.

 

Elçi göndərdi, qızı vermədi yoxsul Kərəmə,
Qudasından düşünür barına Tarverdi dayı.

 

Qulaq as Yusifə, gəl, tarı əlindən yerə qoy,
Çatsa qarmon çatacaq karına, Tarverdi dayı!

Gülməli ola

 

Bu bəxti danmasa, ya dansa belə!
Ümiddir taleyə, ya şansa belə!
Həyat nağıl kimi yaşansa belə,
Ömrü misra-misra böldü bu Yusif.

 

Ağlamaq gizlənir gülməyimizdə,
Bir həyat yaşayır ölməyimizdə.
Səbəb nə dünyaya gəlməyimizdə?
Şeirmi yazmağa gəldi bu Yusif?

 

Dostum qəbrim üstə gəlməli ola,
Gülərək, göz yaşın silməli ola.
Yusifin ölümü gülməli ola,
Deyələr: – gülməkdən öldü bu Yusif!

***

İmansızın sevərim

 

Otağımda işlək saat olmasın,
Bən saatın zamansızın sevərim.
Qartalları zirvələrdə azmasın,
Bən dağların dumansızın sevərim.

 

“Qardaş”-deyib, dərdimə göz yumursa,
Göz yaşıyla qəm kirimi yumursa,
İmanlısı haqdan cənnət umursa,
Bən dünyanın imansızın sevərim.

 

Kim çağırar səni adın yox olsa?
Yusif, kollar gülər palıd yıxılsa!
Gülə-gülə dost evimi yıxırsa,
Bən düşmənin amansızın sevərim.

Olmuyo bazən

 

Sən sevda diyorsun, sən aşk diyorsun,
Doğmamış günəşdən nə bəkliyorsun?!
Açıb qollarını ha yürüyorsun…
Hayatdı, biz deyən olmuyo bazən!

 

Nə yaman qarışıb sevdaya başım,
Ağlımdan keçmiyor bir arkadaşım.
Gün olur ağlarım, göl olur yaşım,
Ağlarım, bir ovuc dolmuyo bazən!

 

Umud yox bu səhər gələn axşama,
Odur ki, ehtiyac duymuyor şama.
Dərdləri güllərə bənziyor, ama,
Yusifin gülləri solmuyo bazən!

Ölüm sükut içindədir

 

Verib səs-səsə aylarım,
İlim sükut içindədir.
Yaşamaq haylı-küylüdür,
Ölüm sükut içindədir.

 

Bir qədər sizə bənzəyir,
Bir qədər bizə bənzəyir,
Zalım acizə bənzəyir,
Zülüm sükut içindədir.

 

Qəlbimə qorxu səpdilər,
Gözümə yuxu səpdilər.
Ocağıma su səpdilər,
Külüm sükut içindədir.

 

Yusif dərdi mətin çəkir,
Çəkdikcə möhnətin çəkir.
Sevgimin həsrətin çəkir,
Gülüm sükut içindədir.

Çox sağ ol

 

Gündüz fikirlərim dağınıq halda,
Gecələr yenə sən! Fikrim cəm olur.
Demə, ayrılanda dərd şirinləşir,
Aləmdə dərd başqa bir aləm olur!

 

Sən adi sınaqdan keçə bilmədin!
Sevginin qədrini necə bilmədin?!
Həmən gün yağırdı, seçə bilmədin,
Üzümdə yağışdır, gözüm nəm olur?!

 

Yusif heç incimir, eybi yox, sağ ol,
Özün sındırmayır, tutur tox, sağ ol!
Əlimə bu fürsət düşüb, çox sağ ol,
Sevgidən yazmağa bəhanəm olur!

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10